Məhkəmə qərarları › İş №1(006)-422/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-422/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-422/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 5 uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 7(006)-35/2021 saylı qərarı ilə həmin Məhkəmənin 29 sentyabr 2020-ci il tarixli, 1(006)-183/2020 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 08 avqust 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 mart 2021-ci il tarixdə saat 10:44-də ünvan 6 ünvanda yerləşən “Neptun” marketin qarşısına gəlib orada aralarında vəzifə bölgüsü apardıqdan sonra Elçin kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə idarə etdiyi “Khazar” markalı 99- PG- 045 dövlət qeydiyyat nişanlı avtomobildə dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş Seyrab, isə həmin ünvanda yolun hərəkət hissəsinin sağ tərəfində Şahid1 tərəfindən saxlanılmış Zərərçəkmiş şəxs MMC-yə məxus “X3 FE 711” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin saxlanc yeri hesab edilən yük hissəsinin qapısına fiziki güc tətbiq edib açaraq oraya qanunsuz daxil olub yük yerindən içərisində 1 blokunda 6 ədəd olmaqla 1 ədədinin qiyməti 1 manat 39 qəpik təşkil edən ümumilikdə 50 manat 4 qəpik dəyərində 6 blok “3672 Protex BS Fresh” markalı sabun, 1 blokunda 6 ədəd olmaqla 1 ədədinin qiyməti 1 manat 39 qəpik təşkil edən ümumilikdə 50 manat 4 qəpik dəyərində 6 blok “3672 Protcx BS Cream” markalı sabun, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 34 manat 20 qəpik dəyərində 9 banka 910 qramlıq “X6” markalı düyü, 1 ədədinin qiyməti 1 manat 14 qəpik təşkil edən ümumilikdə 22 manat 80 qəpik dəyərində 20 ədəd 500 qramlıq “Ankara makaron Firin” markalı makaron, 1 ədədinin qiyməti 1 manat 14 qəpik təşkil edən ümumilikdə 22 manat 80 qəpik dəyərində 20 ədəd 500 qramlıq “Ankara makaron Spaqetti” markalı makaron, 1 ədədinin qiyməti 87 qəpik təşkil edən ümumilikdə 41 manat 76 qəpik dəyərində 48 ədəd 40 qramlıq “O.X9” markalı biskvit, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən ümumilikdə 22 manat 80 qəpik dəyərində 6 ədəd 900 qramlıq “May.Mech.Xoz.Smetan 50,5% Stek.Banxa” markalı smetan, 1 ədədinin qiyməti 3 manat 52 qəpik təşkil edən ümumilikdə 84 manat 48 qəpik dəyərində 24 ədəd 170 qramlıq “File Lososya V.X7” markalı konserva, 1 ədədinin qiyməti 9 manat 50 qəpik təşkil edən ümumilikdə 57 manat dəyərində 6 ədəd 1 kiloqramlıq “Haribo Berries” markalı celebon kanfet, 1 ədədinin qiyməti 4 manat 06 qəpik təşkil edən ümumilikdə 48 manat 72 qəpik dəyərində 12 ədəd 47,5 qramlıq “X11” markalı kofe, 1 ədədinin qiyməti 1 manat 38 qəpik təşkil edən ümumilikdə 30 manat 36 qəpik dəyərində 22 ədəd 90 qramlıq “X10 70% ” markalı kletka şokalad, 1 ədədinin qiyməti 1 manat 40 qəpik təşkil edən ümumilikdə 100 manat 80 qəpik dəyərində 72 ədəd 60 qramlıq “X4 Slitlü Cikolata” markalı kletka şokalad olan üç ədəd qutunu gizli olaraq talayıb, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Khazar” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq hadisə yerindən uzaqlaşıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 565 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay müddətə yaxındır ki, **-PG-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil sürücüsü olan Təqsirləndirilən şəxs2 ilə tanış olmşdur. Elçin taksi kimi fəaliyyət göstərir və onun yaşadığı məhəlləyə müştəri aparıb gətirən zaman tanış olmuşdur. Onun mobil nömrəsini götürmüşdür və ona harasa lazım olduqda gedəcəyimi bildirmişdir. Beləliklə onunla 3-4 ay müddətində harasa getmək lazım olanda onu çağırırmışdır. Pulu olmadığı üçün oğurluq etmək fikrinə düşmüşdür və yaşadığı yerə yaxın olan Neptun marketin ətrafından gəzməyə başlamışdır. Görmüşdür ki, müxtəlif şirkətlərə məxsus yük maşınları Neptun marketin anbarına tərəf yaxınlaşır və yük maşının yük hissəsindən anbara karopkalarda olan ərzaq və qeyri ərzaq malları boşaldılır. Sonra yük maşının sahibsiz qoyub anbarın içərisinə gedirmişlər. O da qərara gəlmişdir ki, yük maşını sahibsiz olan zaman yük hissəsini açaraq orada olan karopkaları oğurlasın. Beləliklə 09 mart 2021-ci il tarixdə təxminən səhər saat 10:15 radələrində Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng etmiş və gedəsi yeri olduğunu deyib onu yaşadığı məhləyə çağırmışdır. Məhləyə çatandan sonra onunla görüşmüş və ona demişdir ki, “ Neptun” marketin anbar olan hissəsinə gedib orada yük boşaldılan maşından ərzaq və qeyri ərzaq mallarını oğurlayacaq və o da qıraqda dayanıb gözləməlidir. Onu çağıran kimi maşını yanına sürüb yük olan hissəini açmalı və oda malları ora qoyandan sonra həmin yeri tərk edib çıxıb getməlidirlər”. Bunun müqabilində ona 15 (on beş) manat pul verəcəyini bildirmişdir. O da razılaşmışdır və onlar saat 10:44 radələri olardı ki, ora çatmışdırlar. O, maşından düşmüş, mallarla dolu olan yük maşının sahibsiz olduğunu görmüş, yük maşınına yaxınlaşıb ətrafa baxmış və heç kimin orada olmadığını və onu görmədiyini əmin olduqdan sonra Əli ilə Təqsirləndirilən şəxs2 çağırmışıdır. Oda maşını ilə iki məhlənin arasında gizlənib gədib gedənləri gözətləmişdir. Çağırmağını görən Elçin tez maşını yanına sürmüş və o da yük maşının yük hissəsini tez açıb oradan 3 ədəd içərisi kolbasa olan karopkaları götürmüş, avtomobilin yük olan hissəsinə yerləşdirmiş, tez yük maşının qapısım bağlayıb və tutulmamaq üçün Elçinin idarə etdiyi taksi maşının yük hissəsinin qapısını açıq qoymuş və maşının ön qabağına əyləşmişdir. Elçində maşını baqaj açıq vəziyyətdə tez sürmüş və çıxıb getmişlər. Sonradan Elşin onu məhləyə düşürmüş və karopkaları maşından boşaltmışdır, o, isə Elçinə 15 manat pul vermişdir, sonrada 3 karopkanı evə qaldırmışdır. Bundan sonra həmin gündə Papanin adlı yerə gedib tanımadığı şəxsə bütün karopkaları vermiş, əvəzində narkotik vasitə olan heroini almış və istifadə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özünü qismən təqsirli bilməsinin səbəbi oğurladığı məhsulların yalnız kolbasadan ibarət olmasıdır. Daha sonra Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxsin numayəndəsi E.H.Şəfiyevin ona qarşı şıkayət və tələbinin olmamasını, vurulmuş zərərin tamamilə ödənilməsini, ailəli olmaqla himayəsində 5 uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş və oradan əldə etdiyi gəlirlə ailəsini dolandırırmış. O, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 17-də yerləşən binada yaşıyan sakinlərə taksi xidməti göstərmiş və 2-3 aya yaxındır ki, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Seyrab onun taksi sürücüsü olduğu bildiyi üçün ona məxsus mobil nömrəsini götürmüşdür. Seyraba taksi lazım olanda ona yığırmış o, isə əvəlkini istədiyi yerə aparıb pulunu alırmış. Seyrab ona 09.03.2021-ci il tarixdə səhər vaxtlarda zəng edərək onu götürməsini istəmiş, o, da Seyrabın yaşadığı məhəlləyə gəlmiş, sonuncu qabaq oturacağa əyləşmiş və bildirmişdir ki, onu Neptun marketin qarşısına aparıb onu orada gözləsin. O, Seyrabla razılaşmış və orada bir yer tapıb maşınında gözləmişdir. Marketin qabağında yük maşınının durduğunu və fəhlələr tərəfindən malın boşaldılmasını görmüş, sonradan Seyrab yük maşının yük olan qapısını açmış, o, isə tez maşını Seyrabın yanına vermişdir. Seyrab yük avtomaşınından götürdüyü içərisi dolu olan 3 ədəd karopkanı onun maşınının baqajına qoymuş, o, isə avtomobili dərhal oradan baqajın qapısı açıq vəziyyətdə olmaqla uzaqlaşmışdır. Bir az oradan ayrılandan sonra maşından düşüb baqajın qapısını özü bağlamışdır. Seyrabı evə gətirmiş, sonuncu ona 15 (on beş) manat pul vermiş və baqajdan karopkaları götürüb çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin numayəndəsi E.H.Şəfiyevin ona qarşı şıkayət və tələbinin olmamasını, vurulmuş zərərin tamamilə ödənilməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin qismən etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, CD diskində olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş E.H.Şəfiyev ifadəsində bildirmişdir ki, MMC-yə məxsus “X3 FE 711” markalı **-JE-*** dövlət nömrə nişanlı avtomobilin yük hissəsindən 565,80 manat dəyərində olan ərzaq və qeyri ərzaq mallarının oğurlanması faktı barədə məlumatları olmuşdur. Bu oğurluq nəticəsində Zərərçəkmiş şəxs MMC-nin 565,80 manat maddi ziyan dəymişdir. Daha sonra E.H.Şəfiyev məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin ödənilməsini, onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də sürücü işlədiyindən həmin şirkətə məxsus olan “X3 FE 711” markalı ** JE *** dövlət nömrə nişanlı avtomobili idarə edir. 09.03.2021-ci ildə saat 10:00 radələrində o, köməkçisi Şahid2 ilə birlikdə ünvan 6 ünvanında yerləşən “Neptun” supermarketinə ərzaq gətirmişlər. Həmin zaman o, idarə etdiyi “X3 FE 711” markalı ** JE *** dövlət nömrə nişanlı avtomobili qeyd etdiyi mağazanın qarşısında saxlayaraq köməkçisi Şirin ilə birlikdə avtomobildə olan ərzaq mallarını mağazaya aparmışlar. Belə ki, onlar ilk olaraq ərzaqların bir qismini götürüb mağazaya aparmış və bu zaman avtomobilin yük yerini bağlamışlar. Daha sonra onlar yenidən avtomobilə yaxınlaşaraq digər ərzaqları götürmək istədiyikləri zaman, avtomobilin yük yerini bağlayan kilidin yəni qıfılın yerində olmadığını görmüşlər. Onlar avtomobilin yük yerini açdıqda oradan müxtəlif çeşiddə olan qida və qeyri qida məhsulların oğurlandığını aşkar etmişlər. Müəyyən olunmuşdur ki, onlar mağazaya daxil olan zaman naməlum şəxs avtomobilin yük yerində olan qıfılı qıraraq avtomobilin yük yerində olan müxtəif çeşiddə olan qida və qeyri qida məhsullarını oğurlamışdır. O, həmin zaman baş vermiş hadisə ilə bağlı olaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxsMMC-də sürücü köməkçisi işləyir. 09.03.2021-ci ildə saat 10:00 da o, sürücü Şahid1lə ilə birlikdə ünvan 7 ünvanında yerləşən “Neptun” supermarketinin anbarına ərzaq və qeyri ərzaq malları gətirmişlər. Həmin zaman onlar “X3 FE 711” markalı ** JE *** dövlət nömrə nişanlı avtomobili qeyd etdiyi mağazanın qarşısında saxlayaraq birlikdə avtomobildə olan ərzaq mallarını mağazaya aparmışlar. Belə ki, onlar ilk olaraq ərzaqların bir qismini götürüb mağazaya aparan zaman avtomobilin yük yerini bağlayaraq getmişlər. Daha sonra onlar yenidən avtomobilə yaxınlaşaraq digər ərzaqları götürmək istədiyi zaman, avtomobilin yük yerini bağlayan kilidin yəni qıfılın yerində olmadığını görmüşlər. Onlar avtomobilin yük yerini açdıqda oradan müxtəlif çeşiddə olan qida və qeyri qida məhsulların oğurlandığını aşkar etmişlər. Belə ki, onlar mağazaya daxil olan zaman naməlum şəxs avtomobilin yük yerində olan qıfılı qıraraq avtomobilin yük yerində olan müxtəif çeşiddə olan qida və qeyri qida məhsullarını oğurlamışdır. Cinayət işinin 1-ci cild 47-ci vərəqəsində olan 31 mart 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 112-115-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 31 mart 2021ci tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 169-171-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 7(006)-35/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 1(006)-183/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 10 ay 11 gün müddət Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və azadlıqdan məhrumetmənin müddəti həmin həddə müəyyən edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan 01 aprel 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 119-120-ci vərəqələrində olan 02 aprel 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında iştirak etməməsi səbəbindən barəsində məcburi gətirmə haqqında qərar çıxarılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında təkrarən iştirak etməməsi səbəbindən barəsində məcburi gətirmə haqqında qərar çıxarılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməməsi səbəbindən axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi RPİ-nin 20 PB-nin 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 02 sentyabr 2021-ci il tarixdə tutularaq Nəsimi RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 02 sentyabr 2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 04 sentyabr 2021-ci il tarixdə Təcridxanaya təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclası 17 sentyabr 2021-ci il tarixə, saat 12-30-a təyin edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 173-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 9/3815 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş mallar: 6 blok “3672 Protcx BS Fresh” Sabunu - 1 bokun içərisində 6 ədəd sabun vardır. 6 blok sabunun içərisində cəmi 36 ədəd sabun vardır, lədəd 150 qramlıq sabunun qiyməti 1,39 manat, 1 blok sabunun qiyməti 8,34 manat və 6 blok sabunun qiyməti 50,04 manatdır, 6 blok “3672 Protex BS Cream” Sabunu- 1 bokun içərisində 6 ədəd sabun vardır. 6 blok sabunun içərisində cəmi 36 ədəd sabun vardır, lədəd 150 qramlıq sabunun qiyməti 1,39 manat, 1 blok sabunun qiyməti 8,34 manat və 6 blok sabunun qiyməti 50,04 manatdır, 1 qutu “X5” banka Düyü - 1 qutunun içərisində 9 ədəd banka düyü vardır, lədəd 910 qramlıq banka düyünün qiyməti 3,80 manat vəl qutu (9 ədəd) banka düyünün qiyməti 34,20 manatdır, 1 qutu “Ankara makaron Firin” Makaron - 1 qutunun içərisində 20 ədəd makaron vardır, lədəd 500 qranlıq firin makaronun qiyməti 1,14 manat vəl qutu (20 ədəd) firin makaronun qiyməti 22,80 manatdır, 1 qutu “Ankara makaron Spaqetti” Makaron - 1 qutunun içərisində 20 ədəd makaron vardır, lədəd 500 qramlıq spaqetti makaronun qiyməti 1,14 manat vəl qutu (20 ədəd) spaqetti makaronun qiyməti 22,80 manatdır, 1 qutu “O.İİoppo Çilekli Amada” Biskvit - 1 qutunun içərisində 48 ədəd biskvit vardır, lədəd 40 qramlıq bisvit 0,87 manat və 1 qutu (48 ədəd) bskvitin qiyməti 41,76 manatdır, 1 qutu “May.Mech.Xoz.Smetan 50,5% Stek.Banka” Smetan - 1 qutunun içərisində 6 ədəd smetan vardır, lədəd 900 qramlıq smetan 3,8 manat və 1 qutu (6 ədəd) smetanın qiyməti 22,8 manatdır, 1 qutu “File Lososya V.X7” Konscrva - 1 qutunun içərisində 24 ədəd konserva vardır, lədəd 170 qramlıq konserva 3,52 manat və 1 qutu (24 ədəd) konserva qiyməti 84,48 manatdır, 1 qutu “Haribo Berrics” Celebon kanfet - 1 qutunun içərisində 6 ədəd celebon kanfet vardır, lədəd bir koqram Celebon kanfet 9,5 manat və 1 qutu (6 ədəd) Celebon kanfet qiyməti 57 manatdır, 1 qutu “X11” Nestle cofe - 1 qutunun içərisində 12 ədəd Nestle cofc vardır, lədəd 47,5 qram olan Nestle cofe 4,06 manat və 1 qutu (12 ədəd) Nestle cofe qiyməti 48,72 manatdır, 1 qutu “X10 70% ” Ncstle şokalad kletka- 1 qutunun içərisində 22 ədəd Nestle şokalad kletka vardır, lədəd 90 qram olan Nestle şokalad kletka 1,38 manat və 1 qutu (22 ədəd) Nestle şokalad kletka qiyməti 30,36 manatdır, 1 qutu “X4 Sütlü Cikolata” Eti şokalad kletka- 1 qutunun içərisində 72 ədəd Eti şokalad kletka vardır, lədəd 60 qram olan Eti şokalad kletka 1,4 manat və 1 qutu (72 ədəd) Eti şokalad kletka qiyməti 100,8 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş faktura çıxarışından istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 12 adda malların 2021-ci ilin mart ayında olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 565,80 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 174-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 177-183-cü vərəqələrində olan 14 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 153-155-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 27 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: 1) ACDİÜ AR Məhkəməsinin 24 noyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 62, 53-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, 10 avqust 2005ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; 2) Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; 3) Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 156-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 27 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum edilmiş, 2) Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132, 62, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 20 faiz dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına və 2.000 manat cərimə cəzasına məhkum edilmiş, 22 avqust 2012-ci il tarixdə 20 faiz dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasını və 2000 manat cərimə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 1-ci cild 35-ci vərəqində olan CD diskinə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, 09.03.2021-ci il tarixdə saat 10:44-də ünvan 7 ünvanda yerləşən “Neptun” supermarketinə paralel küçədə Təqsirləndirilən şəxs2 idarə etdiyi **-PG-*** dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobil dayanmış, bu an Təqsirləndirilən şəxs1 marketin qarşısında saxlanılan “X3 FE 711” markalı **-JE-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yaxınlaşaraq qapısını açır sonra isə yük yerindən 3 karobkanı oğurlayaraq həmin an ora yaxışlaşan Təqsirləndirilən şəxs2 idarə etdiyi **-PG- *** dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobilin yük hissəsinə qoyub, yük hissəsinin qapağını açıq vəziyyətdə saxlayaraq avtomobilin qabaq oturacağına əyləşib dərhal oradan uzaqlaşırlar. Cinayət işinin 1-ci cild 139-cu vərəqəsində olan 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır. Cinayət işinin 2-ci cildiinə əlavə edilmiş "xxxx" MMC-nin nümayəndəsi E.H.Şəfiyevin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərər tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi cinayətlərini qismən etiraf etsələr də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan videogörüntülərlə, ekspert rəyi və digər iş materialları ilə onların təqsirli olmaları tam sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalı və onlar həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin dindirilməsi, üzləşdirmə, şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin təqsirləndirilən şəxslərin dindirmə protokollarından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, sonuncu Təqsirləndirilən şəxs2la törətdikləri cinayət əməllərini könüllü olaraq etiraf edir, maddi imkanlarının olmaması səbəbindən cinayəti törətməsini, əməlindən peşman olmasını bildirir. (1-ci cild 17-19, 20-23, 55-58, 76-78,112-115 i/v və sair). Bundan başqa, məhkəmə iclasında baxış keçirilmiş və CD diskində olan videogörüntülərlə də birdaha təqsirləndirilən şəxslərin həmin cinayəti törətmələri açıqaydın görünür. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi E.H.Şəfiyevin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin tamamilə ödənilməsini, ailəli olmaqla himayəsində 5 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də eyni tərkibli cinayət əməllərini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 7(006)-35/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı 31 mart 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsin numayəndəsi E.H.Şəfiyevin ona qarşı şıkayət və tələbinin olmamasını, vurulmuş zərərin tamamilə ödənilməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də eyni tərkibli cinayət əməlini törətdiyini, bilə-bilə məhkəmə iclaslarından yayındığı üşün barəsində axtarış elan edilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyışməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncunun şübhəli şəxs qismində tutulduğu 01 aprel 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 02 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış oğurluq faktının videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ümid qızına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oöluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili A.Ü.Vəliyevaya məhkəmə iclaslarında iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı və 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 7(006)- 35/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 01 aprel 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar