Məhkəmə qərarları › İş №1(006)-424/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-424/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-424/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Ağstafa şəhəri, 20 Yanvar küçəsi, ev 04-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 72, mənzil 50-də yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin binasında şirkətin baş direktoru Zərərçəkmiş şəxs iş otağındakı kompüteri yoxlayan zaman sonuncunun otağı tərk etməsindən istifadə edib iş masasının alt hissəsindəki saxlanc yeri kimi istifadə olunan dolaba qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən 3.520 manat pulu oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin oktyabr ayında sosial şəbəkələrin birində elan saytlarında kompüter mütəxəssisi işçisi lazım olduğunu görmüş, bu məqsədlə həmin elanın sahibi ilə əlaqə saxlamış və onu ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-yə dəvət etmişlər. O, həmin şirkətə gəldikdən sonra orada görəcəyi iş ilə tanış olmuş və aylıq 700 manat məvacib almaqla orada işləməyə razılıq vermişdir. Ona bildirilmişdir ki, o, məvacibini aylıq olaraq nağd şəkildə həmin şirkətin mühasibindən alacaq. Bir gün sınaq müddətindən sonra orada işləməyə başlamışdır. O, kompüterlərin təhlükəsizliyini təmin etmək üçün həmin şirkətdə olan otaqlara sərbəst daxil olmuş, digər işçilər də orada olan vaxt onların kompüterlərində işlərini görmüşdür. xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində işə gələrkən şirkətin baş direktoru Zərərçəkmiş şəxs onu otağına çağıraraq ofisin girişində olan giriş-çıxış sistemində nasazlıq yarandığını üçün onu düzəltməyini tapşırmışdır. Bu zaman o, Familin əlində olan pul qabını iş masasının alt hissəsində yerləşən açarsız siyirtməyə qoyduğunu görmüşdür. Həmin vaxtı onu Ağstafa rayon İcra və probasiya şöbəsində borc öhdəliyi ilə bağlı icra işi olmuş, pulu ödəyə bilmədiyi üçün maddi sıxıntıları olmuşdur. Buna görə də o, Familin əlində olan pulu gördükdən sonra oğurluq etmək qərarına gəlmişdir. Ofisin bütün avadanlıqlarının elektrik sistemi Familin otağında olduğundan o, orada iş görməyə başlamışdır. Famil otaqdan çıxandan sonra o iş görərək digər otaqlara da girib çıxmış və Familin ofisdə olmadığına tam əmin olmuşdur. Bundan sonra Familin iş otağına qayıdaraq əlinə sellofan paketi keçirdib masaya yaxınlaşmış, masanın aşağı hissəsində olan siyirtməni açaraq orada olan pul qabının içərisində olan 3.520 manat pulu götürüb qabı yerinə qoyaraq siyirtməni bağlamış və ofisdən çıxaraq bir qədər aralıda yerləşən marketdə olan ödəmə terminalı vasitəsi ilə borclu olduğu şəxsin hesab kartına oğurladığı puldan 3.300 manat pul köçürmüşdür. Daha sonra yenidən ofisə qayıdaraq işini bitirib çıxıb evə getmiş, bundan sonra bir daha həmin ofisə gəlməmişdir. Vurulmuş zərəri ödəmiş, himayəsində də iki azyaşlı uşağı var, ailəsinin yeganə qazancgətirənidir. Ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin baş direktoru işləyir. Şirkətin işləri daimi olaraq kompüter vasitəsilə həyata keçirildiyindən ona bir neçə dəfə kompüter mütəxəssisi lazım olmuşdur. Sosial şəbəkədə Səməd adlı şəxsin elan yerləşdirdiyini görüb onu iş yerinə dəvət etmiş, onun işini bəyəndiyindən sonuncu orada kompüter işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində işdə olarkən Səməd ona yaxınlaşaraq kompüterləri yoxlamaq üçün icazə almışdır. Həmin vaxt o, özünə məxsus mobil telefonu və pul qabını iş masasının alt hissəsində yerləşən dolaba qoyan zaman Səməd bunu görmüşdür. Bundan sonra müştəri olduğundan o, ofisdən çıxmışdır. Günorta saat 13:30 radələrində otağına qayıdanda masanın siyirtməsindən özünə məxsus qara rəngli pul kisəsini götürüb baxdıqda orada 3.520 manat pulun olmadığını aşkar etmişdir. İş otağında olan müşahidə kamerasına baxanda Səmədin həmin günü saat 10:50 radələrində onun iş otağında olmadığından istifadə edərək siyirtmədə olan qara rəngli pul kisəsinin içərisindən 3.520 manat pulu oğurladığını aşkar etmişdir. O, Səmədə iş otağına yalnız kompüterə baxmağa icazə versə də, masanın siyirtməsini və digər yerləri açmaq, oradan istifadə etmək icazəsini verməmişdir. Hazırda ona vurulmuş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış keçirilməsi barədə” 27 aprel 2023-cü il tarixli protokola əsasən "xxxx" MMCnin müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən müəyyən olmuşdur ki, bir nəfər şəxs otağa daxil olaraq cibində olan şəffaf sellofanı çıxardıb əlinə keçirərək otaqda yerləşən iş masasının altında olan rəfi açaraq orada olan pul qabından pulları götürür və pul qabını yerinə qoyaraq rəfi bağlayır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində çəhrayı rəngli qısaqol köynək və qara cins şalvar olan, oğurluq edən şəxsin özü olduğunu bildirmişdir (İ cild, i.v.79, disk); • “Tutma haqqında” 26 aprel 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş və müstəntiqin 27 aprel 2023-cü il tarixli qərarına əsasən müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 53, 80); • “Axtarışda olan şəxsin yaxalanması” barədə və “Təqsirləndirilən şəxsin tutulması haqqında” 30 avqust 2023-cü il tarixli protokollara əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, müstəntiqin 01 sentyabr 2023-cü il tarixli qərarına əsasən müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.105, 125-130); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli qərarla cinayətin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.163-169); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.90-91); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2017 və xx.xx.2020-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin binasında şirkətin baş direktoru Zərərçəkmiş şəxs iş otağında olarkən sonuncu ona ofisin giriş-çıxış sistemində yaranmış nasazlığın aradan qaldırılmasını tapşırmış və bu zaman özünə məxsus, içərisində 3.520 manat olan pul qabını iş masasının alt hissəsindəki dolaba qoymuşdur. Təqsirləndirilən şəxs də bunu görmüş və yaranmış borcunu ödəmək üçün Zərərçəkmiş şəxs otaqda olmamasından istifadə edib bir müddət sonra həmin otağa daxil olaraq cibində olan şəffaf sellofanı çıxardıb əlinə keçirərək dolabı açıb pul qabından pulları götürərək çıxıb getmiş, bir daha həmin ofisə qayıtmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin otağına sonradan oğurluq niyyəti ilə daxil olmuş, ona orada masanın dolablarından və digər yerdən hər-hansı əşyanın götürülməsi icazəsi olmamışdır. Bu hal da əməldə “başqa saxlanc yerinə daxil olma” əlamətinin mövcudluğunu istisna etmir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, habelə zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, ailə vəziyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 03 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 72, mənzil 50-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar