Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-416/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2004-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, İlxıçılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmişdir. Belə ki, o, 12 iyul 2023-cü il tarixdə, saat 21:40 radələrində ictimai yer sayılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs ilə çiyinlərinin bir-birinə dəyməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunu ucadan nəlayiq sözlərlə təhqir edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxslə mübahisə edib zor tətbiq edərək qəsdən sağ əli ilə bir yumruq zərbəsi vuraraq ona sol gicgah, sol yanaq və sol qulaqaltı-çeynəmə nahiyyələrinin dərialtı hematoması ilə əlaqədar gicgah-çənə oynağında hərəkət məhdudluğu (funksiya pozğunluğu), alt çənədə soldan V dişin tac hissəsinin hissəvi qopması və sol yanağın selikli qişasına qansızma, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “yüngül” zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Tərtər rayonu, İlxıçılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında daimi yaşayır. O, "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının piyada keçidində qramla ətir satışı ilə məşğul olur. 12 iyul 2023-cü il tarixdə işdə olduğu vaxt bir nəfər əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs keçiddə piyada hərəkətdə olarkən sol çiyni ilə onun sol çiyninə dəymişdir. Həmin vaxt keçiddə çoxlu sayda vətəndaş hərəkətdə olduğu üçün keçid sıxlıq olmuşdur. Zərərçəkmiş şəxs onun çiyninə dəydikdən sonra onu əli ilə itələmiş, daha sonra isə onun ünvanına nəlayiq ifadələr işlətmişdir. O, bundan əsəbləşib Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurmuşdur. Daha sonra isə ondan keçidi tərk etməsini, aralarında olan mübahisəni keçiddən kənarda aydınlaşdırmaq istədiyini bildirmişdir. Onlar birlikdə keçidi tərk etmiş, sonra isə keçiddən çöldə bir-birinin istifadəsində olan mobil nömrələri almışlar. Onlar arasında mübahisə qısa zaman kəsiyində baş vermiş, ətrafda insanlar olsa da, hər hansı bir ictimai qayda pozulmamışdır. Hadisə zamanı Babak Qarayev ona heç bir xəsarət yetirməmişdir. Sonda törətdiyi əməlin xuliqanlıq olmadığını, şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirib, əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə töfsif edərək zərərçəkmiş şəxslə barışdıqlarından barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət olmamışdır. 12 iyul 2023-cü il tarixdə axşam saatlarında gecə növbəsinə işə getmək üçün yaşadığı Masazır qəsəbəsindən çıxıb avtobusla “20 yanvar” dairəsinə gəlmiş, buradan “Sahil” metrostaniyasının yaxınlığına getdiyi üçün “20 yanvar” metrostansiyasına daxil olmaqdan ötrü piyada keçidinə düşmüşdür. Saat təxminən axşam 21:00 radələrində keçidlə gedən zaman onunla qarşı tərəfdən gələn əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs sürətlə onun üzərinə gəldiyini görüb, toqquşmamaq üçün sol əli ilə Təqsirləndirilən şəxs itələmiş, sonuncu isə bunun səbəbini soruşmadan onunla söhbət etmək üçün piyada keçidindən çölə çıxmağını tələb etmişdir. O, isə işə gecikdiyini deyib birlikdə çölə çıxmaqdan imtina edib yoluna davam etmək istədikdə Təqsirləndirilən şəxs əsəbləşərək onun sol çənə nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Həmin vaxt o sifət nahiyyəsində kəskin ağrılar hiss etmiş, Təqsirləndirilən şəxs isə onunla birlikdə piyada keçidindən çıxmağını tələb etmişdir. Təqsirləndirilən şəxs əl çəkmədiyini görüb metronun piyada keçidindən çölə çıxmış, çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona, söhbətinin olub-olmadığını soruşmuşdur. O, dava-dalaş etməmək üçün heç bir söhbətinin olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs öz ad və soyadını dedikdən sonra mobil telefon nömrəsini verib söhbətinin olduğu halda əlaqə saxlamağını tələb etmişdir. Bundan sonra o oradan uzaqlaşıb yoluna davam etmiş və sifət nahiyyəsində ağrılar hiss etdiyi üçün baş vermiş hadisə barəsində məlumat verməkdən ötrü DİN-in “102 xidməti”nə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi ilə bağlı baş verən mübahisə və həmin mübahisənin nəticəsində yaranmış münaqişə “20 yanvar” metrostansiyasının girişindəki piyada keçidində olmuş, həmin vaxt ətrafda çoxlu tanımadığı şəxslər olsa da, ona xəsarət yetirilərkən ətrafda olan tanımadığı şəxslər onlara müdaxilə etməmiş və yaxınlaşıb onları aralaşdırmamışlar. Həmin mübahisə və davamı olaraq yaşanmış münaqişə də təxminən 1-2 dəqiqə müddətində davam etmişdir. Hadisənin baş verməsinə səbəb isə keçidlə gedən zaman qarşı tərəfdən iti addımlarla gələn Təqsirləndirilən şəxs ona toxunmaması üçün əli ilə sonuncunu itələməsi olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Cinayət axtarış bölməsinin kiçik inspektoru vəzifəsində işləyir. 12 iyul 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng vuraraq, metronun “20 yanvar” stansiyasının keçidində digər şəxslə mübahisə etdiyinə dair şikayətini bildirmişdir. Həmin ərazi Bakı Metropolitenində Polis İdarəsinin dislokasiyasına aid olduğu üçün şikayət onlara ünvanlanmışdır. Bundan sonra, Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı Samir Axundov tərəfindən verilmiş tapşırığa əsasən 14 iyul 2023-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının girişində müəyyən edilmiş və tərəfindən Bakı Metropolitenində Polis İdarəsinə dəvət edilmiş və raportla aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” X5 canlı şəxsin ekspertizasının 27 iyul 2023-cü il tarixli, 292/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sol gicgah, sol yanaq və sol qulaqaltı-çeynəmə nahiyyələrinin dərialtı hematoması ilə əlaqədar gicgah-çənə oynağında hərəkət məhdudluğu (funksiya pozğunluğu), alt çənədə soldan V dişin tac hissəsinin hissəvi qopması və sol yanağın selikli qişasına qansızına xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (i/v 36-39). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i/v 78). İş materiallarında olan “şübhəli şəxsin şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i/v 26). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 27 iyul 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i/v 63). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 27 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i/v 44). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cərimə cəzası təyin edərkən onun 27 iyul 2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddəti də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “MBM” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “MBM” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 900 (doqquz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “MBM” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-416/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-416/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver