Məhkəmə qərarları › İş №1(006)-419/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-419/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-419/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,626 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 20:20-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 102 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,626 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13 il narkotik maddələrdən istifadə etməsə də, tutulmamışdan qısa müddət öncə həmin vasitələrdən istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, el arasında “Kubinka” kimi tanınan ərazidən üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 01 bükümdə narkotik vasitə heroin əldə etmişdir. Həmin gün saat təxminən 20 radələrində ünvan 3 ünvanının qarşısında gəzişən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmalarını bildirmişdirlər və bunu təsdiq etmək üçün polis vəsiqələrini ona nümayiş etdirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək anket məlumatlarını bildirməyini xahiş etmişlər. Bu zaman o, polis əməkdaşlarına anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona əgər üzərində narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdirlər. Bu zaman o, əynində olan şalvarın cibindən saat 17 radələrində əldə etmiş olduğu və içərisində narkotik vasitə heroin olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzəri yoxlanılmış, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi büküm qablaşdırılmış və həmçinin o, Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə dəvət olunmuşdur. 21-ci Polis bölməsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin bükümün içərisində toz şəkilli qəhvəyi rəngli vasitə vardır. Təhqiqatçı tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər biri tərəfindən imzalanmışdır. Bundan sonra o, Nəsimi RPİ-nin MSY-yə təhvil verilmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 17 fevral 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkilləri X6 və X7 daxil edilmişdir. Daxil olmuş məlumatda “Emin” adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satşı ilə məşqul olması göstərilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Beləliklə daxil olmuş məlumatda göstərilən xüsusatları yoxlamaq üçün xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsinə yaxınlaşaraq orada özlərinə mövqe seçmişdirlər. Həmin gün saat 20:20-də Mərdanov Qardaşları 102 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxsla eyni əlamətlərinin olmasını görərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş edərək özlərini təqdim etmişdirlər. Bundan sonra həmin şəxsdən anket məlumatlarını bildirməsini tələb etmişdirlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs nə üçün saxlanılması və nədə şübhəli olması barədə məlumat vermişdirlər və sonuncuya hüquqlarını izah etmişdirlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında əşyalarında və ya bədənində ola biləcək qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın cibindən 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər vasitə olan bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin hər hansı başqa əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır və həmin maddəni saxlanıldığı gün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib edilməsi üçün şərait olmadığından Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə dəvət edilmişdir. 21-ci Polis bölməsində olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və sonuncunun təqdim etdiyi bükümə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman çəkilərək 01 ədəd CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və ya 21-ci Polis bölməsində olan zaman hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. İş materiallarında olan 17 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 fevral 2025-ci il tarixdə saat 20:20-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 102 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarının cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür (i/v 8-9). İş materiallarında olan 17 fevral 2025-ci il tarixli təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolla müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 fevral 2025-ci il tarixdə saat 20:20-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 102 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırıldığı ağ rəngli zərfə və keçirilmiş əməliyyat-axtarış tədbirinin videoyazısının olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş zərfdə 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə herionə bənzər kütlənin olması, DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması məlum olmuş, həmin narkotik vasitə heroinə bənzər kütlə yenidən qablaşdırılaraq möhürlənmişdir (i/v 17-18). İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 31). İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X6, Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin digər əməliyyat-müvəkkili, polis leytenantı X7 barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan Təqsirləndirilən şəxs saxlayaraq sorğu-sual etmişdirlər. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təklif olunur ki, əgər onun üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa sonuncu həmin əşyanı təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın cibindən 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra aşkar olunan büküm qablaşdırılaraq zərfə qoyulmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. 2-ci DVD diskə köçürülmüş videogörüntüdən görünür ki, Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid, həmin PB-nin digər əməliyyat müvəkkili Murad Əliyevin və həmin PB-nin digər əməliyyat müvəkkili Ayxan Əhmədovun iştirakları ilə barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd bükümə təhqiqatçı Maqsud Mirzəzadə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə vardır. Bundan sonra aşkar olunan kütlə yenidən təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imza edilmişdir (i/v 69). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 19 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 84-85). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 87). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 6/732 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış maddə Təqsirləndirilən şəxs yazısı olan və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,626 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 49-51). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 fevral 2025-ci il tarixli, 951 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır (i/v 93-94). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətdiyinə görə məhkum olunaraq, sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad olunmuşdur. (i/v 111-112, 114-116). İş materiallarında olan C03369041 nömrəli pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 may 2010-cu il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 118). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,626 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatlarında sonra qalıq çəkisi 0,576 qram olan narkotik vasitə heroinin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 119-127). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə heroini xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,626 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,576 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-419/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,626 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,576 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 18 iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar