Məhkəmə qərarları › İş №1(006)-417/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-417/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-417/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 Xüsusi ittihamçı: X3 Xüsusi ittihamçının 14 saylı Vəkil bürosunun vəkili nümayəndəsi: X12 Barəsində xüsusi ittiham X1 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 2EREY8Z), evli, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48-də qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X9 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə X7 qardaşı Rəhman, Rasim adlı vəkil və üç nəfər kameralarla çəkiliş aparan mətbuat nümayəndəsinin qarşısında ona məxsus mənzilin qapısının önündə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışında ifadə etmişdir. Belə ki, X7 əmisi oğlu olmaqla sabiq (mərhum) həyat yoldaşı X2 qardaşıdır. Sabiq həyat yoldaşı Qafar Yusifov ilə evlilikdən iki oğlu doğulmuşdur ki, onlardan biri əsəb xəstəsi olub anadangəlmə lal-kardır. Sabiq həyat yoldaşı ilə nikahları 20 avqust 2010-cu ildə pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3681/2010 saylı qətnaməsi ilə gəlin köçdüyü ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-364/2011 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/2011 saylı qərarı ilə həmin qətnamələr dəyişdirilmədən saxlanılmışdır. 2015-ci il tarixdə sabiq həyat yoldaşı yaşadığı mənzildə yanğın zamanı dəm qazının toksik təsiri nəticəsində dünyasını dəyişmişdir. Yaşadığı ərazi pilot layihə üzrə söküntüyə məruz qaldığı ərəfədə Aydın Yusifov guya onun saxta sənədlər vasitəsilə məhkəmə qətnaməsi ilə köçürüldüyü evə qeydiyyata düşməyi barədə əsassız şikayətlər etmişdir ki, həmin şikayətlər üzrə cinayət işinin başlanması xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarla rədd edilmiş, Aydın Yusifovun əsassız şikayətləri öz təsdiqini tapmamışdır. X6 və lal-kar əlil oğlunun məhkəmə qətnaməsi ilə köçürüldüyü evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5165/2021 saylı qəradadı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2219/2021 saylı qərardadı ilə iddianı qaldırılması üçün subyektiv hüquqa malik olması səbəbi ilə mümkünsüz sayılmışdır. O cümlədən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-9989/2021 saylı digər qərarı ilə X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı qaldırdığı, ona məxsus şəxsiyyət vəsiqəsində “qeydiyyat ünvanı” qrafasında M.Əlizadə küçəsi, ev “48“ ünvanının ev “46/48” ünvanı kimi dəyişiklik edilməsinə dair iddiası da əsasların olmaması səbəbindən təmin edilməmişdir. X7 bütün bunlardan sonra 2022-ci il may ayında, yeddi il müddətdən sonra guya ki, mərhum (sabiq) həyat yoldaşı Qafar Yusifovun onun tərəfindən öldürülməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna müraciət etmiş, prokurorluğun 04 iyul 2022-ci il tarixli qərarı ilə X2 ölməsində kənar şəxslərin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı Aydın Yusifov hazırda da mübahisələndirir. O da öz növbəsində Aydın Yusifovun onun barəsində ağır cinayət törədilməsinə dair bilə-bilə yalan xəbərçilik etməsinə dair cinayət işinin başlanılması haqqında şikayət ilə prokurorluq orqanına müraciət etmişdir. Bütün bunlara baxmayaraq Aydın Yusifov onu ictimaiyyətin gözündən salmaq, barəsində həqiqətə uyğun olmayan şaiyələr yaymaqla məşğuldur. X8 məhkəmə qətnaməsi ilə köçürüldüyü yaşayış sahəsinin qapısının sökülməsinə dair iddiası üzrə məhkəmənin icraatında mülki işə baxılır. Bu ərəfədə Aydın Yusifov üç nəfər mətbuat nümayəndələri, vəkil və qardaşı Rəman ilə qapının önündə şou düzəldərək barəsində həqiqətə uyğun olmayan, ağır cinayət törətməyi barədə kütləvi çıxışlar etmişdir. Göstərilənləri nəzərə alaraq X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılması xahiş edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi X18 bildirdi ki, məhkəməyə təqdim edilmiş video görüntülərdən müəyyən olunur ki, Aydın Yusifov mətbuat nümayəndələrinin qarşısında İ.Yusifovanı “dələduz” adlandırmaqla yanaşı, qardaşı, yəni Qafar Yusifovun ölümündə onun birbaşa əlinin olmasını iddia edir, onun tərəfindən yandırılaraq öldürüldüyünü, bunu vəfat etmiş atasının da nə vaxtsa təsdiq etdiyini, “qatil” olmağını, onu ifşa edəcəyini bildirir. Mətbuat nümayəndəsi Aydın Yusifova istiqamət verərək, yəni İ.Yusifovanın Q.Yusifovun ölümündə birbaşa əlinin olmasına dair münasibət bildirir. Həmin hal A.Yusifovun daha öncədən mətbuat nümayəndələrini ona atacağı böhtan barəsində məlumatlı etməsini təsdiq edir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətlə razı olmadığını bildirərək qeyd etdi ki, ona qarşı yönəlmiş ittihamın heç bir hüquqi əsası yoxdur. Onun məqsədi kiməsə böhtan atmaq, kimisə əsassız olaraq şərləmək olmamışdır. xx.xx.2015-ci il tarixdə yaşadıqları ünvanın yaxınlığında yerləşən kafedə qardaşı Qafar spirtli içki qəbul etmiş və dostları tərəfindən evə gətirilmişdir. Həmin gün, təxminən saat 23:50 radələrındə qardaşı Qafarı tək yaşadığı evin ikinci mərtəbəsinə bacısı və bacısı oğlunun köməyi ilə qaldırmışdır. xx.xx.2015-ci il tarixdə, təxminən saat 00:03 radələrində qardaşı Qafarın yaşadığı mənzildə yanğın baş verdiyindən atası İmamverdi mənzilə gələrək onu oyatmış və birlikdə Qafarın yaşadığı mənzilə getmişlər. Mənzilin qapısını açdıqda güclü yanğın və tüstü olduğunu, içəri girərkən Qafarın yerdə uzanmış vəziyyətdə təmiz yanaraq qaraldığını görmüşlər. Yanğın söndürülsə də, qardaşı Qafarın həyatını xilas edə bilməmişlər. Mənzilin yandırılmasında və qardaşının ölümündə onun keçmiş arvadı, hazırkı iş üzrə şikayətçinin təqsiri olduğunu düşünmüşlər. Qardaşının ölümündən uzun müddət keçməsinə baxmayaraq, onun ölümü ilə barışa bilmir, ölümündə təqsiri olanların aşkar edilərək cəzalandırılmasını tələb edir. Bu barədə prokurorluğa şikayət etmiş, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi M.Məmmədzadə tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunsa da, o bu qərarla razılaşmayaraq şikayət etmiş və Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən həmin qərar ləğv edilərək iş əlavə araşdırılması üçün müstəntiqə verilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X1 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə müvafiq olaraq şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3-cü maddə) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer dəqiq olaraq şikayətdə qeyd edilməmişdir. Bundan əlavə, şikayətdə X1 xüsusi ittihamçı X4 kütləvi çıxış zamanı böhtan atılması göstərilsə də, təqdim edilmiş diskdəki görüntülərdə bunun ən azı iki nəfər kənar şəxsin yanında olmasını müəyyən etmək mümkün olmur, həmçinin bu şahidlərin siyahısı təqdim edilmir. Eyni zamanda iş materiallarından aydın olur ki, X1 müraciəti əsasında onun qardaşının ölümü ilə bağlı prokurorluq orqanında araşdırma aparılır. Bu məsələyə də halhazırda yekun hüquqi qiymət verilməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi şəxsin yalnız ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Göründüyü kimi, böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkəyən və ya onu nüfuzdan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar