Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-413/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs3 Zərər çəkmiş şəxsin Nümayəndə nümayəndəsi: Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Goranboy rayonu, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü anbarın nəfəsliyini özündə olan və istintaqla müəyyən edilməyən alətlə sındıraraq içəriyə qanunsuz daxil olub oradan sonuncuya məxsus, bir ədədinin qiyməti 75 manat olmaqla, ümumilikdə iki ədəd 150 manat dəyərində vazanı, 500 manat dəyərində bir ədəd dekorativ işıqlandırma avadanlığını, bir ədədinin qiyməti 25 manat olmaqla, ümumilikdə dörd ədəd 100 manat dəyərində sayrışan işıqları, 225 manat dəyərində ziqzaq işıqları, 300 manat dəyərində çəngəl-qaşıq dəstini, 500 manat dəyərində dekor qab-qacaq dəstini və 300 manat dəyərində müxtəlif dekor əşyalarını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 2.075 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o: - 17 noyabr 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü anbarın qapısını fiziki güc tətbiq edib açmaqla içəriyə qanunsuz daxil olub oradan sonuncuya məxsus, bir ədədinin qiyməti 350 manat olmaqla, ümumilikdə 1.400 manat dəyərində dörd ədəd 35 kv/m ölçülü “LG” markalı kondinsionerləri və milli məzənnə ilə 595 manat təşkil edən 350 ABŞ dolları dəyərində bir dədə “Twitter CNC” markalı 3D kəsici dəzgahın idarə olunan prosessorun platasını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 1.995 manat məbləğində; - 02 mart 2021 ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində yerləşən, "xxxx" MMC-yǝ məxsus yeni tikilən hündür mərtəbəli binanın mühafizə olunan həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olub oradan tikintidə istifadə olunan, hər bir metrinin dəyəri 3 manat olmaqla, ümumilikdə 270 manat dəyərində 90 metr ölçüdə qeyri-metal izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət kabeli bıçaqla kəsib gizli olaraq talamaqla zərər çəkmiş hüquqi şəxsə 270 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə o: - 05 mart 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 07, mənzil 11-də taxta materialdan olan giriş qapısını fiziki güc tətbiq edib açmaqla içəriyə qanunsuz daxil olub oradan sonuncuya məxsus, 2.500 manat dəyərində bir ədəd “Sharp” markalı plazma televizoru, 45 manat dəyərində bir ədəd ventilyatoru, 60 manat dəyərində bir ədəd şirəçəkən maşını və 120 manat dəyərində bir ədəd divanüstü xalçanı gizli olaraq talayıb mənzildən çıxarkən mənzilin sahibi Zərərçəkmiş şəxs2 tərəfindən aşkar olunduğundan götürdüyü əşyaları hadisə yerində qoyub qaçmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərər çəkmiş şəxsə ümumilikdə 2.725 manat; - 05 mart 2021 ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində yerləşən, "xxxx" MMC-yǝ məxsus yeni tikilən hündür mərtəbəli binanın mühafizə olunan həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olub oradan tikintidə istifadə olunan, hər bir metrinin dəyəri 3 manat olmaqla, ümumilikdə 180 manat dəyərində 60 metr ölçüdə qeyri-metal izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət kabeli özündə olan və istintaqa məlum olmayan alətlə kəsib gizli olaraq talayarkən həmin binada işləyən mühafizəçi Nümayəndə tərəfindən tərəfindən aşkar olunaraq saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərər çəkmiş hüquqi şəxsə 180 manat maddi ziyan vuraraq təkrarən oğurluq etməyə cəhd etmişdir. Həmçinin, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,493 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, 05 mart 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm-küçəsinin kəşişməsində yerləşən "xxxx" MMC-yə məxsus yeni inşa edilən hündür mərtəbəli binanın mühafizə olunan həyətyanı sahəsindən oğurluq etməyə cəhd edərkən həmin şirkətin mühafizəçisi Nümayəndə tərəfindən saxlanılıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşlarına təhvil verilərkən sorğu-sual zamanı üzərində narkotik vasitə olduğunu bildirdiyindan polis bölməsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sol cibindən bir ədəd siqaretin qızılı rəngli kağız bükümündə həmin narkotik aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05.03.2021-ci il tarixdə, günorta saatlarında ünvan 3 binanın ümumi yaşayış həyətinə daxil olaraq oranın girişindən sol tərəfdə olan taxta qapıdan ibarət mənzilin işığı sönülü olduğunu görmüş, onun giriş qapısını yoxladıqda isə kilidi bağlı olduğu üçün mənzildə heç kimin olmamasından əmin olub qapını dartaraq açmışdır. Mənzilə daxil olub oradan bir ədəd plazma televizor, bir ǝdad ventilyatoru, bir ədəd şirəçəkən maşını və bir ədəd divanüstü xalçanı götürüb mənzildən çıxardaraq həyətə qoymuşdur. Bu zaman üzbəüz qapıdan çıxan qadın ona yaxınlaşaraq əşyaları çıxartmağının səbəbini soruşub qışqıra-qışqıra kömək çağırmış, o da digər şəxslərin səsə çıxdığını görüb qaçıb həyətdən çıxmışdır. Həmin yerdən uzaqlaşıb gizlənmək məqsədi ilə yeni tikilən hündür mərtəbəli binanın həyətyanı sahəsinə girdikdə orada iki nəfər fəhlə ona yaxınlaşıb guya onun kabel oğurladığını bildirərək onu tutub 20-ci polis bölməsinə təhvil vermişlər. Bölmədə olarkən onu Zərərçəkmiş şəxs3 əri ilə üzləşdirib ona guya onların anbarından oğurluq etdiyini, hətta oğurladığı əşyaları satdığı mağazanın da məlum olduğunu bildirmişlər. Bundan başqa bölmədə onun cibinə narkotik qoyub oğurluğu da üzərinə götürməyə məcbur etmişlər. O da qorxudan istintaqda törətmədiyi əməlləri boynuna almışdır. Zərərçəkmiş şəxs3 tanımır, onun obyektindən heç bir oğurluq etməmişdir. Həmçinin, "xxxx" MMC-yǝ məxsus yeni tikilən hündür mərtəbəli binanın həyətindən kabel kəsib oğurlamamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ad günləri üçün nəzərdə tutulan dekor avadanlıqlarının düzəldilməsi xidməti ilə məşğuldur. Bu avadanlıqları ünvan 1 ünvanda yerləşən anbarda olan dəzgah vasitəsilə düzəldir. Həmçinin bu yeri anbar kimi də istifadə edir. 13 sentyabr 2020-ci il tarixdə evdə olarkən onunla bir yerdə işləyən Elnur ona zəng edərək anbara naməlum şəxslərin daxil olub oğurluq etdiklərini demişdir. O, oraya gəldikdə anbarın nəfəslik hissəsini zor tətbiq edilərək açıldığını və içəri daxil olunduğunu görmüşdür. Ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər içəridən hər birinin dəyəri 75 manat olan iki ədəd vaza, 500 manat dəyərində dekorativ işıqlandırma avadanlığı, hər birinin dəyəri 25 manat olan dörd ədəd sayrışan işıqlar, 225 manat dəyərində ziqzaq işıqları, 300 manat dəyərində çəngəl-qaşıq dəsti, 500 manat dəyərində dekor qab-qacaq dəsti və 300 manat dəyərində müxtəlif dekor əşyaları oğurlanmışdır. Bu oğurluq nəticəsində ona 2.075 manat dəyərində maddi ziyan dəymişdir. Bundan əlavə, 21.11.2020-ci il tarixdə, saat 11 radələrində həmin binanın komendantı onunla əlaqə saxlyıb anbarın qapısının aralı olduğunu bildirmişdir. O, dərhal anbara gəldikdə oranın qapısının açıldığını və içəridən ona məxsus, bir ədədinin qiyməti 350 manat olmaqla, ümumilikdə 1.400 manat dəyərində dörd ədəd 35 kv/m ölçülü “LG” markalı kondinsionerlərin və milli məzənnə ilə 595 manat təşkil edən 350 ABŞ dolları dəyərində bir dədə “Twitter CNC” markalı 3D kəsici dəzgahın idarə olunan prosessorun platasının oğurlandığı aşkar etmişdir. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2017-ci ildən şirkət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasmov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində yerləşən 17 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. O da həmin yeni inşa olunan binanın mühafizəsini təşkil edir. 02.03.2021-ci il tarixdə şirkət tərəfindən inşa edilən binanın ərazisində gəzərkən yük qaldıran qurğunun 90 metr uzunluğunda elektrik naqilinin kəsilərək naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. 05 mart 2021-ci il tarixdə, saat 17 radələrində yenə şirkətə məxsus tikintinin ərazisində olarkən bir nəfər şəxsin kabeli kəsdiyi barədə ona məlumat verilmiş və iki nəfər fəhlə bu şəxsin ardınca qaçaraq onu tutub gətirmişlər. Daha sonra onlar həmin şəxsi 20-ci polis bölməsinə aparıb təhvil vermişlər. Tikintidən oğurluq edən Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu binanın yanında heç vaxt görməmişdir. Şirkətin təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsindən aydın olur ki, onun yaşadığı ünvan 3 ünvanda iki mənzili var. 11 saylı mənzili anbar kimi istifadə olunur. 05 mart 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı mənzildən həyətə çıxarkən digər mənzilə yığmış olduğu bəzi əşyaların həyətə yığıldığını və onların yanında bir nəfər şəxsin durduğunu görmüşdür. O, dərhal həmin şəxsdən nə etdiyini və nə üçün oğurluq etdiyini soruşduqda, sonuncu oradan qaçıb uzaqlaşmışdır. O, dərhal “102” zəng xidmətinə zəng etmişdir. Həmin şəxs ona məxsus evdən 2.500 manat dəyərində bir ədəd “Sharp” markalı plazma televizoru, 45 manat dəyərində bir ədəd ventilyatoru, 60 manat dəyərində bir ədəd şirəçəkən maşını və 120 manat dəyərində bir ədəd divanüstü xalçanı oğurlamaq istəmişdir (İ cild, i.v.127-128, 242-244). Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində yerləşən bazarda məişət avadanlıqlarının mühərriklərinin satışı ilə məşğul olur. 2020-ci ilin noyabr ayının sonlarında bir nəfər şəxs bazarda ona yaxınlaşaraq iki ədəd “LG” markalı kondinsionerin kompresorun olduğunu və onları satmaq istədiyini bildirmişdir. O da onlara baxdıqda bu əşyaların təzə olduğunu və istifadə olunmadığını müəyyən etmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxslə kompresorların hər birini 30 manata almağa razılaşıb ona 60 manat pulu verərək almış və bir neçə gün sonra tanımadığı müştərilərə satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, 05 mart 2021-ci il tarixdə, saat 17:30 radələrində bölmənin sahə inspektoru Şahid3la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa olunan hündür mərtəbəli binanın qarşı tərəfindən keçərkən bu tikintidə mühafizəçi işləyən Nümayəndə və iki nəfər işçinin adını sonradan bildiyi X5 ilə söhbət etdiklərini görmüşlər. Onlara yaxınlaşdıqda bu şəxslər onu təqdim edib bir az əvvəl oğurluq etmək istəyərkən tutduqlarını bildirmişlər. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmiş, bölmədə sonuncu narkotik vasitə istifadəçisi olduğunu, bu səbəbdən narkotik almaq üçün oğurluq etdiyini, hazırda da üzərində maddə olduğunu bildirmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman ona əvvəlcə özündə ola biləcək qanunsuz əşyaları könüllü taqdim etməsi təklif olunmuşdur. O da əynindəki mavi rəngli cins şalvarın sol cibindən bir ədəd siqaretin qızılı rəngli kağız bükümündə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs heroini “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 05.03.2021-ci il tarixli protokol və videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman ondan üzərində, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlini əynindəki mavi rəngli cins şalvarın sol yan cibinə salaraq bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddəni masanın üzərinə qoyur. Bundan sonra o, üzərində başqa hər hansı əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümü saxlanılmadan bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ‘‘Papanin” deyilən ərazidən tanımadığı şəxsdən 20 manata almışdır. (İ cild, i.v.82-88, disk); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19.06.2021-ci il tarixli protokolda qeyd olunur ki, o, bir ildir narkotik vasitə qəbul edir və həmin maddələri tanımadığı şəxslərdən alır. Özünə məxsus əl arabası ilə dəmir tullantıları yığıb metal qəbulu yerlərində sataraq dolanır. Həmin araba ilə Nəsimi rayonu ərazisində zaman “Semaşko” xəstəxanasının arxası tərəfində yerləşən yeni tikilinin birinci mərtəbəsində bəzək aksesuarlarının olduğunu görmüşdür. Həmin yerdə müşahidə kamerası olmadığından gediş-gəliş az olduğu üçün gecə saatlarında oradan oğurluq etmək qərarına gəlmişdir. 13 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində oğurluq etmək üçün ünvan 4 ünvanda yerləşən bəzək aksesuarlarının saxlanıldığı anbara getmiş, nəfəsliyi açaraq oraya daxil olub ətrafa baxış keçirmişdir. O, əvvəlcə oradan iki ədəd vaza, beş ədəd işıqlandırma avadanlığı, həmçinin qab-qacaq dəsti, çəngəl-bıçaq dəsti və müxtəlif cür bər-bəzək əşyalarını qapını ağzına, ordan isə öz arabasına yığmışdır. Həmçinin kompüter prosessorunu, monitorunu və onun aksessuarlarını və kompressoru da girişə yaxın qoymuşdur ki, növbəti dəfə oraya gəlib bu əşyaları rahatlıqla oğurlasın. O, 13 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində evdən çıxıb həmin əşyaları köhnə əşyaları alan tanımadığı şəxsə 230 manata satmışdır. Bir neçə bəzək əşyaları isə arabada qalmış, onları yaşadığı evdə gizlətmişdir. Əşyalardan əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin noyabr ayında yenə də həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. 17 noyabr 2020-ci il tarixdə, gecə saat 01 radələrində əl arabası ilə anbarın yanına gəlmişdir. O, əvvəlcə ətrafa nəzər salıb heç kimin olmadığını görmüş, binanın zirzəmisində yerləşən anbar kimi istifadə olunan saxlanc yerinin qapısını güc tətbiq edərək açmış və içəri daxil olmuşdur. O, anbara daxil olduqdan sonra qutuların içərisində dörd ədəd kondinsionerin olduğunu görmüş, onları çölə daşıyıb arabaya yığmışdır. O, anbara təkrar daxil olub orada bir ədəd kəsici dəzgah görmüş, belə dəzgahların bahalı olduğunu və onun müəyyən hisssələrinin yaxşı pula satıldığını bildiyindən bu dəzgahın idarə olunan platasını yerindən çıxarıb özü ilə götürmüş, əl arabası ilə oradan uzaqlaşmışdır. Sonradan bu kondinsionerlərin motor hissələrini, onların özünü isə ayrı-ayrılıqda tanımadığı şəxslərə satmışdır. O, motorlarının iki ədədini 3-cü mikrorayon ərazisində kondinsioner ustası Vüqar adlı şəxsə, dəzgahın platasını da tanımadığım şəxsə satmışdır. Bundan başqa, 02.03.2021-ci il tarixdə, saat 18 radələrində pulu olmadığından oğurluq etmək qərarına gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində "xxxx" MMC tarafindən yeni inşa edilən hündür mərtəbəli binanın tikinti aparılan ərazisinə icazəsiz daxil olaraq orada özü ilə gətirdiyi bıçaqla yük qaldıran qurğunun 90 metr naqilini kəsib torbanın içərisinə qoyaraq oranı tərk etmişdir. Oğurladığı naqili isə tanımadığı metal qəbulu sexlərinə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. O, bir gün əvvəl Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata heroin almış, bir hissəsini dünən istifadə etmiş, qalan hissəsini isə istifadə etmək məqsədi ilə üzərində daşımışdır. 05.03.2021-ci il tarixdə, günorta saatlarında Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, 7 saylı ümumi yaşayış həyətinə daxil olaraq həmin həyətin girişindən sol tərəfdə olan qapıdan ibarət mənzilin işığı sönülü, qapının kilidi bağlı olduğundan orada heç kimin olmamasından tam əmin olub mənzilin qapısını qəfildən dartaraq açmışdır. O, mənzildə olan bir ədəd plazma televizor, bir ədəd ventilyatoru, bir ədəd şirəçəkən maşını və bir ədəd divanüstü xalçanı götürdükdən sonra oradan bir ədəd torbanı götürüb içəridən çıxardaraq ümumi yaşayış həyətinə qoymuşdur. Bu vaxt üzbəüz qapıdan çıxan qadın ona yaxınlaşaraq əşyaları çıxartmağının səbəbini soruşaraq qışqıra-qışqıra kömək çağırdığından həmin mənzildən bir nəfər qız və digər mənzillərdən qonşuların səsə çıxdığını görüb bu qadını itələyərək qaçıb həyətdən çıxmış, oradan uzaqlaşıb getmişdir. Bir neçə saat sonra pulu olmadığından yemək almaq və gecələmək üçün yer tapa bilməyib məcbur olub bir neçə gün əvvəl naqil oğurladığı, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən yeni inşa edilən hündür mərtəbəli binanın tikinti aparılan ərazisinə icazəsiz daxil olaraq orada yük qaldıran qurğunun naqilini kəsmək istəyərkən yuxarı mərtəbədən bir nəfər onu görərək qışqırıb onun barəsində məlumat verdiyindən oradan qaçıb çıxsa da, qapının qarşısında tikinti işçiləri onu saxlayıb oradan keçən iki nəfər polis əməkdaşına təhvil vermişlər. Polislər özlərini təqdim etdikdən sonra ondan özündə qanunsuz hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, o da üzərində narkotik maddə olmasını etiraf etmiş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə üzərinə axtarış keçirilərkən əynindəki mavi rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağız bükümündə narkotik maddə heroin aşkar edilmişdir (İİİ cild, i.v.106-109); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 06 mart 2021-ci il tarixli, 6/196 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,493 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,443 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.94-97); 07 may 2021-ci il tarixli, 6/1683-9/2919 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş təxminən 20,0 sm uzunluqlu, qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 5 ədəd damardan, qəhvəyi rəngli qeyri-metal izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli sxemlərdən ibarət, ümumi diametri təxminən 13,52 mm, damarların hər birinin diametri təxminən 3,12 mm, qırmızımtıl-sarı rəngli sxemlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış tədqiqatın dəyəri 90 manatdır (İİİ cild, i.v.28-30); 14 iyun 2021-ci il tarixli, 9/3808 saylı rəyinə görə 01 ədəd 35 kvadrat metr ölçülü “LG” markalı kondisionerin istifadədə olması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 350,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİİ cild, i.v.92-93); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 haqqında 03.05.2021-ci il tarixli, 1347 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİİ cild, i.v.32-33); Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 19.06.2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, qalıq qalan 0,493 qram narkotik vasitə heroin və dekor əşyalarının qalıqları Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, bir ədəd “Sharp” markalı televizor, bir ədəd ventilyator, bir ədəd şirəçəkən maşın və bir ədəd divan örtüyü isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır (İİİ cild, i.v.110- 124); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.03.2021-ci il tarixli, 4(006)-114/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.152); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.12.2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 76cı maddəsinə əsasən cəzadan 03 ay vaxtından əvvəl şərti azad edilmişdir (İ cild, i.v.251-253, İİİ cild, i.v.18-25). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməllərdə özünü yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 münasibətdə törətdiyi oğurluq cinayətində təqsirli bilsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 MMC ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cinayətkar vərdişini, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da yüksək ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 05 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ekspertiza tədqiqatlarının dəyəri 254 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,443 qram narkotik vasitə olan heroin və dekor əşyaların qalıqları Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd “Sharp” markalı televizor, bir ədəd ventilyator, bir ədəd şirəçəkən maşın və bir ədəd divan örtüyü sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 mart 2021-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatlarının dəyəri 254 (iki yüz əlli dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Sharp” markalı televizor, bir ədəd ventilyator, bir ədəd şirəçəkən maşın və bir ədəd divan örtüyü sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılsın, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,443 qram narkotik vasitə heroin və dekor əşyaların qalıqları məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-413/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-413/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver