Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-39/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Zərər çəkmiş şəxsin Nümayəndə nümayəndəsi: Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxslərin Qanuni nümayəndə qanuni nümayəndələri: X2 iştirakları ilə xx.xx.2003-cü ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, Rəsulzadə qəsəbəsi, ev 6-da yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2003-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Marxiyevka küçəsi, ev 28-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 15, mənzil 15-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 05 saylı ünvanda yerləşən Akif Abdullayev adına 211 saylı tam orta məktəbin kimya laboratoriyası otağının plastik pəncərəsini açıb içəriyə qanunsuz daxil olmuş, oradan tavana bərkidilmiş 634 manat dəyərində bir ədəd “Epson” markalı, “H552B” modelli proyektoru oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşlar. İşin halları və dəlilləri: Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2la birgə Binəqədi rayonunda yerləşən 244 saylı tam orta məktəbdə oxumuş və dostluq etmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Fəridlə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında görüşmüş və pulları olmadığından oğurluq etmək qərarına gəlmişlər. Bu fikirlə onlar yol gedərkən oğurluq üçün obyekt axtarmağa başlamışlar. Onlar gəzə-gəzə 211 saylı orta məktəbin qarşısına gəlib məktəbin həyətinə daxil olmuşlar. Bu zaman ətrafa nəzər saldıqda sinif otaqlarından birinin pəncərəsinin çöl tərəfdən yapışqan lentlə bağlandığını görmüşlər. Onlar birlikdə həmin yapışqan lenti çıxarıb pəncərəni açaraq içəriyə daxil olmuş, içəridə tavana bərkidilmiş bir ədəd ağ rəngli proyektoru götürüb otaqdan çıxmış və yaşadığı məhəlləyə gələrək gizli bir yerdə saxlamışlar. Səhəri günü Fəridlə saat 14 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığında görüşmüş və Ramil adlı şəxsə proyektoru 200 manata satıb pulu öz aralarında bölmüşlər. Sonra törətdiyi əməli öz atasına demiş, sonuncu da proyektoru geri alıb polisə təhvil vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər də məktəblərdən oğurluq etdiyinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1la birlikdə məktəbdə oxumuş, onunla dostluq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində İlhamla metronun “Memar Əcəmi” stansiyası tərəfdə olarkən pulları olmadığına görə oğurluq etmək qərarına gəlmişlər. Bu fikirlə onlar oğurluq etmək üçün yer axtarmış və gəzə-gəzə 211 saylı məktəbin qarşısına gəlib çıxmışlar. Məktəbin həyətinə girdikdə oradakı sinif otaqlarından birinin pəncərəsinin çöl tərəfdən yapışqan lentlə bağlandığını görmüşlər. Onlar birlikdə həmin yapışqan lenti çıxarıb pəncərəni açaraq içəriyə daxil olmuş, ətrafa göz gəzdirdikə otağın tavanına bərkidilmiş bir ədəd ağ rəngli proyektoru görüb onu oradan götürüb getmişlər. Həmin proyektoru İlham öz məhəlləsinə aparıb gizli bir yerdə saxlamışdır. Səhəri günü o, İlhamla saat 14 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşmüş, bu vaxt Ramil adlı şəxs də onunla gəlmişdir. O, Ramil ilə “İnstagram” sosial şəbəkəsində proyektor satışı ilə məşğul olan səhifələrin birində tanış olmuşdur. Onlar oğurladıqları proyektoru 200 manat müqabilində Ramilə satmış və pulu öz aralarında bərabər bölmüşlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 05 saylı ünvanda yerləşən Akif Abdullayev adına 211 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində məktəbə gəldikdə kimya-laboratoriya sinif otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, tez qapını açıb içəriyə daxil olmuş və sinif otağında olan bir ədəd “Epson” markalı proyektorun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq barədə “102” xidmətinə zəng edib məlumat vermişdir. Oğurlanmış proyektor məktəbə Təhsil Nazirliyi tərəfindən 634 manatlıq qaimə-fatkura ilə verilmişdir. Hazırda məktəbə vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələb yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza X6 X4 Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının: - xx xxxxx 2020-ci il tarixli, 791 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1, həmçinin, ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.128-130); - xx xxx 2020-ci il tarixli, 827 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2, həmçinin, törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Cinayət Məcəlləsinin 21 maddəsinin təsiri altına düşmür (İ cild, i.v.133-135); -“Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərarla 01 ədəd “Epson” markalı, “H552B” modelli proyektor iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərər çəkmiş şəxs 211 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə təhvil verilmişdir (İ cild, i.v.73); - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.20200-ci il tarixli protokollar və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrıayrılıqda hadisə yerini, yəni Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 05 saylı ünvanda yerləşən 211 saylı tam orta məktəbin kimya-laboratoriya otağının pəncərəsini göstərərək əməllərini bir daha təsdiqləmişlər (İ cild, i.v.192-201); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arayışları, məhkəmə hökmlərinin surətlərindən və Bakı şəhəri Binəqədi Rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 17/68- 86/5 və xx.xx.2021-ci il tarixli, 17/68-90/5 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdən qeydiyyata götürülmüşdür (İ cild, i.v.58-60, 79-81, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamalarını, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmadığı üçün bu hal Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, onların eyni üsullu oğurluq cinayətlərinin törədilməsinə meyilli olması və buna görə də məhkum olunduqlarını, üzərlərində kifayət qədər nəzarətin olmaması səbəbindən belə hərəkətlərə yol verilməsini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu təsir tədbiri onların şəxsiyyətinə və qanunazidd əməllərinin xarakterinə uyğundur. Bundan daha yüngül cəza növünün, habelə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiqi həm onların islah və tərbiyə olunmasına, həm də onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur (68.1-ci maddə). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesa edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsi 04 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 26 günü 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla onlara qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, onlar barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək barələrində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Epson” markalı, “H552B” modelli proyektor Akif Abdullayev adına 211 saylı tam orta məktəbin istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsi Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 04 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 26 günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Epson” markalı, “H552B” modelli proyektor Akif Abdullayev adına 211 saylı tam orta məktəbin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-39/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-39/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver