Məhkəmə qərarları › İş №1(006)-423/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-423/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-423/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münaqişəsi zəminində mübahisə zamanı bir neçə dəfə avtomobili saxlayaraq sükan arxasından düşmədən sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq ona başın alın nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, sol gözaltı nahiyənin, döş qəfəsinin sağ yarısının, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sıyrıqları, sağ bazunun, sağ baldırın qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və 2019-cu il tarixdə qız övladları dünyaya gəlmişdir. Təqribən 2022-ci ilin iyul ayında yaşadığı ünvanda olan zaman təsadüfən Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonda yad bir şəxslə yazışdığını aşkar etmiş və bu səbəbdən aralarında qısqanclıq zəminində mübahisələr başlamışdır. Avqust ayının ortalarında Səbinə səhhətində problemlər olduğunu əsas gətirərək anası Arzu Paşayevanın yaşadığı ünvana gedib həmin ünvanda yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə anası Zəminə Zərərçəkmiş şəxs zəng edərək nə zaman gəlməsini xəbər almış və Səbinə bu zaman anasına kobud cavab vermişdir. O, bu barədə xəbər tutduqda Səbinəyə zəng edərək anası ilə kobud danışmağına iradını bildirmiş və xx.xx.2022-ci il tarixdə Arzu Paşayevanın yaşadığı ünvana gedərək Səbinənin evə qayıtmasını istəmişdir. Səbinə anasının yaşadığı mənzildən çıxaraq onun idarə etdiyi “Hyundai Elantra” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobildə hərəkətdə olan zaman o, Zərərçəkmiş şəxs xəyanəti və anasına kobud cavab verməsi səbəbindən sonuncu ilə mübahisə etməyə başlamış, mübahisə zamanı əsəblərinə hakim ola bilməyərək bir neçə dəfə avtomobili saxlayaraq sükan arxasından düşmədən Səbinənin bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuşdur. Hazırda zərər çəkmiş şəxslə münasibəti yoxdur. Daha sonra etdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq ünvan 1 ünvanında qızı Mədinə Burcəliyeva, həyat yoldaşı Təqsirləndirilən şəxs, qaynanası Zəminə Burcəliyeva və qaynatası Elxan Burcəliyev ilə birlikdə yaşamışdır. Təqribən son iki ildir ki, Təqsirləndirilən şəxs məişət zəminində mütəmadi olaraq onunla mübahisələr yaradır və həmin mübahisələr zamanı onu döyərək xəsarət yetirir. Təqribən avqust ayının ortalarında o, mədəsində olan xəstəliklə bağlı həkimə müraciət etmiş və bu müddət ərzində anası Arzu Paşayevanın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evində yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxslə danışaraq yaşadığı ünvana geri qayıtmağı barədə razılığa gəlmişdir. Lakin anasının səhhətində problem yarandığından o, həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində qaynanası Zəminə Burcəliyevanın mobil telefonuna zəng etmiş və anasının səhhəti ilə bağlı bir neçə gün yaşadığı ünvana qayıda bilməyəcəyini söyləmişdir. Bu zaman Zəminə Burcəliyeva ona kobud cavab vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək evə qayıtmağını tələb etmişdir. O da etirazını bildirməmiş və əşyalarını toplayaraq Təqsirləndirilən şəxs gəlib onu aparmasını gözləmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs anasının yaşadığı ünvanın qarşısına gəlmiş və o, Əşrəfin idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirdikdən sonra anasına kobud cavab verməyini bəhanə gətirərək onunla mübahisə etməyə başlamış və bir neçə dəfə avtomobili saxlayaraq sükan arxasından düşmədən yumruqla baş, qol və ayaq nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra onlar yaşadıqları ünvana gəlmiş və növbəti gün səhhətində olan problemlərlə bağlı o, polis orqanına məlumat vermişdir. Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlərlə bağlı müalicə almışdır. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2022-ci il tarixli, 1137 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, sol gözaltı nahiyənin, döş qəfəsinin sağ yarısının, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sıyrıqları, sağ bazunun, sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, barmaqlar və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş zərəri ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar