Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-400/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Səfərəliyeva küçəsi, ev 26, mənzil 08-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 24, mənzil 26-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək sonuncunun qızı Şahid1 "xxxx" QSC-də operator vəzifəsinə 2.000 manat pulun müqabilində təyin etdirəcəyinə söz verib ondan 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında 1.000 manat, 09 mart 2021-ci il tarixdə isə metronun “28 May” stansiyasının qarşısında 1.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə Bakı Dövlət Universiteninin yataqxanasında birlikdə qalmış, özü jurnalistika fakültəsini, Vaqif isə geologiya fakültəsini bitirmişdir. Tanışı Şahid2 ilə birlikdə 2021-ci ilin fevral ayının əvvəllərində metronun “28 May” stansiyasının qarşısında olan zaman Vaqiflə rastlaşmış, söhbət əsnasında Vaqif "xxxx" QSC-də mühəndis, qızı Əminənin isə "xxxx" MMC-də işlədiyini demiş, lakin qızının işindən narazı olduğunu, ona irəli çəkilməsindən ötrü köməklik etməsini xahiş etmişdir. Həmçinin, qızının Ukraynanın universitetində oxuduğunu, lakin diplomunu Azərbaycanda təsdiq edə bilmədiyini söyləmişdir. Vidadi də ona Təhsil Nazirliyində tanışının olduğunu və diplom məsələsini həll edə biləciyini bildirmişdir. Növbəti dəfə 2021-ci ilin fevral ayının sonlarında o, Vaqiflə yenidən metronun Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında görüşən zaman ona bildirmişdir ki, Şahid3 adlı tanışının "xxxx" QSC-nin rəhbərliyində yaxın adamı var və onun vasitəsilə qızı Əminəni "xxxx" QSC-də “Çağrı Mərkəzi”nə 2.000 manat pulun müqabilində işə düzəldə bilər. Vaqif də bununla razılaşmış və elə həmin günü ona 1.000 manat, daha sonra 09 mart 2021-ci il tarixdə metronun “28 May” stansiyasının yanında əlavə olaraq 1.000 manat pul vermişdir. O da bu vəsaiti “beş mərtəbə” adlanan ərazidə Şahid3 vermişdir. Lakin, bir müddətdən sonra işin alınmadığını görüb Ramildən pulu geri istəsə də, sonuncu müxtəlif bəhanələr gətirib işin tezliklə düzələcəyini bildirmişdir. Ramil pulu qaytarmadığı üçün o, polis işçisi olan tanışı X2 müraciət etmiş, sonuncu da Ramilə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır.Hətta özü də Ramilin istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinə ismarıclar yazsa da, Ramil buna da əhəmiyyət verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid3 barəsində dələduzluqla cinayət işi başlanılıb. Bununla belə, o zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2.000 manat pulu ödəmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayında Bakı Dövlət Universitetində birlikdə oxuduğu “İnsan Hüquqları” qəzetinin baş redaktoru Təqsirləndirilən şəxsla metronun “28 May” stansiyasının qarşısında təsadüfən olaraq görüşmüşdür. Həmin vaxt onun yanında əvvəllər tanımadığı Xarici Dillər Universitetinin müəllimi Şahid2 adlı şəxs də olmuşdur. Orada söhbət əsnasında o, Camal qızı Əminənin Ukraynada ali təhsil aldığını, lakin diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edə bilmədiyini deyəndə, Camal ona bu işdə köməklik edəcəyini söyləmişdir. Həmçinin o Camala bildirmişdir ki, qızı "xxxx" MMC-də işləsə də, işindən narazıdır. Camal da ona yaxın dostunun "xxxx" QSC-də işlədiyini və qızını orada operator kimi işlə təmin edə biləcəyini deyib ondan 2.000 manat pul istəmişdir. O da 2021-ci ilin fevral ayının sonlarında Camal ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında görüşüb ona 1.000 manat pul vermişdir. Sonra Camal ona zəng edərək qızının diplomunun təsdiq olunması məsələsini danışdığını və bu işi Şahid2 həll edəcəyini deyib buna görə də 2.000 manat pul lazım olduğunu bildirmişdir. O, bu məsələ ilə də Camalla razılaşmış və 05 mart 2021-ci il tarixdə Şahid2 və Təqsirləndirilən şəxsla metronun “28 May” stansiyasının qarşısında görüşüb 2.000 manat pulu Vidadiyə vermişdir. Həmin vaxt orada Camal ona söz vermişdir ki, əgər iş alınmasa, ondan aldıqları 4.000 manat pula görə cavabdehliyi o özü şəxsən daşıyacaq. Bundan sonra o, 09 mart 2021-ci il tarixdə yenidən metronun “28 May” stansiyasının qarşısında Təqsirləndirilən şəxsla görüşərək ona qızının "xxxx" QSC-də işinin həlli üçün 1.000 manat pul vermişdir. Camal 40 gün ərzində qızının diplomunu təsdiq etdirib onu işlə təmin edəcəyinə vəd vermişdir. Oda bu müddətdən sonra Camal ilə telefon əlaqəsi saxladıqda ona bildirmişdir ki, 10 gün ərzində məsələ həll olunmasa, pulunun hamısını geri qaytaracaq. Lakin 10 gündən sonra hər iki şəxsdən heç bir məlumat gəlməmişdir. Bir neçə gündən sonra Şahid2 onun bank kartına iki dəfəyə 1.000 və 350 manat pul göndərmiş, daha sonra isə Bakı şəhəri, Nəsimi rayonu, “28 May” küçəsində yerləşən parkda görüşərək ona 150 manat pul verərək qalan 500 manat pulu Təqsirləndirilən şəxs verdiyini, sonuncunun da bu pulu ona çatdıracağını demişdir. Amma qızının işi alınmadığı və ondan alınmış pullar da tam geri qaytarılmadığı üçün o, polisə müraciət etmişdir. Yalnız bundan sonra Şahid2 ona qalan 500 manat pulu qaytarmışdır. Təqsirləndirilən şəxs isə uzun müddət aldığı pulu qaytarmaqdan boyun qaçıraraq vəsaitin guya Ramil adlı şəxsə verdiyini demiş, daha sonra isə gizlənərək telefonunu söndürmüşdür. Onun axtarışı verilib tapıldıqdan sonra Camal aldığı 2.000 manat pulu ona qaytarmışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 20 ildən yuxarı tanıyır. Mütəmadi olaraq Camal ilə müxtəlif yerlərdə, o cümlədən çayxanalarda, “beş mərtəbə” deyilən ərazidə görüşmüş, hətta Camal onun ofisinə gələrək dəfərlərlə ondan pul almışdır. Camalın söylədikləri yalandır, o, Zərərçəkmiş şəxs tanımır, onun qızının işi ilə bağlı Camaldan pul almayıb, heç bundan xəbəri də yoxdur. İstifadəsində də 055 ***-**-** saylı mobil telefon nömrəsi olmayıb. Əksinə olaraq yaxın qohumunu peşə məktəbinə işə düzəltmək üçün Camal ondan 700 manat pul almışdır ki, ləqəbi “qırmızı baş” kimi tanıdığı şəxsə verəcək. Daha sonra Camal işi həll etməyib onun pulunu geri qaytarmamış və istifadəsində olan telefonunu da söndürmüşdür. O da uzun müddət onu axtardıqdan, Camalın qardaşı ilə əlaqə saxladıqdan sonra sonuncu gətirib pulu qaytarmışdır. Bununla belə 2021-ci ilin ortalarında Camal onun yanına gəlib bildirmişdir ki, barəsində X6 Polis İdarəsində dələduzluqla bağlı cinayət işi var və köməklik məqsədi ilə ondan 200 manat pul almışdır. İş materiallarında olan: • “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, 1993-2000-ci illər ərzində “İnsan hüquqları” qəzetinin baş redaktoru vəzifəsində, Şahid2 isə müxbir işləmişdir. O, Zərərçəkmiş şəxs ilə Bakı Dövlət Universiteninin yataqxanasında birlikdə qalmışdır. Həmin vaxt özü Bakı Dövlət Universiteninin jurnalistika fakültəsində oxuyurdu, Vaqif isə geologiya fakültəsindən məzun olmuşdur. Münasibətləri həmişə normal olmuşdur. O, Vidadi ilə birlikdə 2021-ci ilin fevral ayının əvvəllərində metronun “28 May” stansiyasının qarşısında idi. Həmin vaxtı təsadüfən Vaqifi görmüşlər. Söhbət əsnasında Vaqif hazırda "xxxx" QSC-də mühəndis, qızının isə "xxxx" MMC-də işlədiyini demişdir. Lakin qızının işindən narazı olduğunu, ona qızı Əminənin işdə irəli çəkilməsindən ötrü köməklik etməsini xahiş etmişdir. O da bununla maraqlanacağını demişdir. X7 söhbəti zamanı qızının Ukrayna universitetlərin birində oxuduğunu, lakin diplomu təsdiq edə bilmədiyini demişdir. Vidadi də Təhsil Nazirliyində tanışı olduğunu, bu işi həll edə biləciyini bildirmişdir. Növbəti dəfə 2021-ci ilin fevral ayının axırlarında Vaqiflə yenidən metronun “28 May” stansiyasının qarşısında görüşmüş və Vaqifə qızı Əminənin "xxxx" QSC-də “Çağrı Mərkəzi”nə işə düzəldəcəyini demişdir. Bunun müqabilində ondan 2.000 manat pul istəmiş, Vaqif də onun təklifi ilə razılaşmışdır. Həmin vaxt Vaqif ona 1.000 manat pul vermişdir. 05 mart 2021-ci il tarixdə isə Vaqiflə yenidən Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının qarşısında görüşmüş və Vaqif ona əlavə 1.000 manat pul da vermişdir. Həmin vaxt Vaqif ona demişdir ki, Vidadiyə qızı Əminənin diplomunun təsdiq olunması müqabilində ümumilikdə 2.000 manat pul vermişdir. O isə ona demişdir ki, Vidadi müəllim işlədiyindən, bu işi yaxşı bilir. Amma Vidadi bu barədə ona heç nə deməmiş və həmin puldan da ona verməmişdir. Ümumilikdə Vidadi ilə onun arasında bu məsələ ilə bağlı heç bir söhbət olmamışdır. Pulu aldıqdan sonra işi düzəldə bilməyəcəyini görüb avtoqəzaya düşdüyündən pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Vaqiflə bu barədə danışan zaman ona yalan danışaraq pulu "xxxx" QSC-də işləyən yüksək vəzifəli şəxsə verdiyini, lakin hələlik heç bir nəticənin olmadığını bildirmişdir. Bir müddət sonra Vaqifin onunla Vidadidən polisə şikayət etdiyini eşitmişdir. Vidadi polisə şikayət edənə qədər Vaqifdən aldığı 2.000 manat puldan 1.500 manatını qaytarmış, 500 manat isə Vaqifə çatdırması üçün ona vermişdir. Çünki, o ona demişdir ki, 500 manatı ver, 2.000 manatla birlikdə Vaqifə verəcək. Lakin maddi durumu aşağı olduğundan pulu xərcləmişdir. Sonra pulu qaytara bilmədiyi üçün telefonlarını söndürüb başqa nömrə işlətmiş, polisin çağırışına gəlməkdən boyun qaçırmışdır (İ cild, i.v.144- 145); • 18.04.2021-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cu maddəsinə əsasən dayandırılmışdır (İ cild, i.v.96, 99); • 06.06.2022-ci il tarixli raporta əsasən Təqsirləndirilən şəxs saxlanıldığından müstəntiqin həmin tarixli qərarı ilə iş üzrə icraat təzələnmiş və onun barəsində tutulma haqqında protokol tərtib edilmiş, 08 iyun 2022-ci il tarixli qərarla isə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o müvəqqəti saxlama yerindən azad olunmuşdur (İ cild, i.v.122, 124, 128, 150-151, 154-155); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə cinayət təqibinə hissəsi xitam verilmişdir (İ cild, i.v.237-242); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayış və məhkəmə aktının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (İ cild, i.v.31-33, 106-109); • Cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötürülməsi üçün müdafiə tərəfinin işin uzadılmasında maraqlı olmasını (bu məhkəmə iclaslarında açıq şəkildə bəyan olunur), bununla bağlı da təqsirləndirilən şəxsin məhkəməyə üzrlü səbəblər təqdim etmədən təkrarən gəlmədiyini, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə də müstəntiqin çağırışlarına gəlməməsi səbəbindən axtarışda olması ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş və o, tapılanadək iş üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cu maddəsinə əsasən dayandırılmışdır (İİ cild); • Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verildiyindən iş üzrə icraat təzələnmişdir (İİ cild); • Müdafiə tərəfi X3 şahid qismində dəvət olunaraq dindirilməsi, 055 ***-**-** saylı nömrənin kimə məxsus olması, Təqsirləndirilən şəxs istifadəsində olan 050 396-82-83, 070 396-82-83, 050 ***-**-** və 070 ***-**-** saylı telefon nömrələri ilə Şahid3 istifadəsində olan 077 255-99-30, 055 405-37- 00, 055 290-44-39, 050 422-22-32, 050 404-00-80, 050 ***-**-** və 077 ***-**-** saylı telefon nömrələri arasında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə olan qarşılıqlı zənglərin, sms və mms-lərin olub-olmamasına dair məlumatların aidiyyəti operatorlardan əldə olunmasına dair rəsmi müraciətlər edilsə də, məhkəmə baxışı mərhələsində bu vəsatətlərdən imtina etmişlər (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxs və şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusat – 2.000 manat pulu zərər çəkmiş şəxsdən alıb şahid qismində dindirilmiş Şahid3 verməsini ibtidai araşdırma zamanı ümumiyyətlə bildirməmiş, heç bu şəxsin adını belə çəkməmişdir. Əksinə olaraq pulu alıb öz şəxsi ehtiyaclarına xərclədiyini, daha sonra onu qaytara bilmədiyi üçün telefonlarını söndürüb başqa nömrə işlətdiyi göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun məhkəmə baxışı mərhələsində belə ifadə verməsi və digər hərəkətlərin etməsi məsuliyyətdən yayınmaq məqdəsi güdür. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı əsasında barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə olmuş cinayət işi ilə bağlı bu norma artıq tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 27 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 08 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 24, mənzil 26-nı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 08 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-400/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-400/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver