Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-39/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: niversalVəkil Bürosunun vəkili U Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 29, mənzil 28-də qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,885 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 iyul 2023-cü il tarixdə, saat 11:30-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, o, “Şamaxinka” deyilən ərazidə gecə saatlarında əməliyyat müvəkilləri Şahid2 Sadiq oğlu və Şahid1 tərəfindən deyil, başqa polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış, 01 gün orada saxlanılmış, səhəri gün rəisin otağına aparılaraq ona işgəncə verilmişdir. Xəsarətlərin izləri bədənində qalmış və həmin izlərlə istintaq təcridxanasına aparılmışdır. Ona bildirilmişdir ki, əgər təqdim olunmuş narkotiki üzərinə götürməsə, o zaman onu külli miqdar narkotiklə rəsmiləşdirəcəklər. O da ağrılara dözə bilməyib məcbur qalaraq razılaşmış və video çəkilişdən qabaq polis əməkdaşı tərəfindən ona bir büküm verilərək onu cibinə qoymasını və guya narkotiki “Papanin”dən aldığının söyləməsini tapşırmışdır. Bununla belə, döyülməyi barədə heç bir orqana şikayət etməmiş, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması haqqında bir söz deməmişdir. Ancaq Bakı İstintaq Təcridxanasında müayinədən keçən zaman onda xəsarətlərin olduğu qeyd olunmuşdur. Uzun müddət həbsdə olduğunu, himayəsində xəstə uşağının olmasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, 08 iyul 2023-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Nəsimi rayonu ərazisində “Rauf” adlı şəxsin narkotik vasitə əldə etdiyi və saxladığı barədə məlumat əldə etmişdir. Bununla əlaqədar əməliyyat qrupu təşkil edilmiş, onlar həmin günü saat 11:30 radələrində ünvan 3 ünvanın qarşısına gəlmiş və “Rauf” kimi bildiyi şəxsi gördükdə ona yaxınlaşmışlar. Özlərini təqdim edərək ona narkotik vasitələrin qəbulu və saxmasında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif edildikdə o, ilkin olaraq əynindəki qara rəngli cins şalvarın cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb içərisində heroin olduğunu və onu bir neçə gün əvvəl “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin polis şöbəsində olarkən ona heç bir zor tətbiq edilməmiş və ona qarşı qanunsuz hərəkətlər olunmamışdır. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Sadiq oğlu Şahid1 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü çıxarıb stolun üzərinə qoyur. Təqsirləndirilən şəxs bükülünün içərisində heroin olduğunu, onu bir neçə gün əvvəl “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.45-51, disk); • “Şübhəli şəxsin dindirilməsi xx.xx.2023-cü il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Təxminən 2-3 gün əvvəl Bakı şəhəri, “Papanin” adlanan ərazidən, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün “heroin” adlanan narkotik maddə almış və yaşadığı evə getmişdir. Aldığı narkotik vasitəni heç kimə verməmiş, nə də ki, satmamışdır. xx.xx.2023-cü tarixdə, təxminən saat 11 radələrində Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 15 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis olduqlarını bildirmiş, sonra onun hərəkətlərinin şübhəli olduğunu bildirərək onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada onun razılığı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağızda olan “heroin” adlanan narkotik maddəni təqdim etmişdir. Ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini söyləmişdir (İ cild, i.v.63-64, 80-81); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3695 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,885 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,835 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.59-62); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 5356 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.116-117); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-354/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləmişdir (İ cild, i.v.90-94); • “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,835 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.95); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.104-106); • Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq: - Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7487/2023 saylı məktubunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabçanın açıldığı göstərilir, onun müayinə zamanı bədəninə baxış keçirilərkən hər iki bazunun orta 1/3-nin içəri səthində 4-5 sm ölçüdə, sol çiyinin üzərində, sol kürək nahiyəsində 5-6 sm ölçüdə, boyunun arxa nahiyəsində, kürəyin sağ nahiyəsində, sol qoltuq altı nahiyədə 3-4 sm ölçüdə tünd sarımtıl rəngli qançırın müşahidə edilməsi bildirilir. Bu məktuba əlavə olunmuş 6744/2023 saylı məhkumun tibbi kitabçasında Təqsirləndirilən şəxs xəsarətlərin həbsdən əvvəl aldığının bildirilməsinə dair qeyd aparılıb (İİ cild); - Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/38/2-374 saylı məktubunda Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərlə bağlı Bakı şəhər prokurorluğuna və Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumatların göndərilməsi qeyd olunur (İİ cild); - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 354-xid-23 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs müayinədən keçirilən zaman üzərində xəsarətlərin aşkar olunması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında prokurorluqda araşdırma aparılmamışdır (İİ cild); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-1202 saylı məktubu ilə təqdim olunmuş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabının, müayinə aktının və iltizamın surətlərinə əsasən xx.xx.2023-cü il tarixdə ilkin müayinə zamanı Təqsirləndirilən şəxs kürək nahiyəsində sıyrıqlar aşkar edilsə də, sonuncunun bununla bağlı şikayəti olmamış, Təqsirləndirilən şəxs bu sıyrıqların tutulmamışdan qabaq Yasamal rayonunda tanımadığı iki şəxslə dalaşdığı zaman əmələ gəldiyini bildirmişdir (İİ cild); • Şahidlər Şahid2 Sadiq oğlunun istifadəsində olan 050 ***-**-** və 050 ***-**-** saylı və Şahid1 istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrələri ilə 08 iyul 2023-cü il tarixdə, saat 09:30-dan 13:30-dək olan müddət ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, danışıqların aparıldığı şəxslərin ünvanları, həmçinin həmin nömrələrlə qeyd olunan tarixdən aparılan danışıqlar aparılan zaman anten əhatə dairəsi və həmin nömrələrin hans İMEİ kodlu telefonlarda istifadə edilib-edilməməsinə barədə məlumatların müvafiq olaraq “Azercell Telekom” və "xxxx" MMC-lərdən ələ keçirilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul olunmuşdur. Bu qərarın icrası ilə bağlı: - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, BKC/LGL-16633/23 saylı məktubla təqdim edilmiş diskdə olan məlumata əsasən Şahid1 istifadə etdiyi **********74750 İMEİ kodlu cihazın üzərində olan 055 ***-**-** (Şahid1 məxsus) saylı nömrənin əhatə dairəsi xx.xx.2023-cü il tarixdə, saat 09:32-13:24 aralığında “LBBK424O3/LBBK4245 Giziltaj/ Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, 15a, ofis binası”/Nasimi” göstərilir (İİ cild); - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 29644 saylı məktubla təqdim edilmiş diskdə olan məlumata görə Şahid2 Sadiq oğlunun istifadə etdiyi 050 ***-**-** (Şahid2 məxsus) saylı nömrənin əhatə dairəsi xx.xx.2023-cü il tarixdə, saat 09:38-13:21 aralığında “20 Yanvar kuc., Qiziltac restoranı” və “2 və 3 mikrorayon, X6 st.” göstərilir. 050 ***-**-** saylı nömrənin qərarda göstərilən müddətdə “Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir (İİ cild). • İnternetdən əldə olunmuş elektron xəritəyə görə Təqsirləndirilən şəxs saxlanıldığı R.Məmmədov küçəsi ilə Hüseynbala Əliyev və 20 Yanvar küçələri Nəsimi rayonunun inzibati ərazisinə aiddirlər və həmin küçələr yaxın məsafələrdə yerləşirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspert rəyləri və digər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Əksinə olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən ilkin müayinə zamanı onda kürək nahiyəsində aşkar olunmuş sıyrıqlarla bağlı şikayətinin olmadığını bildirərək onların tutulmamışdan əvvəl Yasamal rayonunda başqa şəxslərlə dalaşdığını zamanı aldığını söyləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olduğu zaman ilkin tibbi müayinədə keçirilərkən onda olan xəsarətlərin (hər iki bazunun orta 1/3-nin içəri səthində 4-5 sm ölçüdə, sol çiyinin üzərində, sol kürək nahiyəsində 5-6 sm ölçüdə, boyunun arxa nahiyəsində, kürəyin sağ nahiyəsində, sol qoltuq altı nahiyədə 3-4 sm ölçüdə tünd sarımtıl rəngli qançır) həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. Eyni zamanda qeyd olunan xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanası tərəfindən prokurorluq orqanına məlumat verilsə də, həmin orqan tərəfindən bununla bağlı araşdırma aparılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Həmçinin, Təqsirləndirilən şəxs onu saxlayan şəxslərin iş üzrə şahidlər olan polis əməkdaşları Şahid2 Sadiq oğlu və Şahid1 olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə qeyd edir ki, məsələ ilə əlaqədar "xxxx" MMC-dən əldə olunmuş məlumatda Şahid2 Sadiq oğlunun istifadə etdiyi 050 ***-**-** saylı nömrənin əhatə dairəsi xx.xx.2023-cü il tarixdə, saat 09:38-13:21 aralığında “20 Yanvar kuc., Qiziltac restoranı” və “2 və 3 mikrorayon, X6 st.”, "xxxx" MMC-dən əldə olunmuş məlumatda isə Şahid1 istifadə etdiyi **********74750 İMEİ kodlu cihazın üzərində olan 055 ***-**-** saylı nömrənin əhatə dairəsi xx.xx.2023-cü il tarixdə, saat 09:32-13:24 aralığında “LBBK424O3/LBBK4245 Giziltaj/ Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, 15a, ofis binası”/Nasimi” göstərilmişdir. İnternetdən əldə olunmuş elektron xəritəyə görə Təqsirləndirilən şəxs saxlanıldığı R.Məmmədov küçəsi ilə polis əməkdaşları Şahid2 Sadiq oğlu və Şahid1 istifadələrində olan mobil telefon nömrələrinin əhatə dairəsinin olduğu Hüseynbala Əliyev və 20 Yanvar küçələri Nəsimi rayonuna aiddir və həmin küçələr yaxın məsafələrdə yerləşir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla bağlı məhkəmədə təkzibedilməz, o cümlədən şahidlərin ifadəsini şübhə altına ala biləcək hər hansı dəlil müəyyən oluna bilinməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 08 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,835 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,835 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-39/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-39/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver