Məhkəmə qərarları › İş №1(006)-403/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-403/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-403/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun övladı Şahid 4000 manat pulun müqabilində Azərbaycan X6 və İdman Akademiyasına qəbul olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyulun 28-də saat 18 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında 1500 manat və 2020-ci ilin oktyabr ayının 25-də saat 15 radələrində ünvan 3 ünvanın qarşısında 2500 manat pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qimsən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayında “28 May” metrosunun yaxınlığında “Limon" çay evində oturub pivə içərkən çay evində yemək bişirən xanım Rəmziyyə ilə orada tanış olmuşdur. Rəmziyə ilə söhbət zamanı sonuncu ona qızı Şahid Azərbaycan X6 və İdman Akademiyasına qəbul olunmasını istədiyini söyləmiş, o da yalandan Akademiyada tanışları olduğunu, onların vasitəsi ilə kömək edə biləcəyini, Sahilə imtahanı verdikdən sonra imtahandan keçməsə, ona kömək edə biləcəyini bildirmişdir. Təxminən 15 gündən sonra Rəmziyyə ona zəng edib Sahilənin imtahan verdiyini, lakin qəbul ola bilmədiyini söyləmişdir. O, müəyyən pul alıb verdikdən sonra işi həll etməyin mümkün olduğunu söyləmışir. Rəmziyyə də 4000 manat pul vermək imkanı olduğunu bildirmişdir. Onun Sahilənin Azərbaycan X6 və İdman Akademiyasına qəbul olunmasına köməklik etmək niyyəti olmamasına baxmayaraq yalan olaraq Rəmziyyə 4000 manatı verərsə həll edə biləcəyini söyləmiş, lakin o, Rəmziyyədən 2020-ci ilin iyul və oktyabr aylarında “Xətai” metrosunun yaxınlığında 500 manat, “28 May” metrosunun yaxınlığında 500 manat və Rəmziyyənin evinin qarşısında isə 1500 manat, yəni cəmi 2500 manat pul almışdır. İbtidai istintaq zamanı həmin puldan 300 manat və məhkəmə istintaqı zamanı isə 700 manat məbləğini zərər çəkmiş şəxsə geri qaytarmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin ortalarında Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən “Limonçik” adlanan çay evində aşbaz işləyirmiş. Həmin dövrdə çay evinin müştərisi Təqsirləndirilən şəxs çay evinə tez-tez gəlib gedirmiş, o vaxtdan bir-birilərini tanımışlar. 2020-ci ilin mart ayında Mehdi “Limonçik" adlanan çay evinə gəlmiş, söhbət zamanı onun qızı Sahilədən söz düşmüş, o da bildirmişdir ki, qızı Azərbaycan X6 və İdman Akademiyasına qəbul olmaqdan ötrü imtahanlara hazırlaşmış, lakin qabiliyət imtahanından kəsilmişdir. Mehdi isə ona bildirmişdir ki, onun Azərbaycan X6 və İdman Akademiyasında işləyən Əli və Xəqani adlı müəllimlərlə tanışlığı var, lazım olarsa onun qızının Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmasına köməklik edə bilər. O da Mehdiyə qızının qəbul olunmasında köməklik edə bilsə ona yaxşılıq etmiş olacağını bildirmişdir. 2020-ci ilin iyul ayının sonlarında Mehdi ona zəng edib demişdir ki, tanışları ilə danışmış, Sahilənin Azərbaycan X6 və İdman Akademiyasının hər hansı bir fakültəsinə qiyabi qəbul olunmasında köməklik edəcək və bu işin görülməsi üçün ondan 4000 manat pul istəmiş, o da razılaşmışdır. Mehdi ona demişdir ki, 1500 manatı imtahandan bir gün əvvəl, yəni 2020-ci ilin iyulun 28-də verməlidir ki, imtahan günü səhər tezdən müəllimlərə çatdırsın. 2020-ci ilin iyulun 28-də saat 18 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında Mehdi ilə görüşərək 1500 manat pulu Mehdiyə vermişdir. 2020-ci ilin oktyabrn 25- də Mehdi ona zəng edərək demişdir ki, qalan 2500 manat pulu aparıb verim ki, X2 qəbul olunma məsələsi həll olunsun. O da Mehdiyə pulun hazır olduğunu və gəlib yaşadığı evin qarşısından götürməsini bildirmişdir. Həmin günü saat 15 radələrində Mehdi ona zəng edib yaşadığı ünvan 3 ünvanın qarşısında olduğunu bildirmiş, o qızı Sahilənin yanında 2500 manat pulu götürüb həyətə düşmüş, Mehdi ilə görüşərək 2500 manat pulu ona vermişdir. Mehdi ona bir həftə ərzində X2 qəbul olunma məsələsinin həll olunacağını bildirmişdir. O, Mehdiyə inanmış, bir həftə cavab gözləmiş, lakin Mehdinin dediyi vaxt keçdikdən sonra Mehdiyə zəng etdiyində, Mehdi hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. O, Mehdiyə verdiyi 4000 manat pulu geri qaytarmasını istəmiş, lakin Mehdi pulu özü üçün xərclədiyini, imkanı olduğu halda qaytaracağını bildirmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından, yəni Təqsirləndirilən şəxs ona qarşı hazırkı iş üzrə təsvir olunan dələduzluq cinayətini törətdiyi vaxtdan hazırkı vaxta kimi, yəni 3 ildən artıq bir dövr ərzində zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı müxtəlif orqanlara şikayətlər etməklə, haqqını tələb etməklə mənəvi sarsıntılara və iztirablara düçar olmuş, özü və qızı Sahilə əsəb gərginliyi, ruh düşkünlüyü, stresslər keçirməklə səhhətlərində ciddi problemlər yaranmışdır. Onun ərizəsi icraatda olduğu dövrdə işin istintaqını aparmış müstəntiqlər tərəfindən cinayət işinin başlanması iki dəfə qanunsuz və əsassız olaraq rədd edilmiş, onun davamlı şikayətləri nəticəsində qeyd olunan qərarlar Nəsimi rayon Prokurorluğu tərəfindən ləğv edilərək cinayət işi başlanılmışdır. İstər təhqiqat, istərsə də istintaq zaman, qeyd olunan mustəniqlər tərəfindən ona qarşı dələduzluq edən Təqsirləndirilən şəxs bir neçə dəfə istintaqa və təhqiqata gəlməkdən boyun qaçırdığına görə saxlanılmış və hansısa şəxsi maraqlar üzündən azadlığa buraxılmışdır. İşin icraatı bir neçə dəfə əsassız olaraq dayandırılmış və sonradan təzələnmişdir. Qeyd olunan müstəntiqlər qanunsuz olaraq süni surətdə işin istintaqını yubadaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət üzrə məsuliyyətə cəlb etmə müddətinin tamam olmasına çalışmışlar. Təqsirləndirilən şəxs həmin müstəntiqlərin himayədarlığı sayəsində vurulmuş 4000 manat puldan zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs cəmi 300 manatını ödəmişdir. Cinayət işinin məhkəmədə olmasına baxmayaraq o, məhkəməyə də gəlməkdən boyun qaçırır və ona vurulmuş maddi ziyanı ödəmir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarın 1-ci maddəsinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü baradə birbaşa göstərişin olmaması bu baradə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 3-cü maddəsinə əsasən Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Göstərilən Qərarın 4-cü maddəsinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunan Qərarın 8-ci maddəsinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci-maddəsinə müvafiq-olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Sözügedən Qərarın 11-ci maddəsinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin tarixdən etibarən bank uçot dərəcəsi 7,75 faiz müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq, iddiaçıya verməli olduğu 3700 manat məbləğində pulu əsassız olaraq qaytarmaqdan imtina etmişdir. Beləliklə, hesab edirik ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 3700 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 286,75 (illik 7,75 faizi) manatdan, üç il üç ay üçün 884,15 (səkkiz yüz səksən dörd on beş) manat faiz məbləği, mənəvi ziyan hesabına 100.000 (yüz min) manat və cəmi 104.584,15 (yüz dörd min beş yüz səksən dörd manat 15 qəpik) manat pul vəsaitinin tutulması barədə qərar qəbul edilməlidir. Daha sonra ona dəymiş zərərdən cəmi 1000 manatın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona ədalətli cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ilin ortalarında anası Zərərçəkmiş şəxs yaşadıqları ünvan 4 ünvanında olan zaman ona demişdir ki, Mehdi adında bir şəxs var, onu Azərbaycan X6 və İdman Akademiyasına bakalavriat səviyyəsi üzrə hər hansı bir fakultəyə qiyabi formada tələbə kimi qəbul etdirməsi üçün ondan 4000 manat pul istəmiş, ilkin olaraq 1500 manat pul verəcəyini bildirmişdir. Həmin dövrdə o, bakalavr səviyyəsi üzrə ali təhsil müəssisəsinə bir necə il hazırlaşmış, lakin lazım olan balı yığa bilmədiyi üçün anasının bu təklifi ilə razı olmuş, sonra 1500 manat pulu onun yanında götürərək, Mehdiyə verməyə getmişdir. Təxminən 2020-ci ilin oktyabr ayında anası Rəmziyyə ona demişdir ki, Mehdiyə geri qalan 2500 manat pul verilməlidir və onun uzun müddət ərzində yığdığı şəxsi qazancı olan 2500 manatı anasına vermişdir. Anası ona bildirmişdir ki, Mehdi binanın blokunun qarşısında gözləyir. O, qapıdan baxaraq Mehdini görmüşdür. Təxminən 2023-cü ilin fevral ayına qədər anası Rəmziyyə Mehdi ilə arabir telefonla əlaqə saxlamış, lakin fevral ayının sonlarından Mehdi ilə heç bir əlaqəyə çıxa bilmədikləri üçün, anası xx.xx.2023-cü il tarixdə DİN-nin 102 zəng xidmətinə müraciət edərək, Mehdi adlı şəxsin ona qarşı dələduzluq edərək 4000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Həmin günün sabahı, yəni xx.xx.2023-cü il tarixdə anası Rəmziyyə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Mehdiyə verilən pulu anası ona qaytarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.63-64); - “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X4 azad edilmişdir (i.v.87); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsə axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.98); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir (i.v.106); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirəndirilən Təqsirləndirilən şəxs tutulması qərara alınmışdır (i.v.109-110); - “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X4 azad edilmişdir (i.v.117-118); - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.120-121); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası saxlanılmışdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli Qanununa əsasən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş hesab edilməmişdir. xx.xx.2018-ci il tarixdə cəriməni tam ödəmişdir (i.v.102-103); - Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurulmuş ziyandan 300 manat almış, qalan 3700 manat qaytarılmamışdır (i.v.85). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni zərər çəkmiş şəxsdən 4000 manat deyil, 2500 manat alması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi 28 iyul 2020-ci il və 25 oktyabr 2020-ci il tarixlərdə baş vermiş, bununla da cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur: cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş ziyanla bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 4000,00 manat maddi ziyan dəydiyi və onun 1000 manatının təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş zərərə görə 3000,00 (üç min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 3000,00 (üç min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar