Məhkəmə qərarları › İş №1(006)-410/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-410/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-410/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Ağsu rayonu, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, 31 mart 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsinin yaxınlığında yerləşən kafedə səmimi ünsiyyət əsnasında tanış olduğu Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edərkən masanın üzərində sonuncuya məxsus içərisində “İPhone 15 Pro Max” markalı mobil telefon olan sellofan paketi görüb özgənin əmlakını ələ keçirmək məqsədilə həmin gün saat 17 radələrındə Zərərçəkmiş şəxsla birlikdə kafedən qalxıb ünvan 2 ünvanın qarşısı ilə piyada gedərkən orada sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib müqavimətini qırmaq üçün üz nahiyəsindən yumruq zərbəsi vurmaqla ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirib gödəkçəsinin cibindən içərisində qutusu ilə birlikdə 2100 manat dəyərində “İPhone 15 Pro Max” markalı mobil telefon olan sellofan torbanı götürərək özgənin əmlakını açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs 2100 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verən günə kimi tanımamış, onunla aralarında heç bir şəxsi ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən “Qəbələ” adlı kafedə pivə içən zaman həmin kafedə yan masada əyləşmiş adı ona sonradan məlum olan Fuad adlı şəxs onu öz masasına dəvət etmiş, o da təklifi qəbul edərək Fuadın masasına əyləşmişdir. Masada əyləşən zaman stolun üzərində ağ rəngli sellofan paket olduğunu görmüşdür. Bir qədər də kafedə vaxt keçirdikdən sonra təxminən saat 17 radələrində Fuad evə getməli olduğunu bildirmiş və stolun üzərində olan sellofan paketi əynində olan gödəkçənin cibinə qoyaraq kafenin ödənişini etmişdir. Hər ikisi birlikdə kafedən çıxaraq “Şamaxinka” adlanan əraziyə tərəf getməyə başlamışdır. Şamaxinka adlanan ərazidə olan zaman Fuadın artıq özünü idarə edə bilmədiyini görmüş və sonuncunun sərxoş vəziyyətdə olduğuna görə sonradan baş verənləri xatırlaya bilməyəcəyini düşünmüşdür. Buna görə də, həmin gün saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Şamaxinka” adlanan ərazidə olan zaman qəflətən Fuadın cibindən sellofan paketi götürərək oradan qaçıb uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşdıqdan sonra sellofan paketin içərisində “İphone 15 Pro Max” markalı mobil telefon olduğunu görmüş və yaşadığı ünvan 3 ünvanına getmişdir. O səhəri gün sərxoş vəziyyətdə etdiyi hərəkətə görə peşman olmuş və mobil telefonu sahibinə qaytarmağı qərar vermişdir. Bu məqsədlə bacısı Şahid mobil telefonu 20 Yanvar metrostansiyasının yaxınlığından tapdığını və 19-cu Polis Şöbəsinə təhvil verilməli olduğunu, özünün isə polis şöbəsinə getməyə çəkindiyini bildirmişdir. Şahid mobil telefonu da özü ilə götürərək xx.xx.2024-cü il tarixdə 19-cu Polis Şöbəsinə getmiş və mobil telefonu təhvil vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu 19-cu Polis Şöbəsinə dəvət etmişdirlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə 19-cu Polis Şöbəsinə getmişdir. İfadəsinin sonunda hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirmədiyini və əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən günə kimi tanımamış, onunla aralarında heç bir şəxsi ədavətləri və düşmənçilikləri olmamışdır. X2, universitetə qəbul olunmağı münasibəti ilə mobil telefon almaq üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasına yaxınlaşmış və 18 aylıq faizsiz kredit ilə “İphone 15 Pro Max” markalı mobil telefon almışdır. Həmin mobil telefonu mağazada, üzərində “Kontakt Home” yazıları olan ağ rəngli sellofan torbaya qoyaraq ona təqdim etmişdirlər. Həmin sellofan torbanı əynində olan gödəkçənin cibinə qoyaraq mağazadan çıxmışdır. Daha sonra spirtli içki qəbul etməyə qərar vermişdir. Bu məqsəd ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən “Qəbələ” adlı kafeyə daxil olmuşdur. Təxminən saat 15 radələrində “Qəbələ" adlı kafedə spirtli içki qəbul edən zaman adı ona sonradan məlum olan Tərlan adlı şəxs kafeyə daxil olaraq əyləşdiyi masaya yaxınlaşıb onunla birlikdə əyləşmək istədiyini bildirmişdir. Həmin vaxt spirtli içkinin təsiri altında olduğundan onun masaya əyləşməsinə etiraz etməmişdir. Təxminən 5-10 dəqiqə sonra artıq aralarında isti münasibət yaranmağa başlamışdır və adının Tərlan olduğunu bildirmişdir. “Qəbələ” adlı kafedə 1 saat da pivə içdikdən sonra Tərlan, yaxınlıqda pivə məzələri yaxşı olan kafe tanıdığını bildirmiş və həmin kafedə pivə içməyi davam etdirməyi təklif etmişdir. Tərlanın təklifini qəbul etmiş, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən, adını xatırlamadığı kafeyə daxil olaraq orada da pivə içməyə davam etmişdirlər. Təxminən saat 17 radələrində Tərlan ilə sağollaşaraq evə getməyə qərar vermişdir və bu barədə Tərlana məlumat vermişdir. Kafenin ödənişini etmiş və kafedən çıxaraq “Şamaxinka” adlanan əraziyə doğru yola düşmüşdürlər. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Şamaxinka” adlanan ərazidə taksi gözləyən zaman Tərlan ona “Cibindəki nədi ki, yaman bərk tutmusan” demişdir. Cavabında “sənə nə aidiyyəti var” demişdir. Bu zaman Tərlan əlini uzadaraq gödəkçəsinin cibində olan mobil telefonu götürməyə cəhd etmişdir. İlkin olaraq Tərlana mane olmağa çalışmışdır. Tərlan qəflətən yumruq ilə onun sağ gözaltı nahiyyəsindən zərbə endirmiş və o, sağ gözaltı nahiyyəsindən xəsarət almışdır. Zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış və huşunu itirmişdir. Özünə gəldikdən sonra ayağa qalxmış və gödəkçəsinin cibinə qoyduğu ona məxsus olan “İphone 15 Pro Max” markalı, **********65998 və **********7552 İMEİ kodlu mobil telefonun olmadığını aşkar etdmişdir. Ona məlum olmuşdur ki, həmin mobil telefon Tərlan tərəfindən götürülmüşdür. Ətraf ərazilərdə bir qədər Tərlanı axtarmağa başlamış, buna baxmayaraq Tərlanı tapa bilməmişdir. Dərhal mobil telefonu aldığı mağazaya yaxınlaşmış və baş verən hadisə barədə onlara məlumat vermişdir. Mağazadan ona mobil telefonun İMEİ kodu təqdim edilmişdir. Həmin gün bazar günü olduğundan polisin işləmədiyini fikirləşmiş və atası Raqif Ramazanov əməliyyat olunmalı olduğundan Şəki rayonuna getmişdir. Şəki rayonunda olan zaman ailə üzvlərinə baş verən hadisə barədə məlumat vermişdir. Evdə ona izah edilmişdir ki, təcili polisə məlumat vermək lazımdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şəki rayonu Oxut kəndində olan zaman DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək, baş verən hadisə barədə məlumat vermişdir. Səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-yə gedərək ərizə yazıb rəsmi olaraq şikayətini bildirmişdir. Daha sonra isə sağ gözaltı nahiyyəsindən aldığı xəsarətin dərəcəsinin müəyyən edilməli olduğundan Məhkəmə-Tibbi Ekspertizadan keçməli olduğu barədə polis əməkdaşı tərəfindən ona məlumat verilmişdir. O, xx.xx.2024-cü il tarixdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yaxınlaşmış və Məhkəmə- Tibbi Ekspertizadan keçmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 14-15 radələrində yaşadığı evə gəlmiş və onu evin həyətyanı sahəsinə çağırmışdır. Evin həyətyanı sahəsində olan zaman Tərlan əlindəki telefon qutusunu göstərərək 20 Yanvar metrostansiyasının yaxınlığından tapdığını, mobil telefonun 19-cu Polis Şöbəsinə təhvil verilməli olduğunu, polis şöbəsinə getməyə qorxduğunu bildirmiş və ondan telefonu 19-cu Polis Şöbəsinə təhvil verməyini xahiş etmişdir. Tərlan ilə razılaşmış və elə həmin gün mobil telefonu 19-cu Polis Şöbəsinə apararaq təhvil vermişdir. Lakin onun mobil telefonun cinayət yolu ilə əldə edildiyndən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona həmin vaxt mobil telefonun cinayət yolu ilə əldə edilməsinə və hər hansı şəxsə xəsarət yetirməsinə dair məlumat verməmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır (i/v 15-17). İş materiallarında olan “Video görüntülərə baxış keçirilməsi barədə” 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, qeydə alınmış video görüntülərə baxış zamanı xx.xx.2024cü il tarixdə saat təxminən 15:30 radələrində sözügedən kafeyə Fuadın gəlməsi, daha sonra adını bilmədiyi şəxsin gələrək onunla bir masada əyləşərək yemək yediyi qeydə alınmış, görüntülərə baxan zaman ağ sellofana bükülü olan telefonun Fuadın gödəkçəsinin sağ cibində olduğu müəyyən olunmuş, hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına baxan zaman naməlum şəxsin əlində ağ sellofanda olan telefon ilə hadisə yerindən qaçaraq uzaqlaşması qeydə alınmışdır (i/v 19). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı “Video görüntülərə baxış keçirilməsi barədə” 02 aprel 2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, təqdim edilmiş mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01 ədəd mobil telefon “İphone” markalı A3106 (15 Pro Max) model, 256 GB yaddaş tutumlu, **********65998 İMEİ kodlu, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı mobil telefondur (i/v 9). İş materiallarında olan 02 may 2024-cü il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs keçirilən istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (i/v 102-104). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 02 may 2024-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmışdır (i/v 57-58, 115-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 13 aprel 2024-cü il tarixli, 391 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sağ gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (i/v 21-22). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “İphone 15 Pro Max” markalı, **********65998 və **********75527 İMEİ kodlu mobil telefon müəyyən edilmiş və Zərərçəkmiş şəxs tanınma üçün təqdim edilmişdir. Həmin mobil telefon Zərərçəkmiş şəxs tanınmaya təqdim olunması üçün 3 (üç) ədəd digər oxşar mobil telefonlar arasında yerləşdirilmişdir. Həmin mobil telefonlar stol üzərinə qoyulmuş və şərti “2, 3, 4” rəqəmləri ilə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən mobil telefon isə şərti olaraq “1” rəqəmi ilə işarələnmişdir. Sonra mobil telefonlar tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs ona təqdim olunan mobil telefonları nəzərdən keçirib, mobil telefonların İMEİ kodlarını yoxladıqdan sonra “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş mobil telefonlar arasında 1-ci yerdə olan mobil telefonun ona məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs mobil telefonu rəngindən və İMEİ kodunu yoxlamaqla tanıdığını bildirmişdir (i/v 126-128). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 9/3599 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone” markalı A3106 (15 Pro Max) model, mobil telefonun (qutusu ilə birlikdə) satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, yuxarıda qeyd edilən xüsusatları və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə yəni 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 2100 manat müəyyən edilir. (i/v 151-153). İş materiallarında olan “DVD diskə baxış keçirilməsi barədə” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis leytenantı Vüqar Sultanov tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanının qarşında hadisə yerinə baxış keçirilən zaman həmin ünvanda yerləşən bir neçə videomüşahidə kamerasında hadisənin əks olunduğu videogörüntülərin olduğu müəyyən edilmiş və sonuncu tərəfindən videogörüntülər DVD diskə yazılmış, DVD disk “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmişdir. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, 1 (bir) ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində “Verbaitm CD-R, 700 MB, 56 X, 80” yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin MSY-də istintaq otağında «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edilmişdir ki, DVD diskdə “WhatsApp Video 2024-04-03 at 17.32.18", “WhatsApp Video 2024-04-03 at 17.32.24", “WhatsApp Video 2024-04-03 at 17.32.29”, “WhatsApp Video 2024-04-03 at 17.32.33”, "WhatsApp Video 2024-04-03 at 17.32.40". "WhatsApp Video 2024-04-03 at 17.33.13”, "WhatsApp Video 2024-04-03 at 17.33.31", ‘WhatsApp Video 2024-04-03 at 17.33.46”, adlı 08 ədəd videogörüntü vardır. - "WhatsApp Video 2024-04-03 at 17.32.18" adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 18 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin küçə ilə hərəkət etdiyi aşkar şəkildə görsənir. - "WhatsApp Video 2024-04-03 at 17.32.24" adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 13 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin əlində ağ rəngli sellofan paket ilə küçədə hərəkət etdiyi aşkar şəkildə görsənir. - ‘WhatsApp Video 2024-04-03 at 17.32.29” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 07 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin əlində ağ rəngli sellofan paket ilə küçədə qaçdığı aşkar şəkildə görsənir. - “WhatsApp Video 2024-04-03 at 17.32.33”, adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 08 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin, boz rəngli şalvar ilə qara rəngli gödəkçə geyinmiş şəxsin pilləkanlardan endikləri və sonuncunun cibində ağ rəngli sellofan paketin olduğu aşkar şəkildə görsənir. - "WhatsApp Video 2024-04-03 at 17.32.40” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki. video görüntü 12 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar geyinmiş və əlində qara rəngli gödəkçə olan şəxsin, boz rəngli şalvar ilə qara rəngli gödəkçə geyinmiş şəxsin pilləkanlardan endikləri və sonuncunun cibində ağ rəngli sellofan paketin olduğu aşkar şəkildə görsənir. - "WhatsApp Video 2024-04-03 at 17.33.13” adlı, video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 28 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin, boz rəngli şalvar ilə qara rəngli gödəkçə geyinmiş şəxsin kafedə ayaq üstə dayandıqları və daha sonra kafeni tərk etdikləri aşkar şəkildə görsənir. - "WhatsApp Video 2024-04-03 at 17.33.31” adlı, video görüntüyə baxış zamanı müəyyən edildi ki. video görüntü 24 saniyə davam edir. Həmin video görüntüdə göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin, boz rəngli şalvar ilə qara rəngli gödəkçə geyinmiş şəxsin kafedə ayaq üstə dayandıqları və daha sonra kafeni tərk etdikləri aşkar şəkildə görsənir. - "WhatsApp Video 2024-04-03 at 17.33.46”, adlı, video görüntüyə baxış zamanı müəyyən edildi ki. video görüntü 21 saniyə davam edir. Həmin video görüntüdə boz rəngli şalvar ilo qara rəngli gödəkçə geyinmiş şəxsin küçə ile hərəkət etdiyi aşkar şəkildə görsənir. - Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan göy rəngli cins şalvar və qara rəngli gödəkçə geyinmiş şəxsin özü olduğunu, yanında olan şəxsin Zərərçəkmiş şəxs olduğunu və görüntülərin hadisədən əvvəl və sonra fərqli-fərqli yerlərdə videoyazıya alındığını bildirmişdir (i/v 181-182). İş materiallarında olan 08 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş videogörüntülərin əlavə edildiyi 1 (bir) ədəd DVD disk sübut əhəmiyyəti ksb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 189-200). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən təyin edilmiş cəza 6 (altı) ay azaldılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını bitirmişdir (i/v 140-143, 145-148). İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 18 may 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd “İphone” markalı “A3106” modelli mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i/v 134). İş materiallarında olan qəbzdən görünür ki, bir ədəd “İphone” markalı “A3106” modelli mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 135). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı A3106 (15 Pro Max) model telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış keçirilən zaman götürülmüş videogörüntülərin əlavə edildiyi 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-410/2024 saylı 02 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 05 avqust 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 28 (iyrimi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı A3106 (15 Pro Max) model telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış keçirilən zaman götürülmüş videogörüntülərin əlavə edildiyi 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar