Məhkəmə qərarları › İş №1(006)-391/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-391/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-391/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi - «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətib 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən «Play» sağlamlıq mərkəzində olarkən orada barmen işləyən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlib sonuncudan danışmaq adı ilə içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1750 manat dəyərində “İphone 13” markalı mobil telefonu götürüb guya danışmaq görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs qələm-kağız gətirməsini xahiş edərək sonuncunun digər otağa keçməsindən istifadə edib hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1755 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmü ilə 9 il əvvəl müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, hazırda 6 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. ünvan 2 ünvanında yerləşən «Play» sağlamlıq mərkəzinə aradabir gedib gəlmiş, həmin mərkəz 24 saat işləmişdir. 26 may 2024-cü il tarixdə, səhər saat 05 radələrində həmin sağlamlıq mərkəzinə getmişdir. Orada əyləşib pivə sifariş verərək içmişdir. Orada ona pivə gətirən barmenin İphone 13 markalı mobil telefonu diqqətini cəlb etmişdir. Həmin mobil telefonu ələ keçirmək qərarına gəlmişdir. Özlüyündə fikirləşmişdir ki, danışmaq adı ilə onun telefonunu alaraq sağlamlıq mərkəzini tərk etsin. Əsas məqsədi mobil telefonu ələ keçirmək olmuşdur. Həm də pulu olmadığı üçün fikirləşmişdir ki, aradan çıxsın. Pivələrin hesabı təxminən 10 manat olmuşdur. Saat 07.30 radələrində o sağlamlıq mərkəzini tərk edərkən həmin barmendən xahiş elmişdir ki, mobil telefonunda kontur yoxdur. Barmenə demişdir ki qıza zəng edəcək, öz mobil telefonunu ona versin, zəng vurub qaytaracaq. Barmen etiraz etməmiş və mobil telefonunu ona uzatmışdır. O, mobil telefonda kortəbii olaraq tanımadığı nömrəni yığaraq guya qızla danışma görüntüsü yaratmışdır. Sağlamlıq mərkəzinin içində olakən mobil telefonla guya danışa-danışa barmenə demişdir ki, ona kağız-qələm gətirsin, qızın nömrəsini yazacaq. Barmen kağızqələm gətirmək üçün sağlamlıq mərkəzindəki otağa keçmişdir. O, dərhal sağlamlıq mərkəzini tərk edərək iti sürətlə evlərin arasına girərək gözdən itmişdir. Həmin sağlamlıq mərkəzinin yerləşdiyi yerdən çox aralanmış və bir az da gəzərək vaxtın keçməsini gözləmişdir ki, mobil telefon alqı-satqısı mağazaları açılsın və həmin mobil telefonu satıb pul əldə etsin. Yolda olan zaman mobil telefonun kilidə düşməsini görmüşdür. Mobil telefon kodda olduğu üçün ekranını aça bilməmiş, telefon kilidlənmişdir. Mobil telefonu mağazada həmin vəziyyətdə sata bilməyəcəyini bilmişdir. Telefonu nə qədər qurdalasa da kilidini aça bilməmişdir. Elə yolda olan zaman mobil telefonu sındıraraq tullamışdır. Oradan da Sumqayıt şəhərinə getmişdir. Daha sonra bir də həmin «Play» sağlamlıq mərkəzinə getməmişdir. Mobil telefonu sındırıb tulladığı zibil qutusu olan ünvanı xatırlamır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci il tarixdə Qarabağ müharibəsində iştirak etmişdir, müharibə veteranıdır. ünvan 2 ünvanında yerləşən «Play» sağlamlıq mərkəzində barmen işləyir. Həmin sağlamlıq mərkəzi 24 saat işləyir. 26 may 2024-cü il tarixdə saat 05 radələrində bir nəfər adını bilmədiyi, lakin əvvəllər də sağlamlıq mərkəzinə gəlib-gedən cavan oğlan içəri girib əyləşərək pivə sifariş etmişdir. Həmin şəxs tək olmuş və müştəriyə sifariş verdiyi pivəsini gətirmişdir. Müştəri yalnız pivə içmiş və hamama girməmişdir. Saat 07.30 radələrində ondan zəng etmək üçün mobil telefonunu istəmişdir. Belə ki, həmin şəxs mobil telefonda konturunun olmadığını bildirmişdir. Müştəri tanış qıza zəng edib guya qızı sağlamlıq mərkəzinə çağıracağını bildirmişdir. Müştəriyə mobil telefonunu vermiş və o kiməsə zəng vurmuşdur. Sağlamlıq mərkəzinin içində olakən mobil telefonla danışadanışa müştəri ona demişdir ki, kağız-qələm gətirsin, həmin qızın mobil nömrəsini qeyd edəcək. O kağız-qələm gətirmək üçün sağlamlıq mərkəzindəki otağına keçmişdir. Bir neçə dəqiqədən sonra geri qayıtmış və həmin oğlanın mərkəzdə olmadığını görmüşdür. Sağlamlıq mərkəzindən bayıra çıxmış və fikirləşmişdir ki, həmin şəxs mobil telefonla danışa-danışa çölə çıxmışdır. Həmin şəxsi bayırda da görməmiş və yenidən sağlamlıq mərkəzinə daxil olmuşdur. Otaqlara baxmış, həmin şəxsi tapa bilməmişdir. Yenidən çölə çıxmış, sağlamıq mərkəzinin ətrafına baxmış, yenə həmin şəxsi tapa bilməmişdir. Bir az da çöldə gözləmiş, həmin şəxsi görməmiş və bundan sonra fikirləşmişdir ki, həmin şəxs mobil telefonunu yəqin ki oğurlamışdır. Polisə müraciət etmək istəsə də düşünmüşdür ki, bir az gözləsin, çünki həmin şəxs sağlamlıq mərkəzinə gəlib gedəndir, bəlkə yenə də gələr. Lakin təxminən 2 ay keçməsinə baxmayaraq həmin şəxs sağlamlıq mərkəzinə gəlməmişdir . Buna görə də o, 31 iyul 2024-cü il tarixdə şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət etmişdir. Həmin şəxs əvvəllər də bir neçə dəfə də sağlamlıq mərkəzinə gəlmiş, lakin onun adını bilməmişdir. 26 may 2024-cü il tarixində həmin şəxs sağlamlıq mərkəzinə tək gəlmişdir. “İphone 13” markalı mobil telefonu 2024-cü ilin aprel ayında Kontakt Home mağazasından kreditlə 1750 manata almışdır. Üstündəki ***-***-**-** saylı mobil nömrəyə də 5 manat pul vermişdir. Ümumilikdə ona dəymiş maddi ziyanı 1755 manat qiymətləndirir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. “cinayət işinin başlanması haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən «Play» sağlamlıq mərkəzidir (i.v. 9-10); “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fotoşəkillə tanınmaya təqdim olunmuş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq mobil telefonunu dələduzluq yolu ilə ələ keçirən şəxs olduğunu bildirmişdir (i.v. 37-38); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 39); “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 43); Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v. 55-62); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır (i.v. 81); “Daşınar əmlakın bazar qiymətinin müəyyən edilməsi haqqında” 21 aprel 2025-ci il tarixli 11-77/25 saylı rəydən görünür ki, bir ədəd İphone 13 markalı mobil telefonun 2024cü ilin may ayına pərakəndə satış qiyməti 1134 manat təşkil edir (i.v. 96-105); “sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 1755 manat kimi qiymətləndirilmişdir (i.v. 109-112); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü nəzərə alınmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 30 iyul 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia və maddi sübut yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar