Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-424/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1940-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 05, ev 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət və bədən nahiyəsinə yerdən götürdüyü küt metal əşya (lom) ilə qəsdən zərbə vuraraq ona sağ qaşüstü-alın-almacıq nahiyələrinin iri ölçülü əzilmiş-cırılmış yarası, sağ saidin və sol əlinin İ barmağının əzilmiş-cırılmış yaraları, sağ gözaltı-almacıq və qarın nahiyələrinin dərialtı hematomaları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, heç bir cinayət əməli törətməmiş, onun heç bir təqsiri yoxdur. Belə ki, o, Zərərçəkmiş şəxs ilə yaşadığı ünvanın həyətində olan zaman sonuncu onu söyməyə başlamış və daha sonra əlinə ağac götürüb onun üzərinə hücum çəkmişdir. Bu zaman o, özünü müdafiə etmək məqsədilə yaxınlığında olan dəmir parçasını götürmüş, Adil onu ağac ilə vurmaq istəmiş, lakin o, Adilin əlində olan ağacın ona dəyməməsi üçün həmin dəmir parçasını yuxarı qaldırmış və ağac dəmirə dəyib qırılmışdır. Daha sonra Adil bu dəmirdən tutaraq onu sağa-sola çəkmiş, bu zaman dəmirın uc hissəsi onun üzünə dəymişdir. Onun Adili vurmaq istəyi olmamışdır. Araşdırma zamanı o, cəmi bir dəfə polis bölməsində olmuş, bir neçə gün bundan əvvəl isə təhqiqatçı onun yaşadığı evə gələrək hansısa sənədlərə qol çəkdirmişdir. Onun heç bir savadı yoxdur, 1-ci sinifə qədər təhsil almış, bir az kiril əlifbası ilə oxuyub-yazmağı bacarır, Azərbaycan dilinin latın qrafikalı əlifbasını isə bilmir. Eyni zamanda müdafiəçisinin olduğundan məlumatsız olmuş, təhqiqatçı ona müdafiəçi təqdim etməmişdir. Adilin onunla barışması ilə bağlı isə ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında müdafiəçi təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiə hüququnun pozulduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmədə dövlət ittihamçısı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəməyə verilməsini, iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və məhkəməyədək sadələşdirilmiş icraat materialını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiə hüququ pozulmaqla aparılmış təhqiqat araşdırması kobud qanun pozuntusu kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan məhkəməyədək sadələşdirilmiş icraat materialının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatından (i.v.15-16) aydın olur ki, həmin izahat Azərbaycan dilinin latın qrafikasının əlifbasında tərtib edilmiş və orada Təqsirləndirilən şəxs Azərbaycan dilinin kiril qrafikasında əl yazması mövcuddur. Buradan da belə aydın olur ki, Təqsirləndirilən şəxs icraat aparılan dilin yazısını bilmir. Lakin buna baxmayaraq təhqiqatçı tərəfindən bununla bağlı mütəxəssis dəvət edilməmişdir. Bu hal da özü-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən həmin məzmunda izahatın verilməsini, habelə digər hərəkətlərin qanunvericiliyin tələblərinə əsasən aparıldığını şübhə altına alır. Eyni zamanda da Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizə (i.v.19) də latın qrafikasının əlifbasında tərtib edilmiş və orada işin sadələşmiş icraat formasında aparılmasına etiraz etmədiyi qeyd olunmuşdur. Həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialda olan müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında (i.v.35-37), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə etiraz hüququnun izah edilməsi haqqında (i.v.47), ekspertiza təyin edilməsi haqqında qərarı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan edilməsi haqqında (i.v.49), ekspert rəyini cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan edilməsi haqqında (i.v.50), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dindirilməsi (i.v.51-53) haqqında protokollarda Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan dilinin kiril qrafikasında verilmiş qeydlərə rast gəlinir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Müdafiə hüququnun həyata keçirilməsi üçün Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (91.5.2-ci, 91.5.3-cü, 91.5.18-ci, 91.5.20 - 91.5.23-cü və s. maddələr). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq, şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək, hər hansı prosessual tələbi irəli sürmək və s. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Bu baxımdan cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. Göründüyü kimi, təhqiqatın ilkin mərhələsində və daha sonra Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuş, cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuşdur. Bu hal da onunla bağlı digər prosessual hərəkətlərin qanunvericiliyin imperativ tələblərinə uyğun aparıldığını şübhə altına alır. Bundan başqa, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı ona təqdim olunan müdafiəçini üzdən görmədiyini, onun adı və soyadını da bilmədiyini, iş materialları ilə tanış olunmasında vəkilin iştirakının təmin olunmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 296.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunu imzalandıqdan sonra təhqiqatçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarla tanış olmaq üçün imkan yaradılmasını təmin etməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ pozularaq cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuş, onun keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Müdafiə hüququnun həyata keçirilməsi üçün Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (91.5.2-ci, 91.5.3-cü, 91.5.18-ci, 91.5.20 - 91.5.23-cü və s. maddələr). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq, şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək, hər hansı prosessual tələbi irəli sürmək və s. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Bu baxımdan cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Bundan əlavə, Konstitusiyanın 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Bu Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir(“Krosant Almaniyaya qarşı” iş). Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış etmə qaydası pozulduğundan işin baxılmasına xitam verilməli və məhkəməyədək sadələşdirilmiş icraat materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Bu Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 06 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 06 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat pul ödənilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-424/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-424/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver