Məhkəmə qərarları › İş №1(006)-42/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-42/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-42/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, işləməyən, Xaçmaz rayonu, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi, ev 06-da qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 10 fevral 2024-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesinə gedib orada işləyən tanışı Zərərçəkmiş şəxs yaxınlaşmış, söhbət etmək adı ilə sonuncunu kafedən çölə çıxarıb kafenin qarşısında sözlü mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs küçənin qaranlıq hissəsinə apararaq orada sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən zərbə vurmaqla yerə yıxaraq ona sol qulaq seyvanının, sol saidin qançırları və qarın nahiyəsinin sol yarısının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əlində olan, 055 ***-**-** saylı GSM nömrə ilə istifadə etdiyi 450 manat dəyərində “Honor X7” markalı, “CMA-LX1” modelli mobil telefonu və şalvarının cibindən 980 manat nağd pulu götürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.430 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonunda lombard işçisi kimi tanıdığı Nəriman adlı şəxs rayonda müxtəlif şəxslərə kredit verməklə məşğul olmuşdur. Təxminən 02 il bundan əvvəl lombardın sahibi Əli adlı şəxs ona bildirmişdir ki, lombardda olan müəyyən qızılları pula çevirmək lazımdır. O da lombarda getdikdə Əlinin otağında Nəriman və İlhamə adlı qadın da olmuşdur. Otaqda olarkən həm lombardın, həm də İlhamə adlı qadına məxsus qızılları stolun üzərinə qoymuşdur. O, həmin qızılları İlhamə adlı qadından götürüb onları pula çevirməyini öhdəsinə götürmüş, lakin sonra Nəriman bu işi öz üzərinə götürərək qızılları götürmüşdür. Bundan sonra Nəriman həmin qızılları götürərək ələ keçirib işdən çıxmış, qızıllar da Əli ilə onun üzərində qalmışdır. Sonra ona məlum olmuşdur ki, Nəriman Bakı şəhərində “Dostluq” kinoteatrı tərəfdə pivəxana işlədir. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində o, həmin yerə gələrək Nərimanı görüb onunla danışmaq istədiyini bildirmişdir. Nəriman da onu içəri otağa dəvət etdikdə, o içki məclisində oturmadığını bildirib Nərimanı bayıra dəvət etmişdir. Onlar bayıra çıxdıqdan sonra Nərimandan İlhamə adlı qadının pulunu ödəməsini tələb etmiş, lakin içkili vəziyyətdə olan Nəriman ona əl-qol atmağa başladığı üçün o, onu vurmuşdur. Onlar əlbəyaxa olmuş, daha sonra isə digər küçəyə tərəf keçmişlər. Orada olarkən Nəriman onun sol qolundan bilmədiyi əşya ilə vurmuş, lakin həmin an o, bunu hiss etməmişdir. Bundan sonra Nəriman öz telefonunu yerə çırparaq ekranını sındırıb pivəxanaya qayıtmış, o da həmin telefonu yerdən götürüb küçə ilə irəliləməyə başlamışdır. Daha sonra yolda olan “Toyota Prius” markalı avtomobil ilə Azadlıq prospekti ilə aşağı düşmüşdür. O, əvvəldən tanıdığı Xaçmaz rayonundan olan Həmdulla adlı telefon ustasının işlədiyi yerə getmiş, orada telefonu Həmdullaya təmir üçün vermiş və təmir etdikdən sonra ona xəbər etməsini bildirmişdir. Həmçinin Həmdulladan yol pulu olaraq 15 manat pul almışdır. O, hadisə yerindən uzaqlaşdığı “Toyota Prius” markalı avtomobilin nömrəsinə ümumiyyətlə baxmamışdır. O, törətdiyi əməl barəsində heç kimə heç nə deməmişdir. Daha sonra pul kisəsinin üzərində olmadığını aşkar etmiş və hadisə yerinə qayıtmışdır. Orada yerdə köynəyi görmüş və həmin köynəyi də özü ilə götürmüşdür. Həmin köynəyi özü ilə aparsa da, onu xatırlamadığı bir yerdə zibil qutusuna atmışdır. Bundan sonra tanışı Azər və Tural adlı tanışlarının yaşadığı məhəlləyə, “Proqres” adlanan əraziyə getmiş və orada özünə məxsus olan əşyaları götürmüş, orada adını xatırlamadığı, lakin həmin məhəllədə yaşayan bir nəfər şəxslə görüşdükdən sonra ona taksi sifariş etmişdir. Həmin taksi ilə “Şamaxinka” adlanan əraziyə, oradan isə şəhərlərarası taksi vasitəsilə Xaçmaz rayonunda yerləşən yaşadığı evinə getmişdir. Daha sonra isə polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlamışlar. O, Zərərçəkmiş şəxs üzərindən 980 manat pul götürməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 02 aydır ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesində ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə tanışı Şahid1 və onun tələbəsi İbrahim adlı şəxslə həmin kafedə oturub söhbət edərkən təxminən saat 23:30-23:55 radələrində Xaçmaz rayonundan olduğunu bildiyi və qiyabi tanışlığı olan Təqsirləndirilən şəxs kafeyə daxil olaraq onların yanına yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlara qəribə suallar verməyə başlamışdır. Anar onun yanında olan və şəxsən tanımadığı şəxslərdən -“haradansınız?, doğum iliniz nədir?”- kimi suallar verməyə başlamışdır ki, bu zaman onun yanında olan Ramal və İbrahim də Anarın niyə belə suallar verdiyini anlaya bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona onunla təklikdə söhbət etmək istədiyini, ona sözünün olduğunu bildirdikdə o, ayağa qalxaraq Təqsirləndirilən şəxs kafenin içəri otaqlarından birinə dəvət etmiş, lakin Anar ona tələsdiyini və çöldə sözünü deyib getmək istədiyini bildirmişdir. Anarla razılaşmış və Anarla kafedən çölə çıxmışdır. Həmin kafenin qarşısında olarkən Təqsirləndirilən şəxs ondan pul tələb etdikdə Anara “nə üçün sənə pul verməliyəm?” dedikdə Anar ona “Xaçmaz rayonunda hamı məni kriminal aləmin üzvü kimi tanıyır və mənə aylıq pul verirlər, sən də Xaçmaz rayonunda işləmisən, pul qazanmısan, lakin mənim haqqımı verməmisən, Xaçmaz məndən soruşulur orada işləmisənsə məni görməlisən, əgər verməsən səni rayonda rüsvay edib səni döyəcəyəm” deyərək ondan üzərində olan mobil telefonunu və pulunu tələb etmişdir. O, Anara pulu və mobil telefonunu verməyəcəyini bildirdikdə Təqsirləndirilən şəxs ona əl atmış və o, Anarın əlini tutaraq onu kənara itələmişdir. Bundan sonra Anar onu dartaraq kafenin kənarında, "xxxx" ASC-nin filialının arxasında yerləşən qaranlıq ara küçəyə aparmaq istəmişdir. Həmin ara küçənin qarşısına çatdıqda tam gücünü toplayıb Anara müqavimət göstərmişdir. Bu zaman Anar onun əlində olan ona məxsus “Honor X7” markalı, göy rəngli mobil telefonu əlindən almağa çalışmışdır. Həmin telefonu möhkəm tutub saxladıqda Təqsirləndirilən şəxs ona “telefonu ver, işim var” ifadələrini işlətmiş, lakin o, həmin telefonu Anara verməyib telefonu əynindəki şalvarın arxa cibinə qoymuşdur. Daha sonra onlar yolun kənarında dayanmış vəziyyətdə olan avtomobillərin arasına keçmişlər. Orada olarkən Təqsirləndirilən şəxs onu vurmağa başlamış, o da özünü qorumaq üçün Anara zərbə vurmağa çalışsa da, Anar ona güc gələrək onu yerə yıxmışdır. O, yerə yıxıldığı zaman Anarın əynindəki şalvarın arxa cibinə əl atıb telefonu götürmək istədiyini hiss etdikdə o, əlini tez telefona atmışdır. Lakin artıq Təqsirləndirilən şəxs güc gələ bilmədiyini və telefonu onun əlindən alacağını anladıqda həmin telefonu möhkəm yerə vurmaqla ekranını sındırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ekranı sınmış telefonu və telefonla eyni cibində olan 980 manat pulu götürmüşdür. Hətta onun köynəyi cırılıb əynindən çıxaraq hadisə yerində qalmışdır. Onun üzərindəki paltarlar cırıldığından, həmçinin xəsarət aldığından orada çox qala bilməmiş və kafenin içərisinə daxil olmuşdur. Oradan içəri otaqda olan İbrahimi çağıraraq ona gödəkcə gətirməsini istəmişdir. İbrahim ona gödəkcəni gətirdikdə onun vəziyyətini görüb nə olduğunu soruşduqda İbrahimə hadisəni qısa izah edərək əynində olan iç geyimi də cırıldığından həmin geyimi çıxarıb zibil qutusuna atmış və gödəkcəni əyninə geyinərək kafedən çölə çıxmışdır. Çölə çıxdıqda artıq Təqsirləndirilən şəxs orada olmadığını görmüşdür. Daha sonra kafenin mühafizə kameralarının görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs yolun kənarında ağ rəngli, “Toyota Prius” markalı avtomobilin gözlədiyini və Anarın həmin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığını görmüşdür. Telefon nömrənin balansında heç bir məbləğdə pul olmamış, 055 ***-**-** saylı mobil telefon nömrəsinin qiyməti 05 manat və mobil telefon isə 300 manat olmuşdur. Ona ümumilikdə təxminən 1.280 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində sol qol və biləyindən, qarın nahiyəsindən və baş nahiyəsinin sol hissəsindən xəsarət almışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Zülfiqar oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 72, mənzil 112-nin qarşısında olan ara küçə ilə idarə etdiyi ağ rəngli, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ev istiqamətində hərəkət etmişdir. Təxminən saat 00:00 radələrində tanımadığı iki nəfər şəxsin əlbəyaxa dalaşdığını görmüşdür. Öz avtomobili ilə həmin şəxsləri gördükdə onların yanından keçib sol tərəfə dönmüş və dönən kimi orada olan “Al” marketin qarşısında avtomobilini saxlamışdır. Bir qədər həmin şəxslərə baxdıqdan sonra döyülən və bir qədər zəif bədən quruluşlu şəxsin ağzı-burnu qan içində olduğundan yazığı gəlmiş, avtomobilindən düşüb həmin şəxsləri aralamaq qərarına gəlmişdir. Avtomobilindən düşüb həmin şəxslərə yaxınlaşdıqda onları aralamağa çalışmış və bu zaman həmin şəxslərdən iri cüssəli olanı onu əli ilə itələmişdir. Hmin müddətdə o, bu şəxslərin aralarında hər hansı bir mövzuda danışmalarının şahidi olmamışdır. Bu zaman döyülən şəxs oradan çıxıb yaxınlıqda olan “Dostluq” kafesinə daxil olmuşdur. Bundan sonra həmin iri cüssəli şəxs sol qolunu onun boynuna dolayaraq onunla küçə boyu addımlamağa və ondan onu həmin küçə ilə “28 May” istiqamətinə aparmağını xahiş etmişdir. O, birinci dəfə etiraz edərək onu evdə gözlədiklərini və vaxtının olmadığını bildirmişdir. Lakin həmin şəxs ikinci dəfə daha sərt səs tonu ilə onu həmin ünvana aparmağını istəmişdir. Həmin şəxs ondan daha iri cüssəli olduğundan çəkinmiş, ona etiraz etməyə qorxmuş və onun tələbi ilə razılaşmışdır. Daha sonra həmin şəxslə avtomobilə əyləşmiş və həmin şəxsin dediyi ünvan istiqamətində hərəkətə başlamışdır. Yolboyu həmin şəxs heç nə danışmasa da, lakin artıq onu apardığı Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyası yaxınlığında həmin şəxs ona mənasız suallar verməyə başlamış, belə ki, ondan rus dili bilib-bilmədiyini soruşmuşdur. Həmin vaxt rus dili bilməməyinə baxmayaraq həmin şəxsə bildiyini bildirmişdir. Onlar həmin ünvana çatdıqda isə dərhal həmin şəxsi orada düşürdüb tez bir şəkildə yaşadığı evə qayıtmışdır. Bundan sonra isə o, həmin şəxsi ümumiyyətlə görməmişdir. O, Təqsirləndirilən şəxs ona da xəsarət yetirə biləcəyi ehtimalından yolboyu Anarla çox az ünsiyyət saxlamağa çalışmışdır. Həmin şəxs bu mövzu ilə əlaqədar ona heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 11 ildir “Sənaye və Texnologiya” kollecində və 5 ildir ki, həmin kollecdə şöbə müdiri vəzifəsində işləyir. 20 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesini rəsmi şəkildə icarəyə götürərək işlətməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs və kollecdə tələbəsi olan İbrahim adlı şəxslə “Dostluq” kafesində oturub içki içib söhbət edərkən saat təxminən 23 radələrində kafeyə adını sonradan bildiyi və tanımadığı Anar adlı şəxs daxil olaraq onların oturduğu masaya yaxınlaşmışdır. Anar əvvəlcə onlara salam vermiş, bundan sonra onun özü Anardan nə üçün əlcəklə görüşdüyünü soruşduqda Anar ondan üzr istəyərək əllərinin və qollarının yara olduğunu demişdir. Lakin o, Anardan yaraların səbəbini soruşmamışdır. Bundan sonra Anar əllərini yumaq istəmişdir. Nəriman Anara başqa yerdə söhbət etməyi təklif etmişdir. Anar əlini yuyub gəldikdən sonra onların oturduğu masanın yanında dayanaraq ona, İbrahimə, yan masada əyləşən Şəbnəm adlı ofisiant xanıma dəxlisiz, yəni “haradansınız?, doğum iliniz nədir?, “bürcünüz nədir?” kimi suallar verməyə başladıqda onlar Anarın suallarına cavab vermişlər. Anar həmçinin dəxlisiz şəkildə əxlaq ilə bağlı söhbətlər etmiş, sonra Anar masadan uzaqlaşan zaman “Nəriman da çaqqal bürcüdür” demiş və Anar ilə Nəriman birlikdə çölə çıxmışlar. Təxminən 15 dəqiqə sonra Nəriman ona qışqıraraq səslənmişdir. O, yuxarı çıxdıqda Nərimanın üzərində köynəyin olmadığını görmüş, nə olduğunu soruşduqda Nəriman ona Anar ilə dalaşdığını və Anarın onun telefonunu və 980 manat pulunu götürərək çıxıb getdiyini bildirmişdir. Bundan sonra Nəriman tualetə gedərək üzərindəki qanı təmizləmiş və daha sonra kafedə olan köynəklərdən birini geyinmişdir. Nəriman sakitləşdikdən sonra onlar birlikdə çölə çıxıb ətrafa baxmışlar, ətrafda nə Nərimanın telefonunu, nə də 980 manat pulu görməyib kafeyə daxil olmuşlar. Məhkəmədə Şahid2 Rusiya Federasiyasının Kazan şəhərində ali təhsil aldığı üçün onu dindirmək mümkün olmamış, ifadəsini yazılı qaydada məhkəməyə təqdim etmişdir. Buna görə də tərəflərin razılığı ilə həmin ifadə elan edilmişdir. Şahid2 10 dekabr 2024-cü il tarixli ifadəsindən aydın olur ki, o, Bakı şəhərində metronun “28 May” stansiyası yaxınlığında “Saleh Telefon“ adlanan mağazada mobil telefon təmiri ilə məşğul olmuşdur. 2024-cü ilin fevral ayının 10-da axşam saatlarında əvvələr Xaçmaz rayonundan həmyerlisi kimi tanıdığı Anar adlı şəxs ona yaxınlaşaraq sınıq halda gətirdiyi telefonu təmir etmək üçün vermişdir. Həmçinin Anar rayona qayıtmağa pulunun olmadığını və ondan 20 manat verməyini xahiş etmiş, o da Anara 25 manat pul vermişdir. Anar ona telefon hazır olduğu zaman məlumat verməyi söyləmiş və usta pulu ilə birlikdə 25 manat borcunu qaytaracağına söz vermişdir. Bundan bir neçə gün sonra onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparmışlar və həmin telefonun Anara məxsus olmadığını demişlər. O, izahat verdikdən sonra telefonu polis əməkdaşlarına təhvil vermişdir (İİİ cild). İş materiallarında olan: • “Diskə baxış keçirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini törətməsi barədə ünvan 2 ünvanda yerləşən ictimai iaşə obyektinin mühafizə kameralarının fiksə etdiyi videogörüntülərin mobil telefon vasitəsilə çəkildiyi və 01 ədəd DVD diskə köçürüldüyü videogörüntülərdən aydın olur ki, diskdə 09 ədəd videogörüntü vardır. Həmin videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, hündürboylu, iri bədən quruluşlu, qara rəngli gödəkcə geyinmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:48:22 saniyədə ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesinin qarşısında mobil telefonu ilə yaxınlaşır və orada gözləyir. Həmin tarixdə hündürboylu, iri bədən quruluşlu, qara rəngli gödəkcə geyinmiş şəxs saat 23:48:57 saniyədə kafeyə daxil olur və pilləkanlardan aşağı enir, saat 23:49:15 saniyədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid1 və tanışları İbrahim adlı şəxsin əyləşdiyi masaya yaxınlaşır, saat 23:50:07 saniyədə Zərərçəkmiş şəxsla birlikdə sanitar qovşağı istiqamətində hərəkət edir, saat 23:50:45 saniyədə yenidən kafenin içəsinə daxil olur, Zərərçəkmiş şəxs isə onu pilləkanlarda gözləyir. Həmin şəxs saat 23:51:58 saniyədə Zərərçəkmiş şəxsla birlikdə kafeni tərk edir, saat 23:52:03 saniyədə “Dostluq” kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edir, saat 23:59:09 saniyədə Zərərçəkmiş şəxsla əlbəyaxa dalaşır, daha sonra həmin şəxs kafenin qarşısında dayanmış ağ rəngli, “Toyota Prius” markalı avtomobili idarə edən orta boylu, normal bədən quruluşlu, tünd göy rəngli gödəkcə geyinmiş digər şəxslə birlikdə həmin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşır (İ cild, i.v. 10-11, 66); • “Könüllü təqdim etmə və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən Şahid2 Təqsirləndirilən şəxs təmir üçün vermiş olduğu göy rəngli, ekranı sınıq vəziyyətdə olan “Honor X7” markalı mobil telefon könüllü olaraq təqdim etmişdir (İ cild, i.v.118); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 may 2024-cü il tarixli, 9/3700 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Honor X7” markalı, “CMA-LX1” modelli mobil telefonun hazırki yararsız vəziyyətdə ehtiyyat hissəsi kimi orta bazar qiyməti təxminən 100,00 manat, yeni vəziyyətdə 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 450,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.194-196); • Zərərçəkmiş şəxs tərəfindən notariat qaydasında verilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur (İ cild, i.v.135) • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin 12 mart 2024-cü il tarixli, 190 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol qulaq seyvanının, sol saidin qançırları və qarın nahiyəsinin sol yarısının sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasan demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.140-142); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1168 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hsansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə beyin tarvması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlaməltəri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.155-165); • “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərara əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “Honor X7” markalı, CMA-LX1 modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və istintaq hərəkətləri başa çatdıqdan sonra mobil telefon saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir (İİ cild, i.v.45-57); • 22 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.192); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 77/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.100-102); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.129-131). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi soyğunçuluq, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, habelə zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbslə bağlı məhkəmə qərarının icra olunduğu andan – 16 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor X7” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor X7” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar