Məhkəmə qərarları › İş №1(006)-425/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-425/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-425/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:15-də ünvan 1 ünvanda yerləşən Kəpəz Hospitalının yaxınlığındakı dalanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan bir azyaşlı qızı vardır. Ailə həyatı qurduğları ilk başlarda normal ailə münasibətləri olsada sonradan onun maliyə problemləri yarandığı üçün həyat yoldaşı ona qarşı münasibəti dəyişmişdir. Belə ki, sonuncu cari ilin iyul ayında azyaşlı övladımızla evi tərk edərək getmişdir. Bundan sonra mənə ayrılmaq qərarına gəlməsini demişdir. xx.xx.2022-ci il tarixdə saat 18.00-da o, həyat yoldaşının işlədiyi ünvan 3 ünvanda yerləşən Kəpəz Hospitalının qarşısına gedərək onun işdən çıxmasını gözləmişdir. O, işdən çıxaraq evə getmək üçün piyada Bakı Metropoliteninin 8 noyabr metrostansiyasına gedən zaman təxminən saat 18.15- də hospitalın yaxınlığında yerləşər dalandan keçərkən anidən idarə etdiyi KİA Rio markalı **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşısını kəsərək ona söhbət etmək istədiyini avtomobilə əyləşməsini bildirmişdir. Bu zaman Lamiyə onunla razılaşmadığı üçün aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək onun hər iki qol və baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icrata xitam verilməsini xahiş edir. Sadələşdirilmiş icraat materialının 22-24-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi Birliyinin 19 sentyabr 2022-ci il tarixli, 1188 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol gicgah nahiyəsinin qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, sol kürəküstü nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sadələşdirilmiş icraat materialının 12-ci vərəqəsində olan 06 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 13-cü vərəqəsində olan 06 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili C.Ə.Quliyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ******************** bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar