Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-391/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq dövründə onun müdafiə hüquqları pozulmuş, dövlət hesabına təqdim olunan müdafiəçini ilk dəfə 25.05.2021-ci il tarixdə saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin yanında olan dindirmə otağında qısa bir anlıq görmüş, onun adı və soyadını bilməmiş, müdafiəçi də özünü təqdim etməmiş, əlaqə vasitələrini verməmişdir. Bundan sonra müdafiəçi həmin günü axşam vaxtı onun dindirilməsində, daha sonra 26 və 28 may tarixlərində onunla digər şəxslər arasında keçirilmiş üzləşdirmələrdə, 29 mayda istintaqın qurtarmasının ona elan edilməsində iştirak etməmişdir. Mayın 31-də Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin yanında olan dindirmə otağında cinayət işinin materialları ilə tanış olduqdan sonra o, müdəfiəçini dəhlizdə görüb ona öz iradını bildirmiş və nəyə görə onunla keçirilmiş istintaq hərəkətlərində iştirak etmədiyini soruşanda, sonuncu bu barədə müstəntiqin ona məlumat vermədiyini bildirmişdir. Bakı İstintaq Təxridxanasına qaytarıldıqdan sonra o, müdafiə hüququnun pozulması ilə əlaqədar müstəntiqin hərəkətindən və ona yeni vəkilin təyin edilməsi üçün Nəsimi Rayon Polis İdarəsinə ərizə ünvanlamış, onun bu müraciəti Bakı İstintaq Təxridxanasının 05.06.2021-ci il tarixli məktubu ilə aidiyyəti üzrə göndərilmişdir. Lakin buna əhəmiyyət verilməmiş, barəsində ittiham aktı tərtib olunaraq iş məhkəməyə göndərilmişdir. Məhkəmədə isə ona məlum olmuşdur ki, müdafiəçinin adı Qeybulla Cavadovdur və iştirak etmədiyi halda onun qeyd olunan istintaq hərəkətlərinin protokollarında imzaları var. İbtidai istintaq dövründə müdafiə hüququ pozulduğundan işə hazırda məhkəmədə baxılmasını istəmir, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı vəsatətə etiraz edərək bildirdi ki, cinayət işinin materiallarına əsasən hazırki iş üzrə ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmiş, qanunvericiliyin tələbləri pozulmamış, təqsirləndirilən şəxsin müdafiə hüququ təmin olunaraq vəkilin iştirakı təmin edilmiş, müdafiəçi təqsirləndirilən şəxslə keçirilmiş bütün istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla ibtidai istintaq zamanı aparılmış istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun real təmin edilib-edilməməsini aydınlaşdırmaq məqsədi ilə məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müvafiq sorğu göndərilərək ibtidai istintaqın qurtarması təqsirləndirilən şəxsə elan olunarkən, o istintaq materialları ilə tanış edilərkən və s. istintaq hərəkətləri aparılan zaman təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində olma müddəti ərzində onun yanına müdafiəçi X1 gəlməsini müəyyən etmək üçün aidiyyəti qeydiyyat kitabından çıxarışın təqdim edilməsi xahiş olunmuşdur. Lakin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən belə çıxarış məhkəməyə təqdim edilməmiş, sadəcə “Çağırış tələbnaməsi”nin surəti məhkəməyə göndərilmişdir. Həmin sənəddən də sorğuda qeyd olunan məsələyə aydınlıq gətirilməsi mümkün olmamışdır. Bu hal da təqsirləndirilən şəxsin söylədiklərini həqiqətə uyğun olmasına dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 6.1-ci bəndinə müvafiq olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçisi və ya digər şəxslərlə görüşmələri müvafiq kitabda qeyd olunur. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 14.01.2013-cü il tarixli, Q1-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş və X5 Reyestrinə daxil olunmuş “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 6.18-ci bəndinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin hər dəfə kameralardan çıxarılıb istintaq və görüş otaqlarına, məhkəmə iclaslarına, istintaq hərəkətləri keçirilən yerlərə aparılmaları barədə daxili intizam qaydaları ilə nəzərdə tutulmuş kitabda qeydlər aparılır. Qanunvericiliyin bu tələblərindən aydın olur ki, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə bağlı hər-hansı hərəkət aparıldıqda, o cümlədən onların yerdəyişməsi və ya belə şəxslərin yanına gələn şəxslər barədə müvafiq kitabda qeydiyyat aparılmalıdır. Məsələ ilə bağlı məhkəmə tərəfindən sorgu verilərkən məhs sözügedən qeydiyyat kitabından çıxarışın surətinin təqdim olunması istənilsə də, polis orqanı həmin çıxarışı məhkəməyə təqdim edə bilməmiş, yalnız səthi cavab verməklə kifayətlənmiş, tələb olunmayan və həqiqəti müəyyən etməyə imkan verməyən sənədi göndərmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, cinayət işində olan təqsirləndirilən şəxsin dindirilməsi (cild İ, 226-231), üzləşdirmə (cild İ, i.v.239-253, cild İİ, i.v.1-5), ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan olunması (cild İİ, i.v.37), cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini tanış etmək (cild İİ, i.v.39) haqqında protokollarda təqsirləndirilən şəxsin imzası ilə yanaşı vəkil Qeybulla Cavadovun imzasının olmasına baxmayaraq, sonuncunun bu protokollarda göstərilən vaxtda və tarixdə həmin hərəkətlərdə iştirak etməsi şübhə doğurur, belə imzaların olmasını isə prosessual formallıq, daha çox həmin hərəkətlərin rəsmiləşdirilməsi, vəkilin isə faktiki olaraq öz vəzifəsini yerinə yetirməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Həmin Məcəllənin 286.2-ci maddəsinə müvafiq olaraq cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. O da nəzərə alınmalıdır ki, iş materiallarında müdafiəçinin bu sənədlərlə təqsirləndirilən şəxsdən ayrılıqda tanış olması barədə sübut mövcud deyil. Həmçinin, onunla keçirilmiş dindirmədə, üzləşdirmədə, iş materialları ilə tanış olmada müdafiəçinin iştirak etməməsi və ona yeni müdafiəçinin təyin edilməsi ilə bağlı Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ünvanlanmış və bu müraciət Bakı İstintaq Təcridxanasının 05.06.2021-ci il tarixli, 17/38-3798 saylı məktubu ilə aidiyyəti üzrə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ pozularaq onun keyfiyyətli hüquqi yardım almaq hüququ, o cümlədən onunla birgə keçirilən istintaq hərəkətlərində vəkilin real iştirakı təmin edilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə qaydası pozulmuşdur. Bundan başqa məhkəmədə o da müəyyən edilmişdir ki, müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda (cild İ, i.v.210-211) Təqsirləndirilən şəxs yalnız Bakı şəhəri 5 və 14 saylı Vəkillər bürosunda olan vəkillərin siyahısı (41 vəkil 5 saylı, 36 vəkil 14 saylı büroda) təqdim olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsi olan www.barassociation.az saytından əldə olunmuş məlumata görə 5 saylı Vəkil bürosunda 50-dən, 14 saylı Vəkil bürosunda isə 60-dan çox vəkil fəaliyyət göstərir. Eyni zamanda müstəntiq tərəfindən təqdim olunmuş siyahılarda adları qeyd olunan bəzi şəxslər həmin büroların vəkilləri də deyil. Yuxarıda qeyd olunan nöqsanlarla əlaqədar məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, onun dindirilməsi, üzləşdirilməsi və cinayət işinin materialları ilə tanış etmə qaydası pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Bu Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 25.05.2021-ci il tarixli qərara (cild İ, i.v.236-237) əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməmiş, onun Tovuz Rayon Məhkəməsinin qərarı ilə həbsdə olması nəzərə alınmışdır. Tovuz Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli hökmü (cild İİ, i.v.14-21) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun əvvəlinin 01.12.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur və onun hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu, 299-300-cü, 303-cü və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs hazırda Tovuz Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-391/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-391/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver