Məhkəmə qərarları › İş №1(006)-415/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-415/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-415/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, ev 76-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 76 saylı evdə anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sağ qolundan tutub başından əli ilə itələyərək ona başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sağ bazunun qançırı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, onun anası Zərərçəkmiş şəxs ilə bəzən ailədaxili məsələlərlə əlaqədar söz-söhbətləri olur. Belə ki, anası evdə onu hər işinə qarışır, qəsdən qapıları açıq qoyur, onu əsəbiləşdirmək üçün demək olar ki hər şeyi edir. xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində yaşadıqları evdə olan zaman o, evin pərdələrinin açıq olduğunu görmüş, bunu anasının qəsdən etdiyini bildiyi üçün ilk öncə heç nə deməmiş, sakitcə pərdələri bağlamışdır. Daha sonra anası pərdələri dartıb yerindən çıxarmışdır. O da əsəbiləşib anasının yanına getmiş, sonuncunun sağ qoludan tutub başından itələmiş, daha sonra evi tərk etmişdir. Onun anasına xəsarət yetirmək niyyəti olmamışdır. Yaşadıqları evdə ona qarşı hörmətsizlik edilir, həm arvadı, həm də ki, anası onu təhqir edir, evdə onun rahat yaşamasına mane olurlar. Onun əsəbləri korlanmış, bununla bağlı dərmanlardan istifadə edir. Anası ilə barışmağa razı olsa da, anası onu bağışlamır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, oğlu Seyran ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 76 saylı evdə yaşayır. Seyran heç bir yerdə işləmir, qazanc gətirmir, evin işlərinə qarışır, onunla, habelə arvadı və uşaqları ilə də hər gün mübahisə edir, evə dava-dalaş salır. 04 ildir evdə heç kim onunla danışmır və artıq onunla birgə yaşamaq dözümsüz vəziyyətə gəlib çıxıb. Deyilənə görə Seyran metamfetamin qəbul edir, özü də bunu qonşulardan gizlətmir. Hətta, onun evin həyətində olan sanitar qovşağında şamın üzərində hansısa məhlulu əridərək istifadə etməsini görüb və bu hal da mütəmadi olaraq baş verir. Elə vaxtlar olur ki, Seyran bütün günü evdə yatıb ayılmır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında evdə olarkən Seyranın arvadı ilə mübahisə etdiyini görüb araya girmiş, bu zaman Seyran onun üzərinə gələrək qışqırmış və sağ qolundan tutub sıxaraq başından vurub onu yerə çırpmışdır. O da bu zərbədən özünü pis hiss etmiş və hadisə ilə bağlı polisə məlumat vermişdir. Seyranın bütün danışıqları yalandır, o, özündə deyil. Seyrandan şikayətçidir və ona ən ağır cəzanın verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 927 saylı rəyinə əsasən 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın sağ təpə-gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sağ bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild İ, i.v.23-25); • 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin Məhkumluqlar barədə arayışların verilməsi xidmətinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ, i.v.56); • “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il və xx.xx.2011-ci il təvəllüdlü iki övladı var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onu xarakterizə edən halları və davranışını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 28 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar