Məhkəmə qərarları › İş №1(006)-419/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-419/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-419/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: X2 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonunun Hacıisaoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun Hacıisaoba kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyul 2022-ci il tarixdə, saat 17:38-də ünvan 1 ünvanda yerləşən “Bazarstore” supermarketinə gələrək yalnız mağaza personalının giriş-çıxışı üçün nəzərdə tutulmuş anbara qanunsuz daxil olmuş və orada iş otağına qoyulmuş dolabdan X3 məxsus, içərisində 700 manat pul və 1.500 manat dəyərində bir ədəd qızıl üzük olan 10 manat dəyərində pul kisəsini götürərək zərər çəkmiş şəxs S.Abışovaya ümumilikdə 2.210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27 iyul 2022-ci il tarixdə, saat 18:53-də ünvan 2 ünvanda yerləşən “Vita №1” aptekə gələrək orada olan şəxslərin fikrinin onda olmadığına tam əmin olduqdan sonra yalnız işçilərin giriş-çıxışı üçün nəzərdə tutulmuş, başqa saxlanc yeri hesab edilən otağa açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus, içərisində 541 manat pul və hər birinin qiyməti 10 manat olmaqla, 03 ədəd 30 manat dəyərində bank kartları olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 581 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı Xaçmaz rayonunda özünə iş tapa bilmədiyi üçün hər gün Bakıya gedib-gəlməyə başlamışdır. 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən Azadlıq prospektində yerləşən “Bazarstore” supermarketə siqaret almaq üçün daxil olmuş və marketdə mühafizə sisteminin zəif olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. O, marketdə anbar olan tərəfə baxdıqda orada hər hansı bir mühafizəçinin olmadığını görmüş və ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra anbara daxil olmuşdur. Anbarda bir qədər gəzdikdən sonra personal üçün nəzərdə tutulmuş otağın qapısının açıq olduğunu görüb içəri girmişdir. Otaqda axtarış apardıqda dolabın üzərində pul qabı görmüş və onu götürüb anbarı tərk etmişdir. Marketdən çıxdıqdan sonra pul qabını açıb içərisinə baxdıqda onun içərisində zərər çəkmiş şəxsin söylədiyi kimi 700 manat deyil, ancaq 75 manat pul olmuş, qızıl üzük isə olmamışdır. Pulu götürüb cibinə qoymuş, pul qabını isə kənara tullamışdır. Bundan əlavə, həmin günü saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Vita №1” aptekə daxil olmuş, orada heç kimin olmadığını görüb otaqları bir-bir gəzməyə başlamış, mətbəx kimi istifadə olunan otaqdan bir ədəd pul qabını götürüb tez aptekdən çıxmışdır. Sonra pul qabına baxdıqda onun onun içərisində müxtəlif bank kartları, şəxsiyyət vəsiqəsi və 541 manat pul olmuşdur. Pulu götürüb pul qabını içərisindəki əşyalarla bilrikdə kənara atmışdır. İİ dərəcəli əlildir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X5 ifadəsində göstərdi ki, o, satış təmsilçisi işləyir. 27 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Bazarstore” supermarketə gətirdiyi ərzaqları piştaxtalara yerləşdirməyə başlamışdır. Həmin vaxt öz pul qabını yalnız mağaza personalının giriş-çıxışı üçün nəzərdə tutulmuş anbarda olan otaqların birində dolaba qoymuş, saat 18 radələrində işlərini bitirib anbardakı otağa qayıdanda isə pul qabının yerində olmadığını aşkar etmişdir. Sonradan marketdə olan müşahidə kameralarına baxdıqda bir nəfər şəxsin anbara daxil olub oradan pul qabını oğurladığı müəyyən olunmuşdur. Dəyəri 10 manat olan pul qabının içərisində 700 manat pul və bir ədəd 1.500 manat dəyərində qızıl üzük var idi. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən “Vita №1” aptekdə əczaçı işləyir. 27 iyul 2022-ci il tarixdə, saat 23 radələrində apteki bağlayıb yaşadığı evə gedən zaman əl çantasında olan, içərisində şəxsiyyət vəsiqəsi, 3 ədəd plastik bank kartlarının və 541 manat nağd pul olan pul qabının olmadığını aşkar etmiş və onu axtarsa da, tapa bilməmiş, pul qabının oğurlandığını başa düşmüşdür. Növbəti günü aptekdə olan müşahidə kameralarına baxan zaman görmüşdür ki, bir nəfər şəxs 27 iyul 2022-ci il tarixdə, saat 18 radələrində aptekə daxil olub onun başının qarışıq olmasından istifadə edərək yalnız işçilərin giriş-çıxışı üçün nəzərdə tutulmuş, başqa saxlanc yeri hesab edilən otağa açıq vəziyyətdə olan giriş qapısından girib axtarış aparır və ona məxsus olan əl çantasından həmin pul qabını götürür. Ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - “Şühbəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarda Təqsirləndirilən şəxs bildirir ki, 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanda yerləşən “Bazarstore” adlı marketə daxil olmuşdur ki, oradan özünə siqaret alsın. Marketə daxil olduqdan sonra orada mühafizə sisteminin zəif olduğunu görmüş və oğurluq etmək qərarına gəlmişdir. Həmçinin fikri yalnız pul oğurlamaq olmuşdur. O, marketdə anbar olan tərəfə baxdıqda orada hər hansı bir mühafizəçinin olmadığını görmüşdür. O, anbara tərəf yaxınlaşmış və ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra anbara daxil olmuşdur. Anbarda bir qədər gəzişdikdən sonra personal üçün nəzərdə tutulmuş otağın qapısının açıq olduğunu görmüş və içəri daxil olmuşdur. Otaqda axtarış apardıqda dolabın üzərində 1 ədəd pul qabı görmüş və onu götürüb anbarı tərk etmişdir. O, marketdən çıxdıqdan sonra pul qabını açıb içərisinə baxdıqda onun içərisində 75 manat pul və bir ədəd qızıl üzük olmuşdur. O, pul və qızıl üzüyü götürüb cibinə qoymuş, pul qabını isə kənara tullamışdır............. Həmin günü “20 Yanvar” metrostansiyası yaxınlığında olarkən qızıl üzüyü 400 manata tanımadığı yoldan keçən şəxsə satmışdır (cild İ, i.v.46-47, 59-60, 106-107); - “Baxış keçirilməsi haqqında” 16 avqust 2022-ci il tarixli protokola əsasən cinayət işinin materiallarına əlavə olunmuş disklərin birində 05 ədəd videofayl var. 1 faylda iş üçün əhəmiyyət kəsb edən görüntü müşahidə olunmamışdır. Digər 04 ədəd videofayla baxıldıqda bir nəfər ağ rəngli köynək və şalvarda olan şəxsin “Bazarstore” marketdə anbara daxil olaraq oradakı otaqların girib axtarış aparması və dolabdan əşyanın götürüb cibinə qoymaqla anbardan, daha sonra marketdən çıxması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərə baxıb həmin videogörüntülərdə olan şəxsin özünün olduğunu, “Bazarstore” marketə daxil olduqdan sonra orada anbara girdiyini və anbardakı otaqların birində oğurluq məqsədilə axtarış aparmaqla dolabda olan pul qabını götürüb cibinə qoyaraq marketdən çıxdığını bildirmişdir. Digər diskdə isə 03 ədəd videofay var. Videofayllara baxıldıqda bir nəfər ağ rəngli köynək və şalvarda olan şəxsin “Vita №1” aptekə daxil olaraq aptekin otaqlarında axtarış aparması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər iki yerdə özünün olduğunu bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs “Bazarstore” adlı marketə 27 iyul 2022-ci il tarixdə, saat 17:38-də, “Vita №1” adlı aptekə isə 27 iyul 2022-ci il tarixdə, saat 18:53-də daxil olması öz təsdiqini tapır (İ cild, i.v.93-95); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-398/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.66-67); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, məhkəmə hökmü və qərarının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər 06 dəfə oğurluğa görə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.112-114, 116-118); - “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var, həmçinin o, İİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X3 qarşı törədilmiş əməllə bağlı özünü qismən təqsirli bilib sonuncuya məxsus pul qabından yalnız 75 manat pulun talamasını, qızıl üzüyün isə oğurlamadığını bildirsə də, məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər dəlillər, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələri (pul qabında bir ədəd qızıl üzüyün olması və onu həmin günü metronun “20 Yanvar” stansiyası yaxınlığında 400 manata satmasının göstərməsi) belə nəticəyə gəlməyə əsas verir ki, ittihamın bu hissəsinə dair belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, habelə özünün də əlil olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi anoloji az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzalarına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən belə cinayətin törətməsini, məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı vaxtdan – 29 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cüvmaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar