Məhkəmə qərarları › İş №1(006)-429/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-429/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-429/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1969-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 yanvar 2024-cü il tarixdə, saat 09:45-də ünvan 1 ünvanın zirzəmisində yerləşən “LaLiga Game Center” oyun zalının açıq giriş qapısından oraya qanunsuz daxil olub içəridə heç kimin olmamasından istifadə edərək masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus, 50 manat dəyərində qoruyucu qab və 35 manat dəyərində 051 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 2.550 manat dəyərində “iPhone 14 Pro Max” markalı mobil telefonu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2.635 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, eyni niyyətlə 27 aprel 2024-cü il tarixdə, saat 10:45 radələrində ünvan 2 ünvanda yerləşən dərzixananın açıq giriş qapısından ora qanunsuz daxil olub içəridə heç kimin olmamasından istifadə edərək stolun üzərindən Zərərçəkmiş şəxs2 məxsus, 05 manat dəyərində 055 ***-**-** saylı və 28 manat dəyərində 010 ***-**-** saylı GSM nömrələrlə istifadə olunan 3.200 manat dəyərində “Samsung S24 Ultra” markalı mobil telefonu oğurlayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3.233 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə əməl öz təsdiqini tapmadığı üçün ittihamdan xaric edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində spirtli içkinin təsiri altında Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi ilə piyada gəzərkən yaxınlıqda yerləşən “X3” oyun zalının yanından keçəndə soyuq olduğu üçün isinmək məqsədilə bu zala daxil olmuşdur. Zalın içərisində heç kim yox idi. Bu zaman girişdə masanın üzərində olan bir ədəd “iPhone 14” markalı mobil telefon onun diqqətini cəlb etmiş və o, onu oğurlayaraq zalı tərk etmişdir. Daha sonra “Yasamal” parkının yaxınlığında bir nəfər tanımadığı şəxsə həmin telefonu göstərərək onu 100 manata satmaq istədiyi, lakin şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Bu şəxs isə telefonu almamış, o oda ondan xahiş etmişdir ki, öz şəxsiyyət vəsiqəsi ilə həmin telefonu yaxınlıqdakı mağazada satsın və puldan özünə də götürsün, ona da pul versin. Bu şəxs də onunla razılaşmış və onun mobil telefonunu götürərək getmişdir. Təxminən yarım saat “Yasamal” parkının yanında o, onu gözləsə də, sonuncu gəlməmişdir. Aldadıldığını başa düşüb oradan uzaqlaşmış, lakin bir müddət sonra polis əməkdaşları onu saxlayıb Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Bundan başqa o, 27 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə sərxoş vəziyyətdə piyada hərəkətdə olan zaman yolun kənarında olan dərzixananın qapısının açıq olduğunu görmüş və içəri daxil olmuşdur. Orada masanın üzərində bir ədəd “Samsung” markalı mobil telefon görmüş və heç kimin onu görmədiyinə əmin olub həmin telefonu cibinə qoyub oranı tərk etmişdir. Sonra telefonun üzərində olan nömrəni çıxarıb atmış, “Beşmərtəbə” adlanan ərazidə isə telefonu tanımadığı şəxsə 40 manata satmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının zizəmisində yerləşən “X3” oyun zalında operator işləyir. 15 yanvar 2024-cü il tarixdə, saat 09:45 radələrində işə gəlmiş, istifadəsində olan “iPhone 14 Pro Max” markalı, **********96759 və **********89951 İMEİ kodlu iki kartlı, üzərində 051 ***-**-** saylı GSM nömrəvə qoruyucu qab olan mobil telefonu oyun zalının giriş qapısının yanındakı masanın üzərinə qoymuşdur. Daha sonra işi ilə əlaqədar oyun zalında olan kabinetlərdə oyun aparatlarının pultlarını cərəyana qoşmaq üçün getmiş və kabinetdən çıxıb yenidən zala qayıdıb masanın üzərinə qoyduğu mobil telefonu götürmək istəmişdir. Lakin, telefonun yerində olmadığını aşkar etmiş və onun oğurlanmasından şübhələnərək dərhal zalda quraşdırılmış kameraya baxmış və bu zaman o, təqsirləndirilən şəxsin saat 10 radələrində zala girdiyini və telefonu masanın üzərindən götürərək oranı tərk etdiyini müəyyən etmişdir. Telefonu 2023-cü ilin noyabr ayında 2.850 manata alsa da, oğurluq baş verən günü onun qiymətini 2.550 manat məbləğində dəyərləndirir. GSM nömrənin qiyməti 35 manat, qoruyucu qabın isə 50 manat idi. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən dərzixananı 2023-cü ilin noyabr ayından icarə əsasında işlədir. 27 aprel 2024-cü il tarixdə, saat 10:30 radələrində işdə olarkən bir nəfər qadın gəlib sifariş verdiyi üçün onun başı onunla söhbətə qarışmışdır. Həmin vaxtı özünə məxsus “Samsung Ultra S 24” markalı mobil telefonu girişdə masanın üzərinə qoymuşdur. Təxminən 15 dəqiqədən sonra telefonla zəng vurmaq istəmiş, lakin onun masanın üzərində olmadığını aşkar etmişdir. Həmin qadından telefonuna zəng vurmağı xahiş etmiş və bu zaman telefonuna zəng çatmamışdır. Telefonunun oğurlanmasından şübhələndiyi üçün dərhal polisə məlumat vermişdir. Telefonun üzərində 05 manat dəyərində 055 ***-**- ** və 28 manat dəyərində 010 ***-**-** saylı GSM nömrələr olmuş və həmin telefona görə hər ay 182 manat ödəmək şərtilə 20 ay müddətinə 3.200 manata kreditlə almışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 30 mart 2024-cü il tarixli protokol və dikdən görünür ki, ünvan 1 ünvanda yerləşən “LaLiga Game Center” oyun zalında qeydə alınmış kamera görüntüsünə baxış keçirilmişdir. Müəyyən olunur ki, 15 yanvar 2024-cü il tarixdə, saat 09:44:53-də oyun zalının giriş qapısından əynində qəhvəyi rəngli gödəkcə, göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs ora daxil olur, bir neçə saniyə daxildə gəzərək ətrafa baxdıqdan sonra saat 09:45:20-də girişdə olan masanın üzərində olan mobil telefonu götürərək oyun zalını tərk edir (İ cild, i.v.122-123); • “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə“ 16 iyul 2024-cü il tarixli protokola görə “Təhlükəsiz Şəhər Xidməti”ndən əldə olunan 01 ədəd DVD diskdəki görüntülərə baxış keçirilmiş və müəyyən olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 27 aprel 2024-cü il tarixdə TŞ 3- 013 nömrəli kameranın saat 10:55-dən 11:10-dək, TŞ 3-153 nömrəli kameranın saat 10:40-dan 10:50-dək olan müddətdə qeydə alınır. 27 aprel 2024-cü il tarixdə, saat 10:45-də bir nəfər gödəkcədə olan şəxsin əli cibində Bülbül prospekti ilə S.Rəhimov küçəsinin kəsişməsində piyada gəzdiyi və oradakı şlaqbaumun yanından küçəyə keçdiyi görünür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu, görüntüdəki şlaqbaumun yanından keçərək orada yerləşən atelyeyə daxil olduğunu bildirir. Saat 10:50də isə şlaqbaumun yanından çıxaraq səki ilə piyada iti addımlarla gedən həmin gödəkcəli şəxsin özü olduğunu və cibində atelyedən oğurladığı mobil telefonun olduğunu bildirir (İ cild, i.v.237-238); • “Maddi sübut kimi tanınma haqqında” 30 mart 2024-cü il tarixli qərara əsasən 15 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.124-125); • “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərara əsasən 27 aprel 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, 242-248); • “Tutma haqqında” 15 yanvar 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən 17 yanvar 2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İ cild, i.v.83-84, 105-106); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 238/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.190-192); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 28/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkəməyədək icraat dövründə tutulduğu 01 ay 05 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, i.v.135-138, 145-151). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri ilə, habelə Cinayət Məcəlləsinin 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi zamanı təqsirkar maneələri dəf etmək və göstərilən obyektlərdə yerləşən əmlakı ələ keçirmək məqsədi ilə əlavə güc və vasitələr tətbiq edir. Bu zaman təqsirkar qıfılları, qapıları, pəncərələri və s. zədələyərək mülkiyyət obyektlərinə ciddi ziyan vurur. Göründüyü kimi, yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq daxil olma qanunsuz olmalıdır. Ona görə də yaşayış sahəsinə, binaya və s. saxlanc yerlərinə daxil olmanın qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə həmin yerlərə daxil olma Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əlaməti yaradacaqdır. Şəxsin belə yerlərə qohumluğa və ya tanışlığa görə, zərər çəkmiş şəxsin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Hazırki işin faktiki hallarından aydın olur ki, cinayət hadisələrinin baş verdiyi ünvan 1 ünvanda yerləşən “LaLiga Game Center” oyun zalı və ünvan 2 ünvanda yerləşən dərzixana iş saatları ərzində vətəndaşların azad girib-çıxa biləcəyi yerlərə aiddir, oralara istənilən hər kəs heç bir maneələri dəf etmədən sərbəst şəkildə daxil olub bu obyektlərin göstərdiyi xidmətlərdən yararlanmaq imkanına malikdir. Təqsirləndirilən şəxs də məhz həmin obyektlərdə ümumi istifadədə olan yerlərdə qoyulmuş masaların üzərindən zərər çəkmiş şəxslərin əşyalarını oğurlamışdır. Belə olan halda onun törətdiyi əməllərdə “yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma” əlamətinin mövcudluğu istisna olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (318.1-ci maddə). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır (37-ci bənd); irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (38-ci bənd). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı oğurluq cinayəti üzrə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi xaric edilməlidir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın digər hissəsinə dair cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, bu hissədə ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması müəyyən olunur, onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən hazırda analoji cinayətə görə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1.1-1-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməllərini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona qeyd olunan hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü (hökm qüvvəyə minənədək həbs olunmuşdur) Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə müvafiq olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 01 ay 05 gün müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün, ümumilikdə 01 ay 07 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 07 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 09 (doqquz) ay həddində müəyyən edilsin və həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 01 (bir) ay 07 (yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar