Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-405/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonu, Qaraqocalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 06.05.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan "Etibar" adlı şəxsdən 10 manata, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,182 qram olan prixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və həmin gün saat 19:30 radələrində ünvan 3 ünvanın qarşısında Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPl-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,182 qram olan psixotrop maddəmetamfetamin aşkar olunaraq götürülmüşdür Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə, axşam saat təxminən 19 radələrində tanışı Tural Baxışovla birlikdə Nəsimi rayonunda, Kubinka adlanan ərazidə “Etibar” adlı şəxsdən şəxsi istifadələri üçün hər biri bir büküm el içində “şüşə” adlanan psixotrop maddə metamfetamin alaraq üzərilərində saxlamışlar. Həmin gün, yəni 06 may 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, üzərlərində narkotik vasitə və ya psixotrop maddə daşımaqda şübhəli olduqlarını bildirərək polis idarəsinə getməli olduqlarını demişlər. Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə onlarla birlikdə getmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı müdafiəçi dəvət etmişdir və üzərində şəxsi axtarış aparacığını bildirmişdir. Şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 10 manata aldığı 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmiş və masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, axtarış zamanı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. Həmin siqaret kağızın içərisində olan vasitənin el içində “şüşə” deyilən metafetamin olduğunu bildirmişdir, onlar həmin maddəni haradan əldə etdiyini, nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, həmin maddəni Kubinkada “Etibar” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir və zərfə qoyularaq möhürlənmişdir, hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, himayəsində olan iki azyaşlı uşağını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkilli polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xidməti fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunlarına, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Onun əsas vəzifələrindən biri cinayətkarlığa, o cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, 06 may 2021-ci il tarixdə «Tural» və «Elgün» adlı şəxslərin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Şahid2 tərəfindən Nəsimi rayon Polis İdarəsinin rəisinin adına raportla müraciət olunmuşdur. İdarənin NBM-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır və «Tural» və «Elgün» adlı şəxslərin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında «Tural» və «Elgün» adlı şəxslərin gələcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 06 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi 84 ünvanının qarşısına gəlmişlər. Bir qədər gözlədikdən sonra, yəni saat 19:30-da «Tural» və hazırki təqsirləndirilən şəxs «Elgün» adlı şəxsin həmin ünvana gəldiyi zaman onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra isə həmin şəxslərə qanunsuz olaraq narkotik vasitə əldə etmələri, saxlamaları, istifadə etmələri və üzərlərində gəzdirmələri ilə bağlı məlumata malik olduğlarını bildirib üzərlərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan, X5 və Təqsirləndirilən şəxs Əlikrəm oğlu onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir, həmçinin mütəxəssis dəvət edilmişdir, onun, polis baş leytenantı Şahid2 iştirakları ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarının cibində, əşyasında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır, lakin hər hansı bir əşya və yaxud da cinayət xarakterli predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə eldiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə bildirmişdir ki, könüllü olaraq təqdim etdiyi bükülünün içərisində kristal şəkilli, ağ rəngli maddə el içində «şüşə» deyilən psixotrop maddə metamfetamindir, həmin tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidən «Etibar» kimi tanıdığı şəxsdən 10 manata almış və öz istifadəsi üçün psixotrop maddə metamfetamini alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəyə oxşar maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuşdur, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Həmin maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Əlavə olaraq qeyd edir ki. həmin günü saxlanılmış X3 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş halda psixotrop maddə hesab olunan metamfetamin aşkar olunmuşdur. Həmin faktla bağlı da X5 barəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Qurbanov X8 İlkin Rza oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 06.05.2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində dükana getmək məqsədilə Nəsimi rayonu, «Kubinka» adlanan əraziyə gəlmiş və orada tanışı Təqsirləndirilən şəxs adlı şəxslə qarşılaşmışdır. Sonradan polis əməkdaşları onu və Elgünü narkotik vasitələrin istifadəsində şübhəli olmaları səbəbindən saxlamışlar. Özü heç kimdən narkotik vasitə almamış, Elgünün narkotik vasitəni kimdən almasını da bilmir. Cinayət işinin materiallarının 21-22-ci vərəqlərində olan, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 43-49-cu vərəqlərində olan, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadə tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun gülürülməsi barədə” protokolla Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Etibar" adlı şəxsdən 10 manata, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.182 qram olan prixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşıması və həmin gün saat 19:30 radələrində ünvan 6 ünvanın qarşısında Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nə gətirilib həmin idarənin əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristalİik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülməsi faktı təsdiq edilir. Cinayət işinin materiallarının 56-59-cu vərəqlərində olan, məhkəmə-kimyəvi ekspertizasının 07.05.2021-ci il tarixli, 6/1850 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - bir ədəd kağız bükümdə təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinin materiallarının 87-88-ci vərəqlərində olan, “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında 08.05.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Prokuroru H.Hənifəyev Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vermiş olduğu vəsatətin müdafiəsindən imtina etmişdir, bununla əlaqdər Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsini qərara almışdır. 08 may 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 99-100-cü vərəqlərində olan, məhkəmə-narkoloji ekspertizasının 19.05.2021-ci il tarixli, 1502 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olam metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarının 112-ci vərəqində olan, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış 05 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarının 113-114-cü vərəqlərində olan “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə - metamfetamin iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün, 10 iyun 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonra 0,132 qram qalığı ibtidai istintaqın yekununda saxlanması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarının 85-ci vərəqində olan, şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 28.03.2010-cu il təvəllüdlü X4 və 29.03.2012-ci il təvəllüdlü İsmayılov Həsən Elgün oğlu adında 2 azyaşlı övladı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsi, əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə onu islah etmək mümkündür. Həmçinin məhkəmə, təqsirləndirilən şəxsin 06.05.2021-ci il tarixdən 08.05.2021-ci il tarixədək (02 gün) şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq, təyin ediləcək cəzadan qeyd olunan müddəti çıxmaqla barəsində qəti cəzanın saxlanılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasına ehtiyac yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,132 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 06.05.2021-ci il tarixdən 08.05.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 0,132 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə “metamfetamin” məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-405/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-405/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver