Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-400/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 05-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11, ev 66-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 sentyabr 2020-ci il tarixdə, saat 15:30 radələrində ünvan 1 ünvanda yerləşən “Euro Home” tikinti materialları bazarındakı mağazaya müştəri qismində daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus, üzərində 5 manatlıq danışıq limiti ilə 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə və 5 manat dəyərində telefon üzlüyü olan 250 manat dəyərində bir ədəd “X6 8 pro” markalı mobil telefon aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxsə 264 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, eyni məqsədlə: 19 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 satıcı kimi işlədiyi ünvan 2 ünvanda yerləşən “Buta” milli suvenirlər mağazasına müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs1 diqqətinin yayınmasından istifadə edib masanın üzərindən sonuncuya məxsus, üzərində 4 manat dəyərində ***-***-**- ** saylı GSM nömrə olan 180 manat dəyərində bir ədəd “Redmi Note 8” markalı mobil telefon aparatını; 20.10.2020-ci il tarixdə, saat 13:50-də Zərərçəkmiş şəxs4 işlədiyi ünvan 3 ünvanda yerləşən “Məktəbli" mağazasına müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs4 diqqətinin yayınmasından istifadə edib kassa aparatının yanındakı masanın üzərindən sonuncuya məxsus, üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 700 manat qiymətində bir ədəd “iPhone XR” markalı mobil telefon aparatını; 02 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində ünvan 4 ünvanda yerləşən "Koton" geyim mağazasına müştəri qismində daxil olaraq oradakı digər müştəri Zərərçəkmiş şəxs2 kassaya yaxınlaşmasından istifadə edib vitrinin üzərinə qoyduğu, üzərində 10 manatlıq danışıq limiti ilə 4 manat dəyərində bir ədəd ***- ***-**-** saylı GSM nömrə olan 950 manat dəyərində bir ədəd "iPhone XS Max” markalı mobil telefon aparatını; 09 noyabr 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs5 satıcı kimi işlədiyi “28 May” yeraltı keçid ticarət mərkəzində olan 68 saylı mağazaya müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs5 diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan, sonuncuya məxsus 265 manat dəyərində “Samsung J6+” markalı mobil telefon aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğu üçün maddi vəziyyəti yaxşı olmamış, müxtəlif yerlərdən telefonlar oğurlayıb satıb pul əldə etmişdir. 25 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Euro Home” tikinti materialları bazarındakı mağazalardan birinə müştəri qismində daxil olmuş, içəridə satıcının olmadığını bilib ətrafa nəzər salarkən masanın üzərində göy rəngli “X6 8” markalı mobil telefonu görmüş və onu oğurlamaq qərarına gəlmişdir. O, ətrafda heç kimin olmamağını fürsət bilərək dərhal masanın üzərindən həmin telefonu götürüb cibinə qoymuş və tez mağazadan çölə çıxmışdır. Bazardan çıxdıqdan sonra oğurladığı telefonu metronun “28 May” stansiyası yaxınlığında tanımadığı şəxsə 150 manata satmış, üzərindəki nömrəni isə sındırıb tullamışdır. Daha sonra 19 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Buta” milli suvenirlər mağazasına müştəri qismində daxil olmuş, satıcının müştərilərə suvenir göstərməyə başının qarışdığını görüb masanın üzərindəki qara rəngli “Redmi Note 8” markalı mobil telefon aparatını oğurlayıb mağazanı tərk etmişdir. Həmin telefonu tanımadığı şəxsə 100 manata satmışdır. Bundan əlavə o, 20 oktyabr 2020-ci il tarixdə, saat 13:50 radələrində uşaqlarına məktəb ləvazimatları almaq məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Məktəbli” mağazasında olarkən kassa aparatının yanındakı “iPhone XR” markalı mobil telefonu görüb onu oğurlamaq qərarına gəlmişdir. Heç kimin onu görmədiyini dəqiqləşdirib kassaya yaxınlaşaraq masanın üzərindəki telefon aparatını götürüb dərhal mağazadan çıxmış və metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı mağazalardan birinə onu 200 manata sataraq üzərindəki nömrəni tullamışdır. Bundan baqşa o, 02 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində ünvan 4 ünvanda yerləşən “Koton” geyim mağazasına daxil olaraq orada bir nəfər müştərinin əlində telefon gəzdirməklə paltarlara baxdığını və sonra onu vitrinin üzərinə qoyub özünün mağazanın ikinci mərtəbəsinə qalxdığını görmüşdür. Ətrafa göz gəzdirib heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra o, vitrinə yaxınlaşıb telefonu götürərək cəld əynindəki qısaqol gödəkçəsinin iç sol cibinə qoyub mağazanı tərk etmişdir. Oğurladığı telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı mağazalardan birinə 130 manata satmış, üzərindəki nömrəni isə tullamışdır. Həmçinin, o, 09 noyabr 2020-ci il tarixdə “28 May” yeraltı keçid ticarət mərkəzinə gəlib müştəri qismində oradakı 68 saylı mağazaya girmiş, içəridə müştəri çox olduğundan satıcının başının qarışdığını görüb masanın üzərindəki “Samsung J6” markalı mobil telefonu oğurlayıb dərhal mağazanı tərk etmişdir. Bu telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı mağazalardan birinə 50 manata satmış, üzərindəki nömrəni isə tullamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Ona cəza təyin edilərkən himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ev əşyaları almaq məqsədi ilə 25.09.2020-ci il tarixdə, saat 15:30 radələrində ünvan 5 ünvanda yerləşən “Euro Home” tikinti materialları bazarındakı qohumunun işlədiyi mağazaya getmiş, mobil telefonunu masanın üzərinə qoyub arxa tərəfə keçmişdir. Bir neçə dəqiqədən sonra geri qaydanda isə ozünə məxsus, üzərində 5 manatlıq danışıq limiti ilə 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə və 5 manat dəyərində telefon üzlüyü olan 250 manat dəyərində bir ədəd “X6 8 pro” markalı mobil telefon aparatının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 264 manat məbləğində ziyan dəymişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən “Buta” milli suvenirlər mağazasında satıcı işləyir. 19.10.2020-ci il tarixdə, saat 17 radələrində öz mobil telefonunu mağazada istirahət guşəsi olan yerdə masanın üzərinə qoymuş, başı müştərilərə qarışmışdır. Bir müddət sonra ona məxsus, üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 180 manat dəyərində bir ədəd “Redmi Note 8” markalı mobil telefon aparatının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 184 manat məbləğində ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmədə iştirak etməmiş və işlə bağlı hər-hansı müraciətini məhkəməyə ünvanlamamış, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 isə məhkəməyə ərizə və teleqram ünvanlamış, hər ikisi istintaq dövründə verdiyi ifadələrini təsdiq etdiklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinə əsasən o, “28 May” yeraltı keçid ticarət mərkəzində olan 68 saylı mağazada satıcı işləyir. 09 noyabr 2020-ci il tarixdə, saat 13 radələrində mağazada müştərilərə başı qarışdığından özünə məxsus ‘'Samsung J6+" markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Bu ərəfədə mağazaya 35-40 yaşlarında bir nəfər müştəri daxil olub qadın corabları ilə maraqlanmış, o da ona malları göstərib başqa müştərilərin yanına getmişdir. Birazdan həmin müştərinin corab almadan tələsik mağazadan çıxıb getdiyini görmüşdür. O, müştəriləri yola salıb öz yerində əyləşdikdə masanın üzərinə qoyduğu “Samsung J6+” markalı mobil telefon aparatının yerində olmadığını aşkar etmişdir. O, dərhal mağazadan çıxıb qonşuluqda işləyən satıcıdan onun telefonuna zəng etməsini xahiş etmiş, lakin ona zəng çatmamışdır. Mağazadakı müşahidə kameralarına baxdıqda saat 12:44-də mağazaya müştəri kimi gəlmiş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs mobil telefonu oğurlayaraq mağazanı tərk etdiyini görmüşdür. Ekspert tərəfindən telefona qoyulmuş 265 manat qiymətlə razıdır (İİ cild, i.v.14-17). Zərərçəkmiş şəxs2 ifadəsinə görə 02.11.2020-ci il tarixdə o, ünvan 6 ünvanda yerləşən “Koton” geyim mağazasında olarkən geyimlərdən birini almaq üçün ödənişlə bağlı ikinci mərtəbədə yerləşən kassaya getmişdir. Mağazadan çıxarkən o, üzərində 10 manatlıq danışıq limiti ilə 4 manat dəyərində bir ədəd ***-***-**-** saylı GSM nömrə olan bir ədəd "iPhone XS Max” markalı mobil telefonunun onda olmadığını müəyyən etmiş və telefonu birinci mərtəbədəki vitrinin üzərində qoyduğunu xatırlamışdır. Həmin yerə getdikdə isə telefonunun orada olmadığını görmüş, zəng vurmasına baxmayaraq telefona cavab verən olmamışdır. Ekspert tərəfindən telefona qoyulmuş 954 manat qiymətlə razıdır (İ cild, i.v.106-107, İİ cild, i.v.199-201). Zərərçəkmiş şəxs4 ifadəsindən aydın olur ki, o, bir müddətdir əvəzçilik üzrə “Məktəbli” mağazasının ünvan 3 ünvanda yerləşən filialında satıcı olaraq işləyir. 20.10.2020-ci il tarixdə, saat 13:50 radələrində mağazada olarkən özünə məxsus “iPhone XR” markalı mobil telefonunu kassanın yanındakı masanın üzərinə qoymuşdur. Bu ərəfədə bir nəfər müştəri mağazaya daxil olub ondan uşaq çantaları barədə maraqlanıb onlara baxmışdır. O, kassanın yanından uzaqlaşıb bir neçə dəqiqə sonra geri qayıtdıqda özünə məxsus, üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan bir ədəd “iPhone XR” markalı mobil telefon aparatının oğurlandığını aşkar etmişdir. O, mağazadakı müşahidə kamerasına baxdıqda bir az əvvəl mağazaya gəlib ondan uşaq çantalarını maraqlanan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona məxsus mobil telefon aparatını masanın üzərindən oğurlayıb getdiyini görmüşdür. Ekspert tərəfindən telefona qoyulmuş 700 manat qiymətlə razıdır (İİ cild, i.v.51-53, 191-193). İş materiallarında olan: Video görüntüyə baxış keçirilməsi haqqında” 09.11.2020-ci il tarixli protokol və diskə əsasən Zərərçəkmiş şəxs5 “28 May” yeraltı ticarət mərkəzində 68 saylı mağazada girişdən sol tərəfdə olan masanın üzərinə əvvəlcədən özünə məxsus mobil telefonu qoyur, mağazaya daxil olan qara saçlı, əynində qara qısa qol köynək və göy rəngli qısaqol gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olan kişi öncə pul kisəsini həmin telefonun üzərinə qoyur, sonradan telefonu və pul kisəsini götürüb qaçaraq bayıra çıxması görünür (İ cild, i.v.11); “Videogörüntüyə baxış keçirilməsi haqqında” 11.12.2020-ci il tarixli protokol və diskə görə Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən “Koton” geyim mağazasının qarşısındakı küçədə hərəkət edərək mağazanı müşahidə edir və oranın əsas giriş qapısının açıq vəziyyətdə olduğunu görür. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs içəriyə daxil olur. Mağazaya daxil olduqda Təqsirləndirilən şəxs vitrindəki paltarlara baxıb ətrafı müşahidə edir, bir neçə dəqiqə sonra iti addımlarla oranı tərk edir (İ cild, i.v.178); “Diskə baxış keçirilməsi haqqında” 25.12.2020-ci il tarixli protokol və diskə əsasən baxış keçirilən CD diskdə üç görüntü var. Birinci görüntüdə əynində qara rəngli köynək və cins şalvar olan bir nəfər şəxs qaçıb gedir. İkinci görüntüdə tikinti materiallarının satışı ilə olan mağazaların çıxış hissəsindəki küçə əks olunur, əynində qara rəngli köynək və cins şalvar, ağız nahiyəsində qara rəngli tibbi maska olan bir nəfər şəxs mağazaya daxil olur, daha sonra həmin şəxs mağazadan iti addımlarla çıxıb oradan uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli köynək və cins şalvar, ağız nahiyəsində qara rəngli tibbi maska olan şəxsin özü olduğunu bildirir. Təqsirləndirilən şəxs 25 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Euro Home” tikinti materialları bazarındakı mağazaya daxil olaraq masanın üzərindən bir ədəd “X7 8 pro” markalı mobil telefon aparatını götürüb oradan çıxdığını etiraf edir (İ cild, i.v.257); “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 21.02.2021-ci il tarixli protokol və diskə görə görüntüdə məktəb ləvazimatları olan mağazanın kassa aparatının olduğu bölmədə bir nəfər çiyin nahiyəsində qara rəngli çanta olan qadın və əynində göy şalvar və ağ rəngli köynək olan bir nəfər satıcı kassa aparatının yanına dayanır. Bir qədər sonra satıcı və müştəri qadın kassa aparatının yanından uzaqlaşırlar, satıcı qadın telefonunu oradakı masanın üzərində qoyur. Daha sonra başında qara rəngli eynək, əynində qısa qollu gödəkçə və göy cins şalvar, ağız nahiyəsində qara maska olan bir nəfər ətrafa nəzər yetirib kassa aparatının yanından keçir, vitrindəki mallara baxır və yenidən ətrafa nəzərə yetirib kassanın yanına gəlir, oradakı masanın üzərindən mobil telefonu götürüb mağazadan çıxaraq oradan uzaqlaşır. Baxış zamanı Zərərçəkmiş şəxs4 görüntüdəki əynində göy rəngli cins şalvar və ağ rəngli köynək olan ortaboylu satıcı qadının özü olduğunu, oğurlanan “iPhone XR” markalı mobil telefonun ona məxsus olduğunu bildirir, Təqsirləndirilən şəxs isə başında qara rəngli eynək, əynində qısa qollu gödəkçə və göy cins şalvar, ağız nahiyəsində qara maska olan şəxsin özü olduğunu, mobil telefonu ehtiyac üzündən oğurladığını etiraf edir (İİ cild, i.v.72-73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 14.12.2020-ci il tarixli, 9/5052 saylı rəyinə görə ortada olmayan “Samsung J6+” markalı mobil telefon aparatının daxili yaddaşı 32GB olduğu halda təzə vəziyyətdə 09 noyabr 2020-ci il tarixə köhnəlməsi nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 265,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.24-27); 08.05.2021-ci il tarixli, 9/2178 saylı rəyinə görə orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin sentyabr-oktybar aylarına orta bazar qiymətləri nəzəri hesablama yolu ilə “X6 8 Pro” markalı mobil telefonun aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla bir ədədinin qiyməti təxminən 250 manat, “Redmi Note 8” markalı mobil telefonun bir ədədinin qiyməti 180 manat, “iPhone XR” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun bir ədədinin qiyməti 700 manat, “iPhone XS Max” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun bir ədədinin qiyməti 950 manat; ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və 055 ***-**-** saylı GSM nömrələrin hər birinin bir ədədinin qiyməti 4 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.187-189); Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığı qeyd olunur (İİ cild); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 4(006)- 696/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10.12.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.186-188); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.04.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 31.05.2018-ci ildə cəriməni tam şəkildə ödəmişdir (İİ cild, i.v.130-132, 173-179); Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən Təqsirləndirilən şəxs 20.08.2013-cü il və 14.11.2014-cü il təvəllüdlü iki övladı var (İİ cild, i.v.135-137). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə barışıq əldə olunmasını, himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də anoloji cinayəti törətdiyinə görə daha yüngül cəzaya məhkum olunmasından nəticə çıxarmayıb yenidən belə hərəkətlərə yol verməsini və bununla da islah olunmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 10 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-400/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-400/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver