Məhkəmə qərarları › İş №1(006)-394/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-394/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-394/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun müdafiəçiələri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X2, X4 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: C.R.Bağırzadə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək A.M.Səfərəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, A.M.Səfərəliyevin AR CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti aşağıdakı faktlarla sübut olunur: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunda vəkilik edən A.M.Səfərəliyev öz adına qeydiyyatdan keçmiş “Facebook” səhifəsindən istifadə edərək Alaif Hasanov adlı facebook istifadəçinin şərh bölməsində qərəzli olaraq məni “separatist” və “qeyri milli” (yəni bizim millətdən olmayan) adlandırıb. (Milli ayrı seçkilik). Daha dəqiq desək, həmin şərhdə A.X11 adlı facebook istifadəçisinin yazdığı şərhə müdaxilə edərək əslində ona aid olmayan, onun şəxsi mənafeyinə toxunmayan söhbətə qoşularaq belə bir ifadə paylaşıb: “Alaif Hasanov, boş şeydir, kollegiyada nəyə desən inanaram amma rüşvət və korrupsiyaya görə əlimi balta altına qoyaram! Əlaif, son milli adamsan, heç olmasa separatçı Camal Bağırovla bir sırada dayanma...” Bu insan ləyaqətini alçaldan kinli və qərəzi ifadələr bütün dünyanın izlədiyi sosial şəbəkəsi sayılan facebook internet səhifəsində yayılmış və bu yazıları minlərlə insan oxumuşdur Səfərəliyevin hansı əsaslarla onu “separatist” adlandırması ona aydın deyil. O bunu öz şərhidə açıqlamır. Səfərəliyev açıq-aydın onu “separatist” kimi ağır cinayətdə ittiham edərək ona böhtan atmış, həm də onu “qeyri milli” adlandırmaqla bir azərbaycanlı kimi ona qarşı ayrı-seçkilik etməklə milli hissiyatına toxunmuş və onu ağır təhqir etmişdir. O, bu ifadələri işlətməklə təkcə onun şərəf və ləyaqətinin, milli hissiyatını alçaltmamış, həm də açıq-aydın onu ağır cinayət sayılan “separatçılıqda” ittiham etmişdir. Aydın məsələdir ki, o, bilə-bilə onu ağır cinayətdə ittiham etmişdir. Həmin an facebook istifadəçisi Alaif Hasanov onun bu sözləri ilə razılaşmadığını desə də Səfərəliyev yazdıqlarını pozmamış yaxud da üzrxahlıq etməmişdir. Halbuki, A.Səfərəliyev özü vəkildir və vəkil kimi insan huququ və azadlıqlarını müdafiə etmək barədə and içmişdir. İndi isə həmin andını pozmuş və hətta cinayət etmişdi. O ki, qaldı “separatizm“sözünün mənasına və belə bir əməlin ictimai təhlükəliliyinə dəqiqləşdirim ki, Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Deməli, A.Səfərəliyev onu faktiki olaraq dövlətimizin milli təhlküsəzliyi üçün ciddi təhlükəli bir şəxs kimi qələmə verməklə onu ağır və xüsusiilə ağır cinayətcə ittiham edir bu isə qərəzli böhtan və təhqirdir. Bu ifadələri sosial şəbəkədə yaymaqla Səfərəliyev həm də azərbaycan xalqını milli və qeyri-milli hissələrə ayırmış onların arasında milli, etnik ayrı-seçkiliyə gətirib çıxaran “qeyri milli olmayan” şəxslərə qarşı açıq nifrət nümayiş etdirməklə ictimai təhlükəli əməl törətmişdir. Məlumdur ki, Səfərəliyev bu sözləri işlətməklə təkcə onu yox, ola bilsin onun timsalında bütün cənub zonasının azsaylı xalqlarını “qeyri milli” sayır. Onun deməyindən elə çıxır ki, kim milli, deyilsə, deməli o bu xalqın və dövlətin düşmənidir. Deməli əgər sən, milli deyilsənsə, bu xalqın, bu dövlətin düşməni olan separatistsən. Səfərəliyev “MİLLİ” deməklə hansı milləti nəzərdə tutursa bunu məhkəmə aydınlaşdırar. Halbuki, Azərbaycan Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün xalqlar dinindən,dilindən, irqindən, milliyətindən asılı olmayaraq bərabərdirlər. Xalqı milli və qeyri-milliyə bölmək, eləcə də kimisə qərəzli olaraq separatist adlandırmaq cinayətdir. Həmçinin bildirmişdir ki, Səfərəli tez-tez cənub zonasının insanlarına qarşı və xüsusən də ona qarşı belə bir mövqedə olub. Bəlkə Səfərəliyev onlara düşmən olan dövlətlərin xalqımız arasında milli ədavəti qızışdırmaq barədət apşırığını yerinə yetirir. ? İndiki zamanda bu ən azından düşmən dəyirmanına su tökməkdir. Bu şəxs belə ifadələrinə görə mütləq məsuliy/ətə cəlb olunmalıdır. Təbii ki, A.Səfərəliyev separatizmin mənasını bir hüquqşünas kimi anlayır və bunun məsuliyyətini bilməmiş deyil. Sonuncu onun separatist olmadığını gözəl bilir. Məhkəmədə isə onun separatist olduğunu artıq sübut etməlidir. Sadəcə olaraq A.Səfərəliyev Lənkəran rayonunda anadan olduğunu əsas götürüb imkan düşən kimi onu və doğulduğu yeri təhqir etmişdir. A.Səfərəliyevin bu qərəzli hərəkətinin səbəbi məlumdur. Sonuncu onun Vəkillər Kollegiyası rəhbərliyi ilə bağlı məhkəmə çəkişmələrindən narahat olaraq belə ağır ittihamlarla onu cəmiyyətin və onu tanıyan hüquqşünasların gözündən salmağa çalışır. A.Səfərəliyev bundan əvvəl də ona qarşı facebookda belə ifadələr işlətmişdir. Bu birinci hal deyil. A.Səfərəliyevin onu separatizmdə ittiham etməsi ona dərin mənəvi iztirab verir. O, dost-tanışların yanında rüsvay olmuşdur. İndi hamı ona separatçı kimi baxır. Səfərəliyev bu ittihamla onu və ümumiyyətlə cənub zonasını “qeyri milli” şəxs kimi qələmə verərək xalqlarımız arasında ayrı-seçkilik yaradır. Məsələn paylaşmada X8 yazır: “Sən milli adamsan Camal Bağırov isə separatistdir” deməsi, açıq aydın milli, dini, irqi, ayrı-seçkiliyə işarədir. Bu isə biləvasitə irqçilikdir. Əslində, separatizm əlamətləri Səfəliyevin özündə tüğyan edir. Baxmayaraq ki, Alaif Hasanov onun cavabını vermiş və ona irad tutmuşdur ki, o, Camal bəyi separatist kimi tanımır. Amma Səfərəliyev bundan nəticə çıxarmayaraq digər kütləvi yerlərdə də bu ifadələri işlətmişdir. Göstərilənləri nəzərə alaraq onu xüsusi ittihamçı tanımaqla şərəfini, ləyaqətini və milli hissiyatını ləkələyən məlumatları yayıb onu ağır cinayətdə təsirləndirdiyinə görə və ona böhtan atdığına görə A.M.Səfərəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrin sanksiyaları daxilində ən ağır cəza verilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etməyən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs C.R.Bağırzadə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, şikayəti ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Şikayəti ərazi üzrə təqdim edərkən Səfərəliyevin qeydiyyatda olduğu ünvan onun Vəkillər Kollegiyasındakı reyestrdən götürülmüş, lakin sonradan onun vəkilini verdiyi etibarnamədən məlum olmuşdur ki, Səfərəliyevin qeydiyyatda olduğu ünvan Nərimanov rayonu ərazisində yerləşir. Buna görə də o, mübahisənin məhkəmə aidiyyəti üzrə və daha tez araşdırılması məqsədi ilə eyni şikayəti Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Hazırda həmin şikayəti Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır (İş №1(005)-441/2023). Çox güman ki, şikayətini Nərimanov Rayon Məhkəməsi araşdıracaqdır. Məhz bu əsaslarla 1(006)-394/2023 saylı işin baxışının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.M.Səfərəliyev bildirmişdir ki, şikayət əsassızdır, heç bir mötəbər sübuta əsaslanmır. Həmçinin, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.M.Səfərəliyevin müdafiəçiləri N.M.Mustafayev, R.V.Mərəndskiy və E.X.Məmmədzadə bildirmişlər ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyatı düzgün müəyyən edilməmişdir. Belə ki, şikayətdə göstərilmişdir ki, A.M.Səfərəliyev onun barəsində böhtan və təhqir xarakterli ifadələri “Facebook” sosial şəbəkəsində rəy bölməsində yaymışdır. “Facebook” sosial şəbəkəsi isə xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatıdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.M.Səfərəliyev isə ünvan 2 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyatı Nərimanov Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, şikayət vermiş şəxsin məhkəməyə ünvanladığı ərizəni araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.M.Səfərəliyev xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində ifadələri “Facebook” sosial şəbəkəsində özünə məxsus istifadəçi profilində yaymışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən və “AZEMİS” elektron məhkəmə sistemindən olan çıxarışdan görünür ki, A.M.Səfərəliyev ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində böhtan və təhqir xarakterli məlumatlar “Facebook” sosial şəbəkəsində yerləşdirilmişdir. “Facebook” sosial şəbəkəsi isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin“yurisdiksıyasına“aid olan birinci instansiya məhkəməsində baxılır.“ Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə böhtan və təhqir xarakterli məlumatlar “Facebook” sosial şəbəkəsində yerləşdirildiyindən, həmin internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.M.Səfərəliyev ünvan 2 ünvanında yaşadığından və həmin ünvan isə Bakı şəhəri, Nərimanov rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar