Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-406/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində ünvan 3 ünvanda yerləşən “Cinema Plaza” hotelinin 320 saylı otağında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə nəticəsində sonuncunun üz və baş nahiyələrinə qəsdən yumruq zərbələri ilə vuraraq ona - sol alt göz qapağı və gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, boyun və sol dirsək oynağı nahiyələrinin qançırları, üst dodağın selikli qisasının əzilmiş varası, sağ dirsək və sol diz oynağı nahiyələrinin sıyrıqları kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı ünvan 4 ünvanda yerləşən “Pablo Pub”da aşpaz olaraq işləmiş və orada qonaqları qarşılayan Zərərçəkmiş şəxs ilə ilk öncə dostluq münasibəti yaranmış, daha sonra isə onunla qeyri-rəsmi nikah münasibətdə olub birlikdə yaşamaq qərarına gəlmişdir. O dəfələrlə Zərərçəkmiş şəxs ilə birlikdə restoranlara və digər obyektlərə getmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə keçən gecə təxminən saat 01:40 radələrində işlədikləri “Pablo Pub”dan Zərərçəkmiş şəxs ilə birlikdə çıxıb bir yerdə kinoya baxmağı və “karaoke”də oxumağı təklif etmiş və sonuncu da onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə keçən gecə təxminən saat 02:30 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 934 saylı ünvanda yerləşən “Cinema Plaza” hotelinə getmişdirlər. Orada otaqda əyləşib spirtli içki qəbul edib yemək yedikləri zaman Zərərçəkmiş şəxs onu təhqir etmiş, o da bundan əsəbləşərək yumruqla bir neçə dəfə onun üz və baş nahiyələrinə vurduqdan sonra hadisə yerini tərk etmişdir. Həmin zaman onların yanında başqa heç bir şəxs olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 1 dəqiqə davam etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, hadisə vaxtı ünvan 4 ünvanda yerləşən “Pablo Pub”da qonaq qarşılayan şəxs olaraq işləmiş və orada aşpaz vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə ilk öncə dostluq münasibəti yaranmış, daha sonra isə onunla qeyri-rəsmi nikah münasibətində olub birlikdə yaşamışlar. O dəfələrlə Təqsirləndirilən şəxsla birlikdə restoranlara və digər obyektlərə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01:40 radələrində işlədikləri “Pablo Pub”dan çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona bir yerdə kinoya baxmağı və “karaoke”də oxumağı təklif etmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində Təqsirləndirilən şəxsla birlikdə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 934 saylı ünvanda yerləşən “Cinema Plaza” hotelinə getmiş və orada otaqda əyləşib spirtli içki qəbul edib “karaoke”də oxuduqdan sonra söhbət etdiyi zaman Təqsirləndirilən şəxs onu nə üçün təhqir etdiyini soruşmuş, o da onu təhqir etmədiyini bildirmiş, lakin aralarında mübahisə olmuşdur. Mübahisə zaman Təqsirləndirilən şəxs onun üzərinə gəlib yumruq zərbələri ilə üz və baş nahiyələrinə vurduqda burunundan, sol gözünün alt hissəsindən, dodağından və dişindən xəsarət almışdır. Həmin zaman onların yanında başqa heç bir şəxs olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 1 dəqiqə davam etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli 1179 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol alt göz qapağı və gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, boyun və sol dirsək oynağı nahiyələrinin qançırları, üst dodağın selikli qişasının əzilmiş yarası, sağ dirsək və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ qələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X.Ə.Ələkbərovanın bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i/v 22-23). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 20). Məhkəməyə təqdim edilmiş 19 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən öz hesabına müdafiəçinin məhkəməyə buraxıldığı müddətə qədər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-406/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-406/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver