Məhkəmə qərarları › İş №1(006)-393/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-393/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-393/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də fəhlə işləyən, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq vahid niyyətlə satış məqsədilə əldə etməklə vahid niyyətlə satmışdır. Belə ki, o, «Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin İX hissəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları"nin 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in 13-cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə, istintaqa məlum olmayan mənbədən və şəxslərdən 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayınadək olan müddətdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən, dəyəri 206 manat təşkil edən gizli səsötürücüsü olan 1 ədəd VİP PRO + ORİGİNAL NO.202401995 markalı və dəyəri 200 manat təşkil edən gizli səsötürücüsü olan 1 ədəd VİP PRO + ORİGİNAL NO.202411601 markalı cihaz olan mikro qulaqcıq, ümumilikdə 406 (dörd yüz altı) manat dəyərində 2 adda 2 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib, vahid niyyətlə satış məqsədilə istintaqa məlum olmayan mənbədən və şəxslərdən əldə edərək, “İnstaqram” sosial şəbəkəsində yaratdığı “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” internet səhifələrində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən həmin texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə qeyd olunan tarixlərdə elanlar yerləşdirməklə, 2024-cü ilin aprel ayında “Mikroqulaqciq_ecemi_2022” internet səhifəsində qeyd olunan həmin satış elanı üzrə 1 ədəd VİP PRO + ORİGİNAL NO.202401995 markalı mikro qulaqcığın alınması ilə bağlı internet səhifəsinin mesaj bölməsi vasitəsi ilə özünə müraciət etmiş Şahid1 özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni təqdim edib, Şahid1 telefon əlaqəsi saxlamasından sonra aralarında olan danışıq əsasında 1 ədəd VİP PRO + ORİGİNAL NO.202401995 mikro qulaqcığın 206 manat məbləğində pula satılmasına dair sonuncunun razılığını alıb, həmin tarixdə cinayətdən xəbərsiz qardaşı Şahid2 vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Nənəmin təndiri” adlı obyektin yanında Şahid1 206 (iki yüz altı) manat məbləğində pul vəsaitini nağd qaydada əldə edib, texniki vasitəni sonuncuya təqdim etməklə, eyni niyyətlə 2024-cü ilin may ayında eyni funksiyaya malik olan 1 ədəd VİP PRO + ORİGİNAL NO.202411601 markalı markalı mikro qulaqcıq cihaz olan texniki vasitənin alınması ilə bağlı istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə özünə müraciət etmiş Şahid1 həmin texniki vasitənin 200 manat məbləğində pula satılmasına dair sonuncunun razılığını alıb, 02 may 2024-cü il tarixdə Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yanında yerləşən “McDonalds” adlı restoranda görüşləri zamanı 200 manat məbləğində pulu nağd qaydada əldə edib texniki vasitəni təqdim etməklə, ümumilikdə 406 (dörd yüz altı) manat dəyərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən 2 adda 2 ədəd texniki vasitəni vahid niyyətlə Şahid1 satmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2014-2015-ci illərdə rayonda mağaza işlətmiş və orada telefon, saat, telefon aksessuarlarının satışını həyata keçirmiş, hazırda isə Bakı şəhərində "xxxx" MMC-də fəhlə işləyir. Bir müddət əvvəl “SOCAR” şirkətində işə düzəlmək üçün imtahan verməli olduğundan imtahanda istifadə etmək üçün Rusiya Federasiyasının Moskva şəhərindən dostu vasitəsilə iki ədəd gizli səsötürücüsü olan mikro qulaqcıq gətizdirmiş, lakin həmin qulaqcıqdan imtahanda istifadə etməmiş və əlində qalmasın deyə qulaqcıqları satmaq qərarına gəlmişdir. Bunun üçün o, əvvəllər telefon aksessuarlarının satışı ilə məşğul olan zaman “İnstagram” sosial şəbəkəsində yaratdığı səhifədə elan yerləşdirmiş, 2024-cü ilin aprel ayında Elçin adlı şəxs ona zəng edərək həmin qulaqcığı almaq istədiyini bildirmiş və o, Elçin adlı şəxslə bir ədəd qulaqcığı 206 manata satmaq barədə razılaşmışdır. Qulaqcığı qardaşı Şahid2 vasitəsilə göndərmiş, Cahid Elçin adlı şəxslə “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Nənəmin təndiri” adlı obyektin yanında görüşərək qulaqcığı Elçinə vermiş və 206 manat pulu sonuncudan alaraq gətirib ona təhvil vermişdir. Bundan sonra 2024-cü ilin may ayında Elçin adlı şəxs ona zəng edərək həmin qulaqcıqdan yenə istədiyini bildirmiş, o da onda olan digər gizli səsötürücüsü olan mikroqulaqcığı sonuncuya 200 manata satmağa razılıq vermişdir. Qulaqcığı Elçin adla şəxsə vermək üçün onunla “Memar Əcəmi” metrostansiyasının yanında yerləşən “McDonalds” restoranında görüşmüş, görüş zamanı o, Elçinə bir ədəd mikroqulaqcığı vermiş və Elçin də ona 200 manat pulu nağd qaydada vermişdir. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onlara yaxınlaşaraq izahat verməsi üçün onu Baş İdarəyə dəvət etmişlər. Onun mikroqulaqcıqları almaqda məqsədi onları satmaq olmamış, sadəcə imtahanda istifadə etmək üçün almış, aldığı qulaqcığın xarab çıxma ehtimalı olduğundan həmin qulaqcıqdan iki ədəd sifariş etmişdir. Qeyd olunan qulaqcıqlar Moskva şəhərində açıq satışda olmuş və dostu həmin qulaqcıqları alıb gətirərkən gömrük orqanlarında hər hansı bir maneə ilə rastlaşmamışdır. O, həmin mikroqulaqcıqların satışının qanunla qadağan olunduğunu bilməmiş, əvvəllər heç vaxt gizli səsötürücüsü olan mikroqulaqcıqların satışı ilə məşğul olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının təxminən ortalarında tanımışdır. Belə ki, o, “İnstaqram” sosial şəbəkəsində istifadə etdiyi “Əli Qurbanov” profili ilə internetdə olan məlumatlara baxan zaman qarşısına “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” veb səhifələri çıxmış, həmin səhifələrə daxil olan zaman gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışı ilə bağlı elanların yerləşdirildiyini görmüşdür. Həmin vaxt satılan cihazların gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulduğunu bilməmişdir. Satılan məhsullara baxan zaman “Mikroqulaqciq_ecemi_2022” səhifəsində gizli qaydada səsötürücü olan mikro qulaqcıq elanını görmüş, bu məhsul marağını çəkmiş və bununla maraqlanmış, həmin səhifəyə yazmışdır. Yazışma nəticəsində ona ***-***-**-** telefon nömrəsini yazaraq əlaqə saxlamağını xahiş etmişlər. O da istifadəsində olan ***-***-**-** saylı nömrədən həmin nömrəyə zəng etmiş, mikro qulaqcıqla maraqlanmış, ona qiymətini 220 manat demişlər, lakin sonra 206 manata razılaşmışlar. Danışıq nəticəsində onunla danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhəmmədlə danışdıqdan sonra sonuncu ona qardaşının telefon nömrəsini (***-***-**-**) vermiş, özünün hazırda imkanı olmadığını bildirmişdir, qardaşı ilə əlaqə saxlayıb gizli qaydada səsötürücü olan mikro qulaqcığı almağını xahiş etmişdir. O da bundan sonra ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış, bu zaman onunla danışan şəxsin Şahid2 olduğunu bilmişdir, həmin şəxs Məhəmmədin qardaşı olduğunu, qardaşının xahişi ilə qardaşının satdığı məhsulu ona çatdıra biləcəyini bildirmişdir. O, həmin şəxslə danışaraq Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Nənəmin təndiri” adlı obyektin yanında ayaqüstü görüşmüşdür. Cahid 1 ədəd mikroqulaqcığı ona vermiş, o da danışdıqları kimi 206 manat pulu nağd formada həmin şəxsə təqdim etmişdir. Sonra o, Məhəmmədə də zəng edərək məhsulu aldığını demiş, daha sonra məhsulun işləmə mexanizmini başa salmağını xahiş etmişdir. Bu telefon danışıqlarını və instaqramda səhifədə yazışmasını 1 ədəd “CD” disk şəklində ilkin araşdırma zamanı təqdim etmişdir. O, bu hadisə ilə rastlaşdıqdan sonra, gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışının qadağan olunduğunu bildiyi üçün bu barədə könüllü olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat vermək qərarına gəlmişdir. Buna görə 16 aprel 2024-cü il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra əməkdaşlar onun izahatını almışlar. Müraciətindən sonra Baş İdarənin əməkdaşları tərəfindən müəyyən tədbirlər görülmüş, əməkdaşların nəzarəti altında o, istifadəsində olan ***-***-**-** saylı telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefonla telefon danışığı qaydasında əlaqə saxlamışdır. O, Məhəmmədə ona təklif etdiyi xüsusi texniki vasitələrdən almaq istədiyini demiş, sonuncu da razılaşmışdır. Bundan sonra o, 02 may 2024-cü il tarixdə Məhəmmədlə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yanında yerləşən “McDonalds” restoranında görüşmüşdür. Görüş zamanı Məhəmməd ona 1 ədəd əvvəl aldığının eynisi olan gizli qaydada səsötürücü olan mikro qulaqcıq vermiş, o da Məhəmmədə əvvəlcədən danışdıqları kimi 200 manat pulu nağd formada vermişdir. Məhəmməd də 200 manat pulu ondan almış və texniki vasitəni ona vermişdir. Bundan sonra Baş İdarənin əməkdaşları onların yanına yaxınlaşmışlar, özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs izahat verməsi üçün Baş İdarəyə dəvət edilmişdir. Eyni zamanda ona satdığı xüsusi texniki vasitələri də Baş İdarənin əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs xahişi ilə bir ədəd mikro qulaqcığı Şahid1 adlı şəxslə görüşərək sonuncuya təqdim etmişdir. O, həmin vaxt qulaqcığın xüsusi texniki vasitə, gizli səsötürücülüyünə malik olmasını bilməmişdir. O, həmin qulaqcığı görünməz bir paketdə Elçinə vermişdir. Belə ki, qardaşı Məhəmməd 2024-cü ilin təxminən aprel ayının ortalarında ona bildirmişdir ki, hazırda işləri çoxdur, ondan xahiş etmişdir ki, bir ədəd mikroqulaqcıq var, həmin məhsulu Elçin adlı şəxsə çatdırmaq lazımdır. Elçin məhsulu alaraq 206 manat pul verəcəkdir. O da həmin günü boş olduğu üçün qardaşı Məhəmmədin işlədiyi yerə Buzovna qəsəbəsində olan iş yerinə getmiş, Məhəmməd ona 1 ədəd mikroqulaqcığı görünməz bir paketdə vermiş, daha sonra bildirmişdir ki, istifadəsində olan ***-***-**-** saylı nömrəni məhsulu qəbul edəcək şəxs olan Elçinə vermişdir, sonuncu özü onunla telefon əlaqəsi saxlayacaqdır. Bundan sonra Məhəmmədlə sağollaşdıqdan bir az sonra özünü Elçin kimi təqdim edən şəxs ona ***-***-**-** saylı nömrədən zəng etmiş, o da Məhəmmədin qardaşı Şahid2 olduğunu demiş, qardaşının xahişi ilə satdığı məhsulu çatdıra biləcəyini bildirmişdir. O, Elçinlə danışaraq Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Nənəmin təndiri” adlı obyektin yanında onunla ayaqüstü görüşmüş, bir ədəd mikroqulaqcığı Elçinə vermiş, Elçin də qardaşı ilə danışdığı kimi 206 manat pulu nağd formada ona təqdim etmişdir. Sonra isə onlar sağollaşmışlar. Elçindən qəbul etdiyi 206 manat pulu qardaşı Məhəmmədə vermiş, həmin puldan 1 manat olsun belə ona çatmamışdır. Bundan bir müddət sonra, 2024-cü ilin may ayının 2-də qardaşı ona telefonla zəng edərək demişdir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan müxtəlif texniki vasitə satmışdır, ona görə də izahat verməsi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər, hazırda izahat verməyə gedir. O, qardaşı Təqsirləndirilən şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan müxtəlif texniki vasitələrin, qurğuların satışını həyata keçirtdiyini bilməmişdir. Onun ümumiyyətlə bundan məlumatı olmamışdır. O, yalnız qardaşı gizli texniki qurğunu Şahid1 adlı şəxsə satan zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq izahat verməsi üçün Baş İdarəyə dəvət edilməsindən sonra bunu bilmişdir. Yalnız bundan sonra Məhəmmədin “İnstaqram” sosial şəbəkəsində “Mikroqulaqciq_ecemi_2022” internet səhifəsi yaradaraq orada gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan müxtəlif texniki vasitələrin, qurğuların satışını həyata keçirtdiyini bilmişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.4); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.165-167); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 5(001)- 694/2024 nömrəli qərarından görünür ki, X2, X4, X6, Təqsirləndirilən şəxs və X7 barəsində 02 may 2024-cü il tarixdən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video ve foto çəkilişlərinin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilmişdir (i.v.34-36); - “Pul vəsaitinin təqdim edilməsi haqqında” 02 may 2024-cü il tarixli və “Nəzarət qaydasında mal alınmasına dair” 02 may 2024-cü il tarixli protokollardan görünür ki, vətəndaş Şahid1 Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində “Mikroqulaqciq_ecemi_2022” səhifəsində qanunvericiliklə satışı qadağan edilmiş gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrin satışını təşkil etməsi barədə müraciəti əsasında şikayətçi Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə şikayətçiyə məxsus 1 ədəd 100 manatlıq əskinas, 2 ədəd 50 manatlıq əskinas, cəmi 200 manat pul vəsaiti təqdim edilmişdir. Bundan sonra 02 may 2024-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində “Mikroqulaqciq_ecemi_2022” səhifəsini işlədən, qanunvericiliklə satışı qadağan edilmiş gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrin satışını təşkil edən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 5(001)-694/2024 nömrəli qərarı əsasında 1 ədəd gizli səsötürücüsü olan 1 ədəd VİP PRO + ORİGİNAL NO.202411601 markalı cihaz olan mikro qulaqcığın, xüsusi texniki vasitənin Şahid1 vasitəsi ilə nəzarət qaydasında Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yanında yerləşən “McDonalds” adlı restoranda alışı həyata keçirilmişdir (i.v.37-43); - “Diskə baxış keçirilməsi barədə” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fəhlə işləyən, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə, 2024-cü ilin may ayında 1 ədəd VİP PRO + ORİGİNAL NO.202411601 markalı mikro qulaqcıq cihaz olan texniki vasitənin alınması ilə bağlı istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə özünə müraciət etmiş Şahid1 həmin texniki vasitənin 200 manat məbləğində pula satılmasına dair sonuncunun razılığını alıb, 02 may 2024-cü il tarixdə Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yanında yerləşən “McDonalds” adlı restoranda görüşləri zamanı 200 manat məbləğində pulu nağd qaydada əldə edib texniki vasitəni təqdim etməklə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitəni Şahid1 satmışdır (i.v.54); - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-39/2-24/1984/2024 nömrəli məktubdan görünür ki, 1 ədəd VİP PRO + ORİGİNAL NO.202401995 və 1 ədəd VİP PRO + ORİGİNAL NO.202411601 markalanma göstərici olan qurğular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il, 15 avqust tarixli, 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin Siyahısı”na əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə aid edilir (i.v.126); - “Diskə baxış keçirilməsi barədə” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, 1 ədəd CD diskdə 5 ədəd faylın - “WhatsApp Audio 2024-05-02 at 09.29.36”, “WhatsApp İmage 2024-05-02 at 09.29.36 (1)”, “WhatsApp İmage 2024-05-02 at 09.29.36”, “WhatsApp Video 2024-05-02 at 09.29.47”, “WhatsApp Video 2024-05-02 at 09.29.49” başlıqlı fayllarının olduğu müəyyən edilmişdir. Qeyd olunan “WhatsApp Audio 2024-05-02 at 09.29.36” faylda danışıq səsi, WhatsApp İmage 2024-05-02 at 09.29.36 (1)” və “WhatsApp İmage 2024-05-02 at 09.29.36” faylarında fotoşəkil, “WhatsApp Video 2024-05-02 at 09.29.47”, “WhatsApp Video 2024-05-02 at 09.29.49” fayllarında isə videoçəkilişlər vardır. Baxış zamanı “WhatsApp Audio 2024-05-02 at 09.29.36” faylında aşağıdakı məzmunda audiyazı müəyyən edilmişdir: “Bunlar boyuna taxılır. Boyuna taxılan blutuza qoşulur. Qulağa taxılana daş taxılır. Biri 5 saat saxlayır daşın. Boyunbağı da 8 saat zaryadka saxlayır. Amma istəsəz daha bahalıları var. Onların səsi daha effektlidi. Daha originaldı”. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, qeyd olunan audioyazıda danışan şəxs Təqsirləndirilən şəxsdur, onun səsini telefonunda olan xüsusi proqramla qeydə almışdır. Məhəmməd ona gizli texniki vasitə olan qurğunun işləmə mezanizmini başa salır. Baxış zamanı “WhatsApp İmage 2024-05-02 at 09.29.36 (1)” və “WhatsApp İmage 2024-05-02 at 09.29.36” fayllarında olan şəkillərdən görünür ki, “İnstaqram” sosial şəbəkəsində “mikro qulaqcik” profili ilə mesajlaşma aparılmışdır, həmin profildən mesajlar yazılaraq elan yerləşdirlmiş gizli texniki vasitə olan qurğu ilə bağlı məlumat verilməsi üçün “***-***-**-**” saylı telefon nömrəsi yazılmışdır, eyni zamanda oxşar məhsulun olduğu, qiymətin 160 manat təşkil etdiyi göstərilmişdir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, “İnstaqram” sosial şəbəkəsində profili vasitəsi ilə “Mikroqulaqciq_ecemi_2022” səhifəsi vasitəsi ilə mesajlaşma aparmışdır, qeyd olunan mesajları ona həmin səhifənin sahibi olan Təqsirləndirilən şəxs yazmış, gizli xüsusi texniki vasitə olan qurğuların satışı ilə məşğul olduğunu bildirmişdir. Qeyd olunan telefon nömrəsi ilə əlaqə yaradaraq Təqsirləndirilən şəxsla danışmış və ondan qeyd olunan məhsuldan almışdır. Baxış zamanı “WhatsApp Video 2024-05-02 at 09.29.47” faylında əks olunmuş videoçəkilişdən görünür ki, bir nəfər kişi cinsindən olan şəxs əlində olan telefon vasitəsi ilə “***-***-**-**” saylı telefon nömrəsini yığaraq bir nəfər kişi cinsindən olan şəxlə danışır. Danışıq əsnasında “Nənəmin təndiri” adlanan obyektin yanında, çərəz, meyvə satılan yerin qabağında maşını saxlamağı xahiş edir, özünün isə yaxında telefon mağazasında olduğunu, onu qarşılamaq üçün indi çıxacağını bildirir. Daha sonra hər iki şəxs danışdıqları həmin ünvanda görüşməyə razılaşaraq sağollaşırlar. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, videoçəkilişi özü aparmışdır, əlində telefon olan və “***-***-**-**” saylı telefon nömrəsini yığan şəxs odur, o, həmin vaxt gizli texniki vasitə olan məhsulu almaq üçün Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun qardaşı Şahid2la qeyd olunan ünvanda görüşərək danışmış və məhsulu almışdır. Baxış zamanı “WhatsApp Video 2024-05-02 at 09.29.49” faylında əks olunmuş videoçəkilişdən görünür ki, bir nəfər kişi cinsindən olan şəxs digər bir nəfər kişi cinsindən olan şəxslə telefon əlaqəsi saxlayaraq gizli texniki vasitə sayılan qurğunu götürdüyünü, evə getdiyini bildirir, danışıq zamanı həmin şəxsdən xahiş edir ki, evdə görüntülü həmin şəxsi yığar və qurğunun işləmə mexanizmini ona başa salar. Gələcəkdə də ehtiyac yaranarsa, kim istəsə aşağı qiymətə satmasını həmin şəxsdən xahiş edir və hazırda həmin şəxsin qardaşına aldığı məhsul üçün 206 manat verdiyini bildirir. Qarşı tərəf isə heç bir problem olmadığını deyərək qurğunun işləmə mexanizmini başa salacağını bildirir və sağollaşır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, videoçəkilişi özü aparmışdır, o, ***-***-**- ** saylı telefonu yığaraq Təqsirləndirilən şəxs ilə danışmışdır. Məhəmmədə məhsulu qardaşından götürdüyünü, buna görə 206 manat pul verdiyini bildirmişdir (i.v.60-61); - “Baxış keçirilməsi haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs özünün də iştirakı ilə istifadəsində olan “Samsung” markalı telefon vasitəsi ilə internet resurslarından istifadə etməklə “İnstaqram” sosial şəbəkəsində yaratdığı “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” səhifələrinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində yaratdığı “Mikroqulaqciq_ecemi_2022” alış-veriş ticarət səhifəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin səhifə 2022-ci il tarixdə yaradılmışdır, hazırda 512 izləyicisi vardır. Həmin səhifədə 14 paylaşım edilmişdir. 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayına kimi həmin səhifədə çoxlu sayda müxtəlif cür formada gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələr - gizli qaydada səsötürücü olan mikro qulaqcıqların satışı ilə bağlı şəkilli elanların yerləşdirildiyi müəyyən edilmişdir. Səhifənin mesaj bölməsində “Əli Qurbanov” profili vasitəsi ilə mesajlaşma müəyyən edilmişdir. Həmin mesajlaşmanın məzmunundan görünür ki, gizli qaydada səsötürücü olan mikro qulaqcıq elanı ilə maraqlanılmış, səhifə tərəfindən məhsulun qiymətinin ilkin olaraq 250 manat olduğu yazılmış, daha sonra qurğu barədə məlumatlar verilməklə əlaqə saxlanılması və qurğu ilə bağlı geniş ətraflı məlumat verilməsi üçün “***-***-**-**” saylı telefon nömrəsi yazılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mikroqulaqciq_ecemi_2022” səhifəsi ona məxsusdur, qeyd olunan səhifədə gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrlə bağlı elanları o, müxtəlif vaxtlarda yerləşdirmişdir. Mesajlaşmadan da göründüyü kimi o, “Əli Qurbanov” profili ilə yazışmış, həmin şəxsə maraqlandığı mikro qulaqcıq barədə məlumat verərək ilkin olaraq qurğunun qiymətini 250 manat qeyd etmişdir. Daha sonra əlaqə saxlanılması üçün özünün istifadəsində olan “***-***-**-**” saylı telefon nömrəsini yazmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsində yaratdığı “mikro_nausnik_ecemi_ucuz” alış-veriş ticarət səhifəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin səhifə 2021-ci il tarixdə yaradılmışdır, hazırda 447 izləyəcisi vardır. Həmin səhifədə 12 paylaşım edilmişdir. 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına kimi həmin səhifədə müxtəlif cür formada gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələr - gizli qaydada səsötürücü olan mikro qulaqcıqların satışı ilə bağlı şəkilli elanların yerləşdirildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “mikro_nausnik_ecemi_ucuz” səhifəsi ona məxsus olmuşdur, qeyd olunan səhifədə gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrlə bağlı elanları o, müxtəlif vaxtlarda yerləşdirmişdir. Lakin o, son vaxtlar artıq həmin səhifəni işlətməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən “İnstaqram” sosial şəbəkəsində yaradılmış “Mikroqulaqciq_ecemi_2022” səhifəsinin mühüm məlumatları, qeyd olunan xüsusi texniki vasitələrin satışı barədə yerləşdirilmiş elanların əks olunduğu səhifələr kompyuter vasitəsi ilə print-çap edilərək baxış protokoluna əlavə edilmişdir (i.v.68-80); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202401995 markalı mikro qulaqcıq və 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202411601 markalı mikro qulaqcıq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X5 təhvil verilmiş, həmçinin, istintaq zamanı əməliyyat-axtarış tədbirləri zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd “CD” disk, Şahid1 təqdim etdiyi və özündə danışıq, audioyazı, şəkil və videoçəkilişi əks etdirən 1 ədəd “CD” disk, “İnstaqram” sosial şəbəkəsində aparılmış yazışmalar, “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatlardan çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.171-198); - X1 Sistemi üzrə məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.138); Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, həmin əşyaları satış üçün deyil, imtahanda özü istifadə etməsi üçün sifariş verməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf etməsinə, şahid ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 302.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, istintaq zamanı əməliyyat-axtarış tədbirləri zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd “CD” disk, Şahid1 təqdim etdiyi və özündə danışıq, audioyazı, şəkil və videoçəkilişi əks etdirən 1 ədəd “CD” disk, “İnstaqram” sosial şəbəkəsində aparılmış yazışmalar, “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X3 saxlanılan sübut növü kimi tanınmış gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202401995 markalı mikro qulaqcıq və 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202411601 markalı mikro qulaqcıq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xidməti istifadə üçün təhvil verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə sübut kimi tanınmış istintaq zamanı əməliyyat-axtarış tədbirlərini zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd “CD” disk, Şahid1 təqdim etdiyi və özündə danışıq, audioyazı, şəkil və videoçəkilişi əks etdirən 1 ədəd “CD” disk, “İnstaqram” sosial şəbəkəsində aparılmış yazışmalar, “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “Mikroqulaqciq_ecemi_2022” və “mikro_nausnik_ecemi_ucuz” səhifələrindən əldə edilmiş məlumatlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə sübut kimi tanınaraq Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X3 saxlanılan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202401995 markalı mikro qulaqcıq və 1 ədəd gizli səsötürücüsü olan VİP PRO + ORİGİNAL NO.202411601 markalı mikro qulaqcıq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xidməti istifadə üçün təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar