Məhkəmə qərarları › İş №1(006)-431/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-431/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-431/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,068 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 fevral 2025-ci il tarixdə saat 18:39-da ünvan 2 ünvanın qarşısında tutularaq saxlarılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,068 qrarr təşkil edən kustar üsülla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü ilk əvvəl təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 fevral 2025-ci il tarixində 28 May ərazisində yerləşən “Sab” adlı aptekdən dərman almağa getmişdir. Belə ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə alır və həmin gün həkimin ona verdiyi xüsusi kod əsasında aptekdən “Tramadol” və “Pregabalin” adlı dərmanlar almışdır. Aptekdən çıxan zaman Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitəni çoxdan almış və yadından çıxıb cibində qalmışdır. Həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onu 21-ci polis bölməsinə aparmış, bölmədə həmin zərf təhqiqatçı tərəfindən açılaraq içərisindəki bükümə baxış keçirilmiş, büküm yenidən başqa zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiəçisi tərəfindən verilən sualları cavablandırarkən bildirmişdir ki, o, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, aptekdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona “çoxdandır ki, azadlıqdasan, içəri getməlisən” demiş və ona bir büküm narkotik vasitə verərək həmin bükümü cibinə qoymasını, çəkiliş zamanı təqdim etməsini tələb etmiş, əks halda külli miqdarda narkotik vasitə daşımaqda ittiham edəcəkləri ilə hədələmişlər. Bu səbəbdən də o, polis əməkdaşlarının dedikləri ilə razılaşaraq narkotik vasitəni cibinə qoymuş və çəkiliş zamanı təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclasında isə özünü qismən təqsirli bilərək bildirmişdir ki, üzərindən narkotik vasitə aşkar edilsə də, həmin narkotik vasitənin çəkisi ittiham aktında göstərilən çəkidə deyil, az olmuşdur. Belə ki, o, narkotik vasitəni 10 manata almışdır, halbuki 10 manata 1,068 qram narkotik vasitə almaq mümkün deyildir. Daha sonra əməlindən peşman olmasını, xəstə olmasını, anasına və qardaşının ailəsinə baxdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPi-nin 21-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 20 fevral 2025-ci il tarixdə Nəsimi RPİ 21-ci PB-nə qərəzsiz mənbədən «Aslan» adlı şəxsin yaşadığı Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması barədə məlumat daxil olmuş və məlumatda onun zahiri əlamətləri də göstərilmişdir. «Aslan» adlı şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onun cinayət başında yaxalanması üçün tərəfindən PB-nin rəisinə raportla məruzə olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşları Nəsimi RPİ 21-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri Təqsirləndirilən şəxs barəsində təlimatlandırıldıqdan sonra ərazidə əməliyyat mövqeləri müəyyən olunmuşdur. 20 fevral 2025-ci il tarixdə saat 18:39 dəqiqədə xarici görkəmi və əlamətləri Təqsirləndirilən şəxs ilə uyğun olan bir nəfər kişi cinsindən olan şəxsi Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 10 ünvanının yaxınlığında müşahidə edib ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınmasında və dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Həmin ünvanda Şahid2 tərəfindən mobil telefona çəkməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içərisindəki narkotik vasitə olan heroindir. Şahid3 həmin bükülünü bir ədəd zərfə qoymuş, zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ 21-ci polis bölməsinə getməyinin vacibliyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bir daha təsdiqlənmiş və o, narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Polis Bölməsinin rəisinə bu bərədə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində araşdırılmanın aparılması Nəsimi RPİ 21-ci PB-nin təhqiqatçısı Nicat Qasımzadəyə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmiş və PB-də yenidən videoçəkiliş aparılmışdır. Həmin zərf açıldıqda içindən bir ədəd şəffaf rəngli sellofan akar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün içindəkinin narkotik vasitə heroin olduğunu bidirmişdir. Sonra həmin bükülü təhqiqatçı tərəfindən başqa bir zərfə qoyulub möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tutulduğu gün saat 17 radələrində Bakı şəhəri, «Papanin» adlı yerdən, tanımadığı şəxsdən, öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsdən ilk dəfədir ki, narkotik vasitə aldığını, onu tanımadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPi-nin 21-ci PB-də əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.60-61); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və X2 azad edilmişdir (i.v.74-75); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.109-110, 114-115); - “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə saat 22:20 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir (i.v.122); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.123-124); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, X2 azad edilmişdir (i.v.128); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə saat 18:39-da Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 10 ünvanında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən içərisində heroinə bənzər kütlə olan bir ədəd sellofan bükümün aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.8-9); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 10 ünvanında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən içərisində heroinə bənzər kütlə olan bir ədəd sellofan bükümün qoyulduğu zərfin açıldığı görünür. Həmin zərfin içindən heroinə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunur. Həmin kütlə yenidən digər zərfdə qabaşdırılaraq möhürlənir (i.v.14-15); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2025-ci il tarixli 6/823 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №189" möhür əksi “Təqsirləndirilən şəxs ...” və s. adlar , soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,068 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.42-46); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v.71-72); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1,068 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,968 qram qalığı saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü hesab edilmiş və iş materiallarına əlavə edilib saxlanılmışdır (i.v.132-138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Kərimov X5 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası yarıyadək azaldılmış, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 11 ay 05 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, 11 ay 05 gün cəzasını çəkməsi üçün 7 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmış, xx.xx.2017-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən vaxtından əvvəl şərti azad olunma cəzasını tam çəkdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır (i.v.78-80); Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPl-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 özlərini təqdim edərək 20 fevral 2025-ci il tarixdə saat 18:39 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkilinin sualından sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxsə üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Polis əməkdaşının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu, həmin maddəni 10 manata “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirir. Əməliyyat müvəkkili tərəfindən sözügedən büküm bir ədəd boş zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlə möhürlənir və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar çəkilir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsin üzəri yoxlanılır, şalvarının sol yan cibindən bir ədəd bir manatlıq və bir ədəd beş manatlıq pul əskinasları olmaqla altı manat pul, əynindəki gödəkçənin içəri sol cibindən bir ədəd bank kartı və bir ədəd “Bakıkart” kartı aşkar olunur. Əməliyyat müvəkkili həmin əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyini bildirərək şübhəli şəxsin özünə qaytarır. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Nicat Qasımzadə özünü təqdim etməklə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 fevral 2025-ci il tarixdə saat 18:39-da ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirilir. X3 həmin büküm olan zərfi açaraq qeyd olunan bükümü nümayiş etdirir və narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçının şullarından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində "kakos” adlandırılan narkotik vasitə heroin olduğunu və həmin maddəni 10 manata şəxsi istifadəsi üçün “Sovetski” adlanan ərazidən aldığını bildirir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, "189” nömrəli möhürlə möhürlənib qabşaldırılır. Həmin zərfin eksertizaya göndəriləcəyini elan edir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr verərək özünü gah təqsirli bilməmiş, gah da qismən təqsirli bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1026 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,968 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,968 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar