Məhkəmə qərarları › İş №1(006)-404/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-404/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-404/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 14.03.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,357 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış və 18.03.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində Nəsimi rayonu, N.Məlikov küçəsi 28 saylı ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən həmin psixotrop maddə olan metamfetamin 1 ədəd siqaretin gümüşü rəngli kağınıza bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 14.03.2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında 1 bükümdə şüşə kimi tanınan “metamfetamin” almış, lakin istifadə etməmiş, onu bayram günlərində istifadə etmək fikri olduğundan üzərində saxlamışdır. 18.03.2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 28 ünvanının qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan ad və soyadını və üzərində narkotik maddənin olub-olmadığını soruşmuş, o da üzərində heç nə olmadığını bildirmişdir. Buna baxmayaraq həmin polis əməkdaşları onu öz avtomobillərinə otuzdurub Nəsimi RPİ-nin 20-ci PB-nə gətirmiş, PB-də olduğu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndiklərini bildirmişlər. Üzərinə video çəkiliş ilə baxış keçirilən zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, gödəkçəsinin sol yan cibində olan, 1 büküm psixotrop maddə olan şüşəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş və üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ona üzərindən aşkar edilmiş bükümün nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, o da həmin psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə adını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun və polislərin iştirakı ilə ondan aşkar edilmiş maddələrin tərkibinin müəyyən olunması üçün həmin büküm qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X6 ifadəsində bildirmişdir ki, 18 mart 2021-ci il tarixdə «Ədalət» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 20-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nin rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə Nəsimi RPİ-nin 20-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və “Ədalət” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. 18 mart 2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısına polis serjantı Şahid2 ilə birlikdə yollanmış və bir müddət burada gözlədikdən sonra, təxminən saat 18:00-da “Ədalət” adlı şəxs həmin ünvana gəldiyi zaman sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 20ci PB-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasının xidməti otaqlarının birində baş təhqiqatçı Tuqay Mehtiyev tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Nəsimi RPİ-nin 20-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol, yan cibindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş, 01 ədəd içərisində spesifik iyə malik olan maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “01” ədəd bükülünün “şüşə” olmasını, narkotik vasitəni təxminən saxlanıldığı vaxtdan 4-5 gün əvvəl Bakı şəhəri, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən ümumilikdə 5-10 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 20-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.25-26); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 20.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vermiş olduğu vəsatətin müdafiəsindən imtina edilmişdir, bununla əlaqədar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (İ cild, i.v.104-106); - “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, 20.03.2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.111-112); - Nəsimi RPİ-nin İŞ-nin müstəniqi, polis baş leytenantı Kənan Kərimli tərəfindən tərtib edilmiş 02.05.2021-ci il tarixli və 10.05.2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə barəsində aparılan cinayət işinin istintaq zərurəti və bir sıra istintaq hərəkətlərinin keçirilməsindən ötrü Nəsimi RPİ-nin İŞ-yə dəvət edilmiş, lakin sonuncu şəxsi işləri olduğu üçün şöbəyə gələ bilməyəcəyini qeyd etmişdir (İ cild, i.v.130 və 133); - Nəsimi RPİ-nin İŞ-nin müstəniqi, polis baş leytenantı Kənan Kərimli tərəfindən qəbul edilmiş 13.05.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞyə məcburi gətirilməsi qərara alınmışdır (İ cild, i.v.134); - 01 iyun 2021-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əssən dayandırılmışdır (İ cild, i.v.135-136); - 08 iyun 2021-ci il tarixli protokol və qərardan görünür ki, Nəsimi RPİ-nin 20-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir (İ cild, i.v.142-143a); - “Qətimkan tədbiri seçilməsi haqqında” 10.06.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.111-112); - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 10.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nəsimi RPİnin MSY-dən azad edilmişdir (İ cild, i.v.154-155); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 1(006)-404/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə 07 sentyabr 2021-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 01.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə Nəsimi RPİnin 20-ci PB-nin əməkdaşları tərəfindən tutularaq 30.08.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 1(006)-404/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 6/1107 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.357 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (i.v.63-68); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 10.06.2021-ci il tarixli, 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.157-158); - “Sübutların qiymətləndirilməsi” haqqında 18.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,357 qram çəkidə “metamfetamin” maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir İ cild, (i.v.121-125); - Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.131); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 01.06.2012 və 13.08.2013-cü il təvəllüdlü iki övladı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, maddi-sosial vəziyyətini, məşğuliyyətini və yaşayış tərzini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növünün tətbiqi cəzanın məqsədlərinə uyğun deyil, eyni zamanda təqsirləndirilən şəxsin bu növ cəzanın icrasından yayınması hallarının baş verməsinə şərait yaratmaqla yanaşı, təyin olunacaq cəzanın tətbiqi səmərəliyinin azalmasına gətirib çıxara bilər. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanından 2 dəfə yayınmış və yalnız barəsində məcburi gətirilmə barədə qərar çıxarıldıqdan sonra ibtidai istintaqda iştirakı təmin edilmişdir. Eyni hal məhkəmə istintaqı zamanı da təkrarlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməmiş, ona görə də barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmaqla onun axtarışı elan olunmuş və Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən tutularaq 30.08.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Yalnız bundan sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun islah olunmasına xidmət edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 avqust 2021-ci il tarixdən hesablanmaldır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək və 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək, yəni 04 gün tutulduğu müddət ona təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 10.06.2021-ci il tarixli, 1815 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,307 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 manat (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək və 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək, yəni 04 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,307 qram olan psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar