Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-43/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: BC-TelecomMMC-nin nümayəndəsi A Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 47, mənzil 48-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, azadlıqdan məhrum etmə cəzasının çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2021-ci il tarixdə, saat 17:34-də ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Kontakt Home” mağazasına daxil olub orada olan işçilərin başının qarışıq olmasından istifadə edərək satış üçün nümunə kimi vitrinə quraşdırılmış 3.000 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 512GB yaddaş tutumlu mobil telefonu oğurlamışdır. Bundan başqa o, eyni məqsədlə: 01 iyun 2021-ci il tarixdə, saat 17:10-da ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Kontakt Home” mağazasına daxil olub orada olan işçilərin başının qarışıq olmasından istifadə edərək satış üçün nümunə kimi vitrinə quraşdırılmış 2.400 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 128GB yaddaş tutumlu; 06 iyun 2021-ci il tarixdə, saat 17:55-də ünvan 3 ünvanda yerləşən, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Kontakt Home” mağazasına daxil olub orada olan işçilərin başının qarışıq olmasından istifadə edərək satış üçün nümunə kimi vitrinə quraşdırılmış 2.600 manat dəyərində “iPhone 12 Pro Max” markalı, 256GB yaddaş tutumlu mobil telefon aparatlarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28.04.2021-ci il tarixdə, saat 17:30 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində gəzərkən orada yerləşən “Kontakt Home” mağazasına daxil olaraq vitrində satışda olan telefonlara nəzər salmışdır. Həmin vaxtı işçilərin ona diqqət yetirməməsini və digər alıcılara xidmət göstərdiklərini görüb vitrində olan “iPhone 12 Pro Max” markalı mobil telefonu götürərək mağazanı tərk etmişdir. Oğurladığı bu telefonu “Papanin” adlanan ərazidə olan körpünün altında tanımadığı şəxsə 500 manata satmışdır. Bundan sonra o, 01.06.2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Kontakt Home” mağazasına daxil olaraq yenidən telefon oğurlamaq istəmişdir. Həmin vaxtı vitrinlərə tez-tez yaxınlaşaraq satıcılara özünü müştəri kimi göstərib şübhə yaratmamağa çalışmışdır. Bir neçə müddət mağazada dolandıqdan sonra vitrində olan “iPhone 12 Pro Max” markalı mobil telefona yaxınlaşaraq onu götürmüş və dərhal mağazanı tərk etmişdir. Bu telefonu da həmin günü qeyd etdiyi körpunünü altında adını bilmədiyi şəxsə 450 manata satmışdır. Bundan başqa, o, 06.06.2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Kontakt home” mağazasına daxil olub bir az dolaşmış, orada olan satıcıların başlarının qarışıq olmasından istifadə edib vitrində olan “iPhone 12 Pro Max” markalı mobil telefonu oğurlayaraq dərhal mağazadan uzaqlaşmışdır. Həmin telefonu da eyni gündə tanımadığı şəxsə söylədiyi körpünün altında 500 manata satmışdır. Məhkəmədə zərər çəkmiş şəxs ABC-Telecom MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, respublika daxilində yerləşən “Kontakt Home” elektronika mağazaları Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. ünvan 1 ünvanda yerlşən “Kontakt Home” mağazasında inzibatçı işləyən Şahid5 28.04.2021-ci il tarixdə məlumat verərək mağazanın vitrinində olan bir ədəd “iPhone 12 Pro Max” markalı, 512 Gb yaddaş tutumlu, qrafit rəngli mobil telefonun oğurlandığını bildirmişdir. Hadisə ilə bağlı mağazada quraşdırılmış müşahidə kamerasına baxılarkən müəyyən edilmişdir ki, həmin günü saat 17:34-də mağazaya daxil olan müştəri telefonu vitrindən götürərək cibinə qoyub mağazadan çıxır. Bundan başqa, şirkətin ünvan 2 ünvanda yerləşən “Kontak Home” mağazasından 01.06.2021-ci il tarixdə, saat 17:10-da vitrində quraşdırılmış “iPhone 12 Pro Max” markalı, 128 Gb yaddaş tutumlu, qrafit rəngli və ünvan 3 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasından 06.06.2021-ci il tarixdə, saat 17:55-də “iPhone 12 Pro Max” markalı, 256 Gb yaddaş tutumlu, göy rəngli mobil telefonlar oğurlanmışdır. Bu mağazalarda baş vermiş oğurluq hadisələri də müçahidə kameraları ilə qeydə alınmışlar. Şirkətə vurulmuş zərər ödənilməmiş, Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: “DVD diskə baxış keçirilməsi haqqında” 19.08.2021-ci il tarixli protokollara və disklərdə olan görüntülərə əsasən Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasından saat 17:34də, 01.06.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Kontakt Home” mağazasından saat 17:10-da və 06.06.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Kontakt Home” mağazasından saat 17:55-də vitrinə satış üçün nümunə kimi qoyulmuş mobil telefonları götürən şəxsin özü olduğunu bildirir (İ cild, i.v.45, 73,125-126, 184-185); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28.12.2021-ci il tarixli, 9/6893 saylı rəyinə görə “iPhone 12 Pro Max” markalı, 128 Gb yaddaş tutumlu, qrafit rəngli mobil telefonun 2021-ci ilin iyun ayına orta bazar qiyməti 2.400 manat, “iPhone 12 Pro Max” markalı, 256 Gb yaddaş tutumlu, göy rəngli mobil telefonun 2021-ci ilin iyun ayına orta bazar qiyməti 2.600 manat və “iPhone 12 Pro Max” markalı, 512 Gb yaddaş tutumlu, qrafit rəngli mobil telefonun 2021-ci ilin aprel ayına orta bazar qiyməti 3.000 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.33-35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.07.2021-ci il tarixli arayışı və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ölkə Prezidentinin 26.05.2014-cü il tarixli əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Daha sonra o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13.06.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır (İ cild, i.v.53-55, 56-68, İİ cild); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 17.04.2017-ci il və 03.12.2018-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə oğurluqlara görə hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlləri həmin hökmdən əvvəl törədilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan – 13.06.2021-ci il tarixdən hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cüvmaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-43/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-43/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver