Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-40/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 14-cü mədən küçəsi, yataqxana, mənzil 31-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə, saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında olan söz mübahisəsini həll etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində görüşüb orada, sonuncunun onunla kobud davranmasını cüzi səbəb kimi bəhanə gətirərək ilkin olaraq yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sinə nahiyəsindən zərbə vurmuş, bununla kifayətlənməyib üzərində olan məişət təyinatlı qatlanan cib bıçağını çıxarıb xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sinə, qarın, qol və ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol saidin yuxarı 1/3-nin ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar dirsək sinirinin posttravmatik parezi, sağ qasıq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar sağ bud-çanaq oynağının posttravmatik artriti, döş qəfəsinin sağ yarısının iki ədəd, sağ qarınüstü nahiyənin bir ədəd və sağ qalça çuxurunun bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs köşkdə işləyirdi, o da onu oradan dəfələrlə siqaret aldığı üçün tanıyırdı. 06.06.2021-ci il tarixdə siqaret almaq üçün “Tarqovı” deyilən ərazidə Rəvanın işlədiyi köşkə gəlmişdir. Bu zaman Rəvan onunla kobud və özündən razı şəkildə danışmış, onun aqressiv olduğunu gördüyündən o da eyni şəkildə kobud cavab vermişdir. Buna görə də aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Rəvan gecə saat 02 radələrində işdən çıxacağını və işdən sonra görüşüb söhbət etməyi təklif etmişdir. O da bununla razılaşıb getmişdir. Gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində Rəvan ilə görüşüb söhbət etmişlər. Mübahisə zamanı Rəvan onu söymüş, o da onun sifətindən bir dəfə yumruqla vurmuşdur. Rəvan da buna qarşılıq verərək onun qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O da sol qolundan əməliyyat olunduğuna görə qarşılıq verə bilməyəcəyini və Rəvanın ona güc gəlib döyəcəyini görmüş, bu səbəbdən də Rəvanı kənara itələyərək özünü müdafiə etmək üçün üzərində olan bıçağı çıxararaq ona tərəf yellətməyə başlamışdır. Bu zaman Rəvan ona tərəf hərəkət etdiyindən bıçaq onun qol və qarın nahiyəsinə dəymişdir. Daha sonra Rəvanı yoldan keçən bir taksiyə əyləşdirərək xəstəxanaya göndərmiş, özü isə oradan uzaqlaşmışdır. Ölkə ərazisinin hüdudlarından kənarda olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Eyni zamanda onun tərəfindən 15.10.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədə qeyd olunur ki, o, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla yaşayır, işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyil, bu səbəbdən gediş-gəliş xərclərini qarşılaya bilmir. Barışıq əldə olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsinə əsasən o, ünvan 2 ünvanda yerləşən köşkdə satıcı işləyirdi. Lakin hadisədən sonra işdən çıxmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımış, lakin aralarında heç bir münasibət olmamışdır. Kamran bir neçə dəfə onun işlədiyi köşkdən siqaret və digər ərzaq məhsulları aldığı üçün onu qiyabi olaraq tanımışdır. Baş vermiş hadisəyə qədər aralarında heç bir anlaşılmazlıq və ya mübahisə olmamışdır. 06.06.2021-ci il tarixdə günorta saatlarında köşkdə tək olan zaman Kamran köşkə gələrək ondan siqaret almışdır. Bu zaman o, əsəbi olmuş, Kamran da ona nə olduğunu, niyə kefinin olmadığını soruşmuşdur. O da əsəbi olduğu üçün ona heç bir aidiyyatı olmadığını, siqaretini alıb getməsini söyləmişdir. Onun bu sözü Kamrana pis təsir etmiş və Kamran da onunla kobud danışmağa başlamışdır. Mübahisə çox uzanmasın deyə indi işdə olduğunu, ətrafda olan insanların bu söhbətin şahidi olduğunu, əgər deyiləsi sözü varsa camaat çəkiləndən sonra gəlib söyləməsini bildirmişdir. Bundan sonra Kamran çıxıb getmişdir. 07 iyun 2021-ci il tarixdə, gecə saat 02 radələrində o, işdən çıxıb piyada evə gedən zaman Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində Kamranla qarşılaşmışdır. Kamran onu kənara çəkərək söhbət etməyə başlamışdır. O, Kamrandan onun haqqında nalayiq ifadə işlədib-işlətmədiyini soruşmuş, Kamran da onun arxasınca danışmadığını bildirmişdir. Bu zaman o, arxasınca nalayiq ifadə işlədənin ünvanına nalayiq ifadə işlətmişdir. Bu an Kamran aqressiv şəkildə onun üzərinə hücum etmiş və dalaşmağa başlamışlar. O, Kamrandan müdafiə olunmaq üçün onu özündən uzaqlaşdırmağa başlamışdır. Kamran ona bir neçə dəfə yumruqla vurmuşdur. Yalnız bu zaman o, qolunda və bədənində dərin kəsik izlərinin olduğunu görmüş, mübahisə zamanı Kamranın ona bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Kamran hadisə yerindən uzaqlaşıb getmiş, o da taksi çağıraraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Lakin həmin xəstəxana onu qəbul etmədiyi üçün Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına gedərək orada əməliyyat olunmuşdur (İ cild, i.v.58-59). İş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Nəsimi rayon şöbəsinin 28.06.2021-ci il tarixli, 451 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol saidin yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar dirsək sinirinin posttravmatik parezi; sağ qasıq nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar sağ bud-çanaq oynağının posttravmatik artriti; döş qəfəsinin sağ yarısının 2 ədəd, sağ qarınüstü nahiyənin 1 ədəd və sağ qalça çuxurunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları – deşici-kəsici əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün M.Ə.Əfəndiyev adına X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 07.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.99-101); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 05.07.2021-ci il tarixli, 284/MTKŞ-2021 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır (“kəpənək” formalı) və soyuq silah hesab edilmir (İ cild, i.v.133-135); “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 02.09.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə edərək zərər çəkmiş şəxsi vurub xəsarət yetirdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.150-156); “Şübhəli şəxsin tutulması haqqında” 07.06.2021-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 09.06.2021-ci il tarixdə imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.32-33, 85-89); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, o, 31.01.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.09.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.146); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapıb. Həmin Qərara görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) (6-cı bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 31 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-40/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-40/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver