Məhkəmə qərarları › İş №1(006)-407/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-407/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-407/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 və X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il saat 14:30 tarixində Bakı İnzibati Məhkəməsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında ərizəyə baxılmasına dair inzibati məhkəmə icraatı həyata keçirilmişdir. Cavabdeh qismində Səhiyyə Nazirliyi çıxış etmiş, Səhiyyə Nazirliyini isə həmin qurumun hüquqşünası X9 təmsil etmişdir. İnzibati məhkəmə icraatının məzmunu son dövrlər aktual olan plastik cərrahların sertifikatlarının ləğv edilməsi ilə bağlı olmuşdur. Belə ki, tərəflərindən məhkəməyə müraciət edilmiş və xahiş edilmişdir ki, “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının X3 plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH N° 045184) ləğvi haqqında Qərarın mübahisələndirilməsinə dair” məhkəmə işi yekunlaşana qədər AH N9 045184 Şəhadətnamənin ləğvinə dair Qərarın icrasının dayandırılması haqqında Qərardad qəbul edilsin”. Nəzərinizə çatdırır ki, X6 onun bacısıdır. xx.xx.2025-ci il saat 14:30 tarixində keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən bacısı X6 barəsində böhtan xarakterli ifadələr işlədilmişdir. Belə ki, X10 aqressiv münasibət göstərərək, bacısına sertifikat vermiş şəxs barəsində cinayət işi başlandığından Səkinə Xudiyevanın sertifikatının saxta olması kimi fikirlər səsləndirmişdir. Nəzərinizə çatdırır ki, X6 cəmiyyətdə xeyli nüfuza malik olan cərrahdır. Məhkəmə zalında 10-dan çox şəxs olmuş bacısı Səkinə Xudiyeva ilə bağlı səsləndirilmiş fikirləri həmin şəxslər də eşitmişdir. Bacısı barəsində səsləndirilən fikir ona xeyli təsir göstərmiş, mənəvi sarsıntı yaşatmışdır. Nəzərinizə çatdırır ki, X8 Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin professorudur. Bacısı barəsində səsləndirilən “saxta sertifikat” anlayışı məhkəmə zalında iştirak edən şəxslər yanında onun da nüfuzuna xələl gətirən hal olmuşdur. Belə ki, həmin məhkəmədə çalışan şəxslərin əksəriyyəti onun BDU hüquq fakültəsindən dərs dediyi şəxslər olmuşdur. Bu baxımdan X9 tərəfindən diqqətsiz şəkildə işlədilmiş ifadələr mənəvi sarsıntı yaradan, işgüzar nüfuza xələl gətirən söz və ifadələr olmuşdur. Belə ki, sertifikatı verən şəxs barəsində yekunlaşmamış cinayət işinin olması bacısının sertifikatının saxta olması anlamına gəlmir. Hüquqşünas tərəfindən istifadə edilən həmin ifadə “təqsirsizlik prezumpsiyası”-na tamamilə ziddir. Bundan başqa Humay Qurbanova tərəfindən bildirilmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə Bakı İnzibati Məhkəməsinə çoxlu müraciətlər edilmiş, hamısı da əsassız olması səbəbindən rədd edilmişdir. Həmin fikrin səsləndirilməsi ilə hakimə təsir göstərilməyə çalışılsa da, ümumiyyətlə Səkinə Xudiyevaya qədər həmin ərizə ilə məhkəməyə müraciət şəxs olmamışdır. Belə ifadələr işlətməklə, Səkinə Xudiyevanın diplomunun “saxta” olmasına dair fikir yaradılmağa çalışılmışdır. Belə ki, Səkinə Xudiyevanın sertifikatının “saxta” olmasına dair qarşı tərəf hər hansı sübut təqdim edə bilməmişdir. Sadəcə bacısını sertifikasiyaya buraxan şəxs barəsində cinayət işinin olmasını bildirmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yekunlaşmamış cinayət işi ilə bağlı şəxsə “cinayətkar” kimi yanaşılması Azərbaycan Respublikasının cinayət-cəza siyasətinin məqsədinə uyğun gəlmir. Humay Qurbanova tərəfindən məhkəmə iclasında təqsirsizlik prezumpsiyasına zidd olan və böhtan xarakterli ifadələr işlədilməklə Səkinə Xudiyevanı nüfuzdan salmışdır. Bacısına qarşı böhtan xarakterli ifadələrin işlədilməsi məhkəmə zalında iştirak edən şəxslər qarşısında ona mənəvi cəhətdən təsir edən hal olmuşdur. X1 Səkinə Xudiyeva barəsində çoxlu şikayətlərin olmasını bildirmiş və bu səbəbdən də ərizənin təmin edilməli olmamasını bildirmişdir. Nəzərinizə çatdırır ki, bacısı barəsində “çoxlu şikayətlərin olması”-na dair yalan fikirin səsləndirilməsi onun işgüzar nüfuzuna xələl gətirən hal olmuşdur. Qeyd etdiyi faktları Bakı İnzibati Məhkəməsində xx.xx.2025-cü il tarixində saat 14:30-da keçirilən məhkəmə iclasının audio-video yazısı da təsdiq edəcəkdir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası - böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sairə) başa düşülür. Media və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər teleradio proqramları və kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014- cü il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid oian birinci instansiya məhkəməsinə verilir. Bu baxımdan cinayətin törədilyi yer Bakı İnzibati Məhkəməsi olduğundan şikayət yazılı şəkildə aiddiyəti üzrə Nəsimi Rayon Məhkəməsinə təqdim edilir. Göstərilənləri nəzərə alaraq, X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qanunvericiliyin tələbi ilə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi Müdafiəçi1 bildirmişdir ki, Bakı İnzibati Məhkəməsidə keçirilmiş məhkəmə iclasının videoyazısının əldə edilməsi üçün tərəflərindən sorğu verilmiş lakin hazırki vaxta qədər müsbət cavab alınmamışdır. Həmin videoyazı əldə edildikdən sonra sübut əhəmiyyətli olaraq məhkəməyə təqdim edəcəklər. Məhkəmənin hazırlıq iclasları ardıcıl olaraq 30 may 2025-ci il tarixə, saat 11:00-a, 11 iyun 2025-ci il tarixə, saat 10:30-a təyin edilərək bu barədə tərəflərə lazımi qaydada məlumat veirlməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəmənin hazırlıq iclaslarına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 302.1.8-cü maddəsinin tələbinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçılar şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə edilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin məzmunundan, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən, şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Beləliklə də, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 və X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar