Məhkəmə qərarları › İş №1(006)-41/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-41/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-41/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru X5, Müdafiəçi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 12,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 1,023 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin heroini yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, narkotik vasitə qurudulmuş marixuananı 08 ədəd bükümə və 02 ədəd kibrit qutusuna qablaşdırılmaqla 02 ədəd bükümü və 02 ədəd kibrit qutusunu idarə etdiyi “Mercedes” markalı, Az seriyalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə qalan 06 ədəd bükümü isə üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə saat 20:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 01 iyun 2021-ci il tarixdə saat 21:50-də keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 06 ədəd bükümdə ayrılıqda çəkiləri 1,170 qram, 1,225 qram, 1,125 qram, 1,160 qram, 1,172 qram və 1,169 qram olmaqla ümumilikdə 7,021 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 2 iyun 2021-ci il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanında keçirilən axtarış və götürmə zamanı oradan satış məqsədi ilə əldə edib daşımaqla saxladığı 1,023 qram çəkidə narkotik vasitə heroin və iki ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. 3 iyun 2021-ci il tarixdə, saat 11:15-də Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə ifadəsinin yerində yoxlanılması zamanı idarə etdiyi “Mercedes” markalı, Az seriyalı **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağının arxa hissəsində yerləşən saxlanc yerindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 02 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,515 qram və 1,003 qram və 02 ədəd bükümdə ayrılıqda çəkiləri 0,153 qram və 0,388 qram olmaqla ümumilikdə 5,059 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər cinayət törətdiyinə görə məhkum edilmişdir. O, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş qurudulmuş marixuananı da, evindən və avtomobilindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana və heroini də şəxsi istifadəsi üçün 2021-ci ilin may ayında Hökməli qəsəbəsinə taksi kimi sərnişin aparan zaman həmin sərnişindən 70 manata almışdır. 01 iyun 2021-ci il tarixdə dostu Xalid Əliməmmədov ona zəng edərək avtomobilin kondisioneri xarab olduğu üçün ehtiyat hissəsi almaq məqsədilə “Elite” ticarət mərkəzinə getməyi təklif etmişdir. O da Xalidə etiraz etməyərək onunla birlikdə “Elite” ticarət mərkəzinə getmiş və avtomobilin ehtiyat hissəsini aldıqdan sonra sexə geri qayıtmışlar. Bir qədər keçdikdən sonra isə Xalid ona marixuana çəkməyi təklif etmiş, o da Xalidlə razılaşmışdır. Lakin çox keçmədən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq baş idarəyə aparmışlar. İdarədə şəxsi axtarış zamanı onlar könüllü olaraq üzərilərində olan narkotik vasitələri təqdim etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən Şabranda yerləşən yaşadığı evdə axtarış aparılmış və oradan da bir büküm heroin və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı müştəri həmin tərəzini onun avtomobilində yadından çıxararaq qoyub getmişdir. O da həmin tərəzəni sonradan sahibi tələb edən zaman ona geri qaytarmaq məqəsdilə evinə apararaq orada saxlamışdır. Evdən aşkar edilmiş heroin isə ona məxsus olmuş və həmin heroindən də az miqdarda istifadə etmişdir. Daha sonra idarə etdiyi avtomobildə də axtarış aparılmış və iki kibrit qutusu marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 01 iyun 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 01.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən 6 büküm marixuana aşkar olunmuşdur. Daha sonra 02.06.2021-ci il və 03.06.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs Şabran şəhərində yaşadığı evdə və ona məxsus avtomobildə axtarış aparılmışdır. Evdən narkotik vasitə olan heroin və elektron tərəzi, avtomobildən isə 2 qutu marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat onun narkotik vasitələrdən həm istifadə etməsi, həm də satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında olan Xalid adlı şəxsin üzərindən də narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonundan tanıyır. O, şəxsi işləri ilə əlaqədar 01.06.2021-ci il tarixdə Bakıya gəlmişdir. Avtomobilinin kondisionerini düzəltdirmək üçün ustaya aparmış, usta da ondan kompressor almasını istəmişdir. Saleh taksi fəaliyyəti ilə məşğul olduğu üçün Salehə zəng edərək Çermet adlanan yerdə olduğunu və ora gəlməsini bildirmişdir. Saleh onun yanına gəlmiş və onlar birlikdə “Elite” ticarət mərkəzinin yaxınlığına getmiş, orada işlərini həll etdikdən sonra birlikdə ünvan 3 ünvanın yaxınlığına getmiş, orada o, üzərində olan marixuananı birlikdə çəkməyi Salehə təklif etmiş, Saleh də etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. Bir neçə dəqiqə sonra isə mülki geyimdə olan iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları idarəyə aparmışlar. İdarədə üzərində axtarış aparılan zaman onun üzərindən bir büküm marixuana çıxmışdır. Salehin üzərindən, avtomobilindən və evindən nə çıxdığını isə görməmiş, lakin sonradan bu barədə əməliyyat müvəkkilərindən eşitmişdir. Salehin narkotik vasitə satması ilə bağlı heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 01.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 37); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.06.2021-ci il tarixli, 7/512 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X3 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi-7.564 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabos) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...06 büküm...” yazısı və imzalar olan kağız paketdəki 06 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,170 qram; 1,225 qram; 1,125 qram; 1,160 qram; 1,172 qram; 1,169 qram, ümumi çəkisi-7,021 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X3 üzərindən götürülmüş marixuana, Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalardan fərqlənir. Qeyd: marixuananın təmiz çəkisi 7,564 qram, ümumi çəkisi - 7,021 qram, tədqiqata istifadə olundu - 0,14 qram, qalıq-7,544 qram; 6,901 qram. Aparılmış tədqiqatın dəyəri: 78,82 manat (cild 1, i/v 62-65); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli, 6/2240 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” yazısı və imzalar olan 02 (iki) ədəd paketdəki, 1 (bir) ədəd şəffaf polietilen bükümdəki təmiz çəkisi 1,023 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Bir ədəd üzərində “Manlloro” arxasında isə “100g x 0,01 g” yazısı olan və bir ədəd arxasında “Constant” yazısı olan elektron tərəzilərin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: heroinin təmiz çəkisi: 1,023 qr, tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,973 qr. Aparılmış tədqiqatın dəyəri: 114 manat (cild 1, i/v 235-239); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2021-ci il tarixli, 7/522 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1) 3,515 qram, 2) 1,003 qram və 2 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 3) 0,153 qram, 4) 0,388 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,059 qramdır." Qeyd: Marixuananın ümumi çəkisi - 5,059 qram, cəmi tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 4,979 qramdır. Aparılmış tədqiqatın dəyəri: 89 manat (cild 1, i/v 241-243); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 06.09.2021-ci il tarixli, 3285 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 24- 25); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-269/18 saylı, 09.03.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-269/18 saylı, 09.03.2018-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, 221-234); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 4(005)- 556/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 01.06.2021-ci il tarixdən hesablanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 4(005)-936/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01.12.2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 189-191, cild 2, i/v 26-30); - “Sübutların qiymətləndirilməsi haqqında” 22.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması, yaşadığı mənzildə axtarış və götürmə aparılması, ifadənin yerində yoxlanılması və götürmə aparılması istintaq hərəkətlərinin keçirilməsinin videogörüntülərinin əks olunduğu 3 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,901 qram olan narkotik vasitə marixuana, sonuncunun yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,973 qram olan narkotik vasitə heroin və iki ədəd elektron tərəzi, istifadəsində olan avtomobildən götürülmüş qalıq çəkisi 4,979 qram olan narkotik vasitə marixuana maddi sübut qismində tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 2, i/v 34-61); - Şabran şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 2, i/v 32). - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədəninində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən kağız bükümləri çıxarıb masanın üstünə qoyur, bükümlərin içərisindəki maddələrin “marixuana” adlı narkotik vasitə olduğunu və onu çəkmək üçün istehlak etdiyini bildirmişdir. Bükümlər sayılmış və 06 ədəd olmaqla hər biri ayrı-ayrılıqda açılaraq içindəki maddələrin yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli, narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum olmuşdur. - Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yataq otağında keçirilən axtarış zamanı onun yatağında döşəyinin altından bir ədəd sellefon büküm və bir ədəd elektron tərəzi aşkar edilmiş, bükümü keçirilən baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar maddə olması, tərəziyə keçirilən baxış zamanı isə üzərində “Manllora”, arxasında isə “100g x 0,01 g” sözlərinin yazıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, elektron tərəzini isə taksi fəaliyyəti ilə məşğul olarkən müştərilərdən birinin onun avtomobilində unutduğunu bildirmişdir. Daha sonra mənzildə axtarış davam etdirilmişdir. İkinci mərtəbədə yerləşən yataq otağında keçirilən axtarış zamanı otaqda yerləşən qab şkafından bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin uzun müddətdir yaşadığı evdə olduğunu, nasaz olduğu üçün istifadə etmədiklərini bildirmişdir. - Məhkəmə iclasında Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və arxa sağ qapını açaraq qabaq sağ oturacağın arxa sağ hissəsində yerləşən saxlanc yerindən iki ədəd kibrit qutusunu və iki ədəd bükümü təqdim etmişdir. İki ədəd kibrit qutusuna və iki ədəd bükümə baxış keçirilən zaman hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixatrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01.06.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 242 (iki yüz qırx iki) manat 41 (qırx bir) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması, yaşadığı mənzildə axtarış və götürmə aparılması, ifadənin yerinədə yoxlanılması və götürmə aparılması istintaq hərəkətlərinin keçirilməsinin videogörüntülərinin əks olunduğu 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,901 qram olan narkotik vasitə marixuana, sonuncunun yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,973 qram olan narkotik vasitə heroin və iki ədəd elektron tərəzi, istifadəsində olan avtomobildən götürülmüş qalıq çəkisi 4,979 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01.06.2021-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 242 (iki yüz qırx iki) manat 41 (qırx bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması, yaşadığı mənzildə axtarış və götürmə aparılması, ifadənin yerinədə yoxlanılması və götürmə aparılması istintaq hərəkətlərinin keçirilməsinin videogörüntülərinin əks olunduğu 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,901 qram olan narkotik vasitə marixuana, sonuncunun yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,973 qram olan narkotik vasitə heroin və iki ədəd elektron tərəzi, istifadəsində olan avtomobildən götürülmüş qalıq çəkisi 4,979 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar