Məhkəmə qərarları › İş №1(006)-432/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-432/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-432/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1993-cü ildə Saatlı rayonunda doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,652 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 iyun 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:45-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən təmiz çəkisi 0,652 qram olmaqla 01 bükümdə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,041 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 22 avqust 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən təmiz çəkisi 1,041 qram olmaqla 01 bükümdə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən tutulduğu vaxtadək istifadə etmişdir. 11 iyun 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 01 ədəd sellofan bükümdə “kakos” adlanan narkotik vasitə heroini 30 manata istifadə etmək üçün almış, həmin vaxtdan əynində olan şalvarın cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:45-də ünvan 4 ünvanın qarşısında olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra narkotik vasitə istifadə etməsi barədə sual etmişdirlər. O narkotik vasitə istifadəçisi olduğunu bildirdikdən sonra onu Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dəvət etmişlər, o etiraz etməmiş və həmin şəxslərlə birlikdə bölməyə getmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuş, o da həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “kakos” olmasını bildirmiş və şalvarının cibində olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükümdə olan maddəyə baxılmış, maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Bundan başqa, o xx.xx.2023-cü il tarixdə saat təxminən 11:50 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, həmin şəxslər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişdirlər. Polis idarəsinə aparıldıqdan sonra üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O ilk öncə əynindəki qara rəngli idman şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuş və onun psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O həmin psixotrop maddəni Yasamal rayonu “Sovetski” adlanan ərazidə “Seyfulla” adlı şəxsdən 5 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Lakin onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarı ittiham aktında qeyd edildiyi miqdarda olmamışdır. Həmçinin, ona polis idarəsinə gətirilən vaxt heç bir fiziki təzyiq olunmamışdır. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə “Cavanşir” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrdən qanunsuz istifadə etməsi barədə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə ünvan 6 ünvanda “Cavanşir” adlı şəxsin gəldiyini görüb saat 20:45-də həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxs əynindəki tünd boz rəngli cins şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün narkotik vasitə “heroin” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşduqda qeyd edilən narkotik vasitəyə bənzər maddəni Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidən xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt ona hər hansı fiziki və psixi təsirlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023cü il tarixdə “Cavanşir” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrdən istifadə etməsi barədə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili X13 ilə ünvan 7 ünvanda “Cavanşir” adlı şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxs əynindəki qara rəngli şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün psixotrop maddə “metamfetamin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşduqda qeyd edilən psixotrop maddəyə bənzər maddəni Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidən xx.xx.2023-cü il tarixdə “Seyfulla” adlı şəxsdən 5 manata aldığını bildirmişdir.Daha sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin NMB-nin əməliyyat müvəkkili X13 da əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 105). İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan cinayət işlərinin birləşdirilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (i/v 100- 101). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkilləri Şahid1 və X13, mütəxəssis X14, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə Nəsimi RPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm aşkar olunaraq götürülmüşdür (i/v 47-50). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3, mütəxəssis X12, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş olan büküm aşkar olunaraq götürülmüşdür (i/v 154-156). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/4494 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №186” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş ağ kristal şəkilli maddə; Təqsirləndirilən şəxs “imza” sözləri və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,041 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 57-59). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6\3304 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №189” dairəvi möhür əksi, “şübhəli Təqsirləndirilən şəxs üzərindən...“ və s. sözlər, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,652 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i/v 163-165). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümdəki maddə, təmiz çəkisi 0,652 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalan – 0,602 qramının saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi, bundan əlavə, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümdəki maddə, təmiz çəkisi 1,041 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalan – 0,991 qramının saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilməsi qərara alınmışdır (i/v 218-240). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5274 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 214-215). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə 01 il 02 ay 18 gün müddətinə islah işlər cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i/v 212-213). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 24). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 129-130). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 192-193). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 95-98). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 194-195). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 199 (yüz doxsan doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,652 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,602 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 1,041 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,991 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 199 (yüz doxsan doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,652 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,602 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 1,041 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,991 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar