Məhkəmə qərarları › İş №1(006)-428/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-428/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-428/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1970-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 09A mikrorayon, Adil Məmmədov küçəsi, ev 11, mənzil 121-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,642 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 18 may 2023-cü il tarixdə, saat 20:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi qeydiyyatda olduğu üçün mütəmadi olaraq X5 metadon qəbul edir. xx.xx.2023-cü il tarixdə metadon qəbuluna gecikdiyi üçün bədənində ağrıları başlamış, buna görə də “Papanin” adlanan ərazidə “Əmi” adlı şəxsdən 15 manata heroin alıb istifadə etmək məqsədi ilə şalvarının cibində saxlamışdır. Həmin günü saat 20:30 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 21-ci polis bölməsinə dəvət etmişlər. O da buna etiraz etməyərək bölməyə getmiş, orada o bu narkotiki təqdim etmişdir. İİİ dərəcəli əlildir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 may 2023-cü il tarixdə “Adil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan və iş yoldaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, həmin günü saat 20:30-da ünvan 1 ünvanda “Adil” adlı şəxsi görüb ona yaxınlaşmışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunduqdan sonra ona üzərində narkotik vasitələrin saxlamasına dair məlumatın daxil olduğunu deyib onu polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin heroin olduğunu, onu “Papanin” adlanan ərazidən “Əmi” adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2892 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “... Təqdim etdi (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,542 qram, aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (İ cild, i.v.62-66); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 5546 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.129-130); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə imtina edilmiş və müstəntiqin qərarı ilə haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.26-27, 95-100); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan 0,542 qram çəkidə heroini iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.132-137); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.104-106) • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə əlil olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci və 52- 1.3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, eyni zamanda onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin edilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,542 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 81 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 09A mikrorayon, Adil Məmmədov küçəsi, ev 11, mənzil 121-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Probasiya idarəsi Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin etsin, ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,542 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar