Məhkəmə qərarları › İş №1(006)-429/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-429/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-429/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Aşağı Salamabad ərazi dairəsi, Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,533 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2025-ci il tarixdə, saat 14:26-da ünvan 1 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 0,533 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, narkotik vasitələr və psixotrop maddələr qəbul etmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuşdur. Narkotik vasitələri əsasən tanımadığı şəxslərdən alırmışdır. xx.xx.2025-ci il tarixdə istifadəsi üçün əvvəllər tanımadığı və adını bilmədiyi şəxsdən adını "kakos" kimi bildiyi heroin almışdır. İstifadə etmək məqsədi ilə həmin narkotik vasitəni üzərində saxlamışdır. Həmin gün saat 14:26-da Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanının qarşısında olarkən 03 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra, ondan özünü təqdim etməsini bildirmişlər. O, da özü haqqında anket məlumatlarını şifahi təqdim etmiş və səmimi olaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin maddəni təqdim etməyini təklif etmişlər. O, da əynindəki gödəkcənin cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkinin narkotik vasitə olan "kakos" olduğunu bildirmiş və tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etdiyini izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. İçərisində heroin olan 01 ədəd bükümün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyulmuş zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra həmin əməkdaşlarla birlikdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına getmiş və həmin bölmədə xidməti otaqlardan birində hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına ona müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 21 fevral 2025-ci il tarixdə xidmətdə olarkan Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyi miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Sonra daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı onun tərəfindən qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili X6 və Nəsimi RPİnin 21-ci PB-nin əməliyyat müvəkkili X7 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 2 ünvanda olarkən Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs saxlanılmış olduğu Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanında üzərinə çəkiliş aparılmaqla baxış keçiriləcəyi barədə məlımat vermişlər. Daha sonra üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə maddi sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş boz rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsinə etiraz etmədiyindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs heç bir əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra 01 ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə getmişdir. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunması ilə bağlı raport tərtib olunaraq rəhbərliyə məruz olunmuşdur. Tərtib olunmuş raportla bağlı araşdırmanın aparılması X4yə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülərək qablaşdırılmış 01 ədəd büküm X4yə təqdim olunmuşdur. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. X4 üzəri möhürlənmiş zərfi açaraq içərisində olan 01 ədəd bükümü çıxarmış həmin bükümü Təqsirləndirilən şəxs göstərmiş, həmin bükümün Təqsirləndirilən şəxs üzərindən aşkar olunduğunu soruşmuşdur. X10 həmin 01 ədəd bükümün öz üzərindən aşkar olunaraq götürüldüyünü etiraf etmiş, həmin 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə zərfə qoyulmuş, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürmə aparılmamışdan əvvəl sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan sarı gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffad sellofan bükümdə boz rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlə qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 8-9); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş baş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 21 fevral 2025-ci il tarixdə, saat 14:26 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanının qarşısında saxlanılaraq yerində əşyaları təqdim etmə və üstü yoxlanılan zamanı üzərindən 01 ədəd bükümdə bükümdə narkotik maddə heroinə bərzər maddə bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə təhqiqatçı tərəfindən baxış keçirilərək, 01 ədəd zərfin içərisindən 01 ədəd bükümdə narkotik maddə heroinə bənzər kütlə aşkar olundu, Təqsirləndirilən şəxs həmin kütlənin içərisindəkinin narkotik vasitə heroin olduğunu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alaraq üzərində gəzdirmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb mönürlənmiş, sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilərkən, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan metamfetarrinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 15-16); “şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdə, saat 15:50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 fevral 2025-ci il tarixdən, saat 14:26-dan tutulmuş hesab edilmişdir (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2025-ci il tarixli, 6/842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189" dairəvi möhür əksi olan, "Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,533 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 43-46); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 57-58); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun 23 fevral 2025-ci il tarixli vəsatətin təmin edilməməsi və Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 71-72); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir və Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 73-74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 22 fevral 2025-ci il tarixli, 1058 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (i.v. 100-102); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-211/2023 saylı hökmündən görünür ki, Şəfiyev X3 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v. 105-111); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-282/2023 saylı hökmündən görünür ki, Şəfiyev X3 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən üzərində 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v. 113-120); “maddi sübut kimi tanıma haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd götürülmüş təmiz çəkisi 0,533 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 0,483 qram çəkidə narkotik vasitə heroin 01 ədəd zərfdə qablaşdırılmış halda saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi qərar alınmışdır (i.v. 121-122); “axtarış elan edilməsi haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 125-126); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır (i.v. 128); Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:50 radələrində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və MSY-nə təhvil verilmişdir (i.v. 131); “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 132- 133); “disklərə baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinin keçirməsi və şübhəli şəxsin üstü yoxlanılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı mülki geyimdə olan Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid, X13, X6 eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 21 fevral 2025-ci il tarixdə saat 14:26 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 3 ünvanının qarşısında saxlanmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş kütləni təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üstu yoxlanılan zaman heç bir əşya və predmet aşkar edilmir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılarac möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Əl sa oğlu üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmir kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi RPİ-nin 21-ci PB-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir. Həmçinin Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmiş. Baxış zamanı Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X2 özünü təqdim etdikdən sonra 21-ci PB-nin əməkdaşları tərəfindən 21 fevral 2025-ci il tarixdə saat 14:26 dəqiqədə Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanının qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan heroinə bənzər 01 ədəd bükümə və onun qablaşdırıldığı 01 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində 01 ədəd sellofan bükülüdə boz rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 136); “təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 07 may 2025-ci il tarixli (saat 18:00) qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 137- 138); “sübutların qiymətləndirilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,533 qram kustar üseulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq 0,483 qram narkotik vasitə heroinin müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 141-150). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-429/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi Rayon Məhkəməsinin 1(006)-429/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində axtarışa elan edilmiş Təqsirləndirilən şəxs, saat 11:40 radələrində Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan sarı gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffad sellofan bükümdə boz rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkisi 0,533 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-282/2023 saylı hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 21 fevral 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki,“şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdə, saat 15:50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 fevral 2025-ci il tarixdən, saat 14:26-dan tutulmuş hesab edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi 23 fevral 2025-ci il tarixdə, saat 10:30-da başlamış, 11:20-də bitmişdir. Həmçinin, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə, saat 11:50 radələrində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və MSY-nə təhvil verilmiş, “təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 07 may 2025-ci il tarixli (saat 18:00) qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmış, həmin qərar Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə, saat 18:00-da elan edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmaqla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı müddət ümumilikdə 4 gün hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir və onun xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatına görə 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan - Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,483 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 24 (iyirmi dörd) iş saatına görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar