Məhkəmə qərarları › İş №1(006)-40/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-40/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-40/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Azadlıq prospekti 86-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, zərərçəkmişin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq və özgənin əmlakını açıq olaraq talayıb təkrarən soyuğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs8 işlədiyi ünvan 1 ünvanında yerləşən “İquana” kişi bərbərxanasından saç ustası işləyən Zərərçəkmiş şəxs8 məxsus olan bir ədəd dəyəri 800 manat təşkil edən “Samsung A7" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanda təmir işləri görən Zərərçəkmiş şəxs10 məxsus bir ədəd dəyəri 340 manat təşkil edən “Samsung-Galaxy A10" markalı mobil telefonu, mobil telefonun üzərində olan dəyəri 3 manat təşkil edən ***- ***-**-** və 5 manat təşkil edən ***-***-**-** GSM nömrələrini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 348 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində ünvan 3 ünvanına qapıdan binaya qanunsuz daxil olaraq orada təmir işləri ilə məşğul olan Zərərçəkmiş şəxs9 məxsus dəyəri 470 manat təşkil edən “Huavvei Smart” markalı mobil telefonu, üzərində dəyəri 10 manat təşkil edən GSM nömrəsini masanın üzərindən gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 480 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yerləşən qızıl məmulatları emalatxanasından orada zərgər işləyən Zərərçəkmiş şəxs7 məxsus bir ədəd dəyəri 1050 manat təşkil edən “Samsung Note 8” markalı mobil telefonu üzərində hər biri 10 manat olmaqla ümumilikdə 20 manat təşkil edən GSM nömrələrini emalatxananın pəncərəsinin alt tərəfində olan cilalayıcı cihazının üzərindən gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1070 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 10:20 radələrində Bakı dəmir yolu sərnişin vağzalının inzibati binasında yerləşən «LC Waikiki» mağazasının qarşısındakı avtobus dayanacağında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 əynindəki boz rəngli paltosunun yan cibindən ümumi dəyəri 690 manat təşkil edən «Samsung A70» markalı mobil telefonu insanların sıx toplanmasından sui-istifadə edərək çıxardıb, gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 690 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mail” ticarət mərkəzində Zərərçəkmiş şəxs6 məxsus dəyəri 1800 manat təşkil edən bir ədəd “İphone 8 Plus" markalı mobil telefonu üzərində dəyəri 10 manat olan GSM nömrəsini və dəyəri 4 manat təşkil edən mobil telefon üzlüyünü insanların sıx toplanmasından sui-istifadə edərək uşaq arabasının cibindən çıxardıb, gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1814 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 15:20 radələrində Bakı dəmir yolu sərnişin vağzalının ərazisində yerləşən «Perron Gallery» ticarət mərkəzində Zərərçəkmiş şəxs2 əynindəki yaşıl rəngli qış gödəkçəsinin yan cibindən ümumi dəyəri 2000 manat təşkil edən «İphone X» markalı mobil telefonu və üzərində dəyəri 20 manat təşkil edən GSM nömrəsini insanların sıx toplanmasından sui-istifadə edərək çıxardıb, gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı dəmir yolu sərnişin vağzalında, «28 may» metrostansiyasının qarşısında təşkil edilmiş yarmarkada Zərərçəkmiş şəxs3 əynindəki bənövşəyi rəngli qış paltosunun sağ yan cibindən dəyəri 650 manat təşkil edən «İphone 7 Plus» markalı mobil telefonu və üzərində olan dəyəri 4 manat təşkil edən GSM nömrəsini insanların sıx toplanmasından sui-istifadə edərək çıxardıb, gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 654 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 13:47-də ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X7 2-ci mərtəbəsində yerləşən mərkəzin direktoru Zərərçəkmiş şəxs4 5 saylı iş otağına qanunsuz daxil olaraq orada Zərərçəkmiş şəxs4 məxsus dəyəri 900 manat təşkil edən “İphone XS” markalı mobil telefonu və dəyəri 5 manat təşkil edən mobil telefon qabını masanın üzərindən gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 905 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində ünvan 6 ünvanında yerləşən K.Fərəcova adına X6 İnstitutunun 3-cü mərtəbəsində Zərərçəkmiş şəxs11 məxsus olan dəyəri 850 manat təşkil edən bir ədəd “Samsung A7” markalı mobil telefonu, telefonun arxasında üzlüyün altında olan 300 manat pulu, dəyəri 10 manat təşkil edən GSM nömrəsini və dəyəri 3 manat təşkil edən mobil telefon üzlüyünü zərərçəkmiş Zərərçəkmiş şəxs11 3 yaşlı uşağının əlindən alıb qaçmaqla açıq yolla talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 1063 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan 85 saylı marşrut avtobusunda olduğu zaman sərnişin Zərərçəkmiş şəxs5 əynindəki paltonunun sol yan cibindən dəyəri 550 manat təşkil edən «Samsung J7 Pro» markalı mobil telefonu, üzərində olan dəyəri 5 manat təşkil edən və hesabında 15 manat olan GSM nömrəsini insanların sıx toplanmasından sui- istifadə edərək çıxardıb, gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 570 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.5 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər də məhkumluq həyatı yaşamış, sonuncu dəfə Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə AR-nın CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Əvvəllər avtomaşın təmiri yerində çilingər işləsə də, sonradan səhhəti ilə əlaqədar olaraq işləmədiyi üçün maddi çətinlik çəkmişdir. Bu səbəbdən də asan qazanc yolu kimi müxtəlif şəxslərin mobil telefonlarını və ya digər qiymətli əşyalarını cibgirlik yolu ilə oğurlayıb sataraq qazanc əldə etmişdir. Təxminən 2019-cu ilin dekabr ayının ortalarında səhər saat 10 radələrində Bakı dəmir yolu sərnişin vağzalının ərazisində «LC Waikiki» mağazasının yaxınlığında dayanmışdır. Bu vaxt 46 saylı avtobusdan düşən, üzərində boz rəngli paltosu olan təxminən 17-18 yaşlı cavan bir qızın avtobusdan enərkən paltosunun cibində telefon olduğunu görmüş və dərhal ona yaxınlaşaraq əlini onun cibinə salıb mobil telefonunu götürərək oradan uzaqlaşmışdır. Kənarda telefona baxdıqda həmin telefonun «Samsung Galaxy A70» markalı mobil telefon olduğunu görmüş, dərhal telefonun simkartını üzərindən çıxararaq tullamışdır. Elə həmin gün telefonu 3-cü mikrorayon bazarının qarşısında Vüqar adlı şəxsə 130 (yüz otuz) manata satmışdır. Pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmn Vüqar adlı şəxsi o şəxsən tanımamış, adının həqiqətən də Vüqar olub-olmamasını da dəqiq bilməmiş, o ona özünü Vüqar kimi təqdim etmiş, həmin Vüqar adlı şəxsin heç bir əlaqə nömrəsi onda olmamışdır. Oğurladığı telefonların bəzilərini təsadüfən Sabunçu rayonu ərazisində yerləşən bazarın qabağında təsadüfən tanış olduğu «Dədə» ləqəbli bir şəxsə satmışdır, həmin şəxs adını ona deməmişdir, həmin şəxsi də o tanımamışdır. Oğurluq cinayəti ilə bağlı ona verilən ittihamları qəbul edərək bildirmişdir ki, həqiqətən də o Zəlmirə Məmmədovanın «Samsung A70» markalı, Zərərçəkmiş şəxs2 İphone X markalı mobil telefonunu, Zərərçəkmiş şəxs3 İphone 7+ markalı mobil telefonunu, Zərərçəkmiş şəxs4 xəstəxanadakı iş otağından İphone XS markalı mobil telefonunu, Zərərçəkmiş şəxs5 «Samsung J7 PRO» markalı mobil telefonunu, Zərərçəkmiş şəxs6 İphone 8+ markalı mobil telefonunu, Zərərçəkmiş şəxs7 Samsung Note 8 markalı mobil telefonunu, Zərərçəkmiş şəxs8 «Samsung A7» markalı mobil telefonunu, Zərərçəkmiş şəxs9 Huavvei markalı mobil telefonunu və Zərərçəkmiş şəxs10 «Samsung A 310» markalı mobil telefonunu oğurlamış, lakin Zərərçəkmiş şəxs11 uşağının əlindən «Samsung A 7» markalı mobil telefonu götürüb qaçmasına dair ona qarşı irəli sürülmüş ittihamla razı deyil və onun tərəfindən soyğunçuluq cinayəti törədilməmişdir. Halhazırda zərərçəkmiş şəxslərə dəymiz zərərin qismən ödənildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx xxxxxx 2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən «Günəş» marketin yaxınlığındakı avtobus dayanacağından “28 may” metrostansiyasına gəlmək üçün 46 saylı sərnişin avtobusuna minmişdir. Təxminən saat 10:20 radələrində avtobus «28 May» metrostansiyasına gəlmiş və orada yerləşən «LC VVaikiki» mağazasının qarşısında avtobusdan düşüb piyada metro istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt saata baxmaq üçün əynindəki boz rəngli paltonun yan cibindəki mobil telefonunu çıxartmaq istəmiş, lakin telefonun olmadığını və oğurlandığını aşkar etmişdir. Həmin «Samsung Galaxy A 70» markalı mobil telefonun qiyməti 690 manat, üzərində olan ***-***-**-** GSM nömrəsinin isə qiyməti 30 manat təşkil edir, ümumilkdə 720 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, 2011-ci ildən X7 direktoru vəzifəsində çalışır. Həmin mərkəz ünvan 7 ünvanında yerləşir, onun iş otağı 3 mərtəbəli binanın 2-ci mərtəbəsində 5 saylı nömrədə yerləşir. xx xxxxxx 2020-ci il tarixdə saat 09-dan etibarən o işdə olmuşdur. Saat 13:47-də o işlə əlaqədar otaqdan çıxıb başqa bir otağa keçmiş, təxminən 2-3 dəqiqə sonra o öz iş otağına qayıtmış və otağının qapısının açıq olduğunu görmüşdür. O, otaqdan çıxanda qapını örtmüşdür. Otağa baxdıqda ona məxsus olan bir ədəd dəyəri 900 manat şəkil edin «İphone XS» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir, o otaqdan çölə çıxıb dəhlizdə dayanan tanımadığı şəxsdən otağa kiminsə daxil olub-olmadığını soruşduqda həmin şəxs bir nəfərin daxil olduğunu və çıxıb getdiyini demişdir. Oğurlanmış mobil telefonun qiyməti 900 manat, istifadədə olan GSM nömrəsinin qiyməti 20 manat və telefon qabının dəyəri isə 5 manat olmuşdur. Ümumilikdə ona 925 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində zərgər kimi işlədiyi Səbail rayonu, Nizami küçəsi 54 ünvanında yerləşən zərgərlik emalatxanasında olarkən özünə məxsus 2018-ci ildə 1050 manata aldığı və üzərində hər birinin dəyəri 10 manat olmaqla iki ədəd biri Azercell MMC-nə digəri isə Bakcell MMC-nə məxsus GSM nömrələri olan «X10 8» markalı mobil telefonu emalatxananın giriş hissəsində pəncərənin alt tərəfində yerləşən cilalayıcı aparatın üzərinə qoymuşdur. Təxminən 20-25 dəqiqə sonra telefonu götürmək istədikdə telefonun yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Nəticədə ona 1070 manat maddi ziyan dəymişdir. Hadisənin görüntüləri əks olunan videogörüntülərə baxmış və kamera görüntüsündə həmin şəxsin olduğu müəyyən olunmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx xxxxxxx 2019-cu il tarixdə adlarını bilmədiyi və tanımadığı ustalarla ünvan 8 ünvanında 3 mərtəbəli şəxsi evdə təmir işləri aparırmış, həmin evdə yaşayış olmasa da qapısı bağlı olur və ustalardan başqa heç kim içəri daxil ola bilmir. O, da təmir işləri aparan zaman özünə məxsus olan mobil telefonunu birinci mərtəbədə mətbəx otağında qoymuş və qapı örtülü olmasına baxmayaraq bir az açıq qalmışdır, sonradan o öz telefonundan istifadə etmək üçün telefonunu götürmək istəyən zaman yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Telefonunu oğurlayan şəxs qanunsuz olaraq həmin binaya daxil olmuşdur. O, bu barədə polisə müraciət etmiş və onun mobil telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Oğurluq hadisəsi nəticəsində ona 480 manat maddi ziyan dəymişdir. Belə ki, 470 manat mobil telefonun qiyməti, 10 manat isə istifadə etdiyi Narmobile MMC-nə məxsus GSM nömrəsinin qiyməti olmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs11 xx.xx.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirmişlər. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 xx xxxxxx 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadıqlarını və dəymiş ziyanın ödənildiyini, Zərərçəkmiş şəxs2 isə xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı olan şikayətinin geri götürüldüyünü bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2n iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilmınəsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 276 saylı rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd «Samsung A70» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istfiadədə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəyyən olunur (cild 1, i/v 81-83). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 91 saylı rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş «İphone X» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 900,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur (cild 1, i/v 122-124). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 273 saylı rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş «İphone 7+» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, nəzəri hesablama yolu ilə hazırki orta bazar qiyməti təxminən 550,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur (cild 1, i/v 149-151). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1571 saylı rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş «Samsung J7 PRO» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə hazırki orta bazar qiyməti təxminən 220,00 manat müəyyən olunur (cild 2, i/v 132-134). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5381 saylı rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş «İphone 8 Plus» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, nəzəri hesablama yolu ilə hazırki orta bazar qiyməti təxminən 650,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur (cild 2, i/v 224-225). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 3, i/v 32, 39-40). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-157/2020 saylı, xx xxxx 2020-cu il tarixli qərarı ilə onun barəsində xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(006)-225/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-424/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 188, 232-236, cild 4, i/v 97- 101, 227-231). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən video disklərin maddi sübut kimi qəbul olunması və cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (cild 4, 158-170). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini əks etdirən video disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (cild 1, i/v 257). Maddi sübut kimi tanınmış CD diskdə olan video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 15:12:15-də Təqsirləndirilən şəxs əynində qara rəngli, kapşonkalı qış gödəkçəsi ilə telefonu qulağına tutmuş vəziyyətdə mağazaya daxil olur və mağazanın içərisində gəzişərək saat 15:13:26da mağazaya girdiyi istiqamətin əksinə gedərək görüntüdən itir. Saat 15:19:17-də Təqsirləndirilən şəxs yenidən mağazadakı kamera görüntüsünə düşür və o telefonla danışırmış kimi telefonu qulağına tutaraq gəzişir, telefonu əlində tutaraq qurcalayır. Saat 15:19:53-də qarşısında dayanan, əynində qara rəngli qış gödəkçəsi olan qadının gödəkçəsinin sağ yan cibinə əlini salmaq istəyir, lakin nədənsə çəkinərək əlini geri çəkir. Həmin qadının arxa tərəfində dayanaraq telefonu qulağına tutub kiminləsə danışırmış kimi görüntü yaradır və həmin qadının arxasınca gedərək insanların sıxlığından istifadə edərək saat 15:21:06-da sağ əlini həmin qadının əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq nə isə götürüb mağazanı tərk edir. Mağazaya quraşdırılmış digər kameranın görüntüsündə isə Təqsirləndirilən şəxs mağazadan çıxarkən əlində telefon olduğu aydın görsənir. Maddi sübut kimi tanınmış CD diskdə olan video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 18:16:53-də əynində tünd rəngli palto, başında qəhvəyi rəngli baş örtüyü olan qadının avtobusda tutacaqdan tutaraq dayandığı və onun arxa hissəsində dayanmış tünd şalvar və papaqlı gödəkçə geyinmiş, ağ saçlı, arıq bədən quruluşlu, əlləri cibində olan şəxsin ətrafa baxdığı və saat 18:17:00-da sol əlini cibindən çıxararaq qarşısında dayanmış, qeyd edilən qadının cibi istiqamətinə aparması, həmçinin ətrafa boylanaraq diqqət etməsi və qadının kürək nahiyyəsinə daha sıx vəziyyətdə dayanması qeydə alınmışdır. Vətəndaş Zərərçəkmiş şəxs5 sol cibindən istifadəsində olan “Samsung J7 Pro” markalı mobil telefonu oğurlamaqda şübhə edilən, şəxsiyyəti təhqiqata bəlli olmayan şəxs 18:17:56-da ondan aralanaraq 18:17:59-da avtobusdan düşdüyü qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(004)-446/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(004)-446/2016 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, 167-171, 173-176). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün soyğunçuluq cinayətini törətməməsini və bununla bağlı gətirmiş olduğu dəlillər isə ibtidai istintaq və məhkəmə istintaqı zamanı yoxlanılaraq öz təsdiqini tapmamışdır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını və dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış video disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-250/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış video disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar