Məhkəmə qərarları › İş №1(006)-390/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-390/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-390/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, Azərbaycan Respublikası vətəndaşı, işlməyən, Oğuz rayonu, Kərimli kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanının qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əlində olan içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 250 manat dəyərində “Texno” markalı mobil telefon, 10 manat dəyərində pul kisəsi, 20 manat nağd pul, 10 manat dəyərində mobil telefon cərəyanı və 2 manat dəyərində “Bakı kart” ödəmə kartı olan 20 manat dəyərində çantanı dartıb götürməklə açıq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 318 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən 3-4 gün əvvəl atası ondan xəbərsiz işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Evdən ona bildirmişdilər ki, atası Bakı şəhəri, Dərnəgül adlanan ərazidə taxta sexində fəhlə kimi fəaliyyət göstərir. Atasının psixi xəstəliyi olduğundan onun vaxtında dərmanlar qəbul etməsi vacibdir. Belə ki, atası vaxtında dərmanlarını qəbul etməyəndə onun psixi durumu gərginləşir. Onun da maddi cəhətdən imkanı olmadığından onu müalicə elətdirə bilməmişdir. O, evdən atasının Bakı şəhərinə işləmək üçün gəldiyini öyrəndikdən sonra xx.xx.2025-ci il tarixdə səhər saatlarında Oğuz rayonundan tanış sürücü ilə Bakı şəhərinə gəlmişdir. Məqsədi atasını rayona aparmaq olmuşdur. Həmin vaxt üstündə pul olmamışdır. Taksi sürücüsü onu nisyə olaraq Bakı şəhərinə gətirmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, Əcəmi metrosu yaxınlığında taksidən düşmüşdür. Bir qədər gəzdikdən sonra Bakıda olan dostlarına zəng etmişdir. Onlar bildirmişdilər ki, onunla görüşməyə vaxtları yoxdur. Dərnəgülə, yəni atasının işlədiyi yerə getmək üçün yol pulu olmamışdır. Fikirləşmişdir ki, kiminsə əlindən çantasını alsın və pul əldə etsin. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, piyada gəzərək Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən binanın qarşısına yoldan daxil olan zaman binanın əks istiqamətindən bir nəfər qadının onunla üzbəüz gəldiyini görmüşdür. Həmin qadının sağ əlində qara rəngli çanta olmuşdur. O, dərhal fikirləşmişdir ki, qadının əlindən çantanı alıb qaçsın. O, qadına yaxınlaşaraq dərhal onun əlindən çantanı alıb həmin qadının gəldiyi istiqamətdə qaçmışdır. Arxadan gələn səslərdən ona məlum olmuşdur ki, həmin qadın qışqıraraq onun dalınca qaçır. O bir qədər surətləndikdən sonra binaların arasına keçib arxasınca gələn qadını itirmişdir. Bir qədər uzaqlaşdıqdan sonra arxaya baxdıqda qadının gəlmədiyini görüb bir yerdə dayanmışdır. Çantanı açaraq içərisində bir ədəd markasını bilmədiyi mobil telefon və 01 ədəd qəhvəyi rəngli pul kisəsinin olduğunu görmüşdür. Bundan sonra o, həmin pul kisəsini cibinə qoyduqdan sonra qara rəngli çantanı telefonu və başqa əşyaları götürmədən hadisə törətdiyi əraziyə yaxın yerə buraxmışdır. Həyəcanlı olduğundan çantanın içərisində nələrin olduğunu dəqiq görməmişdir. Telefonu isə götürməmişdir. Çantanı ağacın yanına qoyduqdan sonra o, ələ keçirdiyi pul kisəsinin içərisinə baxdıqda orada 20 manat pul olduğunu görmüş, həmin 20 manatı götürmüşdür. Pul kisəsini xatırlamadığı yerdə tullamışdır. Bundan sonra taksi sifariş edib atasının işlədiyi Dərnəgül deyilən əraziyə getmişdir. Gecəni atası ilə birlikdə orada qaldıqdan sonra atası işədiyi pulu aldıqdan sonra onunla birlikdə yaşadığı Oğuz rayonu Kərimli kəndinə getmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət əməli törətdiyini qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, zərər çəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xirdalan şəhərində yerləşən mənzildən çıxaraq qaynanasının yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə gəlmişdir. O, avtobusdan Əcəmi metrosu yaxınlığında düşərək piyada qaynanasının yaşadığı ünvana doğru hərəkət etmişdir. Həmin vaxt əynində ağ rəngli gödəkçə, əlində isə qara rəngli əl çantası olmuşdur. Həmin çantanın içərisində 01 ədəd istifadə etdiyi içərisində 6 manat dəyərində GSM nömrə olan açıq göy rəngli 250 manat dəyərində “Texno” markalı mobil telefon, 10 manat dəyərində qara rəngli pul kisəsi, həmin pul kisəsinin içərisində 20 manat məbləğində pul, 10 manat dəyərində mobil telefon cərəyanı və 2 manat dəyərində metro kartı olmuşdur. O, Əcəmi metorsu yaxınlığında çörək və bəzi ərzaq məhsulları alıb qaynanasının yaşadığı mənzilə doğru hərəkət etmişdir. Ərzaq məhsulları olan sellofan sol əlində, qara rəngli çantası isə sağ əlində olmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 3 ünvanında yerləşən binanın qarşısı ilə bloka doğru hərəkət edən zaman qarşıdan bir nəfər başında papaq olan əynində tünd yaşıl rəngli gödəkçə olan cavan yaşlarında bir nəfər tanımadığı oğlanın ona tərəf gəldiyi görmüşdür. Həmin şəxs binanın qarşısında onun yanından keçən zaman qəfildən əlində olan qara rəngli çantanı alaraq gəldiyi istiqamətdə qaçmağa başlamışdır. O dərhal qışqırmağa başlamışdır. Həmin çantanı ələ keçirən şəxsin arxasınca qışqıraraq qaçmağa cəhd etsə də həmin şəxs dərhal qaçaraq gözündən itmişdir. O qaynanasının yaşadığı mənzilə gələrək çantasının naməlum şəxs tərəfindən ələ keçirilməsi barədə məlumat vermişdir. Qaynanası Şahid dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdilər. Polis əməkdaşları gəldikdən sonra hadisənin başverdiyi əraziyə yaxın ərazidən onun çantasını taparaq ona vermişdilər. Lakin həmin çantanın içərisində olan 20 manat pulu olmamışdır. Ona bəlli olmuşdur ki, 20 manat pulu həmin şəxs tərəfindən ələ keçirilmişdir. Lakin digər əşyaları isə çantada qalmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə telefonla əlaqə saxlayan zaman İranə ona onlara gələcəyini bildirmişdi. Həmin gün təxminən saat 18 radələrində qapını açarkən İranənin tənginəfəs olduğunu görmüşdür. O dərhal onu içəri dəvət edib nə olduğunu soruşmuşdur. İranə özünə gələrək bildirmişdi ki, yaşadığı binanın qarşısında bir nəfər tanımadığı şəxs onun əlində olan qara rəngli çantasını alaraq qaçmışdır. Lakin İranənin digər əlində isə içərisində ərzaq məhsulları olan sellofan əlində qalmışdır. İranə ona çantasının içərisində “Texno” markalı mobil telefonu, həmin mobil telefonun cərəyanı və pul kisəsinin içərisində 20 manat pulu və metro kartı olmasını bildirmişdir. O dərhal binanın qarşısına çıxıb ətrafa nəzər salmışdır. Lakin hər hansı şübhəli məqam görməmişdir. Bundan sonra evə qalxıb mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onların izahatlarını almağa başlamışdılar. Bir qədər sonra isə İranənin çantası polislər tərəfindən tapılaraq onalara təhvil verilmişdir. Həmin çantanın içərisinə baxdıqda içərisində 20 manat pul əskinazı olan pul kisəsinin orada olmadığını bilmişdilər. Qalan əşyalar isə yerində olmuşdur. Polis əməkdaşları həmin çantanın binanın ətrafından tapdıqlarını bildirmişdilər. Həmin çantanı ələ keçirən şəxs çantada içərisində olan 20 manat olan pul kisəsini götürdükdən sonra çantanı əşyalarla birlikdə qaçıb uzaqlaşdıqdan sonra qoyub getmişdir. İş materiallarında olan:  “Tutma haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 48-49)  İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və MSY-dən azad edilməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 25 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 77-78).  İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 79-81).  “Maddi sübut kimi tanıma” haqqında qərardan görünür ki, “Texno” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.88);  İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 98).  AZ-İİİ 687013 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, atası – Təqsirləndirilən şəxs, anası – X3 olan X4 xx.xx.2016-cı il tarixdə Oğuz rayonunda anadan olmuşdur.  AZ-İİİ 436925 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, atası – Təqsirləndirilən şəxs, anası – X3 olan X2 xx.xx.2014-cü il tarixdə Oğuz rayonunda anadan olmuşdur.  AZ-İİİ 687013 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, atası – Təqsirləndirilən şəxs, anası – X3 olan X5 xx.xx.2018-ci il tarixdə Oğuz rayonunda anadan olmuşdur.  Zərərçəkmiş şəxs tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını, zrərə çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, yaşadığı Oğuz rayonu, Kərimli kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Oğuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Oğuz şəhər İcra və probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli çanta, 01 ədəd “Texno” markalı mobil telefon, 01 ədəd mobil telefon cərəyanı və Bakı kartı” ödəmə kartının sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-390/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu, Kərimli kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Oğuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Oğuz şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli çanta, 01 ədəd “Texno” markalı mobil telefon, 01 ədəd mobil telefon cərəyanı və “Bakı kartı” ödəmə kartının sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar