Məhkəmə qərarları › İş №1(006)-432/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-432/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-432/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, orta təhsilli, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə gelməmək haqqında" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus "Toyota Corolla" markalı **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilə əyləşib salonda qarşı oturacaqların arasındakı daxıldan götürdüyü açar vasitəsilə avtomobili hərəkətə gətirib ünvan 3 ünvanın qarşısınadək idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 fevral 2025-ci il tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanın qarşısında talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 odəd 350 manat dəyərində "Still Cool" markalı 9"TS7/J2+32G/AHD/İPS/JDSP seriyalı karkası ilə birlikdə android monitoru, 01 ədəd 15 manat dəyərində "Borofone” markalı “Type-C” tipli USB naqili, 01 ədəd 60 manat dəyərində "Ray Ban" markalı eynəyi, içərisində 470 manat pul olan 08 manat dəyərində pul kisəsini, 02 ədəd ümumi dəyəri 20 manat təşkil edən üzərində markalanmasına dair məlumat olmayan 8 GB həcmli yaddaş kartlarını, 02 ədəd ümumi dəyəri 50 manat təşkil edən qara rəngli qısa qol gödəkçələri, 01 ədəd 50 manat dəyərində avtomobil üçün nəzərdə tutulmış cərəyan kabelini, 01 ədəd 40 manat dəyərində üzərində markalanmasına dair məlumat olmayan avtomobil antenasını, 01 ədəd 1 manat dəyərində "Planet” markalı alışqanı, 01 ədəd 1 manat dəyərində üzərində markalanmasına dair məlumat olmayan açılıb-bağlanan tipli alışqanı, 01 ədəd 5 manat dəyərində üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanı və ümumi dəyəri 100 manat olan avtomobilin təkərlərinin üzərindəki disk qapaqlarını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, daha əvvəl Azərbaycan Respublikası CM-in 177 və 234-cü maddələri ilə məhkum olunmuşdur. Hal-hazırda işləmir. 10 fevral 2025-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu, 20 Yanvar dairəsinin yaxınlığında olan kafelərin birində oturub yemək yemiş və bir qədər spirtli içki qəbul etmişdir. 11 fevral 2025-ci il tarixdə saat 03 radələrində Nəsimi rayonu, M.Kazımovski küçəsi 68 ünvanının qarşısında hərəkətdə olan zaman oğurluq etmək məqsədi ilə park edilmiş avtomobillərə yaxınlaşaraq qapılarının açıq olubolmadığını yoxlamışdır. Bir neçə avtomobilin qapısını yoxladıqdan sonra "Toyota Corolla" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol sürücü tərəf qapısının açıq olduğunu görüb qapını açaraq salona daxil omuşdur. Avtomobilin salonuna baxış keçirən zaman ilk olaraq qoltuq atı adlanan saxlanc yerində avtomobilin açarının olmasını görmüş və həmin açardan istifadə edərək avtomobilin mühərrikini işə salmışdır. Bundan sonra həmin yerdən bir qədər uzaqlaşmış, avtomobili 10-15 dəqiqə sürdükdən sonra saxlayıb getmək istəmişdir. Lakin avtomobilin surətlər qutusu mexaniki olduğundan bir neçə dəfə cəhd göstərsə də avtomobili səliqəli vəziyyətdə saxlaya bilməmişdir və xatırlamadığı ünvanda avtomobil nasaz vəziyyətə düşdüyündən saxlamışdır. Avtomobili saxladıqdan sonra içərisinə baxış keçirməyə başlamış və 01 ədəd çərçivəsi ilə birlikdə android monitorunu, avtomobilin ötürücülər qutusunun qarşısında olan 01 ədəd USB naqilini, avtomobilin sağ şüşəsinin altında olan 01 ədəd “GE7307AF” qeydiyyat nişanını, avtomobilin sürücü tərəfdə olan günlük hissəsindən 01 ədəd “Ray Ban" modelli gün eynəyini, avtomobilin saxlanc yerindən içərisində müxtəlif sənədlər olan qara rəngli pul kisəsini, 02 ədəd yaddaş kartlarını, avtomobilin arxa yük hissəsindən 02 ədəd qara rəngli qısa qol gödəkçələri, “Primıçka” adlanan qurğunu, avtomobilin arxa sağ tərəfindən 01 ədəd anteni, avtomobilin sağ tərəfindən təkərlərin kolpak hissələrini götürərək avtomobilin yük yerindən götürdüyü iri həcimli sellofan paketə qoymuşdur. Daha sonra həmin oğurladığı əşyaları yaşadığı binanın 17-ci mərtəbəsində dəhlizdə olan saxlanc yerinə qoymuşdur. Həmin əşyaları saxlanılarkən polis əməkdaşlarına təqdim etmişdir. Hadisəni törədərkən sərxoş olduğu üçün əşyaların bir hissəsini nə etdiyini xatırlamır. Lakin oğurladığı əşyalardan 01 ədəd android monitorunu, 01 ədəd USB naqili, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanını, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd yaddaş kartını, 02 ədəd alışqanı, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanı, “Primıçka” adlanan qurğunu, 01 ədəd eynəyi və 01 ədəd avtomobil antenini təhqiqatçıya təhvil vermişdir. Həmçinin bildirmişdir ki, avtomobildən götürdüyü pul kisəsinin içərisində pul olmamışdır. Daha sonra törətdiyi əməldən peşman olduğunu və dəymiş zərərin bir qismini ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həmin avtomobili yaşadığı ünvan 4 ünvanın qarşısında saxlamışdır. Daha sonra həmin tarixdə qardaşı İsmayıl Əsgərli ilə birlikdə Gəncə şəhərinə yola düşmüşdür. xx.xx.2025-ci il tarixdə atası Vəli Pirverdiyev ona zəng edərək avtomobilin yaşadığı binanın qarşısında olmadığını bildirmişdir. O, avtomobilin qaçırıldığını anlamışdır və DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonradan polis əməkdaşlarının köməkliyi ilə avtomobili yaşadığı binanın yaxınlığında aşkar etmişdir. Daha sonra avtomobilə baxış keçirən zaman naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilin sürücü tərəfdə olan qapısına müdaxilə edilməsini başa düşmüşdür. Avtomobilə baxış keçirən zaman avtomobilin içərisindən 01 ədəd 350 manat dəyərində "Still Cool" markalı 9"TS7/J2+32G/AHD/İPS/JDSP seriyalı karkası ilə birlikdə android monitorunun, 01 ədəd 15 manat dəyərində "Borofone” markalı “Type-C" tipli USB naqilinin, 01 ədəd 60 manat dəyərində "Ray Ban" markalı eynəyin, içərisində 470 manat pul və sənədlər olan 08 manat dəyərində pul kisəsinin, 02 ədəd ümumi dəyəri 20 manat təşkil edən yaddaş kartlarının, 02 ədəd ümumi dəyəri 50 manat təşkil edən qara rəngli qısa qol gödəkçələrin, 01 ədəd 50 manat dəyərində avtomobil üçün nəzərdə tutulmuş "Primıçka" adlanan kabelin, 01 ədəd 40 manat dəyərində avtomobil antenasının, 01 ədəd 1 manat dəyərində “Planet” markalı alışqanın, 01 ədəd 1 manat dəyərində açılıb-bağlanan tipli alışqanın, 01 ədəd 5 manat dəyərində üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanın, 01 ədəd “GE7307AF” seriyalı maddi əhəmiyyəti olmayan avtomobil qeydiyyat nişanının və ümumi dəyəri 100 manat olan avtomobilin təkərlərinin kolpak hissələrinin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. İbtidai istintaq zamanı oğurlanan əşyalardan bir ədəd “Still Cool” markalı android monitoru, 01 ədəd USB naqil, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanı, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd yaddaş kartı, 02 ədəd alışqan, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşya, “Primıçka” adlanan qurğu, 01 ədəd eynək və 01 ədəd avtomobil anteni ona geri qaytarılmış, lakin digər əşyalar və 470 manat pul isə qaytarılmamışdır. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, 11 fevral 2025-ci il tarixdə saat 03 radələrində cavabdeh Təqsirləndirilən şəxs tərəfindən, avtomobilin qapılarının açıq olmasından istifadə edərək, ünvan 2 ünvanın qarşısında saxlanılmış ona məxsus “Toyota Corolla” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qaçırılmışdır. Daha sonra avtomobili onun yaşadığı ünvan qarşısında aşkar edilmişdir. Avtomobilə baxış keçirən zaman içərisindən 01 ədəd 350 manat dəyərində olan karkası ilə birlikdə “Still Cool” markalı android monitorun, 01 ədəd 15 manat dəyərində “Borofone” markalı “Type-C” tipli USB naqilin, 01 ədəd 60 manat dəyərində “Rayban” markalı gün eynəyinin, içərisində 470 manat pul və müxtəlif sənədlər olan qara rəngli 08 manat dəyərində olan pul kisəsinin, 02 ədəd ümumi dəyəri 20 manat təşkil edən 8 GB həcmli yaddaş kartlarının, 02 ədəd ümumi dəyəri 50 manat təşkil edən qara rəngli qısa qol gödəkçələrin, 01 ədəd 50 manat dəyərində avtomobil üçün nəzərdə tutulmuş cərəyan kabelinin, 01 ədəd 40 manat dəyərində olan avtomobil antenasının, 02 ədəd ümumi 2 manat dəyərində alışqanların, 01 ədəd 05 manat dəyərində üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanın və ümumi dəyəri 100 manat təşkil edən avtomobilin təkərlərinin üzərindəki disk qapaqlarının oğurlanması aşkar edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluq nəticəsində ona 1170 (min yüz yetmiş) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa cavabdeh Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində avtomobilinə ziyan vurulmuşdur. Belə ki, ehtiyat hissələrinin və təmir bərpa xərclərinin dəyərini hesablayaraq maddi ziyanın məbləği təxminən 1130 (min yüz otuz) manat təşkil edir. Cavabdeh Təqsirləndirilən şəxs tərəfindən bu günə kimi ona dəymiş maddi ziyan ödənilməmişdir. Cavabdeh Təqsirləndirilən şəxs onu qarşı etdiyi hərəkərlər nəticəsində onun səhhətində problemlər yaranmışdır. Hal-hazırda o, tibb müəssisəsinə müraciət etmişdir və müalicə alır. Hesab edir ki, cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bundan əlavə o, məhkəməyə iddia ərizəsini təqdim etmək üçün 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, onun hüquqlarının bərpa edilməsi üçün cavabdeh tərəfindən ona vurulmuş ümumilikdə 2300 (iki min üç yüz) manat maddi və 650 (altı yüz əlli) manat mənəvi ziyana, ödənilmiş 50 manat dövlət rüsumuna görə, cəmi 3000 (üç min) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qanuna müvafiqdir. Göstərilənləri nəzərə alaraq cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ümumilikdə 2300 (iki min üç yüz) manat maddi və 650 (altı yüz əlli) manat mənəvi ziyana, ödənilmiş 50 (əlli) manat dövlət rüsumuna görə, cəmi 3000 (üç min) manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Daha sonra ona dəymiş ziyanın bir qisminin ödənildiyini nəzərə alaraq mülki iddiasının qismən təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.1-ci maddələri ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.45); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1 və 177.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.55-56); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.77-78); - “Təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.87, 90); - “Cinayət işinin icraata qəbul edilməsi və icraatın təzələnməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X1 xidməti iş yerini dəyişməsi ilə əlaqədar cinayət işinin istintaqı xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nəsimi Məhərrəmova həvalə edilmiş və həmin tarixdə cinayət işi sonuncu tərəfindən icraata qəbul edilərək iş üzrə icraat təzələnmişdir (i.v.101); - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Nəsimi RPİ-nin istintaq şöbəsinə gəldiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır (i.v.107-108); - “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 5 ünvanına yerləşən Təqsirləndirilən şəxs yaşadığı binanın 17-ci mərtəbəsində yerləşən saxlanc yeridir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlayaraq orada gizlətdiyi torbanının içərisindən çıxararaq təqdim etdiyi bir ədəd “Android” monitoruna, 01 ədəd “GE7307AP avtomobil qeydiyyat nişanına, 02 ədəd alışqana, 01 ədəd yaddaş kartına, 01 ədəd USB naqilə, 01 ədəd antenə, bir ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyaya, içərisində Zərərçəkmiş şəxs aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hərbi bilet, 01 ədəd "xxxx" ASC-yə aid plastik kart, 01 ədəd etibarnamə, 01 ədəd **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, 01 ədəd **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi olan pul kisəsinə baxış keçirilmiş və baxış keçirilən əşyalar maddi sübut olduğundan Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Rəşad Nuri təqəfindən götürülmüşdür. Hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir (i.v.14-15); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.73-76); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1485 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd "Still Cool" markalı 9"TS7/J2+32G/AHD/İPS/JDSP serialı karkası ilə birlikdə android monitor - 140,0 manat; 01 ədəd "GE7307AF" Tranzit dövlət qeydiyyat nişanı - satış üçün nəzərdə tutulmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı; 01 ədəd Planet markalı alışqan - 0,50 manat; 01 ədəd üzərində markalanmasına dair məlumat olmayan açılıbbağlanan tipli alışqan – 1,0 manat; 01 ədəd üzərində “Borofone” markalı Type-C tipli USB naqil – 1,0 manat; 01 ədəd üzərində markalanmasına dair məlumat olmayan avtomobil antenası - 3,0 manat; 01 ədəd üzərində markalanmasına dair məlumat olmayan 8 GB həcimli yaddaş kartı - 3,0 manat, 01 ədəd mobil nömrə yazısı olan metal əşya - 2,0 manat. Ekpsertiza təyini haqqnda qərarda göstərilən 50 manat dəyərində olan 02 ədəd qısasqol gödəkçələrin, 01 ədəd 50 manat dəyərində olan el arasında "Primiçka” adlanan qurğunun, 100 manat dəyərində olan təkərlərin kolpak hissələrinin, 01 ədəd 8GB həcimli dəyəri zərərçəkmişin deməsinə görə 10 manat təşkil edən yaddaş kartının, 01 ədəd "Ray Ban" modelli gün eynəyi tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ehtiyyat hissələri mağazalarında, internet saytlarında mövcud olan qiymətlərə və elecə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və qaimə fakturada göstərilən 2004-cü il buraxlışlı “Toyota Corolla" markalı avtomobilin ehtiyat hissələrinin və təmir bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 1130,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.94-99); - “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Still Cool” markalı android monitoru, 01 ədəd USB naqili, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanı, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd yaddaş kartı, 02 ədəd alışqan, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşya və 01 ədəd avtomobil anteni maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i.v.115-117); - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, bir ədəd “Still Cool” markalı android monitorunu, 01 ədəd USB naqili, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanını, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd yaddaş kartını, 02 ədəd alışqanı, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanı, “Primıçka” adlanan qurğunu və 01 ədəd avtomobil antenini Nəsimi RPİ-nin İstintaq Şöbəsində işlək və saz vəziyyətdə təhvil almışdır (i.v.129); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd “Still Cool” markalı android monitorun, 01 ədəd USB naqilinin, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanının, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd yaddaş kartının, 02 ədəd alışqanın, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanın və 01 ədəd avtomobil anteninin maddi sübut kimi tanınması və saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v.144-152); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 cü maddəsi ilə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 03 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır (i.v.82-83); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.136-143). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırma) görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü CM-nin 177.1-ci maddəsi ilə qismən təqsirli bilməsi, yəni oğurladığı pul kisəsinin içərisində pulun olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 185.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etraf edərək peşman olmasını, dəymiş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Still Cool” markalı android monitorunun, 01 ədəd USB naqilin, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanının, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd yaddaş kartının, 02 ədəd alışqanın, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanın, “Primıçka” adlanan qurğunun (cərəyan kabeli), 01 ədəd “Ray Ban” markalı eynəyin və 01 ədəd avtomobil anteninin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs oğurlanan əşyalar və pul məbləğinə görə 1170 manat, avtomobilə vurulmuş zərərə görə 1130 manat maddi ziyan dəymiş, lakin oğurlanan əşyalardan 350 manat dəyərində bir ədəd “Still Cool” markalı android monitoru, 15 manat dəyərində 01 ədəd USB naqil, dəyəri olmayan 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanı, içərisində müxtəlif sənədlər olan 08 manat dəyərində 01 ədəd qara rəngli pul kisəsi, 10 manat dəyərində 01 ədəd yaddaş kartı, ümumilikdə 02 manat dəyərində 02 ədəd alışqan, 05 manat dəyərində 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşya, 50 manat dəyərində “Primıçka” adlanan qurğu (cərəyan kabeli), 60 manat dəyərində 01 ədəd “Ray Ban” markalı eynək və 40 manat dəyərində 01 ədəd avtomobil anteni zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılmışdır və qaytarılan əşyaların dəyəri ümumilikdə 540 manat təşkil edir. Belə olan halda müəyyən edilir ki, Zərərçəkmiş şəxs oğurlanan əşyalara və pul məbləğinə görə 630 manat və avtomobilə vurulmuş zərərə görə 1130 manat olmaqla, ümumi 1760 manat (630+1130=1760) maddi ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edərək bildirir ki, mənəvi zərərin məbləği bir tərəfin müflisləşməsinə, digər tərəfin isə əsassız varlanmasına səbəb olmamalıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkmiş şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq hesab edir ki, dəymiş mənəvi ziyana görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə cəmi 1760,00 (min yeddi yüz altmış) manat və mənəvi zərərə görə 200,00 (iki yüz) manat məbləğində pul vəsaiti, həmçinin mülki iddia qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 50 manatın 37,60 (otuz yeddi manat altmış qəpik) manat hissəsi umumilikdə 1997,50 (min doqquz yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia digər hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi mülki iddiaçıya aid edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 185.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 1760,00 (min yeddi yüz altmış) manat məbləğində, mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manatın 37,60 (otuz yeddi manat altmış qəpik) manat hissəsi umumilikdə 1997,50 (min doqquz yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi mülki iddiaçıya aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Still Cool” markalı android monitorunun, 01 ədəd USB naqilin, 01 ədəd “GE7307AF” seriyalı avtomobil qeydiyyat nişanının, içərisində müxtəlif sənədlər olan 01 ədəd qara rəngli pul kisəsinin, 01 ədəd yaddaş kartının, 02 ədəd alışqanın, 01 ədəd üzərində mobil nömrə qeyd edilmiş dəmir əşyanın, “Primıçka” adlanan qurğunun (cərəyan kabeli), 01 ədəd “Ray Ban” markalı eynəyin və 01 ədəd avtomobil anteninin zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar