Məhkəmə qərarları › İş №1(006)-421/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-421/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-421/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 04 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 36 ünvanında yerləşən “Qəbələ” kafesində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə əyləşdikləri kabinetdə sonuncunun sərxoş vəziyyətdə yuxuya getməsindən istifadə edib özgənin əmlakını gizli olaraq talamaq məqsədilə masanın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 3750 manat dəyərində “İphone 15 Pro Max” markalı mobil telefonu və masanın üzərindəki əl çantasından 130 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 3885 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə Səbail rayonu ərazisində yerləşən “Ultra” klubda əylənməyə getmişdir. Həmin vaxt bir nəfər qadınla tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin qadınla söhbətləşmiş və bir yerdə yeyib-içmək qərarına gəlmişlər. Onlar təxminən 04-05 radələrində taksi ilə Nəsimi rayonu, Moskva prospekti 36 ünvanında yerləşən “Qəbələ” kafesinə gəlmişlər. Orada da yemek yeyib, spirtli içki qəbul etdikdən sonra onun adının Cəmalə olduğunu öyrənmişdir. Səhərə yaxın Cəmalə spirtli içkinin təsirindən yatıb qalmışdı. Təqsirləndirilən şəxs da onun yatmağından istifadə edərək ona məxsus olan tünd göy rəngli İphone 15 Pro Max markalı mobil telefonu və masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus çantanın içərisindən 130 manat pulu götürmüş və oradan uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışmasını, hazırda hamilə olduğunu bildirərək bunların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməni əvvəlki iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə saat 00:02 radələrində əvvəllər işlədiyi kafedən çıxaraq Səball rayonu ərazisində yerləşən "Ultra" kluba getmişdir. Həmin klubda spirtli içki qəbul etdikdən sonra 20-25 yaşlarında olan tanımadığı bir qadın ona yaxınlaşaraq yeyib-içməyi təkillf etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt sərxoş olduğu üçün onun təklifini qəbul etmişdir. Onlar birlikdə 04-05 radələrində taksiyə əyləşərək Nəsimi rayonu, Moskva prospekti 36 ünvanında yerləşən və sonradan adının "Qəbələ” olduğunu öyrəndiyi kafeyə getmişlər. Həmin kafedə kabinetlərdən birinə daxil olmuş və yeyib içməyə başlamışlar. Zərərçəkmiş şəxs orada da spirtli içki qəbul etdiyindən sayıqlığını itirmiş və nələr baş verdiyini xatırlamamışdır. Səhər təxminən 07:30 radələrində yuxudan ayıldıqdan sonra masanın üzərinə qoyduğu tünd göy rəngli, 4-5 ay əvvəl 3750 manata aldığı, “İpone 15 Pro Max” markalı (İMEİ-1 **********30245, İMEİ-2 **********9187İ) mobil telefonunun oğurlandığını aşkar etmişdir. Həmçinin onunla gələn qızın da kabinetdə olmadığını görmüşdür. Beləliklə, həmin qadının Zərərçəkmiş şəxs telefonunu oğurladığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs masanın üzərində olan çantasına baxan zaman orada olan 130 manat nağd pulun da həmin şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, mavi köynək, tünd rəngli şalvar geyinmiş həmin şəxsi əvvəllər tahımamış, ilk dəfə klubda görmüşdür. Zərərçəkmiş şəxs mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni bir müddət əvvəl 5 manata aldığını, cinayət nəticəsində ona ümumilikdə 3885 manat ziyan dəydiyini qeyd etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını, onun barəsində yüngül cəza təyin edilməsini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-14-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 36 ünvanında yerləşən kafedir. Cinayət işinin 73-cü vərəqində olan “Qətimkan tədbiri seçmə barədə” 15 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 79-cu vərəqində olan “Təqsirləndirilənin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin 81-ci vərəqində olan “Tanıma keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 4 nəfər şəxsin fotoşəkli təqdim olunmuş, Zərərçəkmiş şəxs 2 nömrəli şəkli göstərərək həmin şəxsin xx.xx.2024-cü il tarixdə gecə radələrində Səbail rayonu ərazisindəki “Ultra” klubda yanış olduğu, daha sonra birlikdə Nəsimi rayonu ərazisində yerləşən “Qəbələ” kafesinə getdiyi və orada özünə məxsus “İphone 15 Pro Max” markalı mobil telefonu və 130 manat pulu oğurlayan Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin 83-cü vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, CD diskdə Təqsirləndirilən şəxs Nəsimi rayonu, Moskva pr. 36 ünvanında yerləşən “Qəbələ” kafesində yerləşən kabinetdən çıxan zaman qeydə alınmış görüntüləri əks edilmişdir. xx.xx.2024-cü il tarixdə qeydə alınmış hadisə baş verən Nəsimi rayonu, Moskva prospekti 36 ünvanında yerləşən “Qəbələ” kafesinin təhlükəsizlik kameralarının görüntülərində göy köynək, qara şalvar geyinmiş qadın zərərçəkmiş Zərərçəkmiş şəxs müştəri kimi oturduğu kabinetdən əlində telefon ilə çıxmışdır. Təqsirləndirilən şəxs görüntüdəki qadının özü olmasını təsdiq etmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan “Axtarış elan edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və saxlanılaraq Nəsimi RPİ-nin İŞ-ə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 100-102-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 103-109-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli, 1(006)-44/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, on 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qıının tutulduğu 03 (üç) gün müddətin bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlqıdan məhrumetmə cəzasının saxlanılması, X2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 17 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 113-114-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 9/508 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 15 Pro Max” markalı 256 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1980.00 manat müəyyən edilir. Cinayət işinin 116-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 10 ünvanının qarşısında saxlanılmışdır. Cinayət işinin 123-124-cü vərəqlədində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında” 10 may 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən çıxarılaraq barəsində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 131-ci vərəqində olan “Maddi ziyanın ödənilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 10 may 2025ci il tarixdə saat 12:30-da Zərərçəkmiş şəxs dəymiş olan 3880 manat maddi ziyanın bir hissəsini ödəmək üçün 2000 (iki min) manat pulu təqdim etmişdir. Cinayət işinin 132-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs təqdim etdiyi 2000 manat pulu təhvil almışdır. Cinayət işinin 133-140-cı vərəqlərində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə əldə edilmiş bir ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-60/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək və 02 sentyabr 2024-cü il tarixdən 03 sentyabr 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 ay 9 gün müddət olmaqla ümumilikdə cəmi 01 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 ay 26 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin xx.xx.2025-ci il tarixli, 51/2- 52511/2025 saylı məktubuna əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:35-də saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16- 21-1/2-115064/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilmiş hissəsi 08 ay, çəkilməmiş hissəsi isə 04 ay 04 gün təşkil edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi sənəddə Təqsirləndirilən şəxs 12 həftəlik hamiləlik diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və hazırda hamilə vəziyyətdə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluqları (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-60/2025 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, onun hazırki iş üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (08-10 may 2025-ci il) və məhkəmə istintaqı zamanı tutulduğu 1 (bir) gün (04 oktyabr 2025-ci il), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 60/2025 nömrəli hökmü üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət (24- 26 mart 2024-cü il və 02-03 sentyabr 2024-cü il), habelə həmin iş üzrə həbsdə saxlanıldığı 01 ay 09 gün müddət (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) olmaqla ümumilikdə 1 (bir) ay 13 (on üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə, həmçinin həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməli, Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsi və cəzanı icra edən orqanda qeydiyyatda olması nəzərə alınmaqla hazırki hökmlə ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli hökm elan edildiyi andan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan – hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51- 3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-60/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-60/2025 nömrəli hökmü üzrə şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 1 (bir) ay 13 (on üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə, həmçinin həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 8 (səkkiz) ay hissəsi (ümumilikdə 11 ay 02 gün) ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 189 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsi və cəzanı icra edən orqanda qeydiyyatda olması nəzərə alınsın və hazırki hökmlə ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli hökm elan edildiyi andan hesablansın. İş üzrə maddi sübut olan – hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar