Məhkəmə qərarları › İş №1(006)-418/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-418/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-418/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X5, Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kənan Həsənzadə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 08 sentyabr 2022-ci il tarixdə ittiham aktı tərtib edilərək Nəsimi rayon prokurorluğuna təqdim edilmiş, ittiham aktı Nəsimi rayon prokuroru vəzifəsini icra edən Fərid Dadaşov tərəfindən 12 sentyabr 2022-ci il tarixdə təsdiq edilərək baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:06-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti istiqamətindən Qələbə dairəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin birinci bəndinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, yaşayış məntəqəsi hesab edilən ünvan 1 ünvanın qarşısına düşən yol hissəsində avtomobili həmin sürətlə idarə etməyi davam etdirib istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötməyə çalışarkən, həmin yolu “Kamaz” markalı avtomobilinin önündən sağdan sola keçən xx.xx.2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun koma halı və travmatik şoku ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpəənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki baldırın qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə hazırlıq iclası zamanı iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X4 məhkəməyə şifahi vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 23:06-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti istiqamətindən Qələbə dairəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkəti üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, yaşayış məntəqəsi hesab edilən ünvan 1 ünvanın qarşısına düşən vol hissəsində avtomobili həmin sürətlə idarə etməyi davam etdirib istintaqa məlum olmayan «Kamaz» markalı yük avtomobilini ötməyə çalışarkən, həmin yolu «Kamaz» markalı avtomobilin önündən sağdan sola keçən xx.xx.2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun koma halı və travmatik şoku ilə müşayiət olunan baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpə-ənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sınıqları və hər iki baldırın qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İstintaqın gəldiyi nəticəyə əsasən, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin vəsatətdə göstərilmişdir ki, cinayət işinin materiallarına əsasən hadisənin baş verdiyi yolun hərəkət hissəsinin eni 7 metrdir. Hadisə yerinə baxış protokolu, həmçinin də protokola əlavə edilmiş hadisə yerinin sxemindən görünür ki, piyada yolun avtomobilin hərəkəti istiqamətində sağından soluna iti sürətlə qaçmağa başladığı andan vurulduğu ana qədər 5 metr məsafə qət etmiş, yəni yolun sol kənarına çatmağa 2 metr qalmış avtomobil onu vurmuşdur. Bu 5 metr qət edilən məsafənin də 2,5 metrini naməlum «Kamaz» markalı avtomobilin eni tutmuşdur ki, bu müddət ərzində təqsirləndirilən şəxsin piyadanı obyektiv olaraq görmək imkanı olmamış və o, piyadanı görmədiyindən, təqsirləndirilən şəxsin hərəkəti üçün təhlükə anı yalnız piyadanın «Kamaz» markalı avtomaşının qarşısından çıxdığı andan hesablanmalıdır. Beləliklə də, piyadanın hərəkət hissəsinə daxil olduğu andan avtomobillə vurulduğu ana qədər qət etdiyi 5 metr məsafədən naməlum «Kamaz» markalı avtomaşının en ölçüsünü təşkil edən 2,5 metri də çıxsaq, belə çıxır ki, piyada təqsirləndirilən şəxsin görünüş dairəsinə düşdüyü və onun hərəkəti üçün təhlükə yaratdığı andan vurulduğu ana qədər cəmi 2,5 metr məsafə qət etmişdir. xx.xx.2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs iti sürətli qaçışla 2,5 metr məsafəni hansı müddət ərzində qət etməsi sual yaradır. Belə ki, piyadaların hərəkət sürəti cədvəlinə əsasən Zərərçəkmiş şəxs sakit qaçış sürətinin orta həddi 14,9 km/saatdır. Ekspertizanın rəyinə əsasən 60 km/saat sürətlə hərəkət etməsi şəraitində təqsirləndirilən şəxsin avtomobilinin tam dayanma yolu 41,1 metr, 70 km/saat sürətlə hərəkət etməsi şəraitində isə 51,8 metrdir. Ekspertin hesablamalarına görə isə əgər avtomobil 60 km/saat sürətlə hərəkətdə olmuşdursa, o, təhlükə yarandığı anda piyadanın vurulduğu nöqtədən 50 metr, 70 km/saat sürətlə hərəkətdə olmuşdursa, 58,3 metr məsafədə olmuşdur. Bu məsafələr də avtomobilin sürətinə mütənasib olaraq tam dayanma yolundan böyük olduğuna görə, hər iki halda sürücü təqsirli olması və onun hadisənin qarşısını almağa texniki imkanı olmaması nəticəsinə gəlir. Müdafiəçi həmin vəsatətində əlavə olaraq göstərmişdir ki, 60 km/saat sürətlə hərəkət edən avtomobil 1 saniyə ərzində hansı məsafəni qət etdiyini müəyyən etməkdən ötrü 60 kilometri təşkil edən 60000 metri 1 saatı təşkil edən 3600 saniyəyə bölmüş, nəticədə həmin sürətlə hərəkət edən avtomobilin 1 saniyə ərzində 16.67 metr məsafə qət etdiyi müəyyən etmişdir. (60000m : 3600san = 16.67 m/san) Həmin üsulla 70 km/saat sürətlə hərəkət edən avtomobilin isə 1 saniyə ərzində 19,44 metr məsafəni qət etdiyini qeyd etmişdir.(70000m:3600san =19,44 m/san) Daha sonra ekspert 1 saniyə ərzində qət edilən 16,67 metri 3 saniyəyə vurmaqla, avtomobil 60 km/saat sürətlə hərəkət etdiyi təqdirdə, təhlükə yarandığı anda onun, piyadanın vurulduğu nöqtədən 50 metr məsafədə, əgər 70 km/saat sürətlə hərəkət etdiyi təqdirdə isə, 1 saniyədə qət edilən 19,44 metri 3 saniyəyə vurmaqla, piyada vurulduğu anda, onun piyadanın vurulduğu nöqtədən 58,3 metr məsafədə olmasını müəyyən etmişdir. (19,44 metr x 3 san = 58,3 metr) 50 metr 41,1 metrdən, 58,3 metr isə 51,3 metrdən böyük olduğuna, sürücünün hadisənin qarşısını almağa texniki imkanı olması qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs üçün təhlükə anının 3 saniyə davam etməsi barədə müstəntiqin məlumatı əsasında ekspert 1 saniyə ərzində avtomobilin müxtəlif sürətlərdə qət etdiyi məsafəni ekspert 3 saniyəyə vuraraq, nəticə əldə etmiş, lakin cinayət işinin heç bir prosessual sənədində həmin müddətlə bağlı məlumat mövcud olmamışdır. “Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərarının 12-ci bəndində qeyd edilmişdir ki, «Toyota Prius» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yolu sağdan sola keçən piyadanın sağ zolaqla hərəkət edən «Kamaz» markalı avtomobilin qarşısından sürücünün görünüş dairəsinə düşdüyü andan yaranmış, həmin andan piyadanın vurulmasına kimi təxminən 3 saniyə vaxt keçmişdir. Həmin yanaşmaya görə, yolun ümumi eni 7 metrdirsə və piyada yolu keçib qurtarmağa 2 metr qalmış avtomobillə vurulmuşdursa, deməli o, 5 metr məsafə qət edə bilmişdir. Müstəntiqin özünün qərarında etiraf etdiyi və ekspertiza şərti kimi göstərdiklərindən görünür ki, təqsirləndirilən şəxs üçün təhlükə piyada «Kamaz» markalı avtomaşının qarşısından çıxdığı andan yaranmış, əgər «Kamaz» markalı avtomaşının eninin 2,5 metr olmasını nəzərə alsaq, deməli təhlükə yarandığı andan vurulduğu ana qədər 18 yaşlı piyada yenə də müstəntiqin özünün protokollarında etiraf etdiyi kimi iti sürətli qaçışla 2,5 metr məsafə qət etmişdir və qərardan göründüyü kimi piyada iti sürətli qaçışla bu 2,5 metr məsafəni 3 saniyə ərzində qət etmişdir. Belə ki, 18 yaşlı piyada 2,5 metri 3 saniyə ərzində qaçırsa, onun qaçış sürəti 3 km/saat olmuşdur. Yetkinlik yaşına çatmış şəxsin adi yeriş surəti 5-6 km/saatdırsa, o necə iri qaçışdır ki, adi yeriş sürətinin yarısına bərabərdir?! Axı bu necə ola bilər? Necə 3 km/saat sürətlə iti qaçış qaçmaq olar?! 3 km/saat sürətlə iti qaçmaq absurddur. Bundan əlavə, piyadaların hərəkət sürəti cədvəlinə əsasən piyadanın sakit qaçışla hərəkət sürəti 10 km/saatdır. Belə ki, 10 kilometri təşkil edən 10000 metri 1 saatı təşkil edən 3600 saniyəyə böldükdə, piyada 1 saniyə ərzində qaçarkən 2 metr 78 sm məsafə qət edir ki, bu da 2,5 metrdən də artıqdır. (10000 m:3600 san = 2.78 metr/san) 2,5 metri isə belə piyada 0,9 saniyə ərzində qət edir. (2,5: 2,78 =0,9) İstintaqçının yalandan yazdığı 3 saniyə əslində 0,9 saniyədir və avtomobilin 1 saniyə ərzində qət etdiyi məsafələri, yəni 16.67 metri və 19,44 metri, təhlükə yarandığı andan avtomobilin piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmasını tapmaq üçün 0,9 saniyəyə vurmaq lazımdır. Beləliklə də: 16.67 m x 0.9 = 15 metr. 19,44 x 0.9 = 17,5metr. Deməli təqsirləndirilən şəxsin avtomobili 60 km/saat sürətlə hərəkətdə olmuşdursa, onun hərəkəti üçün təhlükə yarandığı, yəni piyada naməlum «Kamaz» markalı avtomaşının tinindən çıxaraq onun görünüş dairəsinə düşdüyü anda o piyadanın vurulduğu nöqtədən 15 metr məsafədə olmuşdur ki, bu da avtomaşının dayanma yolunu təşkil edən 41,1 metrdən kiçikdir, yəni bu məsafədən təqsirləndirilən şəxsin avtomaşını dayandırmaq və hadisənin qarşısını almaq üçün texniki imkanı olmamışdır. Təqsirləndirilən şəxsin avtomobili 70 km/saat sürətlə hərəkətdə olmuşdursa, onun hərəkəti üçün təhlükə yarandığı, yəni piyada naməlum «Kamaz» markalı avtomaşının tinindən çıxaraq onun görünüş dairəsinə düşdüyü anda o piyadanın vurulduğu nöqtədən 17.5 metr məsafədə olmuşdur ki, bu da avtomaşının dayanma yolunu təşkil edən 51,8 metrdən kiçikdir, yəni bu məsafədən təqsirləndirilən şəxsin avtomaşını dayandırmaq və hadisənin qarşısını almaq üçün texniki imkanı olmamışdır. Həmçinin, zərərçəkmiş şəxs huşsuz halda olduğu vəziyyətdə ona ittiham irəli sürülməsi doğru deyil, bu səbəblərdən də hesab edir ki, cinayət işi məhkəmə baxışına təyin edilmədən, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs digər müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 da cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olduğunu bildirərək vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, yol nəqliyyat hadisəsini özündə əks etdirən videgörüntü və iş materialları ilə tanış olmamış, protokollara sadəcə imza etməklə kifayətlənmişdir. Bu da onun müdafiə hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı işin məhkəmə baxışına təyin olunmasını və təqsirləndirilən şəxsin məhkəməyə verilməsini xahiş etdi. Məhkəmə vəsatətlə bağlı cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, əsaslar aşağıdakılardır:

1. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs “naməlum KAMAZ” markalı avtomobilin qarşısından keçərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxdığından hadisə baş vermişdir. Həmin “KAMAZ” markalı avtomobilin sürücüsünün müəyyən edilərək şahid qismində dindirilməklə, işin konkret halları barədə məlumat əldə edilməsi istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün zəruri olmasına baxmayaraq, həmin şəxsin aşkar olunması üçün bütün tədbirlər həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamədən görünür ki, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxs onlara məxsus olan mühərrikin işçi həcmi 50 kub.santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidir. Məlumdur ki, dövlət qeydiyyatından müvafiq qaydada keçirilmə avtomobilə dövlət qeydiyyat nişanının verilməsi ilə nəticələnir, həmin nişan əsasında avtomobilin sürücüləri barədə məlumatlar müvafiq qurumlarda olur. Lakin istintaq zamanı “KAMAZ” markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən etmək üçün hadisə yerinin yaxınlığında olan “Təhlükəsiz şəhər” və video-müşahidə kameralarına baxış keçirilməmiş, şahid dairəsinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülməmişdir.

2. Cinayət işi üzrə “şahidin nümayəndəsi qismində tanımaq haqqında” 12 mart 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:06-da etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti istiqamətindən Qələbə dairəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin birinci bəndinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək yaşayış məntəqəsi hesab edilən ünvan 1 ünvanın qarşısına düşən yol hissəsində avtomobili həmin sürətlə idarə etməyi davam etdirib istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötməyə çalışarkən həmin yolu “Kamaz” markalı avtomobilinin önündən sağdan sola keçən xx.xx.2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun koma halı və travmatik şoku ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpəənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki baldırın qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur.” Məhkəmə bildirir ki, müstəntiq tərəfindən yuxarıda qeyd olunan qərarda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin birinci bəndinin tələblərinin pozulmasına istinad edilmiş, habelə zərərçəkmiş şəxsə yetirilmiş bədən xəsarətini göstərmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyində müəyyən edilə bilər. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X3” X6 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, həmin rəy xx.xx.2022-ci il tarixdə, yəni “şahidin nümayəndəsi qismində tanınma haqqında” qərarının tərtibindən 5 ay sonra tərtib olunmuşdur. Bundan əlavə, iş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinin pozulmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/677 saylı ekspert rəyi 8 aprel 2022-ci il tarixdə, yəni müvafiq qərardan təxminən 1 ay sonra tərtib olunmuşdur. Buradan da belə aydın olur ki, müstəntiq tərəfindən “şahidin nümayəndəsi qismində tanıma haqqında” 12 mart 2022-ci il tarixli qərarı qəbul olunan zaman ekspertizanın sözügedən rəyləri mövcud olmamış, lakin buna baxmayaraq müstəntiq öz qərarında həmin rəylərə əsaslanmışdır. Bu da onu göstərir ki, qərar ekspertiza rəyləri olduqdan sonra tərtib olunmuş, lakin qərarda əvvəlki tarix göstərilmişdir. Bununla da, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

3. Müstəntiq tərəfindən qəbul edilmiş 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki mülkiyyətçisi zərərçəkmiş şəxs qismində tanınmamış, onunla telefon əlaqəsi saxlanılmış və telefon danışığı zamanı Əzizalıyev tərəfindən Nəsimi RPİ-yə hər hansı bir iddia ərizəsi verilməmiş və bu səbəbdən X2 mülki iddiaçı qismində tanınmamışdır. Belə ki, müstəntiq avtomobilin mülkiyyətçisini zərərçəkən şəxs qismində tanımamış, maddi ziyanı müəyyən etməmişdir. Bunu onunla əsaslanıdırmışdır ki, avtomaşının mülkiyyətçisi ilə telefon əlaqəsi saxlanılmış və telefon danışıqları barədə protokol tərtib edilmişdir. Buradan da aydın olur ki, avtomobilin mülkiyyətçisinin istintaqa dəvət edilərək zərərçəkən şəxs qismində tanınması və yaxud imtina etməsilə ilə bağlı ərizəsi alınmamış və bununla bağlı hər hansı bir hərəkət edilməmiş, formal olaraq protokol tərtib edilərək sübutların qiymətləndirilməsi barədə qərarda buna istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

4. Cinayət işinin tərtibi zamanı bir sıra qramatik və üslub səhvlərinə yol verilmiş və həmçinin tanış etmə protokolunda tarix pozulmuş və saxtalaşdırılmışdır. Belə ki, cinayət işinin 97-ci vərəqəsində mütəxəssisin imzası pozulmuş və yenidən yazılmışdır. Cinayət işinin 222-ci vərəqəsində “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərarda heç bir dəyişiklik edilmədən müstəntiq tərəfindən təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmişdir. Halbuki, şəxsə yenidən ittiham elan olunarkən əvvəlki ittihamdan fərqli yeni hallar müəyyən olunarsa o halda şəxsə yenidən ittiham verilə bilər. Cinayət işinin 233-cü vərəqəsində “Təqsirləndirilən şəxsə müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokolda təqsirləndirilən şəxsin adı Rəhman deyil “Rəhamn” kimi yazılmışdır. Cinayət işinin 252-ci vərəqəsində “Təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda tarix pozulmuş, yenidən yazılmış və saxtalaşdırılmışdır.

5. Cinayət işinin istintaqı zamanı cinayət-prosessual qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur: Cinayət işinin 190-cı vərəqəsində ekspertizasının təyin edilməsi haqqında” 14 iyul 2022-ci il tarixli qərarı təqsirləndirilən şəxsə 30 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Cinayət işinin 196-cı vərəqəsində AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X6 xx.xx.2022-ci il tarixli rəyi 15 avqust 2022-ci il tarixdə müstəntiqə təqdim olunmuş, müstəntiq isə təqsirləndirilən şəxsi həmin rəylə 30 avqust 2022-ci il tarixdə tanış etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 268.1-ci maddəsində göstərilir ki, müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək hüququna malikdir. Lakin yuxarıda göstərildiyi kimi müstəntiq tərəfindən 10 günlük müddət pozulmuş, təqsirləndirilən şəxs ekspertizanın təyini haqqında qərarla 1 ay 16 günə, ekspertiza rəyi ilə 15 günə tanış olmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur.

6. Cinayət işinin 56-59-cu vərəqəsində sağlamlığa zərər vurmanın təyininə dair ekspert rəyi tibbi sənədlər əsasında alınmış, canlı şəxs müayinədən keçməmişdir. Cinayət işinin 197-201-ci vərəqəsində komisyon məhkəmə tibbi ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu travma. QKBT. Baş beynin əzilməsi. Koma. Hər iki baldır sümüklərinin qapalı sınığı ilə əlaqədar hal-hazırda vegetativ komatoz haldadır. Zərərçəkmiş şəxs hal-hazırda stasionar müalicədə olmaqla onun vəziyyəti ağır stabil kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs hal-hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkün deyildir”. Müstəntiq tərəfindən zərərçəkmiş şəxs dindirilməmiş, iş materialları ilə tanış olmamış, ekspertin rəyində istintaq hərəkətlərinin keçirilməsinin mümkün olmadığı göstərilsə də, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin formal ifadəsi alınaraq, qanuni nümayəndəyə istintaqın qurtarması haqqında məlumat verilmiş və sonuncu iş materialları ilə tanış olmuşdur. Belə ki, ekspert rəyində zərərçəkmiş şəxslə istintaq hərəkətlərinin keçirilməsinin mümkün olmadığı göstərilsə də, müstəntiq tərəfindən istintaq hərəkətləri tamamlanmış, zərərçəkmiş şəxsin mövqeyi bilinməmiş və ibtidai istintaq yekunlaşaraq ittiham aktı tərtib edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən isə cinayət işi üzrə zərərçəkmiş şəxs komada olduğundan ifadə verə bilməməsi, təqsirləndirilən şəxsə qarşı onun hansı mövqedə olması müəyyən edilməmişdir. Bu da təqsirləndirilən şəxsin özünü müdafiə etməsində çətinlik yaratmış, müdafiəsini düzgün qura bilməmişdir. Bundan başqa, istintaq müddəti ərzində təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və qərarlar kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarının ibtidai istintaq dövründə də pozulduğu, zərərçəkmiş şəzsin komada olduğu və onunla istintaq hərəkətlərinin keçirilməsinin mümkün olmadığı halda cinayət işinin tez-tələsik hazırlanaraq məhkəməyə verilməsi təqsirləndirilən şəxsin hüquqlarının kobud pozuntusuna gətirib çıxarmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam həyata keçirilməmiş və bununla da, Cinayət-Prosessual Məcəllənin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlarna dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, cinayət işinin materialları ilə tanış etmə qaydası pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün kobud pozuntuları kimi qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5. 300.4 və 303.3.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar