Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-397/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlunun iştirakları ilə xx.xx.1978-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 aprel 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs1 ani lotereya biletlərinin satışını həyata keçirdiyi "xxxx" satış məntəqəsinin qarşısından keçərkən sonuncunun başının qarışıq olmasından istifadə edərək lotereya biletlərinin qoyulduğu piştaxtanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 1120 manat dəyərində 224 ədəd “5X” ani lotereya biletlərini və 01 ədədinin qiyməti 1 manat olmaqla ümumilikdə 6 manat dəyərində 6 ədəd “1X” ani lotereya biletlərini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1126 manat maddi ziyan vurmaqla oğurluq etmışdir. Bundan başqa, o, təkrarən 22 aprel 2024-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanının qarşısında quraşdırılmış Zərərçəkmiş şəxs2 ani lotereya biletlərinin satışını həyata keçirdiyi "xxxx" satış məntəqəsinin qarşısından keçən zaman sonuncunun başının qarışıq olmasından istifadə edib lotereya biletlərinin qoyulduğu piştaxtanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədədinin qiyməti 5 manat olrıaqla ümumilikdə 700 manat dəyərində 140 ədəd “5X” ani lotereya biletlərini götürərkən sonuncunun onun qanunsuz hərəkətlərini aşkar etdiyini görüb əmlaka əlçatanlığı təmin etmək məqsədilə Zərərçəkmiş şəxs2 əmlakın geri qaytarılması ilə bağlı çağırışlarına məhəl qoymadan hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisələrin baş verdiyi ərəfələrdə maddi vəziyyəti çətin olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, ilk dəfə oğurluq əməlini 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 ünvanında yerləşən lotereya satış məntəqəsində törətmiş və həmin günü məntəqədən “5X” ani uduş lotereyasını oğurlamışdır. Belə ki, 11 aprel 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 ünvanında yerləşən üstü açıq lotereya satış məntəqəsinin qarşısından keçərkən satış məntəqəsinə aid masanın üzərində səpələnmiş vəziyyətdə qoyulan müxtəlif adlı ani uduşlu lotereya biletlərinin sahibsiz qaldığını və satıcının başının qarışıq olduğunu, onu kimsənin görmədiyini görüb masanın üzərindən bir neçə bağlamada olan “5X” ani uduş lotereyalarını götürüb oradan uzaqlaşmışdır. Daha sonra Binəqədi qəsəbəsində yaşadığı evə getmiş və lotereyaları üzərində saxlamışdır. Bir neçə gündən sonra həmin lotereyaları pozmuş və birinci dəfə oğurladığı lotereyalardan uduş əldə etmişdir. O, uduşu olan lotereya biletinin müəyyən hissəsini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mado” restoranının yanındakı "xxxx" şirkətinin satış məntəqəsində satıcı işləyən Həsən adlı şəxsə təhvil verib Həsəndən 140 manat pul almış, qalan uduşlu lotereyanı isə Bakı şəhərində küçələrdə quraşdırılmış xatırlamadığı satış məntəqələrinə satmışdır. Bundan sonra o, 22 aprel 2024cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən üstü açıq lotereya satış məntəqəsinin qarşısından keçərkən əvvəllər müştərisi olduğu satış məntəqəsinə aid masanın üzərində səpələnmiş vəziyyətdə qoyulan müxtəlif adlı ani uduşlu lotereya biletlərinin sahibsiz qaldığını və satıcının başının qarışıq olduğunu, onu kimsənin görmədiyini görüb növbəti dəfə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, küçədə quraşdırılmış satış məntəqəsinə aid masanın üzərindən bir neçə bağlamada olan “5X” ani uduş lotereyalarını satıcının müştərilərə başının qarışdığı müddətdə götürərək dərhal oradan uzaqlaşmışdır. Həmin vaxt oğurluq əməlini törətdiyi müddətdə satıcı onu görməsə də, sonradan onun ərazidən uzaqlaşdığı müddət ərzində satıcının onu görməsindən məlumatı olmamışdır. Belə ki, həmin vaxt qeyd olunan ərazidə səs-küy olmuş və insanların bir-birlərinin səsini eşitməsi çətinləşmişdir. Bir neçə gündən sonra həmin lotereyaları pozmuş və ikinci dəfə oğurladığı lotereyalardan əldə etdiyi uduşları Bakı şəhərində küçələrdə quraşdırılmış xatırlamadığı satış məntəqələrinə satmışdır. Uduşlu lotereyaları ondan alan şəxslərin lotereyaların oğurluq olmasından xəbəri olmamışdır. Uduşlu lotereya biletlərinin satışından əldə etdiyi pulları öz gündəlik ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda törətdiyi əməli qismən etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs lotereya müştərisi olaraq tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. O, hadisə vaxtı lotereya satmaq işi ilə məşğul olmuş və ünvan 4 ünvanında fəaliyyət göstərmişdir. Həmin vaxt rəsmi olaraq "xxxx" ASC-də satıcı kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində onun piştaxtasında 2 nəfər şəxs lotereya pozmuş və həmin vaxtı müştəri olaraq tanıdığı Təqsirləndirilən şəxs də onun yanında bir neçə ədəd lotereya pozub oradan uzaqlaşmışdır. Həmin şəxs onun yanına gəlib əvvəllər də lotereya almışdır. İlqar onun yanında lotereya pozub uzaqlaşdıqdan 5-10 dəqiqə sonra yenidən yanına yaxınlaşıb lotereya pozan zaman onun digər müştərilərlə maraqlanması ilə diqqətsizliyindən istifadə edərək 1 ədəd açılmamış içərisində 80 ədəd 5 manat dəyərində “5X” lotereya qutusu, 60 ədəd isə 5 manat dəyərində “5X” lotereyası oğurlayaraq yanından uzaqlaşmışdır. O qısa müddət ərzində həmin lotereyaların oğurlanmasını aşkar etdikdən dərhal sonra Təqsirləndirilən şəxs yolun əks tərəfinə keçərək uzaqlaşdığını müşahidə etmiş və sonuncunu çağıraraq lotereyaları qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs onun dediklərinə məhəl qoymadan uzaqlaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs uzaqlaşmasını və onun isə satıcılıq fəaliyyəti göstərdiyi piştaxtanı nəzarətsiz qoymaq imkanı olmadığından sonuncunu təqib etmək fikrindən daşınmışdır. Hadisə nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Sonradan, o, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüb saxlayaraq polis əməkdaşına təhvil vermişdir. İfadəsinin sonunda, təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs1 və Şahid məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 və Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, hadisə vaxtı 3 il müddətdə Bakı şəhərinə gəlib müxtəlif işlərdə fəaliyyət göstərmiş və hadisədən 10 gün əvvəl "xxxx" ASC-də işə düzəlmişdir. O, Nəsimi rayonu, H.B.Əliyev küçəsində “Əcəmi” metrostansiyasının çıxışında olan piştaxtada satıcı kimi fəaliyyat göstərmişdir. xx.xx.2024-cü il tarixdə o, işə başlayan zaman 3500 manatlıq lotereyanı satışa çıxartmışdır. O, saat təxminən 19:30 radələrində atası ilə telefonda danışan zaman başının qarışıq olmasından istifadə edən naməlum şəxs tərəfindən piştaxtadan 1126 manatlıq lotereyanın oğurlandığını aşkar etmişdir. O, telefonla piştaxtada oturub danışdığından naməlum şəxsin onun arxa tərəfindən keçib piştaxtanın üstündə olan 3 bağlı lotereyanı oğurlamasını, həmin lotereyaların telefonla danışmazdan əvvəl piştaxtanın üzərində olduğunu bildirmişdir. O, "xxxx" ASC-lə əməkdaşlıq etdiyinin və oradan aldığı uduşlu biletlərin şəxsi əmlakı olduğunu bildirmişdir. O, lotereyalara pul verib şirkətdən alıb satdığını şirkətin sadəcə həmin lotereyaları ona satmağa icazə verdiyini bildirmişdir (i/v 79- 80). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, hadisə vaxtı "xxxx" ASC-də satıcı kimi işləmişdir. Onun işi "xxxx" ASC-yə məxsus lotereya biletləri satmaqdan ibarət olmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində “MC Donalds” iaşə obyektinin qarşısında piştaxta yerləşdirib orada "xxxx" ASC-dən öz aldığı lotereyaları satmışdır. Təxminən xx.xx.2024-cü ıl tarixdə saat 08-09 radələrində adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb 8 ədəd lotereyadan uduş əldə etdiyini, uduş məbləğlərini ondan almaq istədiyini bildirmişdir. O, hər hansı bir şəxs əlində uduşlu lotereya ilə gəldikdə onun pulunu həmin şəxsə verdiyini və daha sonra həmin pulu "xxxx" ASC-dən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona 2 ədəd 50 manat uduş olan “5X” lotereyası, 2 ədəd 10 manat uduş olan “5X” lotereyası, 4 ədəd 5 manat uduş olan “Zümrüd” lotereyası vermişdir. Ümumilikdə uduşlar cəmi 140 manat etmiş və o, Təqsirləndirilən şəxs 140 manat pulu orada vermişdir (i/v 83-85). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” Nəsimi RPİ-nin təhqiqatçısı polis leytenantı Səbuhi Hüseynovun tərtib etdiyi 18 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus lotereyaları gizli taladığı yer ünvan 5 ünvanıdır (i/v 7-9). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” Nəsimi RPİ-nin təhqiqatçısı polis leytenantı Səbuhi Hüseynovun tərtib etdiyi 22 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki. Təqsirləndirilən şəxs X1 məxsus lotereyaları açıq şəkildə taladığı yer ünvan 4 ünvanıdır (i/v 14-15). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi tanımaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə piştaxtadan lotereyaları götürüb qaçan şəxsin Təqsirləndirilən şəxs olmasını əyani olaraq göstərmişdir (i/v 34-40). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 138-139). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-223/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 55, 112-116). İş materiallarına əlavə olunmuş 31 may 2024-cü il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən 1826 manat məbləğində vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir (i/v 125). İş materiallarına əlavə olunmuş 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan üzrə 700 manat tam olaraq ödənilmiş və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 136). İş materiallarına əlavə olunmuş 08 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan üzrə 1126 manat tam olaraq ödənilmiş və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 137). İş materiallarında olan 11 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i/v 149-150). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və təkrarən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 may 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-397/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-397/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver