Məhkəmə qərarları › İş №1(006)-416/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-416/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-416/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: «Güvən» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Müdafiəçi3 Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, mənzil 11-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx.xx.1993-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ağsu şəhəri, Vidadi küçəsi, ev 24-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 12A, mənzil 15-də yaşayan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci və 32.4, 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 14 may 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 onunla telefon əlaqəsi yaradaraq şəxsi işləri ilə əlaqədar iş yerini tərk edə bilməməsi səbəbindən ünvan 1 ünvanda istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş psixotrop maddə metamfetamini götürüb ona çatdırması ilə bağlı xahişini nəzərə alaraq həmin günü satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,975 qram çəkidə psixotrop maddə metamfetamini bu yerdən götürüb özündə saxlamaqla daşımış, lakin özünü şübhəli apardığından saat 12:40-da həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 14 may 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi yaradaraq ona şəxsi işləri ilə əlaqədar iş yerini tərk edə bilməməsi səbəbindən istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 1 ünvanda gizlədilmiş psixotrop maddə metamfetamini götürərək ona çatdırılmasını xahiş edib bu üsulla Təqsirləndirilən şəxs1 cinayət törətməyə sövq edərək təhrik etmiş, Təqsirləndirilən şəxs1 da həmin ünvandan satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,975 qram çəkidə psixotrop maddə metamfetami götürüb özündə saxlayıb daşıyarkən həmin günü saat 12:40-da bu ünvanın qarşısında özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin maddənin aşkar edilərək götürülməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsində yerləşən restoranların birində işləyən tanışı Adil ilə görüşən zamanı sonuncu ona işdən çıxa bilmədiyi üçün özünə məxsus olan “Redmi 6” markalı mobil telefonu verərək ora göndərilən ünvana gedib qeyd olunan yerdən metamfetamini götürüb ona gətirilməsini xahiş etmişdir. O da buna etiraz etməyərək mobil telefonunu götürüb ünvan 1 ünvanda yerləşən yaşayış binasını həyətində işıq sayğacının üzərinə qoyulmuş, içərisində bir bükümdə metamfetamin olan “Sobranie” markalı siqaret qutusunu götürüb oradan aralaşmışdır. Lakin bir qədər getdikdən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis olduqlarını deyərək onu sorğu-sual etmiş, o da həyacanlandığı üçün suallara qeyri-müəyyən cavablar vermişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdilər. Burada onun üzərinə şəxs axtarış keçirilmiş və o da şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Vətən müharibəsi iştirakçısıdır, Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, çəkisi artıq olduğundan arıqlamaq istəmiş və metamfetaminin buna yaxşı təsir etdiyini eşitmişdir. Buna görə də o, bu maddədən istifadə etmək fikrinə düşmüş və sosial şəbəkə vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran vətəndaşı olan şəxsə onun göndərdiyi karta 32 manat ödəniş edərək onu əldə etmək istəmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs onun istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinə ünvan göndərərək həmin maddəni orada gizlətdiyini bildirmişdir. O da işdən çıxa bilmədiyi üçün tanışı Təqsirləndirilən şəxs1 öz “Redmi 6” markalı mobil telefonunu verərək ünvan 1 ünvanda yerləşən yaşayış binasının həyətində olan işıq sayğacının üzərində gizlədilmiş metamfetamini götürüb ona gətirməsini xahiş etmişdir. Arif də buna etiraz etməmişdir. Bir neçə saat sonra Arifdən gəlmədiyi üçün işdən çıxaraq həmin ünvana getmək istəyən zaman ünvan 3ın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək Arifin saxlanılmasını və onun üzərində bir bükümdə metamfetamin, habelə ona məxsus telefonun aşkar edilməsini deyərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə şöbəyə gəlib hadisəni tam olduğu kimi danışmışdır. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 may 2024-cü il tarixdə, saat 12:40 radələrində xidməti ərazidə şöbənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olan zaman ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar bu şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onu sorgu-sual edərkən sonuncu həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verib oradan uzaqlaşmağa cəhd etdiyindən onu şöbəyə dəvət etmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuş və ona üzərində ola biləcək əşyaları təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 da əynindəki şalvarın sol yan cibindən “iPhone” markalı telefonu və 19 manat pulu, sol arxa cibindən “Redmi” markalı telefonu və sağ yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxılanda orada bir büküm olmuş, bununla bağlı Arif demişdir ki, bükümdə olan metamfetamindir, tanışı Adil özünün vaxtı olmadığı üçün ona öz “Redmi” markalı telefonunu verərək “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş ünvana gedib işıq sayğacının üzərinə qoyulmuş siqaret qutusunun içərisinə olan bu maddəni götürüb ona gətirməsini xahiş edib. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində “Adil” adlı şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilərək o, həmin günü saat 16:30 radələrində ünvan 3ın qarşısında saxlanılaraq izahatının alınması üçün şöbəyə dəvət edilmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2734 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfədki bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,925 qram, aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (İ cild, i.v.111-114); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli: • 3294 saylı rəyinə görə Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.178-179); • 3295 saylı rəyinə görə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.180-181); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığı faktiki həmin günü saat 12:40-dan məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra isə müstəntiqin qərarı ilə saxlanıldığı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.17-18, 146-148, 163-167); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs2 azadlığı faktiki həmin günü saat 16:30-dan məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra isə müstəntiqin qərarı ilə saxlanıldığı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.76-77, 159-161, 169-173); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,925 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.196-208); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.194-195); • SX ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib (İİ cild); • İ-73658 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nə əsasən Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib (İİ cild); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinə əsasən: • Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur (29-cu maddə); • Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır (32.4-cü maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 29, 234.1-ci və 32.4, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 29, 234.1-ci və 32.4, 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının ərazi bütovlüyünün bərpası uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını həmin Məcəllənin 59.2-ci maddələrinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalarının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət (Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən, saat 16:30-dan xx.xx.2024-cü il tarix, saat 16:30-dək olan müddət və bundan sonrakı vaxtı, Təqsirləndirilən şəxs1 isə xx.xx.2024-cü il tarixdən, saat 12:40-dan xx.xx.2024-cü il tarix, saat 12:40-dək olan müddət və bundan sonrakı vaxtı) onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzalardan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzalarını yaşayış yeri üzrə çəkməli, cəzalarının icrası müddətinin əvvəli isə onların cəzanı icra edən orqanlarda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,925 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 81 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “ üdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan M məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, mənzil 11-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci və 32.4, 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 12A, mənzil 15-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək, habelə gün ərzində Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,925 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar