Məhkəmə qərarları › İş №1(006)-40/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-40/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-40/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 24 avqust 2022-ci il tarixdə, saat 08:48 radələrində "xxxx" QSC-nin “28 May” stansiyasından metronun “İçəri Şəhər" stansiyası istiqamətində hərəkət edən qatarın metronun “28 May” stansiyasında dayanmasından istifadə edərək qatara minik edən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən 6 manat dəyərində olan pul kisəsini, həmin pul kisəsinin içərisində məzənnəsi 338,66 manat olmaqla 200 avronu və 16 manatı, həmçinin 30 manat dəyərində şəxsiyyət vəsiqəsini çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 390,66 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə olan gün Bakı şəhərinə alış-veriş etmək üçün gəlmişdir. Heç bir oğurluq əməlini törətməmiş, bu barədə müstəntiqə də bildirmişdir. Polis əməkdaşları onun üzərini yoxlayan zaman da oğurladığını bildirdikləri pul məbləği onun üzərindən çıxmamışdır. Zərər çəkmiş şəxsi görməmiş, onun cibindən pul kisəsini götürməmişdir. İş materiallarında olan DVD diskdə onun pul kisəsini götürməsi görünmür. Epilepsiya xəstəsidir, xəstəliyin təsirindən özündə olmadığı üçün ola bilər ki, ibtidai istintaq zamanı ifadə verərkən oğurluq əməlini etdiyini etiraf etmişdir. Daha sonra himayəsində dörd azyaşlı uşağının olmasını, epilepsiya xəstəliyinin olmasını, zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 08 radələrində metronun “20 Yanvar” stansiyasından “28 May” stansiyasına gəlmək üçün “Həzi Aslanov” stansiyası yazılan qatara minmiş, metronun “28 May” stansiyasında qatardan düşmüş, daha sonra metronun “İçəri şəhər” istiqamətində hərəkət edəcək qatara minmiş və metronun “Sahil” stansiyasında qatardan düşmüşdür. Metronun “Sahil” stansiyasında qatardan düşdükdən sonra şalvarının arxa cibində pul kisəsinin yerində olmadığını aşkar etmiş, bundan sonra platformada xidmətdə olan polis əməkdaşına yaxınlaşıb qatarda pul kisəsinin tanımadığı şəxs tərəfindən oğurlanması barədə şifahi məlumat vermiş, bundan sonra xidmətdə olan polis əməkdaşı ona Bakı Metropolitenində Polis Şöbəsinə getməsini demiş, o da Bakı Metropolitenində Polis Şöbəsinə gedərək baş vermiş oğurluq hadisəsi barədə yazılı şikayət ərizəsini yazmışdır. Ona məxsus pul kisəsinin içərisində 200 avro, 16 manat Azərbaycan manatı, 01 (bir) ədəd “Leo bank” tərəfindən onun adına rəsmiləşdirilmiş içərisində pul olmayan plastik kart, 01 (bir) ədəd “Azəri Türk bank” tərəfindən onun adına rəsmiləşdirilmiş içərisində pul olmayan plastik kart, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd özünə məxsus “Azərbaycan Texniki Universitet” tərəfindən verilmiş tələbə bileti olmuşdur. 2 (iki) ədəd içərisində pul vəsaiti olmayan bank kartları ona pulsuz verildiyində həmin bank kartlarlarına görə ona heç bir məbləğdə maddi ziyan vurulmamışdır. Pul kisəsinin qiyməti 6 manat olmuş, bundan əlavə oğurlanmış şəxsiyyət vəsiqəsinə görə ona 30 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində isə ona ümumilikdə 390,66 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin təqsirləndirilən şəxsin anası tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25-26); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-718/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.67-71); - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:48 radələrində metronun “28 May” stansiyasında Zərərçəkmiş şəxs yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs metronun “28 May” stansiyasının platformasında olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibindən pul kisəsini oğurlamış və daha sonra qatara minməyib geri qayıdaraq 28 may metrosundan çölə çıxmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir (i.v.38); - “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk və diskə baxış protokolu maddi sübut növü kimi qiymətləndirilmişdir (i.v.87-91); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəza müddəti 02 il 06 ay müddətinə endirilmiş və xx.xx.2017ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.77-78). - Zərərçəkmiş şəxs Bakı Metropolitenində Polis Şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də ona qarşı heç bir iddiası və tələbi olmayacaqdır (i.v.101); - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə metronun “28 May” stansiyasında Zərərçəkmiş şəxs yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs metronun “28 May” stansiyasının platformasında olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minmək istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibindən pul kisəsini oğurlamış və daha sonra qatara minməyib geri qayıtmışdır. - İş materiallarında olan AZE 11807265, AA1018684, AZE 11740386 və AZE 18473416 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2018-ci il, xx.xx.2011-ci il və xx.xx.2006-cı il təvəllüdlü dörd azyaşlı uşağı vardır (i.v.93-94); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin əməli iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini, himayəsində dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, himayəsində dörd azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 05 ay 04 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 05 (beş) ay 04 (dörd) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar