Məhkəmə qərarları › İş №1(006)-408/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-408/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-408/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1992-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 4000 ABŞ dolları pul müqabilində övladı X3 Federativ Respublikasında təhsil almağa göndərəcəyi, 500 manat pul müqabilində isə bacısı Aidə Haşımovanın övladının 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup əlillik dərəcəsinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin avqust ayında ünvan 1 ünvanda yerləşən “Nikola Tesla” parkında Afət Haşımovadan 3500 manat, 2024-cü ilin sentyabr ayının əvvəllərində qeyd olunan ünvanda 500 manat, 2024-cü ilin sentyabr ayının ortalarında isə qeyd olunan ünvanda 500 manat və həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları pulları alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 4670 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin yay aylarında tanış olmuşdur. Belə ki, həmin vaxt Bakı şəhərində gecələmək üçün yeri yox imiş və “28 May” metrostansiyasının yaxınlığında elanda gecəsi 6 manata hostel olduğunu görmüşdür. Elanda qeyd olunan telefon nömrə ilə əlaqə saxlayıb həmin yerdə gecələmək istədiyini bildirmişdir. Hosteli işlədən qadın məhz Zərərçəkmiş şəxs idi. Təxminən 1 ay müddətində həmin hosteldə yaşamış və buna görə hər gün vaxtında ödənişlərini etmişdir. Həmin müddətdə Afət xanım ona güvənməyə başlamış və sonradan hosteldə bəzi işləri ona tapşırmışdır. Belə ki, Afət xanım axşam saatlarında müştəriləri qəbul etmək, eləcə də ertəsi gün onları yola salmaq və hostelin otaqlarına nəzarət etmək işlərini ona tapşırmışdır. Afət xanımla söhbət edən zaman övladı Arzuman İsmayılovu təhsil almaq üçün Türkiyə və ya Kanadaya göndərmək istədiyini bildirmişdir. O, yalandan Afətə bu sahədə geniş əlaqələrinin olduğunu, həmin əlaqələr vasitəsilə bu işi qısa müddət ərzində asanlıqla həll edə biləcəyini bildirmişdir. Afət ondan bu işlə maraqlanıb ona cavab deməyini bildirmişdir. Bir neçə gün sonra Afətə 8.000 ABŞ dolları qarşılığında övladının Kanadaya təhsil almağa göndərə biləcəyini bildirmişdir. Afət 8.000 ABŞ dolları pulunun olmadığını bildirmiş və o yalandan bu işi daha ucuz qiymətə həll edə biləcəyini, bunun üçün 4.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Afət övladının Ukraynada olduğunu, qayıtdıqdan sonra övladı ilə söhbət edəcəyini, əgər övladı razılıq verəcəksə ödəniş edəcəyini bildirmişdir. Bir müddət sonra, Afət təhsillə bağlı övladı Arzumanla söhbət etdiyini, Arzumanın razı olduğunu və yaxın günlərdə pulu verəcəyini bildirmişdir. 2024-cü ilin avqust ayında Afətlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Afət ona 3500 manat nağd pul və övladı Arzumana aid sənədlərin surətini vermiş və bildirmişdir ki, imkanı 3500 manata çatır. O həm pulu, həm də sənədlərin surətini götürüb yalandan demişdir ki, bu işin həll edilməsi prossesinə başlayır, ancaq gələcəkdə müəyyən xırda xərclər olacaqdır ki, onları da gərək ödəyəsən. Afət həmin pulun miqdarı barədə soruşduqda 3500 manatdan əlavə təxminən 600-700 manat əlavə pul lazım olacağını bildirmişdir. Pulu götürdükdən sonra Arzumanın təhsili ilə əlaqədar heç bir iş görmədən 3500 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Afət bir neçə dəfə bu işlə maraqlandıqda yalandan pulu və sənədləri işi həll edən şəxsə verdiyini, hər şeyn qaydasında olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində ona pul lazım olduğu üçün Afətə Kanadaya viza məsələsinin həlli üçün 300 ABŞ dolları pulun lazım olduğunu bildirmişdir. Afət razılaşmış və 2024-cü ilin sentyabr ayının əvvəllərində Afətlə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Afət ona 500 manat pul vermişdir. O həmin pulu götürüb yalandan viza üçün verəcəyini desə də 500 manat pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında ona pul lazım olduğu üçün Afətlə əlaqə saxlayıb övladı Arzumanın işinin həll olunmaq üzrə olduğunu, Arzumanın hərbi biletinin təsdiq edilməsi üçün 100 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Afət razılaşmış və ondan bacısı Aidə Haşımovanın övladının 3-cü qrup əlillikdən 2-ci qrup əlilliyə keçirmək üçün tanış adam axtardıqlarını, belə bir tanışımın olub-olmadığını soruşduqda, yalandan demişdir ki, belə tanışı var. Daha sonra yenidən Afətlə əlaqə saxlayıb yalandan həmin şəxslə danışdığını, bu işin həll edilməsi üçün 500 manat pul lazım olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Afətlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Afət ona 500 manat və 100 ABŞ dolları pul vermişdir. O pulu götürüb yalandan işlərin həlli üçün verəcəyini desə də həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, o Afətin hostelindən köçmüş və telefon nömrəsini dəyişmişdir ki, Afət onu tapa bilməsin. Hal-hazırda törətdiyi əməlini səmimi olaraq etiraf edərək peşman olmasını, dəymiş ziyandan 950 manatını qaytardığını, xəstə olduğu üçün pulu tam qaytara bilmədiyini, gələcəkdə hissə-hissə qaytaracağına söz verərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin yay aylarında tanış olmuşdur. Belə ki, həmin vaxt ünvan 2 ünvanında yerləşən mənzilini Elnura kirayə vermişdir. Bir müddət sonra Elnur onun etibarını qazanmış və sonradan hosteldə bəzi işləri Elnura tapşırmışdır. Elnur söhbət vaxtı özünü ona təhsil sahəsində geniş əlaqələri olan şəxs kimi təqdim etmiş və bir çox tələbələri müxtəlif xarici ölkələrə təhsil almağa göndərdiyini bildirmişdir. O Elnura övladı Arzuman İsmayılovu təhsil almaq üçün Türkiyə və ya Kanadaya göndərmək istədiyini bildirmişdir. Bir neçə gün sonra Elnur ona 8.000 ABŞ dolları qarşılığında Arzumanı Kanadaya təhsil almağa göndərə biləcəyini bildirmişdir. Afət 8.000 ABŞ dolları pulunun olmadığını, Arzumanın Ukraynada olduğunu, qayıtdıqdan sonra Arzumanla söhbət edəcəyini, əgər övladı razılıq verəcəksə ödəniş edəcəyini bildirmişdir. Elnur sonradan bu işi 4000 ABŞ dollarına həll edəcəyini bildirmişdir. O bir müddət sonra Arzumanla danışmış və Arzuman onunla razılaşmışdır. 2024-cü ilin avqust ayında Elnurla Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Elnura 3500 manat nağd pul və övladı Arzumana aid sənədlərin surətini vermiş və bildirmişdir ki, imkanı 3500 manata çatır. Elnur pulu və sənədlərin surətini götürüb demişdir ki, bu işin həll edilməsi prossesinə başlayır, ancaq gələcəkdə müəyyən xırda xərclər olacaqdır ki, onların da ödənilməsi lazımdır, o da Elnurla razılaşmışdır. Bir müddət sonra Elnurdan bu işlə maraqlandıqda Elnur işlərin qaydasında olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində Elnur ona Arzumanın Kanadaya viza məsələsinin həlli üçün 300 ABŞ dolları pulun lazım olduğunu bildirmişdir. O razılaşmış və 2024-cü ilin sentyabr ayının əvvəllərində Elnurla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ‘'Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Elnura 500 manat pul vermişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Elnur onunla əlaqə saxlayıb Arzumanın işinin həll olunmaq üzrə olduğunu, Arzumanın hərbi biletinin təsdiq edilməsi üçün 100 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O razılaşmış və bundan başqa, bacısı Aidə Haşımovanın övladının 3-cü qrup əlillikdən 2-ci qrup əlilliyə keçirmək üçün tanış adam axtardığını, belə bir tanışının olub-olmadığını Elnurdan soruşduqda, Elnur dərhal demişdir ki, belə tanışı var. Təxminən 1 saat sonra Elnur onunla əlaqə saxlayıb yalandan həmin şəxslə danışdığını, bu işin həll edilməsi üçün 500 manat pul lazım olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Elnurla “Nikola Tesla parkı”nda görüşmüşlər. Orada Elnura 500 manat və 100 ABŞ dolları pul vermişdir. Elnur yaxın zamanlarda hər iki işin həll ediləcəyini bildirmişdir. Bir müddət sonra o Elnurla telefon əlaqəsi saxlamaq istəsə də, Elnura zəng çatmamışdır. O dəfələrlə cəhd etsə də Elnurla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o başa düşmüşdür ki, Elnur onu aldadıb və bu barədə polisə şikayət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 4500 manat və 100 ABŞ dolları ziyan dəymişdir. Elnura verdiyi 4500 manat və 100 ABŞ dolları pul ona məxsusdur. Hətta bacısının əlillik qrupunun dəyişdirilməsi məsələsi üçün verdiyi 500 manat pul da ona məxsus olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan qismən, yəni 910 manat ödəniş edildiyini və bu səbəbdən də ondan şikayətçi olduğunu bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. İş materiallarında olan 14 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Həmidov tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə görüşərək pul aldığı yer ünvan 3 ünvanında yerləşən "Nikola Tesla” parkıdır (i/v 5-8). İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 39). İş materiallarında olan 07 yanvar 2025-ci il tarixli “Qətimkan tədbirinin şərtlərinin pozulmasına görə təqsirləndirilən şəxsin tutulması və axtarışa elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i/v 64). İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılmışdır (i/v 65). İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:20-də saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə gətirilmişdir (i/v 69). İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i/v 71). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 66-67). İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 61). İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 81). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla 8 (səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-408/2025 saylı, 14 may 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 14 may 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 21 iş saatı üçün 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar