Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-408/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonu, Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyası istiqamətində hərəkətdə olan qatarın “20 Yanvar” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində qoruyucu örtük, 3 (üç) manat dəyərində ekran qoruyucusu və 22 (iyirmi iki) manat dəyərində “Azercell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 500 (beş yüz) manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 530 (beş yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Şəxsi təlabatlarını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə "xxxx" QSC-nin “20 Yanvar” stansiyasına daxil olmuşdur. Həmin metrostansiyanın platformasında dayanıb sərnişinlərə baxmış, platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindəki mobil telefon onun diqqətini cəlb etmişdir. Həmin vaxt qatar platformada dayanmış, Zərərçəkmiş şəxs və digər sərnişinlər qatarın vaqonuna minməyə başlamış, o, onların arxası ilə gedib Zərərçəkmiş şəxs təqib etmişdir. Platformda olan sərnişin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindəki mobil telefonu çıxararaq oğurlamış və bundan sonra vaqona minmədən metronu tərk etmişdir. O, metrodan çıxdıqdan sonra oğurladığı mobil telefonun “Redmi” markalı olduğunu bilsə də, modelini müəyyən edə bilməmişdir. O, telefonun üzərində olan GSM nömrəni, ekran qoruyucusunu və qoruyucu örtüyü çıxarıb atmış, telefonu isə söndürmüşdür. Bir neçə mağazaya telefonu satmaq istəsə də, sənədinin olmaması səbəbindən telefonu ondan satın almamışlar. Sonra həmin telefonu tanımadığı şəxsə oğurluq olduğunu bildirmədən sənədsiz olaraq 60 manat müqabilində satmışdır. 01 avqust 2023-cü il tarixdə metronun “20 Yanvar” stansiyasında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra isə onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına 23 iyun 2023-cü il tarixdə metronun “20 Yanvar” stansiyasında telefon oğurladığını və həmin telefonu satdığını etiraf etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşiman olduğunu, hadisəni törədən vaxt içkili olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 05 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilmədiyini, tələbə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Cinayət axtarış bölməsinin kiçik inspektoru Şahid ifadəsində göstərmişdir ki, o, Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi Hüseyn Məmmədov tərəfindən verilmiş tapşırığa əsasən, naməlum şəxs və ya şəxslər tərəfindən 23 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində "xxxx" QSC-nin “Elmlər Akademiyası” stansiyası istiqamətində harəkətdə olan qatarın “20 Yanvar” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən vətəndaş Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ yan cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd “Redmi Note 9” markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kaburosunu, dəyəri 3 manat olan ekran qoruyucusunu və dəyəri 22 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 530 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edilmişdir. 01 avqust 2023-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxsi, yəni Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının girişində müəyyən etmiş və Təqsirləndirilən şəxs həmin oğurluq cinayətini törətməsini etiraf etmişdir. O, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinə gətirmiş və raportla aidiyyəti üzrə təhvil vermişdir. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 23 iyun 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs metroda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqona minməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə arxadan yaxınlaşaraq vaqona onunla birlikdə minməsi və qatarın qapılarının bağlanmamışdan əvvəl düşərək əlindəki mobil telefonunu cibinə qoyması və oradan uzaqlaşması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olduğunu qeyd etmişdir. (i/v 52). İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin, yəni "xxxx" QSC-nin “20 Yanvar” metrostansiyasının platformasında quraşdırılmış müşahidə kamerasından götürülmüş video görüntü sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. (i/v 84-88). İş materiallarında olan “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(004)-557/2023 saylı qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 27, 58-62). İş materiallarında olan 23 iyun 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının platformasında Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində qoruyucu örtük, 3 (üç) manat dəyərində ekran qoruyucusu və 22 (iyirmi iki) manat dəyərində “Azercell” şəbəkəsində istifadə olunan ***- ***-**-** saylı mobil nömrə olan 500 (beş yüz) manat dəyərində “Redmi Note 9” markalı mobil telefonun oğurlanması müəyyən edilmişdir. (i/v 7-10). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 1(007)-203/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 iyul 2021 ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il 06 aya endirilmiş, 23 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 75, 77-83). Zərərçəkmiş şəxs tərəfindən 05 oktyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Tələbə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-408/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-408/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-408/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver