Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-431/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 X3 Zərərçəkmiş şəxs1 Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, döngə 04, ev 07-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, ev 60, mənzil 05-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində velosipedlərin parklanması üçün quraşdırılmış dayanacaqdan Zərərçəkmiş şəxs5 məxsus, dəyəri 300 manat olan qara rəngli, 29 ölçülü, üzərində “VİLANO” yazısı olan velosipedi onun dayanacağa bağlanılmış metal trosunu özü ilə gətirdiyi kəlbətinlə kəsib gizli yolla talayaraq sonuncuya 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, eyni yerdən: • xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus, dəyəri 250 manat olan qara-boz-sarı rəngli, 29 ölçülü, Çində istehsal olunmuş, üzərində “VİSTA”; • xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus, 270 manat dəyərində Çində istehsal olunmuş, 29 ölçülü “START”; • xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində X2 məxsus, 270 manat dəyərində qara rəngli, 29 ölçülü, Çində istehsal olunmuş, üzərində “ANMİER X895”; • xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs3 məxsus, 250 manat dəyərində qara-boz-sarı rəngli, 29 ölçülü, Çində istehsal olunmuş, üzərində “VİSTA” yazıları olan velosipedləri onların dayanacağa bağlanılmış metal troslarını özü ilə gətirdiyi kəlbətinlə kəsib gizli yolla talayaraq zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Wolt” şirkətində işləyir, yeməklərin çatdırılması üzrə kuryer fəaliyyəti ilə məşğuldur. Bir ara işləri zəif olduğundan yaranmış vergi borcunu ödəyə bilməmiş, buna görə də Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş yerdən velosiped oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində oradan bir ədəd “VİLANO” markalı, 29 ölçülü velosipedi onun trosunu özü ilə gətirdiyi kəlbətinlə kəsib oğurlamış, daha sonra foto şəklini çəkərək “tap.az” elan saytında 250 manata satışa qoymuş və növbəti gün onu Yasamal rayonu, İnşaatçılar prospektində “Ağa” adlı şəxsə 240 manata satmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində həmin yerdən bir ədəd “VİSTA” markalı, 29 ölçülü velosipedi onun trosunu özü ilə gətirdiyi kəlbətinlə kəsib oğurlayaraq yaşadığı evə aparmış, “tap.az” saytına 100 manata satışa qoymuş və həmin günü 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında bu qiymətə onu satmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində bu yerdən bağlı vəziyyətdə olan “START” markalı, 29 ölçülü velosipedi də onun trosunu kəlbətinlə kəsib oğurlayaraq sürə-sürə aparmış, lakin R.Behbudov küçəsində velosipedin sürət keçiricisinin sınması səbəbindən onu orada qoymuşdur. Sonra yenidən saat 21 radələrində həmin yerə gələrək bağlanılmış “ANMİER” markalı, 29 ölçülü velosipedin trosunu kəlbətinlə qırıb onu Səməd Vurğun küçəsindəki velosiped dayanacağına aparıb bağlamış və xx.xx.2022-ci il tarixdə “tap.az” saytı vasitəsilə metronun “Xətai” stansiyasının yaxınlığında tanımadığı şəxsə 90 manata satmışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində eyni yerdən və eyni üsulla “VİSTA” markalı, 29 ölçülü velosipedi oğurlamış və sürərək Bakı Dövlət Sirkinin yanında saxlamış, “tap.az” saytında satışa qoyaraq həmin günü Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin yanında tanımadığı şəxsə 100 manata satmışdır. Vurulmuş bütün zərəri ödəmiş, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir. 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, özünə xx.xx.2021-ci il tarixdə Sumqayıt səhəri, Sülh küçəsində yerləşən “Kontakt Home” mağazalar şəbəkəsindən kredit yolu ilə 400 manata bir ədəd “VİSTA” markalı, 29 ölçülü velosiped almış və onunla kuryer kimi işləyərək qazanc əldə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində velosipedini Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının yanında quraşdırılmış velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağa trosla bağlayıb getmiş, növbəti günü saat 14 radələrində ora gəldikdə isə velosipedin yerində olmadığını aşkar etmişdir. Hadisə ilə bağlı polisə müraciət etmiş, sonra velosipedi tapılaraq ona geri qaytarılmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs X3 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Velokids” mağazasından özünə 350 manata bir ədəd “ANMİER” markalı, 29 ölçülü velosiped almış və onu əksər vaxtları Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının yanında quraşdırılmış velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağa qoyub metro ilə yaşadığı evə gedirdi. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində velosipedi həmin dayanacağa trosla bağlayıb qoyub getmiş, xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində velosipedi götürmək üçün gəldikdə isə onun orada olmadığını müəyyən etmiş, bu barədə X6 Polis İdarəsinə məlumat vermişdir. Hazırda velosipedi ona geri qaytarılmış, buna görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, “Wolt” xidmətinə qoşularaq kuryer fəaliyyəti ilə məşğul olur. Yaşayış yeri şəhərdən kənarda yerləşdiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində özünə məxsus, 450 manata almış “Start” markalı, 29 ölçülü velosipedi Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının yanında quraşdırılmış velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağa trosla bağlayıb yaşadığı evinə getmişdir. Səhəri günü, saat 09 radələrində velosipedin orada olmadığını aşkar etmiş və X6 Polis İdarəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə “tap.az” saytında 120 manata “ANMİER” markalı, 29 ölçülü velosipedin satışa qoyulduğunu görmüş, ondan xoşu gəldiyinə görə elanda qeyd olunmuş 099 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb velosiped satan şəxslə metronun “Xətai” stansiyasının yaxınlığında görüşmüşdür. Özünü Şaverdi kimi təqdim edən şəxs velosipedin özünə məxsus olduğunu bildirmiş, o isə üzərində pulun az olduğunu deyərək velosipedi 90 manata almışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinə polis əməkdaşları zəng vuraraq aldığı velosipedin oğurluq olduğunu, bu səbəbdən də velosipedi təhvil verməsini ondan xahiş etmişlər. O da dərhal həmin velosipedi X6 Polis İdarəsinə gətirmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasından 400 manata bir ədəd 29 ölçülü “VİSTA” markalı velosiped almış, həmin velosipedlə kuryer fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində həmin velosipedi Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının yanında quraşdırılmış velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağa qoyub trosla bağlayıb taksi ilə yaşadığı Bakı şəhəri, Pirallahı rayonuna getmişdir. Səhəri günü, saat 11:30 radələrində həmin yerə gəlib velosipedi götürmək istədikdə velosipedin orada olmadığını aşkar etmiş, ilk öncə şikayət etmək istəməsə də, sonradan fikrini dəyişərək xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində “102” xidmətinə zəng vuraraq məlumat vermişdir (İ cild, i.v.202-204). Zərərçəkmiş şəxs5 ifadəsinə görə o, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində özünə məxsus “Vilano” markalı, 29 ölçülü velosipedi Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində “LC Waikiki” mağazasının yanında quraşdırılmış velosipedlərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacağa qoyub trosla bağlayıb yaşadığı evə getmiş, səhəri günü, saat 12 radələrində həmin yerə gəlib velosipedini götürmək istədikdə velosipedin orada olmadığını aşkar etmişdir. Dərsləri ilə əlaqədar dərhal polisə şikayət etməyə vaxtı olmadığından xx.xx.2022-ci il tarixdə polisə bu barədə ərizə ilə müraciət etmişdir. Ekspertizanın təyin etdiyi qiymətlə razıdır, ona vurulmuş zərərin 300 manat hesablanmasını xahiş edir (İİ cild, i.v.30-32). İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6089 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd qara rəngli, 29 ölçülü, üzərində “VİLANO” yazısı olan velosiped 300 manat; bir ədəd qara rəngli, 29 ölçülü, Çin Xalq Respublikasında istehsal olunmuş, üzərində “ANMİER X895” yazısı olan velosiped 270 manat; bir ədəd qara-boz-sarı rəngli, 29 ölçülü, Çin Xalq Respublikasında istehsal olunmuş, üzərində “VİSTA” yazısı olan velosiped 250 manat. Nəzəri qaydada: analoji mallara müvafiq olaraq Çin Xalq Respublikasında istehsal olunmuş, 29 ölçülü “START” markalı velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 270 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.08-10); • “Mobil telefon baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokola əsasən iş üzrə Təqsirləndirilən şəxs məxsus “Samsung A02” markalı mobil telefondan yığılan və həmin telefona daxil olan zənglərə, “WhatsApp” sosial şəbəkəsində olan yaşımalarına, telefonun kontakt nömrələrinə, SMS yazışmalarına və “Tap.az” saytındakı şəxsi kabinetə 29 iyun 2022-ci il tarixdə keçirilmiş baxış zamanı telefonun qalereyasında xx.xx.2022-ci il tarixdə “VİSTA” markalı velosipedin çəkilmiş fotoşəkilləri, xx.xx.2022-ci il tarixdə “ANMİER” markalı velosipedin çəkilmiş fotoşəkilləri, xx.xx.2022-ci il tarixdə “VİSTA” markalı velosipedin çəkilmiş fotoşəkilləri aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin velosiped şəkilləri onun Bakı Dəmiryol Vağzalından oğurladığı velosipedlərin şəkilləridir. Telefonun “WhatsApp” sosial şəbəkəsində olan yazışma və SMS məlumatlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus mobil telefonla onun “Tap.az” elan saytında olan şəxsi kabenetinə girərək sayta qoyduğu elanlara baxış zamanı onun xx.xx.2022-ci il tarixdə “REPLAY” markalı velosipedi 33455757 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 200 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “REPLAY” markalı velosipedi 33470730 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 130 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “SAFT” markalı velosipedi 33630494 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 100 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “TRİNX” markalı velosipedi 33651220 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 220 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “VELOCRUZ” markalı velosipedi 33669903 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 120 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “VİLANO” markalı velosipedi 33717826 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 250 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “VİSTA” markalı velosipedi 33771182 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 100 manata satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “ANMİER” markalı velosipedi 33905019 nömrəli elanla 120 manat satışa qoyduğu, xx.xx.2022-ci il tarixdə “VİSTA” markalı velosipedi 33937103 elan nömrəsi ilə sayta yerləşdirdiyi və 120 manat satışa qoyduğu müəyyən edilmiş, telefonun “ekran görüntüləri” funksiyasından istifadə edilməklə həmin elanların fotoşəkilləri çəkilmişdir (İ cild, i.v.164-165); • “Maddi sübut kimi tanıma haqqında”: • xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus “Samsung A02” markalı mobil telefon aparatına və “tap.az” saytındakı şəxsi kabinetinə baxış keçirilərkən müəyyən olunaraq çıxarılmış görüntülər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, i.v.166-185); • 06.09.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs oğurladığı “VİLANO” markalı, 29 ölçülü, “ANMİER” markalı, 29 ölçülü və “VİSTA” markalı, 29 ölçülü velosipedlər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə verilmişdir (İİ cild, i.v.12-13, 45, 48, 51); • “Maddi sübut kimi tanımaq və saxlanması üçün verilməsi haqqında” 16 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə könüllü olaraq təqdim olunmuş bir ədəd 18 sm uzunluqlu, dəstək hissəsi qırmızı rəngli plasmas materialla örtülmüş, metaldan hazırlanmış kəsici alət - kəlbətin maddi sübut kimi tanınaraq saxlanılması üçün X6 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir (İ cild, i.v.207-208); • Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 tərəfindən istintaq dövründə təqdim edilmiş ərizələrdən görünür ki, onların heç birinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (İİ cild, i.v.43, 49); • xx.xx.2022-ci il tarixli raport və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhər prokurorunun müavini tərəfindən xx.xx.2022-ci il tarixli qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.62,78, 135-139); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.238); • SX seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən Təqsirləndirilən şəxs 03-10 noyabr 2020-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır (İİ cild, i.v.17-18). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, işğaldan azad edilmiş torpaqların azad olunması üzrə aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, habelə cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “VİLANO” markalı, 29 ölçülü, “ANMİER” markalı, 29 ölçülü və “VİSTA” markalı, 29 ölçülü velosipedlər zərər çəkmiş şəxslərin istifadələrində saxlanılmalı, X6 Polis İdarəsində saxlanılan bir ədəd kəlbətin isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, ev 60, mənzil 05-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “VİLANO” markalı, 29 ölçülü, “ANMİER” markalı, 29 ölçülü və “VİSTA” markalı, 29 ölçülü velosipedlər zərər çəkmiş şəxslərin istifadələrində saxlanılsın, X6 Polis İdarəsində saxlanılan bir ədəd kəlbətin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-431/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-431/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver