Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-391/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 33-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, 27 may 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə görüşüb əvvəlcədən aralarında sosial şəbəkədə yaranmış mübahisənin səbəbini aydınlaşdıran zaman Zərərçəkmiş şəxs kobud danışmasını cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib özündə olan silah qismində istifadə etdiyi, istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sonuncunun bədən nahiyəsindən iki dəfə zərbə vuraraq ona döş qəfəsinin ön səthinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməsə də, onun tərəfindən zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 02-03 il bundan əvvəl “StarChat” adlı sosial şəbəkə vasitəsilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Həmin vaxtlarlar o yaşadığı Yevlax rayonunda arabir Bakıya gəlirdi. Seyranla təzə tanış olduğu ərəfələrdə o, Bakı şəhərinə gəlmiş, Seyran da onu dostu Şahidlə tanış olmuşdur. Onlar bir gün Sabirə yaşadığı Sumqayıt şəhərində yerləşən mənzildə, bir gün isə Seyranın kirayədə qaldığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mənzildə qalmışlar. Daha sonra o, Yevlax rayonuna qayıtmış, Seyranla həmin sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. Bir müddət sonra o, bu sosial şəbəkəyə daxil olmamış, mobil telefonunu dəyişdirdiyindən və nömrələri olmadığından Seyran və Sabirlə əlaqə saxlaya bilməmişdir. xx.xx.2023-cü il tarixdə, təxmini saat 23 radələrində yenidən “StarChat” sosial şəbəkəsinə daxil olan zaman Seyranın orada olduğunu görüb ona salam vermişdir. Lakin Seyran guya onun qaziləri və şəhidləri söydüyünü əsas gətirərək onu təhqir etməyə başlamışdır. Bundan sonra Seyranla aralarında mübahisə yaranmış, sonuncu ona qaziləri və şəhidləri təhqir etməyi səbəbindən sosial şəbəkəyə girmədiyini, qaçaraq gizləndiyini bildirərək onun şəxsiyyətini alçaldan ifadələr işlətmişdir. O, Seyrana dəfələrlə belə hərəkət etmədiyini və onu təhqir etməməsini bildirməsinə baxmayaraq, Seyran onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Seyran özü onu israrla həmin günü görüşə çağırmış, o isə ertəsi günü görüşməyi təklif etsə də, Seyran dəfələrlə təhqiramiz sözlər işlətmişdir. Sonda o, Seyranla metronun “20 Yanvar” stansiyası tərəfdə görüşməyə razılaşmışdır. Təxminən gecə saat 01:30 radələrində kirayədə yaşadığı Masazır qəsəbəsində yerləşən mənzildən çıxaraq Seyranla görüşmək məqsədi ilə həmin ünvana getmişdir. Eyni zamanda yolda marketdən bıçaq alıb cibinə qoymuşdur ki, dava olacağı halda özünü müdafiə etsin. Bundan sonra taksi ilə metronun “20 Yanvar” stansiyasına gəlmiş və Seyran ona zəng edərək 05 dəqiqəyə çatacağını bildirmişdir. Sonra Seyran və Sabir gəlmişlər. Seyranla o binaların arxa tərəfinə keçmiş, Sabir isə bir qədər aralıda dayanmışdır. Seyran onunla yenidən mübahisə etməyə başlamış, o isə ona onun qaziləri və şəhidləri söyməyini sübut etməsini tələb etmişdir. Seyran isə heç bir sübuta ehtiyac olmadığını, onun sözünün sübut olmasını bildirərək onu təkrar təhqir edib onunla əlbəyaxa olub onu itələmiş, o da əsəblərini cilovlaya bilməyib cibindəki bıçaqla onu vurub qaçmışdır. Hadisə zamanı ətrafda Sabirdən başqa heç kim olmamış, mübahisə yerinə kimsə toplaşmamışdır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin aprel-may aylarında “StarChat” adlı sosial şəbəkədə tanış olmuşdur. Bir müddət sonra Natiq ona zəng edərək Bakıya gəldiyini bildirmişdir. O da onu qonaq kimi qarşılayaraq yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mənzilinə aparmışdır. Natiq bir gecə onun evində qaldıqdan sonra yaşadığı Yevlax şəhərinə yola düşmüşdür. Natiq Bakıda qonaq olan zaman onunla dostluğu daha da möhkəmlənmiş, hətta o, onun yol pulu xərclərini ödəmişdir. Daha sonra eşitmişdir ki, Natiq ondan ayırlıqdan sora Bakıda gedib kiminsə evində qalan zaman əsəbi olduğu üçün sosial şəbəkədə şəhid və qaziləri təhqir edib. Bu hadisədən bir il sonra 2023-cü ilin may ayının 26-da o, qohumu Şahsuvar adlı şəxsin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evində qonaq olduğu zaman “StarChat” sosial şəbəkəsinə daxil olmuş, elə bu zaman bir nəfər tanımadığı şəxsin ona “salam” sözlərinin yazmasını görüb ondan kim olduğunu soruşmuş, sonuncu da Natiq olduğunu bildirmişdir. O da Natiqə demişdir ki, şəhid və qaziləri təhqir etdiyi üçün onun salamını almır. Natiq isə cavabında belə hərəkətə yol vermədiyini, sadəcə olaraq yüngül formada ifadə işlətdiyi söyləmişdir. Bunun zəmində aralarında sosial şəbəkədə mübahisə yaranmış, orada kənar şəxslər olduğundan və Natiqlə sözü çəp gəldiyindən, ona həmin axşam görüşüb söhbət etməyi təklif etmişdir. Natiq isə ertəsi günü görüşməyi bildirsə də, onun təkidindən sonra bununla razılaşmışdır. O, qohumunun evindən çıxaraq taksi ilə həmin yerə gələn zaman Natiqin onunla görüşə tək gəlməyəcəyini düşünüb dostu Şahid Abdulrəhman oğluna zəng etmiş, baş verən hadisə barədə Sabirə məlumat verib onu da çağırmışdır. Daha sonra onlar həmin gecə saat 02 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, orada Natiqlə görüşüb ikisi ünvan 1 binanın qarşısında olan söhbətgaha keçmişlər. Sabir isə bir qədər aralıda dayanıb telefonla danışırdı. Natiq onun qaziləri və şəhidləri söyməyini sübut etməsini tələb edəndə, o, heç bir sübuta ehtiyac olmadığını, onun sözünün sübut olduğunu demiş və bu zaman aralarında mübahisə yaranmışdır. O Natiqi özündən itələmək istəyəndə, sonuncu anidən ona iki dəfə zərbə endirib qaçmışdır. O da arxaarxaya gedib yerə yıxılmış, Sabir də yaxınlaşıb onu oradan aparmışdır. Sonra işıqlı yerdə qan içində olduğunu görmüş və Sabirin köməyi ilə xəstəxanaya getmişdir. Natiqin onu vuranda bıçağı görməmiş, əli ilə onu vurduğunu düşünmüşdür. Mübahisə 4-5 dəqiqə olmaqla sakit məcrada keçmiş, səs-küy salınmamış, həmin vaxtı orada onlardan başqa heç kim, o cümlədən binanın sakinləri olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmasına baxmayaraq, Şahid Abdulrəhman oğlu məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, aralarında dostluq münasibəti var. O, boş vaxtlarında “StarChat” adlı sosial şəbəkəyə daxil olmuş və orada “Roma 44” ləqəbli Natiq adlı şəxslə tanış olmuşdur. Natiq Bakı şəhərinə gələn zaman Seyran onu öz evində qonaq etmişdir. O da həmin qonaqlıqda iştirak etdikdən sonra oradan çıxıb öz evində gecələmişdir. Natiqlə Seyran sosial şəbəkə vasitəsilə birbiriləri ilə tanış olmuşdur. Natiq bir gün Bakıda qaldıqdan sonra səhərisi gün yaşadığı Yevlax rayonuna getmişdir. Bundan sonra onun Natiqlə heç bir əlaqəsi olmamışdır. 2023cü ilin may ayının 27-də, saat 01 radələrində o, qayınatasına məxsus Yasamal rayonunda yerləşən mənzildə qonaq olarkən Seyran onun istifasində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təcili olaraq onun yanına gəlməyi xahiş etmişdir. Bundan sonra o, Seyranın olduğu Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yanına getmişdir. Orada Seyranla görüşüb niyə onu çağırdığını soruşduqda, Seyran ona sosial şəbəkədə Natiqlə aralarında mübahisə olduğunu və Natiqin onu görüşə çağırdığını bildirmişdir. O isə Seyrana bu söhbətə əhəmiyyət verməməsini və onunla getməyini xahiş etmişdir. Seyran isə onunla razılaşmayaraq onun yanında gözləməyini xahiş etmişdir. Bir müddət sonra Natiq onların yanına yaxınlaşaraq onlarla salamlaşmışdır. X2 2-3 metr qabaqda üzü “Neptun” market istiqamətində hərəkət etməyə başlamış, o da onların arxasından gəlib Nəsimi rayonu, Cavadxan küçəsi, 05 saylı ünvanda yerləşən binaların birinin qabağında dayanmışdır. Seyranla Natiq aralarında söhbət etmiş, sonra onlar mübahisə etməyə başlamış, o isə onlara tamaşa etmişdir. Onların söhbəti sosial şəbəkədə yaranan mübahisələrini həll etmək istiqamətində olmuşdur. Orada olan söhbətlərdən ona bəlli olmuşdur ki, Natiq Seyranı sosial şəbəkədə söymüşdür. Söhbət zamanı mübahisə qızışdığından Natiq qəfildən əlini belinə ataraq bıcağı çıxardıb Seyrana iki dəfə sinə nahiyəsindən zərbə endirmişdir. Seyran aldığı zərbədən qışqırmağa başlamış və bu zaman Natiq hadisə yerində qaçaraq uzaqlaşmışdır. Seyran qışqıraraq onun dalınca qaçmaq istəsə də, sinəsindən qan gəldiyini görüb dayanmışdır. O, Seyranın qoluna girərək metronun “20 Yanvar” stansiyasının yanına gəlmişlər. Hadisə baş verən yerdən ora gələrkən yolda olan kafelərdə tanımadığı şəxslər Seyranın yaralı olduğunu görmüşlər. Onlar taksi sifariş edib X5 gəlmişlər (İ cild, i.v.134-136). İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 817 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin 2 (iki) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, S.Ə.X4 Mərkəzə müraciət etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlirlər, dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmələri mümkündür (İ cild, i.v.129-130); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X7 məhkəmə tibbi-biologiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 336/2023-MTBŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş mayka, kofta, şalvar, kəmər, bir cüt ayaqqabı, 02 ədəd qulaq çöpü, 01 ədəd plastik qab üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir cüt corab üzərində qana şübhəli ləkə aşkar edilmədi (İ cild, i.v.118-122); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X7 Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin xx.xx.2023-cü il tarixli, 248/2023-MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsindən ortada 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Maykanın ön hissəsində aşağıda 01 (bir) ədəd, arxa hissəsində 01 (bir) ədəd cırılmış zədələr aşkar edildi. Bu zədələr maykanın müvafiq nahiyələrindən hər hansı səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs məxsus köynəyin sağ çiyin tikişi üzərində natamam sökülmüş zədə, köynəyin ön hissəsində düymənin qopması və şalvarın ön sağ bel hissədə olan ilgəyin aşağıda hissəsi tikiş saplar üzrə sökülməsi aşkar edildi. Bu zədələr köynək və şalvarın müvafiq nahiyələrinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, bir cüt corab və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi (İ cild, i.v.124-127); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli qısa qol köynək, 01 ədəd göy rəngli cins şalvar, kəmər, 01 ədəd ağ rəngli mayka, bir cüt ayaqqabı, bir cüt corab, 02 ədəd plastmas çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (İ cild, i.v.157-166); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-284/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 may 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.106-110); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.111). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, biri-birlərini əvvəlcədən tanıyan və münasibətləri olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun bir müddət əvvəl şəhid və qazilər barəsində nalayiq ifadələr işlətməsinə görə “StarChat” adlı sosial şəbəkədə xx.xx.2023-cü il tarixdə yaranan mübahisəyə aydınlıq gətirilməsi üçün Zərərçəkmiş şəxs onu həmin vaxtı görüşə dəvət etmiş, lakin Təqsirləndirilən şəxs bunu ertəsi günü baş tutmasını təklif etsə də, zərər çəkmiş şəxsin israrlı təkidi ilə o, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş, eyni zamanda görüşə gələrkən özü ilə mətbəx bıçağını götürmüşdür. Zərər çəkmiş şəxs də Natiqin tək gəlməyəcəyini düşünüb həmin yerə öz dostu Şahid Abdulrəhman oğlu ilə gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ünvan 1 binanın qarşısında olan söhbətgaha keçmiş, Şahid isə bir qədər aralıda dayanıb telefonla danışmışdır. N.Abasov zərər çəkmiş şəxsdən onun qaziləri və şəhidləri söyməyini sübut etməsini istəyəndə, sonuncu heç bir sübuta ehtiyacın olmadığını, onun sözünün sübut olduğunu demiş və bu zaman aralarında mübahisə yaranaraq bir-biri ilə dartışmışlar. Sonra zərər çəkmiş şəxs təqsirləndirilən şəxsi özündən itələmiş, sonuncu da ona iki dəfə bıçaqla zərbə endirib qaçmışdır. Nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. Mübahisə 4-5 dəqiqə olmaqla sakit məcrada keçmiş, səs-küy salınmamış, həmin vaxtı orada bu şəxslərdən başqa heç kim, o cümlədən binanın sakinləri olmamışdır. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətini xarakterizə edən zəruri əlamətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarları bu cinayətin səciyyəvi əlamətlərinin şərhi və izahına həsr olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, yuxarıda qeyd olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq cinayəti kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, işin faktiki hallarına əsasən sosial şəbəkədə aralarında baş vermiş sözlü mübahisəyə aydınlıq gətirilməsi üçün bu görüşün baş tutmasını israrla tələb edən zərər çəkmiş şəxsin özü olmuş, görüş zamanı öz hərəkətləri ilə təqsirləndirilən şəxsi onu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməyə sövq etmişdir. Hadisənin sonrakı gedişindən də görünür ki, təqsirləndirilən şəxsin əməli daha da böyüyərək ictimai qayda əleyhinə yönəlmiş əmələ çevrilməmişdir. İttiham tərəfi isə Təqsirləndirilən şəxs əməlini xuliqanlıq əməli kimi təqdim etsə də, sonuncunun öz davranışı ilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsinin, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarına qarşı saymamazlığın və kobud surətdə pozulmasının, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğunu və ya da nədə ifadə olunduğu barədə tutarlı sübutlarını təqdim etməmişdir. Belə faktın mövcudluğu məhkəmədə dindirilmiş şəxslərin ifadələrində, habelə elan olunmuş şahid ifadəsində də təsdiq olunmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli ictimai qayda əleyhinə yönəlmiş xuliqanlıq kimi deyil, hadisələrin təsadüfi axarı zəminində şəxsi münasibətlərlə əlaqədar yaranan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan əməl kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qanunvericiliyin sadalanan bu normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından, o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli qısa qol köynək, bir ədəd göy rəngli cins şalvar və kəmər, bir ədəd ağ rəngli mayka, bir cüt ayaqqabı, bir cüt corab zərər çəkmiş şəxsə qaytarılmalı, iki ədəd plastmas çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 346-347, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli qısa qol köynək, bir ədəd göy rəngli cins şalvar və kəmər, bir ədəd ağ rəngli mayka, bir cüt ayaqqabı, bir cüt corab zərər çəkmiş şəxsə qaytarılsın, iki ədəd plastmas çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq isə məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-391/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-391/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver