Məhkəmə qərarları › İş №1(006)-396/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-396/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-396/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə 04 iyun 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə təkrar qəsdən mühüm zərər vurmuşdur. Belə ki, o, 03 iyul 2023-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsində konkret vəzifəyə təyin olunmadan könüllü fəaliyyətinə cəlb olunub faktiki olaraq vəzifəli şəxs kimi böyük mütəxəssis (operator) vəzifəsinin funksiyalarını yerinə yetirərkən və 25 iyul 2024-cü il tarixdən isə həmin məhkəmədə böyük mütəxəssis (operator) vəzifəsinə təyin olunaraq vəzifə səlahiyyətlərini həyata keçirərkən xidməti vəzifələrindən sui-istifadə edərək 03 iyul 2023-cü il tarixdən 20 dekabr 2024-cü il tarixədək olan müddət ərzində özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan müvafiq cinayət işləri üzrə materialları əldə edib şəxsi əlaqə quraraq müraciət edən cinayət prosesinin iştirakçısı olmayan müxtəlif şəxslərə, o cümlədən 2023-cü ilin payız aylarından 2024-cü ilin yay aylarınadək icraatda olan cinayət işlərinin ittiham aktlarını “Report” informasiya agentliyinin müxbiri Şahid1, 2024-cü ilin aprel-avqust aylarında icraatda olan cinayət işlərinin ittiham aktlarını və cinayət prosesi iştirakçılarının müəyyənedici məlumatlarını “İctimai Televiziya”nın müxbiri Şahid3, 07 may 2024-cü il tarixdə icraatda olan cinayət işinin ittiham aktını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahid5, 31 may 2024-cü il tarixdə icraatda olan cinayət işinin ittiham aktını "xxxx" internet kanalının redaktoru Şahid2 və 20 dekabr 2024-cü il tarixdə icraatda olan cinayət işinin ittiham aktını “Qafqazinfo” internet saytının müxbiri Şahid4 və digər şəxslərə istifadəsində olan ***-***-**-** nömrəli sim-kart quraşdırılmış “Redmi” markalı mobil telefonundakı “Whats App” tətbiqi vasitəsilə gizli şəkildə göndərməklə yayaraq həmin cinayət işləri üzrə cinayət prosesinin iştirakçılarının və dövlətin qanunla qorunan mənafelərinə təkrar qəsdən mühüm zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 21 dekabr 2024-cü il tarixdə şənbə günü işə getmişdir. Ümumən, Bakı Ağır Cinayətlər Məhkəməsində 12 ay könüllü kimi, 5 ay da əməkdaş kimi olmaqla 17 ay işləmişdir. 21 dekabr evdən çıxıb işə gedən zaman avtomobil yanında saxlamış və onu avtomobilə əyləşdirib başına torba keçirərək və əlinə qandal vuraraq Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasına aparmışlar. Onu binada hansısa otağa salmışlar və təxminən 1 saatdan çox orada qalmışdır. Başında da torba olaola heç nə görməmişdir. Sonra yanına kimsə gəlmiş, gələnin kim olduğunu isə bilməmişdir. Qabağına konkret seçim qoyulmuşdur. Ondan ya hakimin əleyhinə korrupsiya faktı ilə bağlı ifadə verməyi, ya da özünün əleyhinə ifadə verməli olması tələb olunmuşdur. O isə cavab olaraq olmamış bir şeylə bağlı ifadə verə bilməməsini bildirmişdir. Ona hakimin həbs olunmayacağını, ezam kimi başqa vəzifəyə gedəcəyini demişlər. O isə bu deyilənlərin heç birini etməyəcəyini və bunların quldurluq olduğunu bildirmiş, həmçinin vəkil tələb etmişdir. Sonda isə onu qardaşının həbsi ilə hədələyərək sındırmışlar. Ona deyilən iki seçimdən birini seçməsi tələb olunmuş, əks təqdirdə qardaşının həbs ediləcəyi ilə hədələnmişdir. Onun qardaşı və anasından savayı heç kimi yoxdur. Ondan öz əleyhinə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ifadə verməsi tələb olunmuşdur. O bunun mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, mahiyyətini sonradan bilməli olduğu deyilmişdir. O, qabağına qoyulan sənədə qol çəkmiş və öz əleyhinə ifadə vermişdir. Mahiyyəti də bundan ibarətdir olmuşdur ki, guya media mənsublarına ittiham aktları göndərmişdir. O, media mənsublarının telefon nömrələrinin onda olduğunu qeyd etmiş, Əli müəllimin icazəsi ilə böyük proseslərə media mənsublarını buraxaraq çəkiliş etmələrinə şərait yaratdığını bildirmişdir. Keçən dəfə Orxan məhkəmədə ifadəsində guya onun 30 ittiham aktı göndərdiyini bildirmişdir. Cavab olaraq onun işlərinin onsuz başından aşdığını və 30 ittiham aktı göndərməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Həmçinin Orxan onun Səbinə xanımın və Azad müəllimin icraatında olan işlərlə bağlı ittiham aktlarını göndərdiyini qeyd etmişdir. Birincisi, o, başqa hakimlərin icraatına daxil ola bilmədiyini, sistemin buna imkan vermədiyini qeyd etmiş və Orxanın qeyd etdiyi 30 ittiham aktının göndərilməsi halını sübut edə bilmədiyini bildirmişdir. Orxandan bununla bağlı sübutunun olub-olmaması sual edildikdə, Orxan cavab olaraq xatırlamadığını demişdir. Həmçinin Orxan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə bağlı onun Fidan Əliyevanın ittiham aktını göndərdiyini qeyd etmişdir. Orxana bu halla bağlı sual edildikdə, cavab olaraq xatırlamadığını, ancaq fikrincə göndərdiyini qeyd etmişdir. Ortada isə sübut yoxdur. O, ibtidai istintaq zamanı “Qafqazinfo” saytının jurnalistinin ifadəsində 20 dekabr tarixində guya jurnalistə ittiham aktını göndərdiyinin yazıldığını qeyd etmiş, jurnalistə həmin tarixdə ittiham aktının göndərilib-göndərilmədiyi sual edildikdə, cavab olaraq jurnalist göndərmədiyini bildirmişdir. Həmçinin o, İctimai Tv-nin müxbiri olan xanımı Əli müəllimin icazəsi ilə quldurluqla bağlı işə çəkiliş üçün dəvət etdiyini bildirmişdir. Onun dəvəti ilə jurnalistlər gəlib işi çəkmiş və reportaj hazırlanması üçün işin fabulasını istəmiş, o da hakimdən icazə alaraq işin fabulasını vermişdir. Halbuki, xanım müxbirin istintaqdakı ifadəsində guya onun xanıma hakimlərin nömrələrini göndərdiyi yazılmış, xanım müxbirə bu barədə sual edildikdə, cavab olaraq xanım onun göndərmədiyini bildirmişdir. Həmçinin, onun media ilə əlaqəsinin Əli müəllimdən icazə alaraq media işçilərinin çəkiliş üçün dəvət edilməsi olduğunu bildirmişdir. Həmçinin, o, iş materiallarında onun CM-nin 14-cü maddəsinə əsasən dövlətin mənafeyinə ziyan vurduğunun yazıldığını bildirmiş, ancaq dövlətin mənafeyinə nə ilə ziyan vurduğunu başa düşməmişdir. Ona istintaqda ondan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində çox adama iş açılacağı bildirilmişdir. Həmçinin, o, ARB, İctimai Tv və Baku Tv-nin əməkdaşlarının onların otaqlarına gəldiklərini, Əli müəllim ilə görüşdüklərini, bir sıra işlərin materiallarının rezonans verilişi üçün lazım olduğunu dediklərini bildirmiş, Əli müəllimin icazəsi ilə həmin materialları onlara verdiyini qeyd etmişdir. İfadəsinin sonunda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Camalı 2023-cü ildən qiyabi olaraq tanımışdır. O, işi ilə bağlı səhərdən axşamadək Bakı Ağır Cinayətlər Məhkəməsində çəkilişlərdə olur. Camalı hakim Əli Məmmədovun katibi kimi tanımışdır. Öz işinə görə aktiv katiblərdən biri olmuşdur. Camalı 2024-cü ilin əvvəllərindən daha yaxşı tanımışdır. Əli Məmmədovun prosesi olan zaman o, həmin prosesdə çəkiliş etmiş, sonra Camal ona yaxınlaşmış və Əli müəllimin bundan sonrakı narkotiklə bağlı prosesləri "xxxx" MMC-nin əməkdaşının çəkməsini xahiş etdiyini bildirmişdir. Həmin şəxsin 7 dəfə məhkumluğu olmuşdur. Sonra isə Camaldan ittiham aktını ona göndərməsini xahiş etmiş, həmçinin Camalın lazım olanda hökmlərin surətlərini də atdığını bildirmişdir. Onun belə-belə Camal ilə əlaqələri yaranmışdır. Dekabr ayında o xəstələnmiş və 3 ay bülletendə olmuş, işə çıxmamışdır. Həmin vaxt Camala əgər maraqlı iş varsa, ona ittiham aktını göndərməsini yazdığını bildirmiş, ancaq Camaldan xəbər çıxmamışdır. Sonradan Camalı DTX-nin tutduğunu bilmişdir. Sonradan müdiriyyət ona zəng edərək Camalın işi ilə bağlı şahid qismində izahat verməli olduğunu demişdir. O isə ayağından əməliyyat olduğu üçün gedə bilməmiş, ancaq işə çıxandan sonra gedib izahat vermişdir. Son olaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Camalı hakim Əli Məmmədovun katibi kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Məlumatlar lazım olanda, soruşmuş və Camalın onlara köməklik göstərdiyini bildirmişdir. Son olaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Camalı hakim Əli Məmmədovun katibi kimi tanımış, münasibətləri yaxşı olmuşdur. İctimai əhəmiyyətli işlərlə bağlı məlumatları xahiş etmiş, Camal da ona vermiş, ancaq dəqiq sayını xatırlamamışdır. Son olaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Keçən il 2-3 aylıq məhkəməyə çəkilişlərlə bağlı stajor kimi getmişdir. Camaldan bəzi məlumatları dəqiqləşdirmək üçün istəmiş, lakin bunun qarşılığında heç bir pul ödənişi etməmişdir. Bəzən sənədlərə onun baxmadığını, birbaşa rəhbərliyə göndərdiyini bildirmişdir. O, Camala təxminən 5-ə qədər sənəd yollamışdır. Son olaraq ibtidai istintaqda verdiyi ifadəsini də təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onu DTX-yə Camalın məsələsi ilə bağlı ifadə verməyə çağırmışlar. O da X4 icraatında olan cinayət işi ilə bağlı tanıdığını qeyd etmişdir. Həmin cinayət işi 2023-cü ilin dekabr ayında Əli Məmmədovun icraatına verilmişdir. Sonradan o, məlumatları dəqiqləşdirmiş və bu barədə məlumatları elektron məhkəmə sisteminə əlavə etmişdir. O, 25 dekabr 2023-cü il tarixdə vəsatət yazıb sənədlərin surətlərini istəmişdir. Hazırlıq iclası 07 yanvar 2024-cü ildə keçirilmiş və onun təmin olunan vəsatətlərinin sənədlərin icraatına verilməsi ilə bağlı olmuşdur. O, istintaqda sənədləri Bəxtiyarın işi ilə bağlı aldığını qeyd etmişdir. Ona Camalın apellyasiya şikayəti də göndərdiyini bildirmişlər. O bu zaman şikayət nə ilə bağlı olduğunu bilməmişdir. Orada formal olaraq guya bilmədiyi iş ilə bağlı çıxmaq istədiyini göstərmişdir. Sonradan araşdırıb həmin apellyasiya şikayətinin Bəxtiyar Hacıyevin işi ilə bağlı olduğunu müəyyən etmişdir. O, Xətai rayon Məhkəməsinin qərarından Avropa Məhkəməsinə göndərmək üçün apellyasiya şikayətini istəmişdir. Başqa hər hansı bir sənəd ona göndərilməmişdir. İstintaqdakı ifadəsində guya onun həmin işə çıxmaq istədiyi göstərilmişdir, ancaq bu, spontan verilən bir ifadədir və bu hissəni təsdiq etmir. Münasibətlərinin ancaq Bəxtiyar Hacıyevin işi ilə bağlı olduğunu araşdırmışdır. Şahidlər Şahid6, Şahid7, X3, Şahid8 xx.xx.2025-ci il tarixində məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirdiyindən və Şahid9 hərbi xidmətdə olduğu üçün çağırılıb dindirilməsi mümkün olmadığından məhkəmə müdafiə tərəfinin vəsatəti ilə onların ifadələrini elan etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid6, Şahid7, X3, Şahid8 və Şahid9 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş üzrə Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayından Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi kimi işləmiş və vəzifə funksiyalarına hökm və qərarların layihələrinin hazırlanması, cinayət işləri ilə əlaqədar sorğulara cavabların verilməsi, tapşırıq əsasında məhkəmə iclas katibi kimi protokolların hazırlanması və sair daxil olmuşdur. Şahid qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 2023-cü ilin yay aylarında görmüş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü kimi işləməyə başlamışdır. Şahid öz işi ilə məşğul olduğundan təqsirləndirilən şəxslə çox əlaqəsi olmamışdır. Bununla yanaşı, Camal başqa şəxslərə qarşı özünəqapalı şəxs kimi görünmüş, lakin iş yoldaşları ilə, yəni otaqda işlədiyi şəxslərlə dostyana münasibət saxlamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs özünəqapalı şəxs olduğundan şəxsi həyatı barədə məlumatı olmamışdır. Şahid təqsirlədnirilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə ona cinayət prosesinin iştirakçısı olmasa da cinayət işləri üzrə məlumatları və istintaq materiallarının təqsirləndirilən şəxs tərəfindən göndərilməsi və bu hala şahid olub- olmadığına dair suala 2023-cü ilin yay aylarından analıq məzuniyyətində olduğundan Camalı başqalarından daha gec tanıdığını bildirmiş, hər hansı cinayət işinin materiallarının aidiyyəti olmayan şəxslərə göndərilməsi ilə qarşılaşmadığını, əvvəl işlədiyi hakim Əli Məmmədov və Aygün Qurbanova belə məsələlərə ciddi nəzarət etdiyini qeyd etmiş və heç bir halda cinayət işlərinin materiallarının işə aidiyyəti olmayan şəxslərə göndərilməsinə icazə vermədikərini vurğulamışdır. Lakin hakimin otağında işləyən bütün əməkdaşların Elektron Məhkəmə sisteminə çıxışı olduğundan istintaq materiallarını özü əldə edib və lazım olduğu təqdirdə üçüncü tərəfə göndərə biləcəyini ifadəsində demişdir. Bununla yanaşı, 20 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona whats app tətbiqi vasitəsilə yazmış, başqa hakimin icraatında olan cinayət işi üzrə ittiham aktını istəmişdir və bunun jurnalist tərəfindən istənildiyini demişdir. Lakin o bunun çətin məsələ olduğunu Camala bildirmiş və bildiyinə görə həmin ittiham aktı Camala verilməmişdir. İş üzrə Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid7 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel ayından Bakı Ağır Cinayətlər Məhkəməsində işləmiş, vəzifə funksiyalarına qərarların yazılması, məhkəmə iclasında qərarların layihələrinin yazılması, məhkəmə hökmlərinin icrası işləri ilə bağlı icra vərəqələrinin hazırlanması, icraatda olan cinayət işlərinin hazırlıq iclaslarının təyini və digər vəzifələr daxil olmuşdur. Bununla yanaşı, şahid qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ilk dəfə 2023-cü ilin yay aylarında görmüşdür. Təqsirləndirilən şəxs həm öz vəzifə funksiyalarını həm də digər, yəni, məsələn, məhkəmə iclas protokollarının yazılmasını yerinə yetirirmiş, işində dəqiq və bacarıqlı olmuş, lakin çox az adamla ünsiyyət qururmuş. Şahid təqsirlədnirilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə ona cinayət prosesinin iştirakçısı olmasa da cinayət işləri üzrə məlumatları və istintaq materiallarının təqsirləndirilən şəxs tərəfindən göndərilməsi barədə suala cinayət prosesinin iştirakçılarını Camal dəvət etdiyindən həmin iştirakçılarla əlaqədə olurmuş, lakin yaxın münasibətlərinə şahid olmadığını, hər hansı hakimin otağında olan əməkdaş Elektron Məhkəmə sisteminə çıxışı olduğundan istintaq materiallarını özü əldə edib “pdf formatında və lazım olduğu təqdirdə üçüncü tərəfə göndərə bilməyi barədə məlumat vermiş, bundan əlavə şahid bildirmişdir ki, həm könüllü kimi fəaliyyət göstərəndə, həm də operator vəzifəsinə təyin olunandan sonra Camalın yuxarıda göstərdiyi sistemə daxil olma imkanları olmuşdur. Media nümayəndələri ilə münasibətləri olsa da, hər hansı xüsusi bir yaxın münasibət görməmişdir cavabını vermişdir. Həmin imkanlar Təqsirləndirilən şəxs cinayət prosesinin iş üzrə iştirakçıları məhkəmə iclasına çağırılması üçün verilmişdir. Bundan əlavə, cinayət işlərinin cildləri də otaqda saxlanılırmış və lazım olduğu təqdirdə otaqda işləyən əməkdaş cinayət işinin materiallarının da şəkillərini çəkib göndərməyinin mükünlüyü barədə məlumat vermişdir. Ümumiyyətlə cinayət işinin materillarının kimlərəsə göndərilməsi qəti qadağan olmuş və iş materiallarının işə aidiyyəti olan şəxslərdən başqa (ancaq rəsmi ərizə ilə verilir), heç kimə göndərilməsinə icazə verilməmişdir. İş üzrə şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində şahid X3 ifadəsində göstərmişdir ki, onun vəzifə funksiyalarına işə qəbul olunan şəxslərin şəxsi işinin tərtib edilməsi, işə qəbul olunması üçün lazımi sənədlərin siyahısının tərtib edilməsi, onun sahəsi üzrə sənədlərə və məktublara cavabların verilməsi, müvafiq əmrlərin tərtib olunması və digər məsələlər daxil olmuşdur. Şahid Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə ona cinayət prosesinin iştirakçısı olmasa da cinayət işləri üzrə məlumatları və istintaq materiallarının təqsirləndirilən şəxs tərəfindən göndərilməsi və bu hala şahid olubolmadığına dair suala Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında könüllü kimi fəaliyyət göstərmək üçün işlədiyi yerə müraciət etməsi və lazımi sənədləri toplayandan sonra ona gətirməsi cavabını vermiş və qeyd etmişdir ki, həmin ərəfələrdə məhkəməyə bir çox namizəd könüllü kimi işləmək üçün müraciət etdiyindən Camal ilə müsahibəsi yadında qalmamış, lakin sonuncu işə qəbul olunduğundan o, Camalla müsahibə keçirdiyinin cavabını vermişdir. Qeyd olunanlarla yanaşı şahid Təqsirləndirilən şəxs çox özünəqapalı və çalışqan işçi təsiri bağışlaması, heç kimlə əlaqə qurmaması, heç kimlə danışmaması, habelə hər hansı məsələ ilə bağlı müzakirə aparılsa belə, Təqsirləndirilən şəxs ancaq iş ilə bağlı mövzularda iştirak etməsini qeyd etmişdir. İş üzrə Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 2023-cü ilin yay aylarında görmüş, həmin vaxt Camal könüllü kimi işləməyə başlamışdır. Camal həm öz vəzifə funksiyalarını həm də digər, yəni, məsələn, məhkəmə iclas protokollarının yazılmasını yerinə yetirirmiş, işində dəqiq olmuş, lakin çox az adamla ünsiyyət qururmuş, hətta nahar fasiləsinə çox az hallarda çıxmış, əsasən evinə getmişdir. Şahid Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə ona cinayət prosesinin iştirakçısı olmasa da cinayət işləri üzrə məlumatları və istintaq materiallarının təqsirləndirilən şəxs tərəfindən göndərilməsi barədə suala cinayət prosesinin iştirakçıların Camal dəvət etdiyindən həmin iştirakçılarla əlaqədə olurmuş, lakin yaxın münasibətlərinə şahid olmamışdır. Bundan əlavə şahid bildirmişdir ki, hər harsı hakimin otağında olan əməkdaş Elektron Məhkəmə sisteminə çıxışı olduğundan istintaq materiallarını özü əldə edib “pdf formatında və lazım olduğu təqdirdə üçüncü tərəfə göndərə bilər cavabını vermişdir. İş üzrə Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 2023-cü ilin yay aylarında görmüş, həmin vaxt Camal könüllü kimi işləməyə başlamışdır. Camal həm öz vəzifə funksiyalarını həm də digər, yəni, məsələn, məhkəmə iclas protokollarının yazılmasını yerinə yetirirmiş, işində dəqiq olmuş, lakin çox az adamla ünsiyyət qururmuş, hətta nahar fasiləsinə çox az hallarda çıxmış, əsasən evinə getmişdir. Şahid Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə ona cinayət prosesinin iştirakçısı olmasa da cinayət işləri üzrə məlumatları və istintaq materiallarının təqsirləndirilən şəxs tərəfindən göndərilməsi barədə suala cinayət prosesinin iştirakçıların Camal dəvət etdiyindən həmin iştirakçılarla əlaqədə olurmuş, lakin yaxın münasibətlərinə şahid olmamışdır. Bundan əlavə şahid bildirmişdir ki, hər harsı hakimin otağında olan əməkdaş Elektron Məhkəmə sisteminə çıxışı olduğundan istintaq materiallarını özü əldə edib “pdf formatında və lazım olduğu təqdirdə üçüncü tərəfə göndərə bilər cavabını vermişdir. İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs X8 12 modelli “**********6344’' və “**********6351” imei nömrəli mobil telefonunun “whats app” tətbiqi vasitəsilə müxtəlif şəxslərlə, o cümlədən İctimai televiziyanın əməkdaşı olmuş Həmayıl Şükürlüyə, habelə Baku TV-nin əməkdaşı Şahid2 (Həsənli), “qafqazinfo” internet saytının müxbiri Şahid4 (Ağasəlim), Vəkillər Kollegiyasının üzvü Şahid5 onlar cinayət prosesinin iştirakçısı olmasalar da, cinayət işi üzrə ittiham aktları və digər məlumatlar göndərməsi müəyyən olunmuşdur (i/v 11-15). İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli “Tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i/v 27). İş materiallarında olan 23 dekabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 40-41). İş materiallarında olan 23 dekabr 2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 67-70). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2025- ci il tarixli 190 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, anlaqlı hesab edilmiş, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, hazırda psixi xəstəlik aşkar olunmamışdır (i/v 204-206). İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə, yəni 21 may 2025-ci il tarixədək uzadılmışdır (i/v 213-216). İş materiallarında olan xx.xx.2025-ci il tarixli “CD-diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq materialları və digər məlumatları ötürdüyü şəxslər, o cümlədən, Şahid4, Şahid3, Şahid1, Şahid5 ilə müntəzəm əlaqə saxlamış, mobil telefonun özündə müvafiq qeydlər aparmışdır (i/v 224). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 84). İş materiallarında olan 22 aprel 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X2 məxsus X8 12 mobil telefonun maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i/v 231-243) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqında şahidlərin ifadələri və işin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 19 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Qərarında göstərilmişdir ki, göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolu ilə törədilə bilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Müstəqil əlamət kimi vəzifəli şəxsin çalışdığı orqanın, təşkilatın mənsubiyyəti çıxış edir. Qanuna görə bu, dövlət orqanları, yerli özünüidarə orqanları, dövlət və ya bələdiyyə qurumları, kommersiya və qeyrikommersiya təşkilatları ola bilər. Vəzifəli şəxslər həmçinin cinayət subyektinin ümumi əlamətlərinə də (anlaqlılıq, yaş həddi) malik olmalıdırlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 10.5-ci maddəsinə görə inzibati vəzifələr Ali-5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifəsidir. Qeyd edilən Qanunun 10.6-cı maddəsində Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələri yardımçı vəzifələr kimi müəyyən edilmişdir. İnzibati və yardımçı vəzifə tutan şəxslərin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. Beləliklə, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma, həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarında inzibati və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış “X8 12” markalı 01 (bir) ədəd mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma, həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarında inzibati və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X8 12” markalı 01 ədəd mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar