Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-417/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 0,165 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 06 iyul 2023-cü il tarixdə saat 16:00da Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə 0,165 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən heç vaxt istifadə etməmişdir. 06 iyul 2023-cü il tarixdə yaşadığı binanın həyətində yerləşən skamyada əyləşmiş və onun əyləşdiyi yer 211 nömrəli orta məktəbə yaxın olmuşdur. Orada Almaz adlı şəxslə kofe içib söhbət edərkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb üzərinə baxış keçirmiş və baxış zamanı üzərindən telefon aşkar olunduqdan sonra onun qoluna qandal vurulmuş, həmçinin polis şöbəsinə getməli olduğu bildirilmişdir. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Onu “BMW X5” markalı avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təzyiqlər edilmiş və döyülmüşdür. Lakin həmin döyülmə zamanı üzərində xəsarət izləri olmamışdır. Həmin vaxt Almaz adlı tanışını onun əleyhinə ifadə verməyə məcbur etməyə çalışsalar da, polis əməkdaşlarının bu istəyi Almaz adlı tanışı tərəfindən rədd edilmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki və psixi təsirlər edərək narkotik vasitənin onun üzərindən aşkar olunması barədə ifadə verməyəcəyi təqdirdə tanışı Almaz adlı şəxsi buraxmayacaqlarını bildirmişlər. Onu saxlayan polis əməkdaşları iş üzrə şahidlərdən Şahid1 olsa da, digər şəxs Şahid2 onun saxlanılmasında iştirak edən polis əməkdaşı olmamışdır. O, polis əməkdaşlarının qeyd etdiyi formada ifadə verməyəcəyi təqdirdə döyüləcəyini və psixoloji təsirlərə məruz qalacağını bildiyi üçün razılaşmalı olmuş və ittiham üzrə qeyd edilmiş ifadə vermişdir. İfadəsinin sonunda məhkəmədən barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 06 iyul 2023-cü il tarixdə xidmətdə olarkən «Məsim» adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və 19-cu polis şöbəsinin sahə rəisi Şahid2 ilə birlikdə saat 16:00 radələrində əldə etdikləri məlumat əsasında ünvan 4 ünvanın qarşısında olarkən «Məsim» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, onu Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarının cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məsimi Nəbiyev həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Məsimi Nəbiyev saxlanılan zaman ona hər hansı fiziki və psixi təsirlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə rəisi Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə rəisi Şahid2, mütəxəssis Babaşov Rəşad Mahir oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06 iyul 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli cins şalvarının cibindən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi qara rəngli şalvarın ciblərinə baxılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 (bir) ədəd qızılı rəngli siqaret kağızında olan bükülüdə «Heroin» deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd qızılı rəngli siqaret kağızında olan bükülüdə olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə zənzər, 1 (bir) ədəd qızılı rəngli siqaret kağızında olan bükülü zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürləndmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir (i/v 46-51). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3665 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi və “...dörd imza, Təhqiqatçı:E.Bədəlzadə -imza.....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 61-63). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,165 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,115 qram olan tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 116-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5803 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 114-115). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 21 oktyabr 2013-cü il tarixdən hesablanmışdır (i/v 95-96, 98-103). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-353/2023 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 22, 89-92). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir altında verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİnin 19-cu Polis Şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini və döyüldüyünü bildirmiş, bundan əlavə, Nəsimi rayon məhkəməsinin 08 iyul 2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs öz izahatında törətdiyi əməl üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olmasını bildirmişdir. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə narkotik vasitələrdən istifadə etdiyini gizlətməyə çalışmışdır. Sol ətrafında olan venalar boyunca inyeksiya izləri aşkar olunmuşdur. Öz narkoloji anamnezi haqqında tam məlumat verməmiş, narkotik vasitələrə qarşı abstinensiya əlamətləri patoloji meyl formalaşması və narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığın olması, həmçinin suallara düzgün cavab vermədən yalan danışmağa meylli olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 92 (doxsan iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,165 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-417/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,165 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-417/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-417/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver