Məhkəmə qərarları › İş №1(006)-400/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-400/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-400/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-ü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsinin içərisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən sonuncunun bədən nahiyələrinə əl zərbələri ilə vuraraq ona sağ qulaqaltı çeynəmə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, ənsə nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin qançırı kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, Bakı-Göyçay istiqamətində taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsində müştəri gözləyən zaman qohumu Zərərçəkmiş şəxs ilə söhbət edərkən onlar bir-biri ilə zarafat etməyə başlamışlar. Bu zaman sonuncu Təqsirləndirilən şəxs “səni elə vuraram yıxılarsan yerə” demiş və bu sözdən sonra əsəbləşən Təqsirləndirilən şəxs 1 dəfə yumruqla onun sifət nahiyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs zərbənin təsirindən arxaya doğru gedən zaman Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək əli ilə 1 dəfə də onun belindən zərbə endirmişdir. Hadisə 4-5 dəqiqə ərzində baş vermiş və gecə olduğuna görə də, hadisəni kimsə görməmişdir. O, zərər çəkmiş şəxsə çəkdiyi xərcin əvəzi olaraq 1000 manat məbləğində pul təklif etmiş, lakin o, bu məbləğ ilə razılaşmadığını bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı-Göyçay istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Həmid Petrol” yanacaq doldurma məntəqəsində müştəri gözləyərkən əvvəlcədən tanıdığı Bakı-Göyçay istiqamətində taksi fəaliyyəti ilə məşğul olan Ruslan Əliyev onunla sözlə zarafat etmiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs onunla əl-qol hərəkətləri edərək zarafatlarına davam etmişdir. O, bu hərəkətlərin dayandırılmasını tələb etdikdə Təqsirləndirilən şəxs əsəbləşib yumruqla onun sifətindən bir dəfə zərbə endirmiş, nəticədə o, zərbənin təsirindən müvazinətini tənzimləyə bilməyib arxaya doğru getdiyi zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun sinəsindən, boynundan və kürəyindən bir neçə dəfə əli ilə də zərbələr endirmişdir. Onun çəkdiyi xərclər təqsirləndirilən şəxsin ona təklif etdiyi məbləğdən xeyli artıq olduğu üçün, 1000 manat məbləğində pul təklif ilə razı olmadığını bildirmişdir. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Məhkəməyədək sadələşdirilmiş icraatın açılmasına dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı X3 tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə əhkəməyədək sadələşdirilmiş icraatın açılmasına dair qərar qəbul edilmişdir (i.v.1); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli, 1145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ qulaqaltı çeynəmə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, ənsə nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (i.v.24-26); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.18); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən X1 xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, bir az yaşlı uşağının olmasını, barışığa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, bir az yaşlı uşağının olmasını, barışığa cəhd etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar