Məhkəmə qərarları › İş №1(006)-405/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-405/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-405/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində metronun “28 May” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sol cibindən dəyəri 600 manat olan bir ədəd “Xiaomi Mi A1” markalı mobil telefonu, həmin telefonun üzərində olan dəyəri 5 manat olan kaburonu və dəyəri 15 manat olan ***-***-**-** saylı GSM nömrəni açıq talayıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 620 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai, eləcə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində xx.xx.2023-cü il tarixdə metronun “28 May” stansiyasına doğru hərəkət edən qatarda olarkən Zərərçəkmiş şəxs şalvarının arxa cibindəki telefonu gizli olaraq götürdüyünü, götürdükdən sonra sonuncunun vaqondan düşməsini gözlədiyini, oğurladığı telefonu əynində olan şalvarın sol qabaq cibinə qoyduğunu, qapıların bağlanması ilə bağlı anons verildikdən sonra vaqondan düşüb platformada hərəkətini davam etdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs ona yaxınlaşdığı zaman telefonu qaytarmaq istəmədiyini, etiraz etdiyini, bu səbəbdən sonuncunun əlini onun cibinə ataraq telefonu götürdüyünü bildirsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində kənardan Zərərçəkmiş şəxs telefonunu axtardığını görüb, ona yaxınlaşaraq telefonu könüllü olaraq sonuncuya qaytardığını bildirmişdir. Eləcə də, Zərərçəkmiş şəxs istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “28 May” stansiyasına doğru hərəkət edən vaqonda olan zaman özünə məxsus 600 manat dəyərində “XİOMİ Mİ Al” markalı mobil telefonu əynində olan şalvarın arxa sol cibindən oğurlanmışdır. Belə ki, metronun “28 May” stansiyasında vaqondan düşdükdən sonra telefonunun cibində olmadığını görmüşdür. Qatarda olarkən telefonunun oğurlandığını hiss etməsə də, həmin vaxt Təqsirləndirilən şəxs başqa bir xanıma qarşı qeyri-etik hərəkətləri onda qıcıq yaratdığından, qatardan düşdükdən sonra onun telefonunu oğurlayan şəxsin qatardakı həmin şəxsin ola biləcəyini düşünməyə əsas vermiş və platformada onu axtarmış, Təqsirləndirilən şəxs platformada dayandığını görüb sonuncuya yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonunu sol əlində tutduğunu, oğurladığı ona məxsus “XİOMİ Mİ Al” markalı mobil telefonunun isə sonuncunun cibində olduğunu görmüş, əlini ataraq həmin telefonu Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən götürmüş və sonra bu barədə platformada xidmət aparan polis əməkdaşına məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş video diskdən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13.50 radələrində metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar metronun “28 May” stansiyasında dayanmış, ilkin olaraq Zərərçəkmiş şəxs qatarı tərk etmiş və vaqondan düşdükdən sonra özünə məxsus “Xioami Mi 1” markalı mobil telefonu bir neçə saniyə ərzində üzərində axtarmış və sonra hərəkət etmiş, bir neçə saniyə sonra Təqsirləndirilən şəxs qatarı tərk etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş digər video diskdən görünür ki, Zərərçəkmiş şəxs metronun “28 May” stansiyasında sonradan Təqsirləndirilən şəxs yaxınlaşaraq onun qolundan tutmuş və sonuncunun əynində olan şalvarın cibindən mobil telefonunu götürmüş, daha sonra platformada xidmət aparan polis əməkdaşını köməyə çağırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarının 2-ci bəndində qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 5-ci bəndinə əsasən, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Hazırkı iş üzrə verilmiş ifadələrdən, eləcə də video görüntülərdən göründüyü kimi Təqsirləndirilən şəxs mobil telefonu gizli olaraq ələ keçirdikdən sonra telefon sahibinin uzaqlaşdığını görüb, sərbəst şəkildə platformada hərəkətdə olmuş, Zərərçəkmiş şəxs isə telefonu talandıqdan dərhal sonra deyil, qatardan düşdükdən və telefonunun üzərində olmadığını aşkar etdikdən bir müddət sonra Təqsirləndirilən şəxs axtarıb tapmış, əlini sonuncunun cibinə ataraq özünə məxsus telefonu ondan götürmüş, Təqsirləndirilən şəxs qolundan tutub ərazidə xidmət aparan polis əməkdaşına müraciət etmişdir. Həmçinin, video görüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cibindən özünə məxsus telefonu götürdükdən sonra, sonuncunun əmlakın ələ keçirilməsinə yönəlmiş davam edən hərəkətləri müşayiət olunmur, yəni Təqsirləndirilən şəxs əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 180.1-ci maddəsinin sanksiyasında isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, soyğunçuluq cinayətini törətməmiş, zərər çəkmiş şəxsin cibindən telefonu gizli olaraq götürməklə oğurluq etmişdir, lakin vəziyyətinin ağırlaşdırılmasını istəmir. Göstərilənlərə əsasən vəsatətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə vəsatəti Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırmasına baxmayaraq, verilmiş vəsatətin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 28 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Yasamal Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 28 iyul 2023-cü il tarixədək müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. 28 avqust 2023-cü il tarixdə ittiham aktı Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev tərəfindən təsdiq edilmiş, 01 sentyabr 2023-cü il tarixdə iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Həmin Məcəllənin 159.2-cu maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması ilə bağlı olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84, 307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni 24 dekabr 2023-cü il tarixinədək uzadılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar